Məhkəmə qərarları › İş №2-1(103)-3197/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3197/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3197/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “qərar qəbul edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (məruzəçi), Məmmədova Şərafət Asif qızı və X4 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə “dövlət hesabına vəkillə təmin edilməsi” barədə ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7395/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Prokurorluğunun 15 sentyabr 2022-ci il tarixli qərarını ləğv edərək prokurorluğa təqdim olunmuş vəsatətlər əsasında mərhum X3 ölüm faktı ilə əlaqədar cinayət işinə başlanılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7395/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim:F.İsmayılzadə) İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “Nərimanov Rayon Prokurorluğunun qərarının ləğv edilərək cinayət işinin başlanılması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

3. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7395/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim F.İsmayılzadə) İddiaçı vəkillə təmin olunması barədə ərizəsi təmin edilməmişdir.

4. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7395/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı əsassız olduğundan ləğv edilməlidir.

6. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.

10. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.5. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. Maddə 67-1. Vəkilin prosesdə dövlət hesabına iştirakı 67-1.1. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-1.2. Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. 67-1.3. Bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. 67-1.4. Bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: 67-1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; 67-1.4.2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; 67-1.4.3. valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar; 67-1.4.4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; 67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. 67-1.5. Məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərin müraciətinə əsasən vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır. Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər. 67-1.6. Məhkəmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə ödənilmiş vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış digər şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsini iş üzrə yekun qərarında qət edə bilər. Maddə 121.2. bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir.

MƏHKƏMƏNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

14. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

15. Ərizəyə əlavə olunan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ƏƏSMN X1 Sistemindən əldə edilmiş məlumata əsasən iddiaçı işsiz kimi qeydiyyatdadır.

16. İddiaçının elektron məhkəmə sistemindən çıxarışa əsasən işsiz olduğunu bildirməsinə baxmayaraq, onun başqa qazanc yeri olduğu istisna deyil.

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş qaydada vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər maddi vəsaitinin olmadığını təsdiq edən müvafiq sənədlər apellyasiya şikayətinə əlavə edilməmiş və həmçinin məhkəməyə təqdim olunmamışdır.

18. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanına malik olmadığı iş üzrə materiallarla təsdiq edilmir.

19. Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15(102)-5/2024 saylı xx.xx.2024-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə: “...20. Nəzərə almaq lazımdır ki, məhkəmə icraatının iştirakçılarına hüquqi yardım göstərilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil qanunvericiliklə müəyyən olunmuş müəyyən şərtlər daxilində təyin oluna bilər. Bu baxımdan dövlət vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizə verən şəxs həmin şərtlərin ona münasibətdə mövcud olduğunu əsaslandırmalıdır. Həmin şərtlərin yoxlanılması zamanı məhkəmələr tərəfindən həmçinin proses iştirakçısının əsassız şikayət verib-vermədiyi, şikayət vermə hüququndan sui-istifadə edib-etmədiyi də araşdırılmalıdır. Aşkar surətdə əsassız kassasiya şikayəti verən, xüsusilə də hüququndan sui-istifadə edən proses iştirakçısına dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi, bir tərəfdən, şəxsin hüquqi müdafiəsinin dövlət hesabına təmin olunmasının məqsədləri ilə uzlaşmır, digər tərəfdən isə, dövlət vəsaitinin səmərəsiz və təyinatına uyğun olmayan şəkildə xərclənməsinə, eləcə də iş üzrə məhkəmə icraatının əsassız uzanmasına səbəb olur.”

20. Belə ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunun 1.2-ci maddəsinə görə, heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.

21. Qeyd olunmalıdır ki, ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri formal və əsassız olduğundan təmin edilməməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7395/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar