Məhkəmə qərarları › İş №2-1(103)-3196/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3196/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3196/2025 18.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(112)-2391/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, hüququnun yarandığı vaxtdan “Əmək pensiyaları haqqında2 Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh tələbin təmin edilməsindən imtina edərək hesab etmişdir ki, İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumi sosial sığorta stajı (xx.xx.1978-xx.xx.1980-cı il tarixlərdə hərbi xidmətdə olduğu dövrlər nəzərə alınmaqla) 20 il 09 ay 20 gün təşkil etmişdir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi “Şirniyyat" ATSC-də olan əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, MEİS-in “Pensiya" altsistemində İddiaçı dair məlumatlara əsasən, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2009cu il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi “Şirniyyat" ATSC-nin (əvvəlki Bakı Qənnadı Kombinatı) iş qovluğu Mərkəzi Filiala təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, İddiaçı xx.xx.1996-cı ildən xx.xx.2009-cu ilədək "xxxx" ATSC-də işləməyi ilə əlaqədar olaraq ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 65 yaşının tamam olduğu 17 may 2024-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı ildən xx.xx.2009- cu ilədək "xxxx" ATSC-də işləmişdir. O, cavabdehə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət etmişdir. Cavabdehin 02 avqust 2024-cü il tarixli məktubu ilə ona imtina verilmişdir. "xxxx" ATSC-nin xx.xx.2016-cı il tarixli 01/002 saylı arayışına əsasən onun 20 noyabr 1996-cı ildən xx.xx.2009-cü ilədək Bakı Qənnadı Kombinatında 3-cü dərəcəli çörək bişirən işləməyi təsdiq edilmişdir. Eyni zamanda Bakı Qənnadı Kombinatına məxsus arxivin yerləşdiyi binanın uçmasına, su-palçıq içində qalmasına, dəfələrlə köçürüldüyünə görə arxiv sənədləri çürüdüyündən və yararsız vəziyyətə düşdüyündən ona işlədiyi müddətə görə əmək haqqı arayışı vermək mümkün olmamışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumi sosial sığorta stajı (xx.xx.1978xx.xx.1980-cı il tarixlərdə hərbi xidmətdə olduğu dövrlər nəzərə alınmaqla) 20 il 09 ay 20 gün təşkil etmişdir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi “Şirniyyat" ATSC-də olan əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, MEİS-in “Pensiya" altsistemində İddiaçı dair məlumatlara əsasən, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2009cu il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi “Şirniyyat" ATSC-nin (əvvəlki Bakı Qənnadı Kombinatı) iş qovluğu Mərkəzi Filiala təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(112)-2391/2025 nömrəli qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(112)-2391/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, həmçinin əlavə olaraq qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsi işə qəbul və işdən azad edilmə barədə əmrlərin tarixlərindəki uyğunsuzluqları əsas gətirərək stajın mötəbərliyini şübhə altına almışdır. Lakin bu uyğunsuzluqlar iddiaçının əmək fəaliyyətini inkar etməz və stajın mövcudluğunu sübut edən digər sənədlər və arayışlar diqqətdən kənar qalmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan məlumatlarda iddiaçının iş stajının 25 ildən az olması iddia edilir. Lakin iddiaçı tərəfindən təqdim edilən arayışlar və əmək kitabçası stajın mövcud olduğunu təsdiqləyir və bu sənədlərin qüvvədə olması cavabdehin iddialarını ziddiyyətə salır. Əmək kitabçasında qeyd olunan işə qəbul və işdən azad edilmə əmrlərinin tarixi fərqlilikləri stajın ümumi mövcudluğuna təsir göstərmir, çünki həmin fərqliliklər sənədlərin itməsi və ya arxivdə yaranan problem səbəbindən yaranmışdır. Onun tərəfindən təqdim edilən əmək kitabçasının orijinalında xx.xx.1996-cı il tarixdən "xxxx" ATSC-də “3-cü dərəcəli çörəkbişirən” vəzifəsinə işə qəbul və xx.xx.2009-cu il tarixədək iş fəaliyyətinin qeyd olunması sübut edir ki, o həmin dövrdə qanuni əmək fəaliyyəti ilə məşğul olmuşdur. "xxxx" ATSC-nin xx.xx.2016-cı il tarixli 01/002 nömrəli arayışı və digər arxiv sənədləri əmək fəaliyyətini təsdiqləyir. Bu sənədlərdə göstərilir ki, o 1996-2009-cu illərdə faktiki olaraq müəssisədə çalışmışdır. Əmək kitabçasında "Şirniyyat” ATSC tərəfindən vurulmuş möhür də stajının rəsmiliyini təsdiq edir. Cavabdeh, Dövlət Sosial Müdafiə Fondu, əmək fəaliyyətini şübhə altına almaq üçün əsas kimi 2006-2009-cu illər üzrə fərdi şəxsi hesabında pensiya kapitalının qeydə alınmamasını göstərmişdir. Lakin bu, yalnız sosial sığorta haqlarının ödənilməməsi ilə əlaqədardır və əmək stajının faktiki mövcudluğunu inkar etmir. "xxxx" ATSC-nin arxiv binasının su basması və sənədlərin məhv olması səbəbilə bəzi əmək haqqı sənədləri təqdim edilməmişdir. Bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi Qaydası”nın 4.1.1 və 4.1.2-ci bəndləri üzrə alternativ sübutlarla əmək stajının təsdiqlənməsini mümkün edir. Cavabdeh tərəfindən təqdim olunan və əmək fəaliyyətimin əksini iddia edən hər hansı rəsmi yoxlama aktı, daxili təhqiqat sənədi və ya müvafiq hüquqi araşdırma mövcud deyil. Bakı İnzibati Məhkəməsi əmək kitabçasında əmrlərin tarixləri arasında olan texniki uyğunsuzluqları əsas götürərək stajımı şübhə altına almış, lakin əmək kitabçasının digər hissələrinin və möhürlərin mövcudluğunu, rəsmi arayışlarla uyğunluğunu nəzərə almamışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməyib, Bakı İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(112)- 2391/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(112)-2391/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(112)-2391/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2023 - 30 iyun 2024-cü illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69.1ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçı məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, “xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək iş illəri nəzərə alınmaqla 65 yaşının tamam olduğu vaxtdan əmək pensiyasının təyin edilməsi” xahiş etmişdir. Məhkəmə tərkibinin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Beləliklə, iddiaçının hüquqi marağı xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək iş illəri nəzərə alınmaqla 65 yaşının tamam olduğu vaxtdan əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1996-cı il tarixdə onun Bakı Qənnadı Kombinatında çörəkbişirən vəifəsində işə başladığı qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə sorğusuna 13 sentyabr 2024-cü il tarixli məktubunda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin xx.xx.1997-ci il tarixində tam özəlləşdirildiyi qeyd edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planına (emissiya prospektinə) əsas iş yeri Bakı qənnadı kombinatının 1, 2 və 5 saylı sexləri olan işçiləri barədə məlumatlar daxil edilməmişdir. Yəni iddiaçının adı Bakı Qənnadı Kombinatının özəlləşdirmə planında mövcud olmamışdır. Eyni zamanda iddiaçıya məxsus əmək kitabçasının əslinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1996-cı ildə Bakı Yeyinti Məhsulları Kombinatından köçürmə yolu ilə Bakı Qənnadı Kombinatına köçürülməsi səbəbindən işdən azad edilməsi qeyd edilmişdir. Əmək kitabçasında buna əsas olan əmrin tarixi xx.xx.1996-cı il kimi göstərilmişdir. Eyni zamanda xx.xx.1996-cı ildə Bakı Qənnadı Kombinatına “3-cü dərəcəli çörəkbişirən” vəzifəsinə qəbul edilməsi əmək kitabçasında göstərilsə də, buna əsas olan əmrin tarixi kimi xx.xx.1996-cı il göstərilmişdir. Göründüyü kimi, iddiaçının işə qəbul tarixi ilə əmrlərin tarixində uyğunsuzluq vardır. Eyni zamanda əmək kitabçasında Bakı Qənnadı Kombinatının möhürü mövcud deyildir. Həmçinin kitabçada iddiaçının xx.xx.2009-cu il tarixində "xxxx" ATSC-dən işdən azad edildiyi qeyd edilmiş və "xxxx" ATSC-nin möhürü ilə təsdiq edilmişdir. Bundan sonra isə kitabçada Bakı Qənnadı Kombinatının xx.xx.1997-ci ildə "xxxx" ATSC-yə çevrilməsi ilə bağlı qeyd aparılmışdır. Əmək kitabçasında mövcud olan bu ziddiyyətlər iddiaçının həqiqətən xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan stajının həqiqiliyini şübhə altına almış olur. Eyni zamanda "xxxx" ATSC-nin məktubunda arxivi su basması və köçürülməsi nəticəsində iddiaçıya məxsus əmək haqqı cədvəllərinin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçının xx.xx.2006-cı ildən sonrakı dövr üzrə fərdi hesabında sığorta kapitalı qeydə alınmamışdır. İddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan əmək stajı mötəbər sübutlarla öz təsdiqini tapmır. Cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin hüquqi mövqe ilə razılaşmır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, “...İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumi sosial sığorta stajı (xx.xx.1978-xx.xx.1980-cı il tarixlərdə hərbi xidmətdə olduğu dövrlər nəzərə alınmaqla) 20 il 09 ay 20 gün təşkil etmişdir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi “Şirniyyat" ATSC-də olan əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, MEİS-in “Pensiya" altsistemində İddiaçı dair məlumatlara əsasən, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı “Şirniyyat" ATSC-də işləməsinə dair əməkhaqqı cədvəlləri və əmrlər kitabından çıxarışı təqdim etdiyi halda onun yaşa görə pensiya hüququna baxıla bilər. Həmçinin, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi “Şirniyyat" ATSC-nin (əvvəlki Bakı Qənnadı Kombinatı) iş qovluğu Mərkəzi Filiala təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir...”. Göründüyü kimi, cavabdehin etirazının əsas dəlili xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması ilə bağlıdır. Məhkəmə tərkibi, ilk növbədə xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan iş illəri ilə bağlı qeyd edir ki, iddiaçının hazırkı tələbi qeyd olunan dövrləri əhatə etmədiyindən, bu hissəyə münasibət bildirilməsi zərurəti aradan qalxmışdır. İddiaçının xx.xx.2006-cı il tarixədək iş illəri ilə bağlı məsələyə münasibət bildirməmişdən öncə iş materiallarında olan sənədlərə nəzər salaq. İş materiallarında olan: İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Oktyabr rabitə qovşağında poçtalyon işləmiş, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək “Bakıçörək” Sənaye Birliyində müxtəlif vəzifələrdə işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı Qənnadı fabrikində müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək Sovet ordusu sıralarında xidmət etmişdir. xx.xx.1980-cı il tarixdən xx.xx.1995-ci il tarixinədək Bakı Qənnadı fabrikində müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixinidək Bakı qida məhsulları kombinatında çörəkbişirən vəzifəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixinədək Bakı Qənnadı Kombinatında çörəkbişirən vəzifəsində işləmişdir. "xxxx" ASC-nin 19 oktyabr 2016-cı il tarixli, 01/002 nömrəli arayışına əsasən iddiaçı həqiqətən 20 noyabr 1976-cı ildən 69k saylı, xx.xx.1976-cı il tarixli əmr ilə Bakı Qənnadı fabrikində yolka hədiyyələri sexində yüklərin daşınması üzrə müvəqqəti işə qəbul edilmiş və 06k saylı, 01.1977-ci il tarixli əmri ilə xx.xx.1977-ci ildən 2-ci sexə 2-ci dərəcəli yükdaşıyıcı işinə köçürülmüşdür. xx.xx.1978-ci ildən əsgərə getməsi ilə əlaqədar olaraq 153k saylı, xx.xx.1978-ci il tarixli əmri ilə işdən azad edilmişdir. Əsgəri xidmətindən sonra xx.xx.1980-cı ildən yenidən Bakı Qənnadı fabrikində 2-ci sexə yükdaşıyıcı işinə qəbul edilmişdir. Bakı Qənnadı Kombinatının xx.xx.2009-cu il tarixli, 2k saylı əmr ilə xx.xx.2009 cu ilədək işləmişdir. Bakı Qənnadı Kombinatına məxsus arxivin yerləşdiyi binasının uçmasına, su-palçıq içində qalmasına, dəfələrlə köçürüldüyünə görə arxiv sənədləri çürüdüyündən və yararsız vəziyyətə düşdüyündən iddiaçının işlədiyi müddətə görə əmək haqqı arayışı vermək mümkün olmamışdır. Azərbaycan SSR-nin “Dövlətaqrosənaye”nin ("Qosaqroprom Azerb.SSR) 46 saylı, xx.xx.1988-ci il tarixli əmri ilə Bakı Qənnadı fabriki Bakı Qənnadı Kombinatı adlandırılmışdır. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin 149 saylı, xx.xx.1997-ci il tarixli sərancamına əsasən Bakı Qənnadı Kombinatının bazasında "xxxx" ATSC (VÖEN **********) yaradılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə sorğusuna 13 sentyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Bakı qənnadı kombinatının 1, 2 və 5 saylı sexlərinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 149 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.1997-ci il tarixində tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planına (emissiya prospektinə) əsas iş yeri Bakı qənnadı kombinatının 1, 2 və 5 saylı sexləri olan işçiləri barədə məlumatlar daxil edilməmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 21 fevral 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda bildirilmişdir ki, xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" X5 Cəmiyyəti (VÖEN **********) “Bakı Qənnadı” Kombinatının bazasında yaradılmış və onun hüquqi varisidir. İdarədə olan reyestrdə "xxxx" X5 Cəmiyyətinin ləğv olunması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə tərkibinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" ATSC 14 sentyabr 1996-cı il tarixindən Azərbaycan Respublikası statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh orqan iddiaçıya 20 il, 9 ay, 20 gün əmək stajı hesablamış və onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ATSC-də olan əmək fəaliyyəti dövrünü nəzərə almamışdır. Qeyd olunmalıdır ki, iş materiallarında olan sənədlərdən "xxxx" ATSC-nin xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək mövcud olması təkzib olunmur. Məhkəmə tərkibinin qənaətinə görə, əmək haqqı kitabları və əmrlər arxivə təhvil verilmədiyi və ya məhv olduğu (yararsız vəziyyətə düşdüyü) halda, «iddiaçının əmək haqqı alması və işləməsi təsdiq edilmir» kimi gəlinən nəticə səhvdir. Ümumiyyətlə, iddiaçının işlədiyi müddət üzrə əmək haqqı kitablarının və əmrlərin arxivə təhvil verilməməsi (saxlanılmaması) və ya məhv olması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal onun əmək pensiyasının yenidən hesablanmasından imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Bundan başqa, məhkəmə tərkibi, əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıbalınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1993-2002-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-2005-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının "xxxx" ATSC-də xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsi mühüm rol oynamır. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, “iddiaçının xx.xx.1996-cı ildə Bakı Yeyinti Məhsulları Kombinatından köçürmə yolu ilə Bakı Qənnadı Kombinatına köçürülməsi səbəbindən işdən azad edilməsi qeyd edilmişdir. Əmək kitabçasında buna əsas olan əmrin tarixi xx.xx.1996-cı il kimi göstərilmişdir. Eyni zamanda xx.xx.1996-cı ildə Bakı Qənnadı Kombinatına “3-cü dərəcəli çörəkbişirən” vəzifəsinə qəbul edilməsi əmək kitabçasında göstərilsə də, buna əsas olan əmrin tarixi kimi xx.xx.1996-cı il göstərilmişdir. Göründüyü kimi iddiaçının işə qəbul tarixi ilə əmrlərin tarixində uyğunsuzluq vardır. Eyni zamanda əmək kitabçasında Bakı Qənnadı Kombinatının möhürü mövcud deyildir" İddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ATSC-də olan əmək fəaliyyəti dövrünə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu və Əmək Məcəlləsinin 87-ci maddələrinə əsasən əmək stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçasında "xxxx" ATSC-də (Bakı Qənnadı Kombinatı) işlədiyi dövr müvafiq möhür və imzalarla təsdiq edilmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından əmək kitabçası, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin kitabçada nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Başqa sözlə, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar sübutun (iddiaçının əmək kitabçasının) qeyri-mötəbərliyi (saxtalığı), eyni zamanda iddianın əsassızlığı barədə nəticəyə gəlməyə əsas vermir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirilmək, işdən çıxma barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əmək kitabçasında olan məlumatlara görə isə məhz işəgötürənin özü cavabdehlik daşıyır. Başqa sözlə desək, bu hal iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil. Digər tərəfdən, mümkündür ki, iddiaçının faktiki əmək fəaliyyətinə başladığı tarixdən sonra işə daxilolma əmri verilsin. Yəni bu halı qanunverciliyin tələbinin pozulması kimi qiymətləndirmək və iddiaçının işlədiyi dövrü şübhə altına almaq əsassız olmuşdur. Beləliklə, cavabdeh tərəfindən qəbul edilmiş 20 il 09 ay 20 günlük staj və mübahisələndirilən xx.xx.1996-xx.xx.2006-ci illər nəzərə alındıqda iddiaçının ümumi sığorta stajı 25 ildən artıq olur. Bu isə "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən iddiaçının 65 yaşdan yaşa görə əmək pensiyası almaq hüququnu yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya iş stajının nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2-1(112)-2391/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək iş illəri nəzərə alınmaqla 65 yaşının tamam olduğu vaxtdan, yəni 17 may 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar