Məhkəmə qərarları › İş №2-1(103)-3199/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3199/2023

08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3199/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X3 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3960/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2161 nömrəli və xx.xx.2022-ci il tarixli **********2175 nömrəli qərarlarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıMMC xx.xx.2019-cu il tarixdən ünvan 1 ünvanında yaradılaraq diş müalicəsi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. MMC fəaliyyətdə olduğu dövrdə müvafiq qanunvericiliyə uyğun olaraq, vergi hesabatlarını vermiş, dövlətin qanunlarına riayət etmişdir. Cavabdeh orqanın əməkdaşları X1 və X5 tərəfindən MMC-nin ünvanında, xx.xx.2022-ci il tarixdə akt tərtib edilmiş, guya ki, müştəri tərəfindən alınmış bir ədəd diş fırçası üçün ödənilmiş 15 manat plastik kartla posterminala ödənilməmişdir. Bu səbəblərə görə iddiaçıya xx.xx.2022-ci il tarixli 000546 nömrəli akt tərtib edilmişdir. Bundan başqa da, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında həmin tarixli 016662 nömrəli akt tərtib edilmişdir. Hər iki aktı iddiaçının rəhbərinə təqdim etməmiş, həmin aktlar iddiaçının obyektində yazılmamışdır. Eyni zamanda cavabdeh orqanın müvafiq əməkdaşları tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə iddiaçıya qarşı məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********2161 nömrəli və xx.xx.2022-ci il tarixli **********2175 nömrəli qərarlar qəbul edilmişdir. 1000 manat və 2000 manat məbləğində, cəmi 3000 manat olmaqla cavabdeh tərəf iddiaçıya əsassız olaraq vergi borcu tətdiq etmişdir. Cavabdeh orqanın iddiaçıya qarşı apardığı operativ vergi nəzarəti əsassız olmuş, qanunsuz olmuş, vergi məcəlləsində göstərilən tələblər cavabdeh vergi orqanı tərəfindən pozulmuşdur. Cavabdeh Vergi orqanının tərtib etdiyi akt və qərarlar qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq olunmur. Bu səbəblərdən hesab edirlər ki, cavabdeh orqanın iddiaçıya qarşı tətbiq etdiyi Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********2161 nömrəli və xx.xx.2022-ci il tarixli **********2175 nömrəli qərarlar və aktlar əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3960/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşı iddiaçının Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov 31 ünvanında yerləşən Stamotologi Klinikasında operativ vergi nəzarəti tədbirlərini keçirməsinə dair birinci instansiya məhkəməyə heç bir dəlil sübut təqdim etməmişdir. Operativ vergi nəzarətini həyata keçirən vergi əməkdaşı iddiaçının obyektində doğrudan da olmasını heç bir sənədlə sübut etmir. Birinci instansiya məhkəmə bu faktiki halı araşdırmamış, aydınlaşdırmamışdır. Daha sonra, operativ vergi nəzarətini həyata keçirən müfəttiş, əgər doğrudan da həyata keçirmişdirsə, vergi ödəyicisinə heç bir qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim etməmişdir. Ən aşağısı vergi əməkdaşı kənardan müşahidəçi dəvət etmiş olsa idi, və yaxud bir ədəd diş fırçası üçün 15 manat ödəmiş vətəndaşın heç olmasa şəxsiyyətini müəyyən etsə idi, onda vergi əməkdaşına inanmaq olardı. Vergi məcəlləsinin tələbləri vergi orqanının əməkdaşları tərəfindən vergi ödəyicilərinə qarşı apardıqları hər hansı bir vergi yoxlaması və ya operativ vergi nəzarəti tətbiq edərsə, vergi məcəlləsində göstərilmiş qaydalara tam riayət etməlidir. Əks təqdirdə bütün hallar vergi ödəyicisinin xeyrinə həll olunmalıdır. Göstərilən səbəblərə görə hesab edirəm ki, birinci instansiya məhkəmə xx.xx.2023-cü il tarixli qərarı əsassızdır. Məhkəmə gəldiyi nəticə üçün yuxarıda göstərilən faktları araşdırmamışdır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazlarını müdafiə edərək, apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə çağırılan tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarında olan sənədlər : İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2161 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.14- cü maddəsinə əsasən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2161 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2022-ci il tarixədək 2000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş icraat materiallarına əsasən: - xx.xx.2022-ci il tarixli **********726 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən Bakı şəhəri, Xətai rayonu ərazisində operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 16 sentyabr 2022-ci il tarixli, KY221782247 nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı MMC, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2022-xx.xx.2022, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi, Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi olmuşdur. - “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında ” DVX 006483 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən, xx.xx.2022-ci il tarixdə saat 16:15-də təqdim olunmuş əmək müqaviləsi və baza məlumatına əsasən stomotoloji xidmətlər göstərən 1 (bir) nəfər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Akta əlavə ediliş siyahıda X2 adı qeyd edilmişdir. - “POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında ” DVX 000546 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən, xx.xx.2022-ci il tarixdə saat 16:00-da **********-20001 kodlu obyektdə keçirilən operativ vergi nəzarəti zamanı müştəri tərəfindən alınmış 1 ədəd diş fırçası üçün 15,00 (on beş) manat ödənişin plastik kart vasitəsilə nağdsız ödənilməsi təklif olunmuş, POS- terminalın olmadığı bildirilərək nağdsız ödənişin qəbulundan imtina olunmuş və həmin məbləğ nağd qaydada qəbul olunmuşdur. Araşdırma zamanı obyektdə POS-terminalın olmadığı müəyyən edilmişdir. - “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında ” DVX 016662 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən, xx.xx.2022-ci il tarixdə saat 16:00-da **********-20001 kodlu obyektdə keçirilən operativ vergi nəzarəti zamanı müştəri tərəfindən alınmış 1 ədəd diş fırçası üçün 15,00 (on beş) manat nağda qaydada qəbul olunmuş, ödənilmiş məbləğ NKA-na daxil olunmamış və müştəriyə NKA çeki təqdim edilməmişdir. Yayındırılmış məbləğ saat 16:12- də NKA-na 50 manat çeklə bərpa olunmuş, “X” hesabatı və bərpa çeki akta əlavə olunmuşdur. NKA-nın saatı faktiki saatdan 1 saat (60 dəqiqə) irəli olmuş, eyni zamanda bərpa zamanı NKA çekində Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd olunan rekvizitlərin (malın, xidmətin adı, miqdarı, qiyməti və s.) tam və düzgün əks olunmamışdır. Gündəlik “Z” hesabatları saxlanılmamışdır. - İddiaçı tərəfindən operativ vergi nəzarəti tədbirində qərar və çıxarışla tanış olmaqdan, aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina edilmişdir. - xx.xx.2022-ci il tarixli dublikat çek inzibati icraat materiallarına əlavə edilmişdir. - Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqaviləsi barədə məlumata əsasən iddiaçı ilə X6 arasında bağlanmış əmək müqaviləsi bildirişi xx.xx.2022-ci il tarixdə hüquqi qüvvəsini almışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinə (Vergi orqanlarının hüquqları) 23.1. Vergi orqanının hüquqları aşağıdakılardır: - 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Həmin Məcəllənin 50-ci maddəsinə (Operativ vergi nəzarəti) əsasən: - 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; - 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; - 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; - 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; - 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; - 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; - 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. - 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; - 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; - 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; - 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; - 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: - 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; - 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; - 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; - 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; - 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2022-ci il tarixli **********0726 saylı qərarına əsasən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov 31 ünvanında yerləşən Stomatoloji klinikasında operativ vergi nəzarəti tədbirləri keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli DVX 000546 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin akta əsasən İddiaçı MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-1 maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində POSterminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydalarının və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi müyarlan”nın təsdiq edilməsi barədə 2012ci il 4 oktybar tarixli 219 saylı qərarının 4 bəndinin tələblərini pozmaqla və buna görə də Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli **********2161 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmiş və vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixli DVX seriyalı 006483 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında aktla rəsmiləşdirilmiş, Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən ‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2175 nömrəli qərar qəbul edilərək, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə yol verildiyi üçün vergi ödəyicisinə 2000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş hüquqi şəxs haqqında məlumatları özündə əks etdirən sistemdən çıxarışdan görünür ki, iddiaçıya məxsus **********-20001P01 qeydiyyat nömrəli Pos terminal 2022.10.10-cu il tarixdə qeydiyyata alınmışdır. Burdanda aydın olur ki, STOMATOLOGİYA” MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov 31 ünvanında yerləşən Stomatoloji klinikaya operativ vergi nəzarəti tədbirləri keçirilən zaman POS-terminal quraşdırılmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsində nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Məcəllənin 58.7-ci maddəsində qeyd olunur ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən 02.11,2022-ci il tarixli **********2161 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmiş və vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin iş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən aparılan operativ vergi nəzarəti zamanı əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs X6 işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş və bu fakt xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. İddiaçı qeyd edilənlə razılaşmasa da, iş materiallarından fiziki şəxs X6 ilə iddiaçı arasında arasında sonradan, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin bağlanılması bir daha cavabdehin müəyyən etdiyi faktların doğruluğunu təsdiq edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.

9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 43. Əmək müqaviləsinin məzmunu 2.Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, o cümlədən faktiki fəaliyyət göstərdiyi ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Kollegiya yuxarda qeyd olunan normalara istinadən bildirir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə yol verildiyi üçün cavabdeh orqan haqlı olaraq ‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2175 nömrəli qərar qəbul etmiş və vergi ödəyicisinə 2000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırma aparılaraq, haqlı olaraq iddianın təmin edilməməsi ilə bağlı yekun nəticəyə gəlinmişdir.İddiaçı məhkəmə qərarı ilə razılaşmasa da, apellyasiya şikayətində məhkəmə qərarının ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. İş materiallarından iddiaçının ünvanında həyata keçirilmiş operativ vergi nəzarətinin qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirildiyi, yoxlama zamanı tərtib edilmiş aktda göstərilənlərin doğruluğu iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və cavabdeh inzibati orqan tərəfindən qəbul edilən mübahisələndirilən qərarlar qanunvericiliyin tələbləri nəzərə alınmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3960/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Rəşid Səmədov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar