Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3196/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlillik dərəcəsinin təyin edilməsinə tələbinə dair» inzibati üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7130/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «cavabdehin imtinasının qanunsuz sayılması, 2-ci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (i.v.1-4, 76. 86). İddianın əsaslarına görə 9 oktyabr 2015-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya “bel-oma osteoxondrozu, L5-S1 fəqərəarası diskin protruziyası, kəskin davamlı kökcük ağrılarla, residiv gedişli” diaqnozu 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bunun ardınca ona yenidən 10 sentyabr 2016-cı il tarixə müayinə təyin edilmiş və həmin tarixdə aparılan təkrar müayinə zamanı təyin edilən diaqnozun müddəti 5 illik müəyyən edilmiş və nəticədə ona yenidən 2-ci dərəcəli əlillik verilmişdir. Həmin xəstəlik səbəbindən o, öz əmək qabiliyyətini itirmiş və normal həyat tərzini dəyişməli olmuşdur. Belə ki, öz hərəkətlərini sərbəst surətdə edə bilmir, yeridikdə çətinlik çəkir. O, yenidən müayinə zamanı tam əsassız olaraq yenidən əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. İmtina bildirişində “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəb kimi qeyd edilmişdir. Halbuki, qoyulmuş diaqnoz elə həmin bildirişdə də ətraflı surətdə əks olunmuşdur. Həmin diaqnoz da qanunvericiliyin tələbinə əsasən 2-ci dərəcəli əlillik dərəcəsinin əhatə dairəsinə düşməkdədir. İddiaçının aldığı müayinə və müalicələr ilə bağlı xüsusatlar belədir: 20 sentyabr 2017-ci il tarixdə “İstanbul NS” klinikasında müayinə və müalicə olunmuşdur. 22 noyabr 2017-ci il tarixdə “Aristokrat” Tibb Mərkəzindən təqdim edilən arayışda diaqnoz təsdiq olunmuş və 6 noyabr 2017-ci il tarixdən 22 noyabr 2017-ci il tarixədək olan dövrdə ambulator müalicə aldığı qeyd edilmişdir. Həmin klinikanın təqdim etdiyi 25 aprel 2018-ci il tarixli arayışda isə, yenidən diaqnoz təsdiq olunmuş və 9 aprel 2018-ci il tarixdən 25 aprel 2018-ci il tarixədək ambulator müalicə almağı qeyd olunmuşdur. 29 oktyabr 2018-ci il tarixdə ərazi üzrə 11 saylı şəhər poliklinikasına ağrıları və xəstəliyi ilə bağlı yenidən müraciət etmiş, aparılan tibbi proseduralar xəstəlik tarixçəsinə qeyd edilmişdir. 8 sentyabr 2019-cu il tarixdə “Stimul Hospital” tərəfindən verilmiş arayışda 28 avqust 2019-cu il tarixdən 8 sentyabr 2019-cu il tarixədək “Traksiya, elektrostimulyasiya, nevral terapiya və masaj” prosedurlarından keçdiyi qeyd olunmuşdur. 6 may 2020-ci il tarixdə AR DTX-nin Hərbi-Tibb İdarəsində müayinə və müalicələr almağa davam etmiş, aparılan yoxlamalar zamanı xəstəliyin davam etməsi öz təsdiqini tapmışdır. 10 sentyabr 2020-ci il, 17 fevral 2021-ci il və 17 aprel 2021-ci il tarixlərdə yenidən ağrıları dözülməz həddə çatmış və məcbur olub şəhər poliklinikasına müraciət etmişdir. 1 dekabr 2021-ci il tarixdə isə Tibbi Ərazi Bölmələri X2 Tibb Mərkəzinə xəstəliyi ilə bağlı müraciət edərək 15 günlük stasionar müalicə almışdır. Bununla bağlı epikriz də qoşma vasitəsi ilə iddia ərizəsinə əlavə olunur. Cavabdeh idda əriəzsinə etirazında iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7130/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin imtinası qanunsuz sayılmış və İddiaçı ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4 və 1.5-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 1.3-cü bəndlərinə istinadən onunla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina oluması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, qeyd olunan Əsasnaməyə uyğun qiymətləndirmə aparılmasına baxmayaraq məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Musayeva apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayətinə etiraz edərək iddiaçının davamlı olaraq müayinərdən keçdiyini vurğulayaraq birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarından görünür ki Bakı 11 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının sonuncu müəyinəsi zamanı “Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 Radikulopatiya; Diaqnozun mətni: Radikulopatiya, Bel-oma ostexondrozu. L5-S1 fəqərəarası diskin protruziyası, kəskin və davamlı kökçük ağrıları ilə,residiv gedişli. Digər paralitik sindromlar, Aşağı ətrafların parezi; diaqnozu əsasında cavabdeh tərəfindən qiymətləndirilərək iddiaçıya diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik dərəcəsi təyin edilməsindən imtina olunmuş, iddiaçı məcburetmə haqqında iddia vasitəsilə həmin imtinanı mübahisələndirərək, ona ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayətində mübahisələndirir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina oluması istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və hərəkətsizliyə yol verilməmiş, qanunvericiliyə uyğun qiymətləndirmə aparmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası ilə nəzərdə tutulur ki: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər...” İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, İddiaçı ilkin olaraq 9 oktyabr 2015-ci il tarixdə bel-oma osteoxondrozu, L5-S1 fəqərəarası diskin protruziyası, kəskin davamlı kökcük ağrılarla, residiv gedişli” diaqnozu üzrə bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, sonradan o, təkrar müayinəyə cəlb olunaraq həmin diaqnoz təsdiqləndiyindən, ona sözügedən diaqnoz üzrə yenidən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. 2021-ci ildə əlillik müddətinin başa çatması ilə əlaqədar iddiaçı tibb müəssisəsində müayinələri mövcud olsa da cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirilmə ilə əlillik dərəcəsi verilməsindən imtina olunması barədə qərar qəbul olunmuşdur. Halbuki, iş materialları üzrə “İstanbul NS” Klinikası tərəfindən verilmiş 20 sentyabr 2017-ci il tarixli arayışına əsasən iddiaçının hər iki aşağı ətrafında ümumi bud, budun dərin və səthi venaları, dizaltı vena səviyyəsində tənəffüs aktı ilə sinxronizə olunmuş fazalı qan axını müəyyən edilmiş; “Aristokrat” Tibb Mərkəzi tərəfindən verilmiş: - 22 noyabr 2017-ci il tarixli17 saylı arayışına əsasən iddiaçı 6 noyabr 2017-ci il tarixdə müayinədən keçmiş və ona “disxogen mənşəli resediv verən daimi ağrı sindromu ilə təzahür edən bel oma fəqərələrinin osteoxondrozu L5 – S1 fəqərəarası diskin pratruziyası” diaqnozu qoyulmuş, xəstə 6 noyabr 2017-ci il tarixdən 22 noyabr 2017-ci il tarixədək ambulator müalicə almış; - 25 aprel 2018-ci il tarixli 23 saylı arayışına əsasən Mərkəzdə 9 aprel 2018-ci il tarixdə həkim müayinəsindən keçmiş, ona “boyun fəqərələrinin yayılmış osteoxondrozu” diaznozu qoyulmuş, xəstə 9 aprel 2018-ci il tarixdən 25 aprel 2018-ci il tarixlərdə ambulator müalicə almış; Bundan əlavə işdə olan: - “Stimul Hospital” tərəfindən verilmiş 823 saylı arayışa əsasən iddiaçı “Stumul Hospital” klinikasında 28 avqust 2019-cu il tarixdən “traksiya, elektrostimulyasiya, nevral terapiya və masaj” prosedurlarına başlamış, 8 sentyabr 2019-cu il tarixdə həmin proseduru bitirmiş; -Azərbaycan Respublikası Dövlət Təhlükəsilzik Xidmətinin Hərbi-Tibb Baş İdarəsi tərəfindən verilmiş 6 may 2020-ci il tarixli arayışa əsasən onun müayinəsi zamanı “C3 – C7 disklərin dehidortasiyası, C5 – C6 diskin hibroz həlqəsinin qabarması, L5 – S1 diskin median yerləşmiş 3.0 mm ölçülən pratuziyası” müəyyən edilmiş; -Tibbi Ərazi Bölmələri X2 Tibb Mərkəzi tərəfindən verilmiş 9359 saylı xəstəlik tarixçəsinə əsasən 1 dekabr 2021-ci il tarixdən 16 dekabr 2021-ci il tarixədək Mərkəzdə müalicə olunmuş və instrumental müayinələrin nəticəsinə əsasən boyun fəqərələrinin dəyişikliyi müəyyən edilmişdir. Tədqiq olunan sənədlərdən göründüyü kimi, 2016-cı ildən sonra müxtəlif tibb müəssisələrində müayinəsi zamanı ona əvvələr ikinci dərəcə əlilliyin təyinatında qoyulmuş diaqnoz üzrə mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin aradan qalxması və səhhətində digər yaxşılaşmalar müəyyən olunmamış, onun “bel-oma osteoxondrozu, L5- S1 fəqərəarası diskin protruziyası, kəskin davamlı kökcük ağrılarla, residiv gedişli diaqnozu digər tibb müəssisəsinin arayışşında təsdiqlənmiş, səhhətində müsbət dəyişiklik baş verməsi halların ilə bağlı hallar göndərişdə və cavabdehin imtinasında da əks olunmamışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarında bəsit şəkildə “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qiymətləndirmə ilə əlaqədar qeyd olunmalıdır ki, iddiaçı əvvəlki əlillik dövründə müalicələr alsa da mövcud pozuntu, çatışmazlıq və xəstəliyi davam etmişdir. Belə olan halda, ona münasibətdə «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi deyil, 1.5.3-cü bəndinin tələbləri tətbiq edilməli olduğu öz təsdiqini tapır. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” “Qayda”sının qeyd olunan 1.5.3-cü bəndi isə məhz, onu nəzərdə tutur ki, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci yarımbəndə qeyd olunan pozuntu (yəni, orqanizminin funksiyalarının bərpa olunmaması və onun tam və səmərəli fəaliyyətinə mane olan sabit fiziki pozuntuları davam etməsi) əlillik təyinatı üçün göndəriş verilməsini zəruri edən əsaslardan biridir. Göründüyü kimi, Qaydanın 1.5.3-cü bəndi, şəxsin orqanizminin pozulmuş funksiyalarının bərpa olunmamasını və müvafiq sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularını “eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə, ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması” ilə şərtləndirilmir. Başqa sözlə, iddiaçının əvvəlki xəstəlikləri aradan qalxmadığı halda, ona növbəti əlillik təyinatında əlavə müalicə müddətinin tətbiq olunması tələb olunmur. Onu da qeyd etmək lazımdır ki, 2015-ci ildə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə əldə rəhbər tutularaq “bel-oma osteoxondrozu, L5-S1 fəqərəarası diskin protruziyası, kəskin davamlı kökcük ağrılarla, residiv gedişli” diaqnozuna görə əlillik təyin edildiyi halda, növbəti (sonuncu) müayinə ) qiymətləndirmə) zamanı eyni hala münasibətdə, eyni qanunvericilik hələ qüvvədə olsa da, cavabdeh tərəfindən fərqli qərar qəbul olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh Agentliyin “TSEK” Komissiyası tərəfindən iddiaçıya İİ dərəcəli əlillik verilməsindən imtina olunmasının əsassız olduğu və iddiaçının qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7130/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7130/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-3196/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3196/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver