Məhkəmə qərarları › İş №2-1(103)-3198/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3198/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3198/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” iddia tələbinə dair işi üzrə (Açar sözlər: magistr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi; tədris yükü və yerinə yetirilmə qaydası; təhsil alınan ölkədə faktiki olma müddəti;) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X9 və X6 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4411/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərara əsasən ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilsməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin iddiaçı X1 xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli NA00033410 nömrəli qərarının ləğv olunması və cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə iddiaçı X1 xarici ali təhsilə dair magistr kvalifikasiyasının tanınması öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 2020- 2023-cü illərdə Rusiyada Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət xidməti Akademiyasında distant (məsafədən) təhsil almışdır. İddiaçının aldığı təhsil Rusiya Federasiyasının tətbiq oluna bilən qanunvericiliyinə uyğundur və səlahiyyətli orqan tərəfindən verilmiş diplomla təsdiqlənir. xx.xx.2023-cü il tarixli, 107724 ******* nömrəli maqistr diplomuna əsasən İddiaçı Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət xidməti Akademiyasında “37.04.01 Psixilogiya” ixtisası üzrə magistratura proqramını uğurla mənimsəmiş və yekun dövlət attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə İddiaçıya “37.04.01 Psixilogiya” ixtisası üzrə magistr kvalifikasiyası verilmişdir. İddiaçı X2 Təhsildə Keyfiyyət Təminatı X12 Şəxsinə (bundan sonra “Cavabdeh” adlanır) müraciət edərək, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət xidməti Akademiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 107724 ******* nömrəli (qeydiyyat nömrəsi MOH- 2023-0013) diplomu ilə verilmiş maqistr kvalifikasiyasının tanınmasını xahiş etmişdir. Lakin, Cavabdehin xx.xx.2024-cü il tarixli NA00033410 nömrəli qərarı ilə İddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. İmtinanın əsası kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan”nın (bundan sonra - Qaydalar) 3.10.1 və 4.1.5-ci bəndlərinə istinadən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yarandığı göstərilir. Bununla yanaşı, Cavabdehin imtina qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqranın”nın (bundan sonra - “Proqram”) 8.7.2-ci bəndinə istinad edilmişdir. Cavabdehin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərarı aşağıdakılara görə əsassızdır və ləğv olunmalıdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı X3 Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası tərəfindən verilmiş № 107724 ******* nömrəli xx.xx.2023-cü il tarixli diplom üzrə “Psixologiya” (magistratura/qiyabi) üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2020/2021-ci tədris ili üzrə getməyib, 2021/2022-ci tədris ili üzrə - getməyib, 2022/2023-cü tədris ili üzrə - getməyib. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ile bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azerbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydalar (bundan sonra- Qaydalar)na uyğun olaraq həyata keçirilir. Sözügedən qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan”nın 4.1.4-ci yarımbəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifıkasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifıkasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azerbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarımın 3.2.4-cü yarımbəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “ Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydalarrnın 1.6-cı yanmbəndinə əsasən magistratura səviyyəsində qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramının 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifıkasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Bununla yanaşı son dövrlərdə oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati Kollegiyasının qərarlarını diqqətinizə çatdırmaq istəyirik. Bildirilir ki, bu qərarlar artıq formalaşmış vahid məhkəmə təcrübəsinin təzahürüdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar məsələ ilə bağlı ən son qərarlarından olan xx.xx.2024-cü il tarixli, 2-1 (102)-1306/2024 saylı qərarının 28 və 29-cu bəndlərində qeyd olunmuşdur ki: “ Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir.” “Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır”. Yekun olaraq qeyd edilir ki, Cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1- ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün Məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Cavabdeh hesab edir ki, qiyabi təhsilalma formasında tədris olunan təhsil programları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyü nəzərə alınaraq,habelə, iddia tələbi həm həm maddi, həm də prosessual normalarla ziddiyət təşkil etdiyi üçün üçün rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4411/2025 saylı, 29 aprel 2025-ci il tarixli qərarı ilə (hakim Günel Sevdimalıyeva) iddia təmin edilmiş, “Rusiya Federasiyası Prezidenti yanında X10 və Dövlət Xidməti Akademiyası” Federal dövlət büdcə ali təhsil müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 107704 195109 nömrəli (qeydiyyat nömrəsi ИОН-2023-0013) Magistr Diplomu üzrə aldığı ixtisasın (37.04.01 Psixologiya) Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(112)-4411/2025-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun xarici ali təhsil aldığı ölkədə olma müddəti illər üzrə aşağıdaki kimi müəyyən edilmişdir: İ iİ- Getməyib (Pandemiya dövrü), il- Getməyib (Pandemiya dövrü), il-1 yarımil: Getməyib. Göründüyü kimi, ərizəçinin tədris dövründə ali təhsil aldığı xarici ölkə ərazisində dərslərdə faktiki iştirakının ümumiyyətlə olmaması qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun deyildir. Belə olan halda iddiaçının qiyabi təhsilalma forması üzrə tədris yükünü dövlət standartları çərçivəsində yerinə yetirməsi mümkünlüyü istisna edilir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”(bundan sonra- Qaydalar)na uyğun olaraq həyata keçirilir. Sözügedən Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Bu Qaydaların 3.2.4-cü yarımbəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “ Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.6-cı yarımbəndinə əsasən magistratura səviyyəsində qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. 8.7.2-ci yarımbənddə isə qeyd olunur ki, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaların 4.1.4-cü yarımbəndində əks olunmuş bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması və 4.1.5-ci yarımbənddə əks olunmuş bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tələbləri ilə onun sərhədkeçmə məlumatları arasında uyğunsuzluq müəyyən olunmuşdur. Beləliklə, Qaydaların 3.10.1-ci yarımbəndinə əsasən Qaydaların 4.1,-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadığı üçün kvalifikasiyanın tanınmasından imtina üçün hüquqi əsas yaranmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1 (112)- 4411/2025 saylı qərarının 27-ci bəndində məhkəmə cavabdehin imtinasına əsas olmuş hala - təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasına münasibətdə qeyd edir: “Tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əlahiddə olaraq deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Hər bir halda, tədris yükünün yerinə yetirilib-yetirilməməsi halı ayrılıqda götürülməklə yalnız ölkədə faktiki olma müddəti əsas götürülməklə qiymətləndirilə bilməz”. Lakin İddiaçı tərəfindən təhsil müddətindən əlava vaxtlarda və tədris müəssisəsindən kənarda təhsil proqramları üzrə tədris olunan fənlərə hazırlaşaraq tədris yükünü yerinə yetirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barəiərində proses iştirakçılarının öz müiahizəiərini biiairmək imkanına maiik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iddiaçının təhsil müddətinin əhəmiyyətli hissəsi Covid-19 pandemiyası ilə eyni vaxta təsadüf etdiyini vurğulamış.onun həmin dövrlər ərzində təhsil aldığı ölkədə olmamasını bu faktla əsaslandırmağa çalışmışdır. Pandemiya dövrünün faktiki olaraq təhsil alması üzrə fəaliyyətə nisbətdə “fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal” kimi qiymətləndirilməsi üçün işin faktiki hallarında qlobal miqyasda yayılan bu vəziyyətin iddiaçı üçün əvvəlcədən görülməsi mümkün olmayan hal kimi qiymətləndirilməsi zərurəti yaranır. Halbuki, İddiaçı ali təhsil müəssisəsində qiyabi təhsilalma formasında tədris üçün onun diplom əlavəsinə əsasən 2020-ci İlin payız semestrindən tədrisə başlamışdır. Nazirler Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən ilk dəfə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilmişdir. Hərkəsə açıq mətnlərlə, informasiya vasitələrində ali təhsil müəssisəsinin yerləşdiyi xarici ölkədəki vəziyyət barədə məlumatlar olmasına rəğmən hazırkı iş üzrə iddiaçının məhz bu vəziyyətdən xəbərdar olduğu halda həmin ölkədə təhsil almaq üçün müraciət etdiyi və tədris prosesi üçün qeydiyyatdan keçdiyi müəyyən olunur. Qeyd olunanları nəzərə alaraq, həm beynəlxalq həm də Azərbaycan Respublikasının rəsmi informasiya kanalları ilə ötürülmüş məlumatlara əsasən xarici ölkələrdə həmin zaman kəsiyində ali təhsil müəssisələrində tədrisin təşkilinin çətinliyi bir çox hallarda isə mümkünsüzlüyü nəzərə alınmadan iddiaçının təhsil üçün məhz həmin dövrü seçməsi onun vəziyyətində fövqəladə və əvvəlcədən görülməsi mümkün olmayan hal kimi qiymətləndirilməməlidir. Nəticə etibarilə, iddiaçı X2 2020-ci ildən etibarən pandemiya ilə bağlı tətbiq olunan məhdudlaşmalardan öncədən məlumatlı olmuşdur.(və ya məlumatlı olmaq üçün yetərli imkanlara sahib olmuşdur) Məhkəmə həmçinin iddiaçının Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 11 fevral 2023-cü il tarixindən 01 mart 2023-cü il tarixinədək Türkiyə Respublikasının Adana şəhərinə ezam edildiyinə görə son tədris ilində dərslərdə iştirak etmədiyini bildirmişdir. Halbuki iddiaçının zəlzələdən əziyyət çəkmiş şəxslərə psixoloji yardım göstərmək dövrünün konkret tarix aralığında baş verməsi həmin hadisənin üzürlü səbəb kimi tədris ilinin bütün müddətinə şamil olunmasını istisna edir. Hazırkı iş üzrə isə iddiaçının ümumiyyətlə həç bir tədris ilində faktiki tədrisə cəlb olunmadan all təhsilə dair kvalifikaslya əldə etməsi isə cavabdeh qurumun imtinasının əsaslı olduğunu təsdiqləyir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və Bakı İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(112)- 4411/2025-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4411/2025 saylı, 29 aprel 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.34. magistratura - ali təhsilin ikinci səviyyəsi; 1.0.35. magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları : 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərman ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.3. Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli, 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi Qaydaları”: 1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. 1.6. magistratura səviyyəsində qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları” :

4. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. 5.4. ali təhsil pilləsi üzrə: bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime); magistratura səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, rezidentura səviyyəsində - əyani; doktorantura səviyyəsində - əyani;

İnzibati Prosessual Məcəllə:

Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli NA00033410 nömrəli qərarın ləğv olunması və onun xarici ali təhsilə dair magistr kvalifikasiyasının tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı “X5 yanında X10 və Dövlət Xidməti Akademiyası” Federal dövlət büdcə ali təhsil müəssisəsi tərəfindən magistr proqramını bitirdiyindən ona xx.xx.2023-cü il tarixli, 107704 195109 nömrəli (qeydiyyat nömrəsi ИОН2023-0013) Magistr Diplomu verilmiş, həmin diplom səlahiyyətli orqan – Dağıstan Respublikası Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə 677866 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əlahiddə olaraq deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Hər bir halda, tədris yükünün yerinə yetirilibyetirilməməsi halı ayrılıqda götürülməklə yalnız ölkədə faktiki olma müddəti əsas götürülməklə qiymətləndirilə bilməz. İddiaçının təhsil müddətinin əhəmiyyətli hissəsi Covid-19 pandemiyası ilə eyni vaxta təsadüf edir. Qlobal miqyasda olduğu kimi, iddiaçının təhsil aldığı Rusiya Federasiyasında da ali təhsil müəssisələri həmin dövrdə tədris prosesinin elektron və distant formada həyata keçirməyə məcbur olmuşdur. “X5 yanında X10 və Dövlət Xidməti Akademiyası” Federal dövlət büdcə ali təhsil müəssisəsi tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Rusiya Federasiyası Prezidenti yanında X13 və X8” Ali təhsil üzrə federal dövlət büdcə təhsil müəssisəsinin tələbəsi İddiaçı münasibətdə tədrislə bağlı bütün tədbirlər elektron təlim və/və ya distansion təhsil texnologiyalardan istifadə edilməklə aparılmışdır. Əsas olaraq “Rusiya Federasiyası Prezidenti yanında X13 və X8” Ali təhsil üzrə federal dövlət büdcə təhsil müəssisəsinin “xx.xx.2022-ci ildən təhsil prosesinin təşkili haqqında” 05 mart 2022-ci il tarixli 02-193 saylı əmrə istinad olunmuşdur. Nəticə olaraq, tələbənin təhsil aldığı ölkədə fiziki olaraq qala bilməməsi onun şəxsi iradəsi və təhsildən yayınması deyil, obyektiv şəraitin və beynəlxalq vəziyyətin nəticəsi olmuşdur. Sonuncu tədris ilində (2022/2023-cü il tədris ilində) Rusiya Federasiyasında olmamasının səbəbi Rusiya-Ukrayna münaqişəsi ilə bağlı olmuşdur. Belə ki, həmin dövrdə Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar bir çox xarici tələbələr universitet tərəfindən ölkəsinə geri qaytarılmışdır. Diplom müdafiəsi isə onlayn formada həyata keçirilmişdir. Belə ki, iddiaçı diplom müdafiəsi dövründə Azərbaycan Respublikası Prezidentinin əmri ilə Kahramanmaraşda baş vermiş zəlzələdən əziyyət çəkmiş şəxslərə psixoloji yardım göstərmək məqsədilə Türkiyəyə ezam olunmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Tibb Xidmətinin Tibb Mərkəzinin Psixoloji yardım şöbəsinin psixoloqu kapitan İddiaçı ondan ötrü ki, o, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin əmrinə əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 11 fevral 2023-cü il tarixindən 01 mart 2023-cü il tarixinədək Türkiyə Respublikasının Adana şəhərinə ezam edilmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və apellyasiya şikayətinin dəlillərinə və ümumilikdə işin hallarına münasibətdə aşağıdakıları qeyd edir. İşdə olan “Rusiya Federasiyası Prezidenti yanında X10 və Dövlət Xidməti Akademiyası” Federal dövlət büdcə ali təhsil müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 107704 195109 nömrəli (qeydiyyat nömrəsi ИОН-2023-0013) Magistr Diplomuna əsasən İddiaçı 37.04.01 Psixologiya hazırlıq istiqaməti üzrə magistratura proqramını mənimsəmiş və dövlət yekun attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə Magitrs ixtisası verilmişdir. “Rusiya Federasiyası Prezidenti yanında X10 və Dövlət Xidməti Akademiyası” Federal dövlət büdcə ali təhsil müəssisəsi tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Rusiya Federasiyası Prezidenti yanında X13 və X8” Ali təhsil üzrə federal dövlət büdcə təhsil müəssisəsi xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq təsdiq edir ki, tələbə İddiaçı sorğusunda sadalanan bütün tədbirlər elektron təlim və/və ya distansion təhsil texnologiyalardan istifadə edilməklə aparılmışdır. Məhkəmə tərkibi qeyd edir ki, araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun xarici ali təhsil aldığı ölkədə olma müddəti illər üzrə aşağıdaki kimi müəyyən edilmişdir: İ iİ-Getməyib (Pandemiya dövrü), il-Getməyib (Pandemiya dövrü), il-1 yarımil: Getməyib. Göründüyü kimi, ərizəçinin tədris dövründə ali təhsil aldığı xarici ölkə ərazisində dərslərdə faktiki iştirakının ümumiyyətlə olmaması qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun deyildir. Cavabdehin nümayəndəsi haqlı olaraq apellyasiya şikayətində qeyd etmişdir ki, “...Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaların 4.1.4-cü yarımbəndində əks olunmuş bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması və 4.1.5-ci yarımbənddə əks olunmuş bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tələbləri ilə onun sərhədkeçmə məlumatları arasında uyğunsuzluq müəyyən olunmuşdur...”. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, “...İddiaçının təhsil müddətinin əhəmiyyətli hissəsi Covid-19 pandemiyası ilə eyni vaxta təsadüf edir. Qlobal miqyasda olduğu kimi, iddiaçının təhsil aldığı Rusiya Federasiyasında da ali təhsil müəssisələri həmin dövrdə tədris prosesinin elektron və distant formada həyata keçirməyə məcbur olmuşdur”. Məhkəmə tərkibi birinci instansiya məhkəməsnin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı işdə yalnız istehsalat və diplomqabağı təcrübənin, habelə buraxılış işinin distant formada keçirildiyi müəyyən olunur (i.v.40, 42). Başqa sözlə, təhsil müddətinin əvvəlki illərində tədris müddətinin distant formada keçirilməsini təsdiq edən əmr mövcud deyil. Digər tərəfdən, birinci instansiya məhkəməsinin qərarında iddiaçının təhsil müddətinin əhəmiyyətli hissəsi Covid-19 pandemiyası ilə eyni vaxta təsadüf etdiyi bildirilmiş, başqa sözlə, bu hal fors-major kimi qiymətləndirilmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı 2020-ci ilin payızında tədrisə başlamışdır. Başqa sözlə, həmin dövrdə artıq Covid-19 pandemiyası elan olunmuşdu. Nəzərə almaq lazımdır ki, milli qanunvercilikdə “fors-major” terminindən istifadə edilməyib. Onun əvəzinə “qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə)” ifadəsindən istifadə edilib. Məsələn, MM-in 379.1.1-ci maddəsində qeyd olunur ki, iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır. Eyni zaman Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində “təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə”, “təbii fəlakət və ya digər qarşısıalınmaz hallar” ifadələrindən istifadə olunmuşdur. Fors-major tərəflərin iradəsi xaricində meydana gələn, əvvəlcədən öngörülməyən və qarşısı alına bilməyən, eyni zamanda hər hansı bir prosesin yerinə yetirilməsinə mane olan hadisədir. Göründüyü kimi, iddiaçının təhsil aldığı ölkəyə gedə bilməməsi o zaman üzrlü hal kimi nəzərə alına bilərdi ki, bu hal tədris prosesinin gedişində meydana gəlsin. Hazırkı işdə isə Covid-19 pandemiyası iddiaçıya məlum idi (həyatın adi axarında bu halın iddiaçıya məlum olmaması qeyri-mümkündür). Digər tərəfdən, məhkəmə qeyd edir ki, hətta pandemiya dövrü fors-major hadisəsi kimi deyil, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı kimi qəbul edilsə belə, bu vəziyyət də iddiaçının təhsil aldığı ölkənin ərazisində olması tələbini aradan qaldırmır. Nəzərə alınmalıdır ki, fors-major prosesin icrasını tamamilə qeyri-mümkün etməlidir. Ancaq prosesin icrasının çətinləşməsi onların onun icrası imkanını aradan qaldırmır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir Hazırkı işin predmeti ilə oxşarlıq təşkil edən Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2377/2023 tarixli qərarında qeyd olunmuşdur ki, “iddiaçı distant texnologiyalardan istifadə edərək təhsil aldığını bildirsə də, universitet tərəfindən distant texnologiyalardan istifadəyə dair müqavilə, distant texnologiyanın tətbiqi mexanizminə dair hər hansı sənəd (hansı müddətdə dərslərın online olması, imtahanların hansı qaydada verilməsi və s.) təqdim edilməlidir və iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir”. Digər tərəfdən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması tətbiq edilməli olan maddi hüquq ilk növbədə xx.xx.2003-cü il tarixli 455-İİQ nömrəli Qanunla təsdiq edilmiş xx.xx.2002-ci il tarixli “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" Moskva Sazişidir. Belə ki, “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 23.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası müqavilələr həmin müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə olunduğu normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə malikdir. Həmin Sazişin 9-cu maddəsinə əsasən 6 ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən magistr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və magistr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin, yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Göründüyü kimi, Sazişin 9-cu bəndinə əsasən 6 ildən az olmayan əyani təhsil alındıqdan sonra magistr diplomu Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı olaraq tanınır. "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" 2002-ci il sentyabrın 23-də Moskva şəhərində imzalanmış Sazişinin müvafiq maddələrində yalnız əyani təhsilalma formasında diplom almış şəxslərə nisbətdə qarşılıqlı tanınma nəzərdə tutulur və Sazişin 11-ci maddəsinə əsasən Sazişin 4, 5, 6, 7, 8, 9 və 10-cu maddələri tədris müddətinin və hazırlıq sahələrinin əsasən üst-üstə düşməsini nəzərdə tutur. Ayrı-ayrı hallarda sorğu verilən Tərəfin səlahiyyətli orqanları bu maddələrdə göstərilmiş diplom sahiblərindən konkret tədris proqramında məxsusi fərqi olan fənnlər üzrə əlavə kurslar keçmələri və imtahan vermələri haqqında sənədlər tələb edə bilər. Bu çərçivədə, müvafiq sahə üzrə Azərbaycan Respublikasında səlahiyyətli orqan olan Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin apardığı icraat və qəbul etdiyi imtina qərarı da Sazişdə qeyd olunan tələb və əsaslara uyğun olmuşdur. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, X1 xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli NA00033410 nömrəli qərarın ləğv olunması və cavabdehin üzərinə iddiaçının xarici ali təhsilə dair magistr kvalifikasiyasının tanınmasına dair öhdəliyin qoyulması üçün qanunda nəzərdə tutulan dispoziya şərtləri mövcud deyildir. Başqa sözlə, cavabdehin imtinası qanuni və əsaslı sayılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4411/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar