Məhkəmə qərarları › İş №2-1(103)-3197/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3197/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3197/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə X10 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-cizginin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-724/2021 saylı iş üzrə qəbul etdiyi 09 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 2-1/2005 saylı, 10 yanvar 2005-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Nərimanov döngəsi, 15 saylı evin “Q tikintisi üzrə ¼ hissədə X6, 2/4 hissədə X1, ¼ hissədə isə mərhum X7 vərəsələri-X4, X2 və onun mülkiyyət hüququnu müəyyən edən hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və plan-cizgi verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-724/2021 saylı iş üzrə qəbul etdiyi 09 sentyabr 2021-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya apelyasiya şikayətini müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İşdən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsi tərəfindən 09.09.2021-ci il tarixli, 2-1(103)-724/2021 saylı qərar iddiaçı R,İbrahimovun ünvan 1 ünvanına göndərilmiş və tərəfindən 21.10.2021-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. (iş mat. səh. 181). İddiaçı G.İbrahimov tərəfindən verilmiş apelyasiya şikayətinin üzərinə vurulmuş Bakı İnzibati Məhkəməsinin ştampından görünür ki, şikayət məhkəməyə 25.11.2021-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarından apelyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (24.2) Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (24.3) Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. (24.5) Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. (24.6) 24.12.2021-ci il tarixdə iddiaçı tərəfindən prosessual müddətin bərpasına dair ərizə məhkəməyə təqdim edilmişdir. Ərizədə qeyd edilmişdir ki, “mən dəqiq müəyyən edə bilmirəm ki, bu müddət buraxılmışdır, yoxsa, yox. Hər halda, bu iş materialları ilə müəyyən oluna bilər. Onu qeyd edim ki, mən qeydiyyatda olduğum ünvanda olmadığımdan qərarı şəxsən almamışam və eyni zamanda hüquqi savadım olmadığından ola bilər ki, müddətin ötürülməsi baş verə bilər. Bütün bu hallar nəzərə alınmaqla məhkəmə tərəfindən həmin müddətin ötürülməsinin səbəbi üzürlü sayıla bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Sadalanan normalardan görünür ki, prosesual müddətlər yalnız maraqlarına toxunulmuş proses iştirakçılarının ərizəsinə əsasən və ərizədə tərəfin müddəti nə üçün buraxdığı əsaslandırıldığı hallarda bərpa olunur. Başqa sözlə tərəf müddət buraxılmasının nəyə görə ondan asılı olmadığını əsaslandırılmış şəkildə izah etməlidir. Proses iştirakçılarının hüquqi müdafiə vasitələrindən düzgün istifadə etməsinin təmin edilməsi məqsədilə AR İPM 69.5-ci maddəsinin tələblərinə uyğun olaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-724/2021 saylı iş üzrə qəbul etdiyi 09 sentyabr 2021-ci il tarixli qərarının nəticə hissəsində apelyasiya şikayəti verilməsi müddətinin qərarın tam təqdim ediliyi gündən 30 gün müddətində olduğu göstərilmişdir. İş materiallarından isə iddiaçının həmin qərarı əldə etdiyi aydındır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hüquqi savadının olmaması onun prosesual müddəti ötürməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. Buna görə də, əzirəçinin prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməli, apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçı X5 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-724/2021 saylı iş üzrə qəbul etdiyi 09.09.2021-ci il tarixli qərarından verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayətinin verilməsinə dair prosessual müddətin ötürülməsi barədə iddiaçının ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-cizginin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-724/2021 saylı iş üzrə qəbul etdiyi 09 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Elşən Kazımov Hakim: İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar