Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3194/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı “qiymətləndirmə sənədinin və müqavilənin etibarsız hesab edilməsi və maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 13832/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, əmək müfətişi tərəfindən cəriməni və məhkəmə orqanların qərarlarını nəzərə alaraq (bütün sübutlar onun əmək müqaviləsi olmadan işlədiyini) və dövlətə xeyir verdiyini əmək müfəttişin iddiaçının işi ilə bağlı, yəni iş yerində xəsarət almağı ilə bağlı araşdırmanı başlamasına dair qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)-841/2023 nömrəli Qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən Qərardan narazı qalan MMC tərəfindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-902/2023 nömrəli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov rayon Məhkəməsinin Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin, Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)- 842/2023 nömrəli Qərarı ilə "xxxx" MMC İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir ki, bu iş üzrə də MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)- 903/2023 nömrəli Qərarı ilə təmin edilməmiş, Nərimanov rayon Məhkəməsinin Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda bildirir ki, əldə etdiyi şifahi məlumata görə, əlavə olaraq MMC-nin direktoru X1 (bundan sonra mətndə təqsirkar şəxs kimi qeyd olunacaq) barəsində Nərimanov rayon Məhkəməsinin hakimi cənab Vüsal Qurbanov tərəfindən qəbul edilmiş Qərarla 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd etdiyi hər bir Qərarın surəti elektron məhkəmə portalından əldə oluna bilər. Həmçinin əldə etdiyi şifahi məlumata görə, İXM-nin 192.1 və 555.1-ci maddələrinin tərkib əlamətləri olduğundan Nərimanov rayon Prokurorluğunda təqsirkar şəxs barəsində əlavə olaraq inzibati xəta haqqında iki iş üzrə icraat başlanılmış və qəbul olunmuş Qərarlar müvafiq tədbirlərin görülməsi üçün X4 (DƏM) göndərilmişdir. DƏM-dən aldığı məlumata görə, həmin Qərarlar əsasında təqsirkar şəxs 4000 (dörd min manat) məbləğində cərimə olunmuşdur. Baxmayaraq ki, İXM-nin 62.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq zərərçəkmiş şəxsin hüququdur və həmin Məcəllənin 109.1.2-ci maddəsinə əsasən, işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı barəsində qərardad qəbul edilən məsələlərdən biridir, nə cənab Vüsal Qurbanovun icraatında olan işin yekun aktını, nə də DƏM-in qərarlarını əladə etmək cəhdləri baş tutmuşdur. İş üçün zəruri hesab olunduğu halda, bu sənədlər də məhkəmə sorğusu ilə əldə oluna bilər xx.xx.2022-ci il tarixdə işlədiyi AZLED reklam şirkətində qəza nəticəsində xəsarət almışdır, həmin vaxt əmək müqaviləsi yox idi (bununla bağlı azled reklam şirkəti cərimələnib əmək müfəttişliyi tərəfdən) çoxlu məhkəmələr nəticəsində AZLED reklam şirkəti bir neçə maddələrlə dövlət tərəfdən cərimələndi. Dövlət tərəfindən heçbir dəstək görmədi, baxmayaraq ki, əmək müqaviləsi olmadan işlədiyi sübut olunub. O, 3 qrup əlildir. İşlədiyi vaxt xx.xx.2022-ci il tarixdə aldığı xəsarətin dərəcəsi əlilliyinin xəsarət dərəcəsinin faiz dərəcəsinə artırılmayıb. Əmək müfattişliyinə ünvanladığı cavab məktubda bildirildi ki, əmək müqaviləsi olmadan heç bir əlavə araşdırma ola bilməz və sosialdan heç bir maddi kömək ala bilməyəcək. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13832/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır Hazırkı iddia tələbinin məzmunundan görünür ki, iddiaçı iş yerində xəsarət almağı ilə bağlı cavabdeh tərəfindən araşdırmanın aparılmasını xahiş edir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının: 1.1. Bu Qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. Bu Qaydalar Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, müvafiq xarici dövlətlərin fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir. Bu Qaydalar dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına, onların hüquqi statusunu tənzimləyən normativ-hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla (əgər göstərilən aktlarla həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa), istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçulara, məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumlara, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərə şamil edilir. İş materiallarından müəyyən edilir ki, iddiaçının işlədiyi "xxxx" MMC ilə arasında əmək müqaviləsinin bağlanılmasına dair “Əmək və məşğulluq“ altsistemində əmək müqaviləsi bildirişi aşkar edilməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsində həmin hal təsdiq edilərək, onun xəsarət alan zaman faktiki olaraq çalışdığı iş yeri ilə əmək münasibətində olmadığı, yəni əmək müqaviləsinin bağlanılmadığı bildirilmişdir. İddiaçı "xxxx" MMC-də əmək münasibətləri olmadan işlədiyi müddətdə xəsarət almışdır. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Belə olan təqdirdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi işlədiyi müəssisəyə qarşı hüquqlarının müdafiəsi ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13832/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.