Məhkəmə qərarları › İş №2-1(103)-3194/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3194/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3194/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2748/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü tarixli ərizə ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, zabit kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə uçota götürülməyini xahiş etmişdir. Cavabdeh onu mənzil növbəsinə uçota götürməkdən imtina etmiş və bu barədə ona xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. Cavabdeh mənzil növbəsinə uçota götürməkdən imtinanı onunla əsaslandırır ki, onun adına Abşeron rayonu, Fatmayı kəndində 0.06 ha həyətyanı torpaq sahəsi olmuş və həmin torpaq sahəsi xx.xx.2023-cü il tarixdə özgəninkiləşdirilmişdir. Bu səbəbdən o, həmin torpaq sahəsi özgəninkiləşdirildiyi gündən 5 il müddətində yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə uçota götürülə bilməz. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaqdan imtina edilir: bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulan sənədlər təqdim edilmədikdə, bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulan müddət bitmədikdə. O, Mənzil Məcəlləsinin 51.4-cü maddəsində nəzərdə tutulan sənədləri təsdiq olunmuş şəkildə ərizə ilə birlikdə cavabdehə təqdim etmişdir. Mənzil Məcəlləsində nəzərdə tutulmuş mənzil şəraitini qəsdən pisləşdirən hər hansı bir hərəkətə yol verməmişdir, onun adına heç vaxt yaşayış sahəsi olmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-2748/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi tərəfindən onun cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı xəstəliyə görə hərbi qulluqdan ehtiyyata buraxılmış olan zabit kimi mənzil növbəsinə götürülməyi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, onun mənzil növbəsinə uçota alınmamağının səbəbi onun adına fərdi torpaq sahəsinin olması və onun həmin torpaq sahəsini xx.xx.2023-cü il tarixdə özgəninkiləşdirməsidir. Qərar qanunsuz və əsassızdır. Belə ki, özkəninkiləşdirilən torpaq sahəsi hər hansı dövlət orqanı və ya bələdiyyə tərəfindən ona verilməmişdir. İddiaçının adına yaşayış sahəsi olmamışdır. Torpaq sahəsinin özgəninkiləşdirilməsi yaşayış şəraitinin qəsdən pisləşdirilməsi anlamına gəlmir. Torpaq sahəsi və yaşayış sahəsi fərqli anlayışlardır. Qərar qanunla müəyyən olunmuş qaydada əsaslandırılmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Sizin ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülməyinizə və müvəqqəti mənzil kirayə xərclərinizin ödənilməsinə köməklik göstərilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2023-cü il tarixli müraciətinizə baxılmışdır. Adınıza daşınmaz əmlakın olııb olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyiniz xx.xx.2023-cü il tarixli arayışa əsasən Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu N.M.Səmədov tərəfindən təsdiq edilmiş 4Ə- 875 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixdə ünvan 3 ünvanında, xx.xx.2010-cu il tarixdən ünvan 4nvanında, xx.xx.2012-ci tarixdən ünvan 5 ünvanında, xx.xx.2020-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, 63F, giriş 3, mənzil 226 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Səadət sarayı Bakı Nikah evi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 926163 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X7 xx.xx.2014-cü ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Quliyeva, arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı ******* Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2015-ci ildə doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2018-ci ildə doğulmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 adına Azərbaycan Respublikası ərazisində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, hazırda Fondun mövcud informasiya sistemlərində X3 və İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərli və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 86 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək AR SQ-da əsgər, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək AR SQ-da müddətdən artıq xidmət edən, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası SQ-da zabit qismində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020ci il tarixdən Xidmətin Binəqədi rayon idarəsində qeydiyyatdadır. AR DSX rəisinin SQ Kom-nın xx.xx.2016-cı il tarixli 0028 saylı əmrinə əsasən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq AR SQ-da həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N saylı hərbi hissə komandirinin N (nizami hissə üzrə) nömrəli 31 07.2016-cı ıl tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış leytenant İddiaçı həqiqətən xx.xx.2009-cu il tarixindən xx.xx.2016-cı ilə tarixinədək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı həqiqətən Dövlət Sərhəd Xidmətində xidmət etdiyi müddət ərzində dövlət tərəfindən birdəfəlik (xüsusi) mənzil və ya torpaq sahəsi ilə təmin olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi xx.xx.2024-cü il tarixli, ********** nömrəli əlillik haqqında arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə “Şəkərli diabet İ tip ağır gedişli. Diabetik nefropatiya XBÇ terminal mərhələ” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı adına Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin 1 saylı Bakı ASAN Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu N.M.Səmədov tərəfindən təsdiq edilmiş 4Ə-875 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. Qeyd olunan digər şəxslərin (X5, X8, X4) adlarına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 3-cü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində əsgər, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin Silahlı Qüvvələr Komandanının xx.xx.2016-cı il tarixli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsində qeydiyyatdadır. Göründüyü kimi, iddiaçı 15 ildən çox hərbi xidmətdə olmuş və xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddia tələbindən görünür ki, iddiaçı hazırda xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsini xahiş edir. Birinci instansiya məhkəməsi qərarında qeyd edir ki, «… sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Hazırkı halda iddiaçıya münasibətdə eyni mövqe ona görə tutulmur ki, o, özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir. Çünki qeyd edildiyi kimi, iş üzrə onun mənzil uçotundan çıxarılması üçün əsas, mülkiyyətində fərdi yaşayış evinin tikintisi üçün verilmiş torpaq sahəsi olması müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçı həmin torpaq sahəsini xx.xx.2023-cü il tarixdə satmışdır. Lakin məhkəmə hesab edir ki, bu hal iddiaçının uçota alınması üçün əsas kimi qəbul edilə bilməz. Çünki MM-in 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür». Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə - xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Xəstəlik Şəhadətnaməsinin surətindən görünür ki, iddiaçı DSX Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir və şəkərli diabet birinci tip ağır gedişli, diabetik nefropatiya, xroniki böyrək çatışmazlığı, terminal mərhələ diaqnozu müəyyən edilmişdir. İddiaçıya xx.xx.2016cı il tarixdə “Şəkərli diabet İ tip ağır gedişli. Diabetik nefropatiya XBÇ terminal mərhələ” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Epikrizindən görünür ki, iddiaçıya əsas diaqnoz Son mərhələ böyrək çatışmazlığı, böyrək transplantasiyası resiriyenti, yanaşı diaqnoz Şəkərli diabet tip İ müəyyən edilmiş, cərrahi əməliyyat, canlı donorlu böyrək transplantasiyası fəsad kimi qeyd olunmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı qeyd olunan xəstəliklərlə bağlı uzun müddətdir müalicə alır, xx.xx.2016-cı il tarixdən müddətsiz birinci dərəcəli əlildir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında müalicələrə böyük məbləğdə vəsait xərclədiyini, hazırda da xərc tələb olunduğunu, lakin maddi vəziyyəti aşağı olduğu üçün xərcləri qarşılaya bilmədiyini və ona görə də ona məxsus olan torpaq sahəsini satdığını bildirmişdir. İş materiallarından görünür ki, iddiaçı Dövlət Sərhəd Xidmətində xidmət etdiyi müddət ərzində dövlət tərəfindən mənzil və ya torpaq sahəsi ilə təmin olunmamışdır, hazırda onun və ailə üzvlərinin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak mövcud deyildir. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə başqa şəxsə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, 63F, Giriş 3, mənzil 226 ünvanında qeydiyyatda olmaqla yaşayır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona məxsus torpaq sahəsini xx.xx.2023-cü ildə alqı-satqı müqaviləsinə digər şəxsə satması yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkət kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də iddiaçı ailə üzvləri ilə birlikdə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilmədiyi üçün yaşayış sahəsi olmayan hesab edilməlidir. Qeyd olunanlar iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Göründüyü kimi, iddiaçı həm hərbi xidmət müddəti, həm ehtiyata buraxılmanın əsası (xəstəliyə görə), həm də yaşayış sahəsinə ehtiyacın olması ilə əlaqədar qanunvericiliyin tələb etdiyi şərtləri ödəyir. Qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2748/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə (özü, arvadı, iki nəfər övladı) hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar