Məhkəmə qərarları › İş №2-1(103)-3191/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3191/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3191/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınaraq şəhadətnamənin verilməsi” barədə iddia tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8358/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus “X4” markalı, 99NR085 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh DİN Baş Dövlət Yol Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “X4” markalı, 99NR085 dövlət qeydiyyat nişanlı, SALLSAA247A100047 ban nömrəli 2007-ci il buraxlış avtomobilin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli qanunsuz və əsassız imtina məktubunda göstərilmişdir ki, avtomobil “İNTERPOL” xətti üzrə Niderlandda oğurlandığına görə xahişin müsbət həlli yanlız məhkəmə vasitəsilə mümkün ola bilər. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət əməlinin və avtomobilin xx.xx.2012-ci il tarixdə oğurlanmanın obyektiv reallığa uyğun olmadığı bildirılmişdir. Yəni, Anar Cəfərov və digərləri vicdanlı alıcı hesab edilməklə əməllərində oğurluq və ya digər cinayətin tərkibi olmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanmasına rədd edilmişdir. Bundan əlavə avtomobil Azərbaycan Respublikasına gələnə qədər bir neçə dövlətin ərazisindən keçmiş və yoxlamalara məruz qalmışdır. Lakin qanunsuz hal müəyyən edilmədiyi üçün avtomobilin sərbəst hərəkətinə icazə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8358/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuş və ciddi posessual pozuntulara yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək iddia ərizəsində göstərilən faktları qiymətləndirməmiş və iddiaçının hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına göz yummuşdur. Belə ki, Bakı İnzibati məhkəməsi qəbul etdiyi qərarında işin hallarını tam şəkildə araşdırmamış və sübutlara düzgün qiymət verməmişdir. Əsas sübutlardan biri kimi çıxış edən xx.xx.2022-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ΙΙ. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə ona məxsus “X4” markalı, 99NR085 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi rədd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş cavabdeh Baş Dövlət Yol Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda iddiaçıya bildirilmişdir ki, “X4” markalı ban nömrəsi: SALLSAA247A100047 olan nəqliyyat vasitəsi Niderlandda oğurladığı üçün “İNTERPOL” tərəfindən axtarışda olduğundan həmin nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması mükünsüzür. Eyni zamanda, işə əlavə olunmuş Baş İstintaq və Təhqiqat İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında həmin fakt təsbit olunaraq qeyd olunmuşdur ki, İnterpolun Milli Mərkəzi bürosundpan alınmış axtarış barədə məlumata əsasən “X4” markalı, SALLSAA247A100047 ban nömrəli avtomobilin xx.xx.2012-ci il tarixdə Niderlandda oğurlanması barədə məlumat xx.xx.2018-ci il tarixdə “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır (DİN KTİ-dən (Kriminalistik Tədqiqatlar İdarəsindən) alınmış xx.xx.2022-ci il tarixli 22/140a No-li tədqiqat arayışında avtomobilin ban nömrəsindəki ALLSAA247A100047 hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olduğu müəyyən olunmuşdur) Göründüyü kimi, iddiaçı tərəfindən qeydiyyata alınıb şəhadətnamə verilməsi tələb olunan “X4” markalı, SALLSAA247A100047 ban nömrəli nəqliyyat vasitəsinin Niderlandda oğurlandığı üçün “İNTERPOL” tərəfindən axtarışda olması işin mübahisəsiz halıdır. Adıçəkilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.6-cı bəndi nəzərədə tutur ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Əsasnəmənin qeyd olunan tələbindən göründüyü kimi, qeydiyyat orqanına təqdim olunmuş nəqliyyat vasitəsi ilə bağlı təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Belə olan halda, yəni, mübahisəli “X4” markalı, SALLSAA247A100047 ban nömrəli avtomobil Niderlandda oğurlandığı üçün “İNTERPOL”un axtarışında olduğu halda və bu hal aradan qaldırılmadığı və davam etdiyi təqdirdə cavabdeh qeydiyyat orqan iddiaçıya qeydiyyatdan onun adına şəhadətnamə verməkdən imtina etməkdə haqlıdır və həmin imtina onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi isə onu nəzərdə tutur ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması, və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. İddiaçının apellyasiya şikayətinin, təhqiqat orqanının cinayət işinin rədd olunmsı barədə qərarına istinadən onun hərəkətlərində cinayət tərkibi olmadığını, vicdanlı alıcı olduğunu mübahisələndirilən dəlilinə gəldikdə bu hal mülki münasibətləri ehtiva etməklə, İntepol tərəfindən elan olunmş axtarışda olan oğurluq nəqliyyat vasitəsinin qeydiyyata alınması və iddiaçıya şahədətnamə verilməsini cavabdehə həvalə etmək üçün əsas yaratmır. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8358/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8358/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar