Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3190/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2282/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq cavabdehin imtinası əsassız sayılaraq iddiaçıya 57 yaşı tamam olduğu 22 noyabr 2015-ci il tarixdən hesablamalar aparılaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi sənədləri ilə müraciət edərək göstərmişdir ki, onun xx.xx.2015ci il tarixində 57 yaşı tamam olub və həmin il üçün qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, onun isə həmin dövrdə 1978-ci il tarixdən - 05 yanvar 2015-ci il tarixinə qədər olan müddəti əhatə edən müddətə (hərbi xidmət illəri istisna olmaqla) iş stajı vardır. Həmin iş stajını əhatə edən əmək fəaliyyətinin bir neçə onilliyi zərərli sahəyə aiddir. İddiaçının dəfələrlə olunan müraciəti qanunsuz əsaslarla geri qaytarılıb və nəticə etibarı ilə ona 2015-ci ildə təyin olunmalı pensiya bu günə kimi təyin olunmamış, pensiya hüququ kobud şəkildə pozulmuşdur. İddiaçının yuxarıdakı məzmunlu müraciətinə cavabdeh tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli imtina məktubunda tələbinin təmin olunmaması üçün qanuni əsasların olmadığı bildirilib. O, 2015-ci il tarixdən (57 yaşınn tamam olduğu il tarixdən) yaranmış pensiya hüququ nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələb edilmişdir.İstinad etdiyi hüquq norması da, 2017-ci ilin iyul ayına kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci (Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər); 7-ci və 9.1-ci (Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər:-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 ıl 6 ayını həmin işlərdə, qadınlar: 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır) maddələrinin tələbləri olub. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2282/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinası əsassız sayılaraq iddiaçıya 57 yaşı tamam olduğu 22 noyabr 2015-ci il tarixdən hesablamalar aparılaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2282/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, mərkəzə təqdim edilən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, (1 il 1 ay 5 gün (xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövr)) təşkil edir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı, 31 oktyabr 2022-ci il tarixli, **********8 nömrəli məktub ilə, İddiaçı müraciəti ilə bağlı inzibati icraat materiallarını məhkəməyə təqdim etmişdir - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə daxil olmuş 22 fevral 2023-cü il tarixli, 14-2-18/2-59/2023 nömrəli məktub ilə bildirilmişdir ki, arxiv arayışından müəyən olunur ki, İddiaçı 26.11,1982-ci ildə (əmr № 74/k, 29.11,1982-ci il) “Xəzərqazmaneftqazsənaye” İB-nin 2 nömrəli Texnoloji Nəqliyyat idarəsinin (TNİ) 1 nömrəli Kolonuna QAZ-52 markalı 94-59 nömrəli avtomaşına 3-cü sinif sürücü peşəsinə işə qəbul olub, xx.xx.1984-cü ildə (əmr № 65-k, xx.xx.1984-cü il) Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (tərəflərin razılığı ilə) Serebrovski adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Pesçanıy TNİ-nə köçürülmə ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1984-cü il (əmr № 187/k, xx.xx.1984-cü il) Serebrovski adına NQÇİ-nin Pesçanıy TNİ-nin 2 nömrəli avtokolonuna 3-cü sinif sürücü peşəsinə işə qəbul olunub, xx.xx.1985-ci ildə (əmr № 314/k, 18.11 1985-ci il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1998-ci ildə (əmr № 94-k, xx.xx.1998-ci il) “Qum adası” TNİ-nin 1 №-li avtomobil dəstəsinə 5-ci dərəcəli sementləyici aqreqatın motorçusu peşəsinə KRAZ-250 markalı 10AL361 dövlət nişanlı avtomaşına təhkim olunmaqla işə qəbul olunub, xx.xx.1999-cu il tarixində (əmr № 81-k, xx.xx.1999-cu il) 2 №-li avtomobil dəstəsinə ZİL-130 markalı 10AG761 dövlət nişanlı avtomaşına “CD” kateqoriyalı sürücü peşəsinə keçirilmişdir. 01,05.2003-cü ildə “Azneft” İBnin xx.xx.2003-cü il tarixli 8 saylı əmrinə əsasən "Qum adası” TNİ-i Nəqliyyat sexi kimi “Qum adası” NQÇİ-nin tərkibinə verilmişdir, xx.xx.2010-cu ildə (əmr № 783/k, xx.xx.2010- cu il) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən Siyahının 10-cu hissəsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı" 10.2-ci bölməsinin “Neft, qaz kondensatının hasilatı” "a” (fəhlələr) bəndini əsas tutaraq sizə bildiririk ki, İddiaçı işlədiyi sürücü peşəsi siyahıda mövcud deyil. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçının 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı 12 il 06 aydan az (1il 1 ay) olduğu üçün 57 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 2017-ci ilin iyul aylnadək qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Аzərbаycаn Rеspublikаsının Nаzirlər Kаbinеtinin 1996-cı il 26 dеkаbr tаriхli, 186 nömrəli qərаrı ilə təsdiq еdilmiş «İşçilərin əmək kitаbçаsının fоrmаsı və оnun tərtibi qаydаlаrı»nın 1.1-ci bəndinə əsаsən əmək kitаbçаsı işçinin əmək fəаliyyətini və əmək stаjını təsdiq еdən əsаs sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası“ nın 4.1.-ci və 4.1.20.-ci bəndlərinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 57 yaşı tamam olduğu 22.11. 2015-ci il tarixinə 25 il ümumi iş stajı olmalı və bu stajın 12 il 6 ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1958-ci il təvəllüdlüdür, xx.xx.2015-ci ildə 57 yaşı tamam olmuşdur, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı barədə arayışına və təqdim etdiyi əmək kitabçasına əsasən güzəştli stajı cəmi 1 il 1 ay 05 gün təşkil edir. İddiaçının 09 yanvar 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2015-ci il tarixinə ümumi iş stajı 25 ildən artıq olsada, güzətli şərtlərlə pensiya hüququ verən işlərdə işləməsi stajı 12 il 06 aydan az təşkil edir. Belə ki, iddiaçının yalnız xx.xx.1998- xx.xx.1999cü il tarixlərində “Qum adası” TNİ 1 nömrəli avtomobil dəstəsində 5-ci dərəcəli sementləyici aqreqatın motorçusu peşəsində işlədiyi dövr güzəştli pensiya hüququ verən sığorta stajına daxil edilir. İddiaçının işlədiyi sürücü vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək 12 il 06 ay güzəştli iş stajı mövcud olmadığından, iddia tələbi əsassızdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(112)-2282/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2282/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3190/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3190/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver