Məhkəmə qərarları › İş №2-1(103)-3198/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3198/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3198/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1831/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona yaşa görə təyin edilmiş pensiya məbləğində nəzərə alınmayan sığorta stajı dövrlərinin nəzərə alınaraq və hər il üzrə tətbiq edilmiş indeksləşmə faizlərinin düzgün tətbiq edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanaraq hazırkı pensiya məbləğinə əlavə təyin olunması vəzifəsinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ona yaşa görə pensiyasının yenidən hesablanaraq pensiyanın artımla təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMFnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********36 saylı məktubla müraciətinə imtina verilmişdir. İmtina məktubunda xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 8 saylı Dəmir - X6nda öz hesabıma məzuniyyətdə olmağım, eləcə də xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək ünvan 1 ünvanın məlum olmadığı üçün həmin dövrlərin araşdırılması imkan xaricində olduğu səbəb ilə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi bildirilmişdir. İddiaçı 01 sentyabr 1973-cü ildən 28 dekabr 2006-ci ilədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmalqa, 30 il 2 ay əmək stajına malikdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilata olmuş müraciəti qanunvericiliyin tələblərinə əməl edilməklə edilmişdir. Lakin inzibati orqan yuxarıda qeyd olunan hallara qiymət verməmiş və vətəndaşın konstitusion hüququn pozaraq imtina məktubları göndərmişdir. 30 noyabr 2022-ci il tarixli məhkəmə iclasında iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 8 saylı DBMZ-da, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Nəsimi rayonu 2 saylı TQİ-də işlədiyi dövrlərin sığorta stajına daxil edərək xx.xx.2021-ci il tarixdə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmiş, həmin tarixli iclasda iddia tələbi dəqiqləşməsi barədə ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1831/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.1997-xx.xx.2000-ci ilədək və xx.xx.2000-ci il tarixdən 15 avqust 2000-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1831/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.1973-cü il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1973-cü ildə birinci dərəcəli yığıcı-çilingər ixtisası ilə yığma sexinə qəbul edilib, xx.xx.1975-ci ildə işdən azad edilib, xx.xx.1975-ci ildə Bakıbaştikintinin 2 saylı Evtikmə Kombinatında 2-ci dərəcəli fəhlə ixtisası ilə Baş Korpusa qəbul edilib, xx.xx.1975-ci ildə Sovet Ordusuna hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilib, xx.xx.1977-ci ildə Bakıbaştikintinin 2 saylı Evtikmə Kombinatında 2- ci dərəcəli qəlibçi ixtisası ilə Baş korpusa qəbul edilib, xx.xx.1978-ci ildə 3-cü dərəcəli körpülü krançı ixtisasına keçirilib, xx.xx.1978-ci ildə 4-cü dərəcəli körpülü krançı ixtisasına bərpa edilib, xx.xx.1983-cü ildə Bakıbaştikintinin 2 saylı Evtikmə Kombinatı Bakıbaştikintinin X4 Tikinti Quraşdıma Birliyi adlandırılıb, xx.xx.1983-cü ildə Quraşdırma sahəsinə sex mexaniki vəzifəsinə keçirilib, xx.xx.1984cü ildə Bakıbaştikintinin X4 Tikinti Quraşdıma Birliyi Bakıbaştikintinin Sənaye üsulla Evtikmə Birliyi adlandırılıb, xx.xx.1986-cı ildə Bakıbaştikinti “Sosial-mədəni tikinti”-nin 11 saylı Trestinin 8-saylı X1 keçirilməsi ilə əlaqədar işdən azad edilib, xx.xx.1986-cı ildə Bakıbaştikinti SEİB-in 8 saylı DBM Zavodunda Bakıbaştikinti SEİB-in 2 saylı Evtikmə Kombinatından 2 saylı Betonqarışdırma Qovşağına kran təsərrüfatına xidmət mexaniki vəzifəsinə qəbul edilib, xx.xx.1986-cı ildə mexaniki sexin rəisi təyin edilib, xx.xx.1988-ci ildə zavodun baş mexaniki təyin edilib, xx.xx.1995-ci ildə zavod 8 saylı DBM “İcarə Müəssisəsi” adlandırılıb, xx.xx.2000-ci ildə Zavod Dövlət Əmlakı Nazirliyinin sərəncamına qəbul edilib, xx.xx.2001-ci ildə Zavod "xxxx" Açıq tipli Səhmdar Cəmiyyətinə çevrilib, xx.xx.2002-ci ildə işdən azad edilib, xx.xx.2002-ci ildə Nəsimi rayonu 2 saylı Tikinti Quraşdırma İdarəsində idarənin Baş mühəndisi vəzifəsinə təyin edilib, xx.xx.2004-cü ildə işdən azad edilib, xx.xx.2004-cü ildə "xxxx" MMC-də Layihə menecer vəzifəsinə təyin edilib, xx.xx.2006-cı ildə işdən azad edilib, xx.xx.2006-cı ildə Qazaxıstan Respublikası Astana ş.”Temir- Beton-A” MMC-də ”Temir-Beton-A” MMC nəzdində MBQ-na (Məhlul-Beton Qovşağı) direktor vəzifəsinə təyin edilib, xx.xx.2007-ci ildə işdən azad edilib, xx.xx.2008-ci ildə X9 ASC-nin Tikinti Layihələrinin idarə edilməsi Departamentinə mühəndis vəzifəsinə qəbul edilib, xx.xx.2009-cu ildə işdən azad edilib, xx.xx.2009-cu ildə "xxxx" ASC “Sumqayıt YGEŞN” Nəqliyat Xidmətinə 9-cu dərəcəli mexanik vəzifəsinə qəbul edilib, xx.xx.2010-cu ildə həmin xidmətə nəqliyat vasitələrinin istismarı və təmiri üzrə aparıcı mühəndis vəzifəsinə keçirilib, xx.xx.2010-cu ildə işdən azad edilib, xx.xx.2011-ci ildə "xxxx" ASC “Sumqayıt YGEŞN”-nin İnzibati TŞ-nin nəqliyyat bölməsinə 3 ay sınaq müddəti ilə bölmə rəisi vəzifəsinə qəbul edilib, xx.xx.2016-cı ildə İnzibati Təsərrüfat şöbəsinə baş mexanik vəzifəsinə keçirilib, xx.xx.2018-ci ildə Təsərrüfat şöbəsinəbaş mexanik vəzifəsinə keçirilib, xx.xx.2018-ci ildə əmək müqaviləsinə xitam verilib, xx.xx.2018-ci ildə "xxxx" ASC İnsan Resursları və Xidməti Dpartamentinin Avtonəqliyat İdarəsinin Şimal regionu üzrə dispetçer vəzifəsiknə təyin edilib, xx.xx.2019-cu ildə işdən azad edilib, xx.xx.2019-cu ildə "xxxx" MMC-nin Avtonəqliyyat İdarəsinin Şimal regionu üzrə dispetçer vəzifəsinə təyin edilib. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********968100 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2000-ci ildə d-441 nömrə ilə dövlət qeydiyyatına alınmış “8 nömrəli X3” Dövlət Müəssisəsi xx.xx.2000-ci ildə d-431 nömrə ilə dövlət qeydiyyatına alınmış “Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin 8 saylı Dövlət X3”nun bazasında təsis edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********58 nömrəli 05 sentyabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 399 nömrəli sərəncamı ilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olmuş 8 nömrəli X3nun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2001-ci il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildiririk ki, müraciətinizdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. - Dövlət Sosial Müdafiə X8 və Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 06 dekabr 2021- ci il tarixli Aktda qeyd edilmişdir ki, İddiaçı 1986-2002-ci illərdə Bakı Dəmir Beton zavodu ASC-də işləməsi faktının yerinə qarşılıqlı araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1986-cı ildə 8 saylı Dəmir X5 işə qəbul edilib (Əmr 46s nömrəli, xx.xx.1986-cı il), xx.xx.2002-ci ildə (Əmr 07k nömrəli, xx.xx.2002-ci il) öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı işlədiyi müddətdə xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilə qədər öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 50 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Bakı Dəmir Beton 8 ASC-də( keçmiş BBTİ-nin 8 saylı DBM zavodu) İddiaçı 1986-2002-ci illər ərazində hesablanmış əmək haqqı cədvəlindən görünür ki, 1986-cı ilin iyundekabr, 1987-ci ilin yanvar ayından-1997-ci ilin may ayınadək əmək haqları ödənilmişdir. 1997-ci ilin may ayından 1999-cu ilin may ayınadək əmək haqqı ödənişləri “0” qeyd edilmiş, 1999-cu ilin iyun, avqust, sentyabr, dekabr ayları üçün əmək haqqı hesablanmışdır. 2000-2002-ci ilədək əmək haqqı “0” hesablanmışdır. Bakı Dəmir-Beton zavodunun xx.xx.1986-cı il tarixli 77c nömrəli əmri ilə İddiaçı mexaniki sexin rəisi təyin edilib, xx.xx.1988-ci il tarixli 30s saylı Əmr ilə zavodun baş mexaniki təyin edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 13 nömrəli məktubunda qeyd olunmuşdur ki, ASCnin sabiq işçisi İddiaçı müəssisədə işlədiyi 1986-2002-ci illər üzrə təqdim olunan əmək haqqı Arayışında görünür ki, 1998-ci, 2000-ci, 2001-ci, 2002-ci il dövr üzrə ona əmək haqqı hesablanmamış, 1999-cu ildə isə qismən əmək haqqı hesablanmışdır. Həmin məktub ilə göndərilmiş sənədlərin surətindən görünür ki: 8 saylı DBM “İcarə Müəssisəsi”nin 01 may 1997-ci il tarixli, 32k nömrəli Əmrinə əsasən Azərbaycan Respublikası “Məzuniyyətlər haqqında” Qanunun 33-cü maddəsini əsas tutaraq və istehsal zərurəti ilə əlaqədar olaraq müəssisədə iş dayandığına görə aşağıda adları göstərilən aparat işçiləri 01 may 1997-ci il tarixdən 18 noyabr 1997-ci il tarixə qədər müvəqqəti olaraq ödənişsiz məzuniyyətə buraxılsınlar: 18. İddiaçı. 8 saylı DBM “İcarə Müəssisəsi”nin 14 noyabr 1997-ci il tarixli, 74k nömrəli Əmrinə əsasən Azərbaycan Respublikası “Məzuniyyətlər haqqında” Qanunun 33-cü maddəsini əsas tutaraq və istehsal zərurəti ilə əlaqədar olaraq müəssisədə iş dayandığına görə aşağıda adları göstərilən aparat işçiləri 18 noyabr 1997-ci il tarixdən müvəqqəti olaraq ödənişsiz məzuniyyətə buraxılsınlar:

18. İddiaçı. 8 saylı DBM “İM”nın 01k saylı 04 fevral 1998-ci il tarixli Əmrində göstərilmişdir ki, müəssisənin baş mexaniki 14.04-93-94-cü ilin məzuniyyətinə buraxılır, məzuniyyət müddəti 30 təqvim günü, 9 təqvim günü əmək stajına görədir., cəmi 39 təqvi günü məzuniyyət verilir. Məzuniyyət xx.xx.1998-ci ildən başlanır, xx.xx.1998-ci ildə qurtarır. İşə xx.xx.1998-ci ildə çıxmalıdır. 8 saylı DBM “İM”nın 05k saylı 25 fevral 2000-ci il tarixli Əmrinə əsasən xx.xx.2000-ci il tarixdən müəssisənin aşağıda adları göstərilən işçiləri C5Y-Azəri firması ilə fərdi müqavilə bağlayıb işlədiklərinə görə 15 avqust 2000-ci il tarixinə qədər öz hesabına ödənişsiz məzuniyyətdə hesab edilsinlər: 5-ci sırada İddiaçı. Bakı Dəmir Beton-8 ASC-nin 12K nömrəli 29 oktyabr 2001-ci il tarixli Əmrində qeyd olunmuşdur ki, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar xx.xx.2001-ci il tarixli məktuba əsasən poçt vasitəsilə müraciət edən mühəndis texniki işçilər və qulluqçular ödənişsiz məzuniyyətdən geri çağrılsınlar: 11-ci sırada İddiaçı. - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli **********2 nömrəli qərarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə pensiaysı yenidən hesablanmış, yenidən hesablanan pensiya məbləği 468,86 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********36 nömrəli yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq sizə xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan . şəxslərin 2006cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz illər (xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək döyüşən ordunun tərkibində iştirak etdiyiniz dövr ikiqat ölçüdə) nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 26 il sığorta stajı və 01.01 2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 41136,54 manat pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 424,78 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bır dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq ındeksləşdirilməsi ilə əlaqədar pensiyanızın məbləği 01.01,2022-ci il tarixindən 439,28 manata çatdırılmışdır. Əlavə olaraq bildiririk ki, Mərkəzi Filialın xx.xx.2021-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 8 saylı X3nda öz hesabınıza məzuniyyətdə olmusunuz. Həmçinin əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək ünvan 1 ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması imkan xaricindədir. Qeyd olunanlara əsasən sözügedən dövrlərin sığorta stajınıza əlavə edıiməsı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, ötən dövr üzrə yaranmış fərq məbləği cari pensiyanızın üzərinə əlavə edilməklə sizə ödəniləcəkdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -2.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. -2.13-cü bəndinə əsasən müraciət edən şəxsin əmək pensiyası (əmək pensiyasının yenidən hesablanması və ya bir növündən başqa növünə keçirilməsi) hüququ olmadığı hallarda, Şöbə və ya İdarə pensiya təyin olunmasından imtina edilməsi barədə bildirişi (8 nömrəli Əlavə) 5 iş günü ərzində imtinanın səbəblərini göstərmək şərtilə müraciətdəki əks əlaqə vasitələrindən birinə göndərir və ya məlumat verir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyaçısıdır. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən onun hərbi xidmət dörü, eləcə də əmək kitabçaısndakı əmək fəaliyyəti dövrlər daxil olmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 28 il 05 ay 27 gün, eləcə də xx.xx.2006-cı il tarixdən sonra torpladığı pensiya kapitalına uyğun olaraq yaşa görə əmək pensiyasının məbləği hesablanmışdır. İddiaçının əmək kitabçasında Bakı Dəmir Beton zavodunda işlədiyi dövlərdən xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr cavabdeh tərəfindən sığorta stajına hesablanmamışdır. Göründüyü kimi hazırkı işin mübahisələndirilən halı iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrün onun pensiya təyinatında sığorta stajına daxil edilibedilməməsidir. Cavabdeh əsas kimi həmin dövrü üzrə iddiaçının ödənişsiz məzuniyyətdə olmasını qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının öz hesabına məzuniyyətə çıxdığı vaxt qüvvədə olan (01 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edilmişdir) “Məzuniyyətlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri; anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər; ödənişsiz məzuniyyətlər. Həmin Qanunun 14-cü maddəsinə əsasən uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Qanunun 29-cu maddəsinə görə qohumluq borcunun yeridə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Qanunun 30-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir.... İşverənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi (bağlaşması) ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Sadalanan normalardan görünür ki, xx.xx.1999-cu il tarixədək qüvvədə olan “Məzuniyyətlər haqqında” Qanuna əsasən şəxsə verilən ödənişsiz məzuniyyətin müddəti məhdudlaşdırılmamış, həmin məzuniyyət dövrünün bir aydan artıq hissəsinin məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsi nəzərdə tutulmuşdur. xx.xx.1999-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikasının Əmək Məcəlləsi isə ödənişsiz məzuniyyətlə bağlı fərqli müddəalar müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Göründüyü kimi, qanunverici xx.xx.1999-cu il tarixədək ödənişsiz məzuniyyətin müddətini tənzimləməsə də, sonradan həmin məzuniyyətin 6 aydan artıq olmamasını müəyyən etmişdir Eyni zamanda yeni tənzimləmə ilə obyektiv səbəblər olduğu halda işin dayandırılması ilə əlaqədar olaraq işçi ödənişsiz məzuniyyətə göndərildikdə bu məzuniyyətin müddətinin əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmaması təsbit edilmişdir. İş üzrə əldə edilmiş mübahisələndirilən 1997-2002-ci illər arası dövr üzrə əmək haqqı cədvəlləri, əmrlərdən görünür ki, iddiaçıya 1997-ci ilin ilk 04 ayı üzrə, 1999-cu ilin 4 ayı üzrə əmək haqqı hesablanmışdır. 1998-ci il üzrə əmək haqqı hesablanmamışdır. Həmçinin müəyyən olunur ki, müəssisədə iş dayandığına görə iddiaçı 01 may 1997- ci il tarixdən 18 noyabr 1997-ci il tarixə qədər-06 ay ərzində, 18 noyabr 1997-ci il tarixdən ödənişsiz məzuniyyətə buraxılmış, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək isə əmək məzuniyyətində olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddiaçıya 1997-2000-ci ilədək olan dövr üzrə müəyyən aylar üzrə əmək haqqı ödənilmiş, həmin dövr üzrə iddiaçının müəssisənin əmrləri ilə iş dayandığına görə ödənişsiz məzuniyyətə göndərilmiş, eləcə də həmin dövr hüquq münasibətlərini tənziməyən “Məzuniyyətlər haqqında” Qanun ödənişsiz məzuniyyətin müddətini tənzimləməmiş və bu müddətin iş stajına daxil edilməsini qadağan edən norma olmadığından mübahisələndirilən xx.xx.1997-xx.xx.2000-ci ilədək olan dövrün iddiaçının pensiya təyinatında sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək olan dövrü ilə bağlı isə qeyd edir ki, təqdim olunmuş əmək haqqı cədvəllərinə əsasən iddiaçıya həmin tarixlər arasında zavod tərəfindən əmək haqqı hesablanmamışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, zavodun işçiləri, o cümlədən iddiaçı C5Y-Azəri firması ilə fərdi müqavilə bağlayıb işlədiyinə görə ona xx.xx.2000-ci il tarixdən 15 avqust 2000-ci il tarixinə qədər öz hesabına ödənişsiz məzuniyyət verilmiş, bu boşdayanma olmamış, hərmin dövrdə iddiaçıya hər hansı bir əmək haqqı ödənilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək ödənişsiz məzuniyyətdə olduğu dövrün yalnız qeyd edilən 6 ayı-xx.xx.2000-ci il tarixdən 15 avqust 2000-ci il tarixinə qədər olan dövr ümumi iş stajına daxil edilə bilər. İddiaçının işləmədiyi yerdə qalan müddətin isə ümumi staja daxil edilməsi mümkünsüzdür (oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1823/2020, 2- 1(102)- 1527/2021, 2-1(103)-1338/2022 saylı inzibati məhkəmə işlər). Göründüyü kimi birinci instansiya məhkəməsi xx.xx.1997-xx.xx.2000-ci ilədək və xx.xx.2000-ci il tarixdən 15 avqust 2000-ci il tarixinədək olan dövr iddiaçının sosial sığorta stajına aid edilməklə yaşa görə əmək pensiyası yenidən hesablanması barədə düzgün qənatə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyası yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1831/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1831/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar