Məhkəmə qərarları › İş №2-1(103)-32/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-32/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-32/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 205,9 kv.m olan sahəsinə bağlanılmış müqavilənin tam binaya, yəni 361,2 kv.m olan sahəsinə icarə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2030/2022 saylı 15 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 3 şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia qaldıraraq üç instansiya məhkəməsi tərəfindən iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsinin mövcudluğunun təsdiq edilməsi və mövcud iş üzrə onun hüquqi üstünlüyünün qəbul edildiyini, lakin cavabdehin yeni icarə müqaviləsi bağlanılması təklifinin əsaslı surətdə rədd edilməsi, iddiaçının lehinə olan qətnamələrin çıxarıldığı dövrdən sonrakı müddət ərzində cavabdehin ona binanın özəlləşdirilməsi işində törətdiyi maneçiliyi və həmin dövrdə dövlət büdcəsinə onun ödəyəcəyi vergidən mərhum olmasını nəzərə alaraq ƏMDK-nın qeyriqanuni hərəkətlərinə qadağa qoyulması və qanuni hüquqlarının bu inzibati orqan tərəfindən tanınaraq bu barədə məlumat verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi haqqında vəsatət təqdim etməklə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının faktiki icarədar olduğunun qəbul edilməsi əsasında başqalarından fərqli olaraq hüquqi üstünlüyünün qəbul edilməsi və bu əsasla ünvan 4 ünvanında yerləşən, ümumi faydalı sahəsi 361,2 kv.m olan ayrı tikilinin tam şəkildə iddiaçıya satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən iclasda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 205,9 kv.m olan sahəsinə bağlanılmış müqavilənin tam binaya, yəni 361,2 kv.m olan sahəsinə icarə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 205,9 kv.m olan sahəsinə bağlanılmış müqavilənin tam binaya, yəni 361,2 kv.m olan sahəsinə icarə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ilin oktyabr ayından ünvan 6 ünvanında yerləşən, hazırda istehsalat və xidmət müəssisələrinin idarəetmə Mərkəzinin balansında olan bir mərtəbəli, ümumi faydalı sahəsi 361.2 kv.m, olan ayrı tikiliyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə arasında bağlanmış şifahi müqaviləyə əsasən sahiblik və istifadə hüququ var. Hal-hazırda da həmin obyekt onun sahibliyində və istifadəsindədir. Bu tikili 2013-cü ilə qədər Dövlət Neft Şirkətinin balansında olmuş, 2017-ci ilin dekabr ayında isə İstehsalat və xidmət müəssisələrinin idarəetmə Mərkəzinin balansına verilmişdir. Bu tikili onun sahibliyinə yerli İcra Hakimiyyəti tərəfindən verilmişdir. Həmçinin tikili istehsalat və xidmət müəssisələrinin idarəetmə mərkəzinn balansına verildikdən sonra istifadəsi ilə bağlı iddiaçı onların da razılığını alaraq ödənişlərini etmişdir. Həmin obyektin 70 kv.m. sahəsini isə onun razılığı və təklifi əsasında X8 adlı şəxsin istifadəsinə verilmişdir. İstifadə etdiyi müddət ərzində hər ay 100 (yüz) manat məbləğində icarə haqqını istehsalat və Xidmət Müəssisələrinin idarəetmə Mərkəzinin Azərbaycan Beynəlxalq Bankında olan hesabına ödəmişdir. X8 tərəfindən isə obyektdən istifadəyə görə heç bir təşkilata hər hansı bir ödəniş edilməmişdir. Bu obyektdən istifadə etdiyi müddət ərzində obyektin Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən hərraca çıxarılması üçün çox çalışmışdır. Auksion Mərkəzi tərəfindən ona bildirilmişdir ki, obyekt hərraca çıxarılan kimi məlumat veriləcəkdir. X8 iddiaçının səmimiyyətindən istifadə edərək onun xəbəri olmadan ünvan 6 ünvanında yerləşən istehsalat və xidmət Müəssisələrinin idarəetmə Mərkəzini Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 10 aprel 2018-ci il tarixdə keçirilmiş hərracdan almışdır. Həmin hərracın nəticələri etibarsız hesab edilməlidir. Belə ki, obyekt uzun müddətdir ki, onun sahiblik və istifadəsindədir. Bundan əlavə qanunvericiliyə uyğun olaraq müəyyən edilmişdir ki, əgər obyekt hərracda satılarsa bu barədə ilk olaraq ona məlumat verilməli və təklif edilməli idi. Əgər o, əmlakı almaqdan imtina edərdisə, bu halda digər şəxslərə təklif edilə bilərdi. Hərrac təşkilatçısı tərəfindən mövcud qanunvericiliyinin tələbləri pozulmuş, ona hər hansı bildiriş və məlumat göndərilməmiş, həmçinin hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc edilməmişdir. Bütün bunları mövcud qanunvericiliyin pozulması hesab edərək həmin hərracın nəticələrinin pozulmasını xahiş etmişdir. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion mərkəzi tərəfindən 10 aprel 2018-ci il tarixdə keçirilmiş cavabdeh X8 tərəfindən ünvan 6 ünvanında yerləşən istehsalat və xidmət müəssisələrinin idarəetmə Mərkəzinin balansında olan 1 (bir) mərtəbəli, ümumi faydalı sahəsi 361.2 kv.m olan ayrı tikilinin alınmasına dair hərracın, onun nəticəsində bağlanmış hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İşə baxan (Hakim: Fuad Abdullayev) Nərimanov rayon Məhkəməsi tərəfindən iddia tələbi təmin edilərək Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən istehsalat və xidmət müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan 1 (bir) mərtəbəli, ümumi faydalı sahəsi 361.2 kv.m olan ayrı tikiliyə dair Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 10 aprel 2018-ci il tarixdə keçirilmiş hərracın, o cümlədən hərracın yekunlarına dair Azərbaycan Respublikası ƏMDK ilə X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 13/01 saylı protokol və xx.xx.2018-ci il tarixli, 3940 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Nərimanov rayon Məhkəməsinin qətnaməsində ayrı-ayrılıqda şikayət verən cavabdehlərin Apellyasiya və Kassasiya şikayətləri təmin edilməyərək Nərimanov rayon Məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Cavabdeh tərəfindən istinad edilən bir hal olmuşdur ki, guya bu da iddiaçı ilə müvafiq təşkilat arasında icarə müqaviləsinin olmamasını əsas götürmüşdür. Lakin Ali Məhkəmənin Mülki Kollegiyasının çıxardığı qərarda qeyd edilmişdir: “Xüsusilə nəzərə alınmalıdır ki, qeyd edilən əmlak iddiaçı tərəfindən qeyriqanuni şəkildə zəbt edilməmiş, başqa sözlə onun həmin qeyri-yaşayış sahəsi üzərindəki sahibliyi qanunsuz olmamışdır”. İstər rayon məhkəməsinin, istərsə də Apellyasiya və Ali Məhkəmənin Mülki Kollegiyalarının çıxardığı qərarlarda işin bütün halları tam dəqiqliklə araşdırılaraq iddiaçının xeyrinə qərar qəbul edilmişdir. Lakin bütün bunlara baxmayaraq həmin obyekt üzərində olan hüquqlarını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tanımaq istəmir. Bütün bunlarla bağlı həmin təşkilata dəfələrlə müraciət etməyinə baxmayaraq hər dəfə ona eyni cavabın surətini çıxarıb verirlər. Bu cavab da ondan ibarətdir ki, guya iddiaçı ilə onlar arasında icarə müqaviləsi bağlanmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2030/2022 saylı 15 iyul 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən məhkəmə qərarı ləğv olunmalıdır. Belə ki, ümumi sahəsi 361.2 kv.m təşkil edən mübahisə predmeti olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının 154.5 kv.m təşkil edən hissəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə X7 arasında xx.xx.2020-ci il tarixli, 424 saylı icarə müqaviləsi bağlanmış, daha sonra Xidmət ilə bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin sahə Rəcəb Həbibov tərəfindən özəlləşdirilmişdir. Bundan əlavə, mübahisə predmeti olan qeyri-yaşayış binasının 205.9 kv.m təşkil edən hissəsi isə Xidmət ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 1077 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisə predmeti olan ümumi sahəsi 361.2 kv.m təşkil edən qeyri-yaşayış binasının 154.5 kv.m hissəsi xüsusi mülkiyyətdədir və hazırda həmin sahə ilə bağlı sərəncam vermə səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə deyil, mülkiyyətçiyə məxsusdur. Tərəflərin izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-3437/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 hazırki iş üzrə zəruri cəlb etmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və iddiaçının nümayəndəsi-vəkili tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2030/2022 saylı 15 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarında olan: -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli 2(005)- 2503/2018 saylı mülki iş üzrə qəbul etdiyi qətnaməyə əsasən İddiaçı iddia tələbi təmin edilərək Bakı şəhəri, ünvan 8 ünvanda yerləşən İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan 1 mərtəbəli ümumi faydalı sahəsi 361.2 kv.m olan ayrı tikiliyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 10 aprel 2018-ci il tarixdə keçirilmiş hərrac, o cümlədən hərracın yekunlarına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 13/01 saylı protokol və xx.xx.2018-ci il tarixli, 3940 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. -Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli 2(103)- 2774/2019 saylı iş üzrə qəbul etdiyi qətnaməsinə əsasən cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və X8 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2503/2018 saylı iş üzrə 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli 2(102)-5361/2019 saylı iş üzrə qəbul etdiyi qərara əsasən cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli 2(103)-2774/2019 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. -Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 1077 nömrəli xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən "İcarəyəverən" Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, 108 nömrəli sərəncamı ilə ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.m təşkil edən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə “İcarəçi” İddiaçı müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. -Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 424 nömrəli xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən "İcarəyəverən" Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, 74 nömrəli sərəncamı ilə ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 154.5 kv.m təşkil edən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə “İcarəçi” X1 müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. -İcarəyə verilmiş əmlaka dair 94 nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilənin predmetini “Alıcı” X2 Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı xx.xx.2020-ci il tarixli 424 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 154.5 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. “Satıcı” Pirallahı qəsəbəsi, 40-cı məhəllə, Kamil Rzayev küçəsi, 20P ünvanında yerləşən 154.5 kv.m qeyriyaşayış sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərlə 15.450,00 (on beş min dörd yüz əlli) manata birbaşa satır, “Alıcı” isə onu satın alır. -Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən ünvan 11 ünvanında yerləşən əmlakın özəlləşdirilməsi ilə bağlı iddiaçının müraciətinə əsasən bildirilmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsinə dair bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarı qüvvəyə minməklə, qanunamüvafiq qaydada icraya yönəldikdən sonra bu məsələ ilə bağlı zəruri tədbirlər görüləcəkdir. -Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən ünvan 11 ünvanında yerləşən əmlakın özəlləşdirilməsi ilə bağlı iddiaçının müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxıldığı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli 2(005)- 2503/2018 saylı qətnaməsinin komitənin vəzifəsinə aid edilmiş tapşırığı icra edildiyi bildirilmişdir. -Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən ünvan 11 ünvanında yerləşən 361.2 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli iddiaçının müraciətinə baxıldığı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6-cı bəndinə əsasən icarəyə verilmiş dövlət əmlakı özəlləşdirilərkən icarəçinin həmin əmlakı ilk növbədə satın almaq hüququnun olmadığı, yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında icarə müqaviləsi bağlanılmadığı bildirilmişdir. -Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən ünvan 11 ünvanında yerləşən əmlakın özəlləşdirilməsi ilə bağlı iddiaçının müraciətinə baxıldığı, qeyd edilən ünvanda yerləşən, yalnız iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə dair həmin sahədə inventarlaşdırma işləri aparıldıqdan və zəruri sənədlər təqdim edildikdən sonra Аzərbаycаn Rеspublikаsı Prezidentinin xx.xx.1997-ci il tarixli 629 saylı Fərmanına uyğun olaraq icarə müqaviləsinin bağlanılması üçün qanunamüvafiq tədbirlər görüləcəyi barədə bildirilmişdir. Hazırki iş üzrə iddiaçının tələbi iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 205,9 kv.m olan sahəsinə bağlanılmış müqavilənin tam binaya, yəni 361,2 kv.m olan sahəsinə icarə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmasından ibarətdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, qeyri-yaşayış binasının 154.5 kv.m təşkil edən hissəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə X7 arasında xx.xx.2020-ci il tarixli, 424 saylı icarə müqaviləsi bağlanmış, daha sonra Xidmət ilə bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin sahə Rəcəb Həbibov tərəfindən rəsmiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-3437/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 hazırki iş üzrə zəruri cəlb etmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili vəsatət verərək Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-8131/2023 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək icraatın dayandırılmasını xahiş etmişdir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia qaldıraraq daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında 01 oktyabr 2020-ci il tarixli 74 nömrəli sərəncamın X2 adına kirayə (icarəyə) verilməsi hissəsində və icarəyə verilmiş dövlət əmlakının və onların yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi haqqında 24 dekabr 2020-ci il tarixli 133 nömrəli sərəncamın X4 aid hissədə (ünvan 12 ünvanında yerləşən birmərtəbəli binanın bir hissəsi olan 154,5 kv.m) ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçının hazırki tələbi məhz mübahisəli qeyri-yaşayış binasının 154.5 kv.m təşkil edən hissəsini əhatə etdiyindən və həmin hissəyə dair inzibati orqanla bağlanmış müqavilə ayrıca məhkəmə icraatında mübahisələndirildiyindən və ilkin olaraq həmin mübahisəyə qiymət verilməli olduğundan hazırki işin icraatı dayandırılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə icraat təzələnmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli e-2- 1(112)-8131/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında 01 oktyabr 2020-ci il tarixli 74 nömrəli sərəncamın X2 adına kirayə (icarəyə) verilməsi hissəsində və icarəyə verilmiş dövlət əmlakının və onların yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi haqqında 24 dekabr 2020-ci il tarixli 133 nömrəli sərəncamın X4 aid hissədə (ünvan 12 ünvanında yerləşən birmərtəbəli binanın bir hissəsi olan 154,5 kv.m) ləğv edilməsi ilə bağlı iddia tələbi mümkün sayılmamışdır. Məhkəmənin iddianın mümkün sayılmaması ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, qeyri-yaşayış sahəsinin bir hissəsinin X6 (X2) istifadəsində olması məhkəmə aktları ilə müəyyən edilmişdir, odur ki, cavabdeh qurumun sonrakı hərəkətləri məhz Ali Məhkəmənin qeyd edilən qərarında ifadə edilən mövqeyinə uyğun olmuş, əmlakın X2 istifadəsində olan müvafiq hissəsi (154,5 kv.m.) onun adına, digər hissəsi isə (206,7 kv.m.) İddiaçı adına rəsmiləşdirilmişdir, tərəflərin izahatına əsasən müəyyən olunur ki, hazırda da qeyd edilən qeyri-yaşayış sahəsi həmin qaydada istifadə olunur, hər bir hissənin bir-birinə maneəçilik yaratmayan ayrıca giriş-çıxışları mövcuddur və ayrı-ayrılıqda istifadə olunur, odur ki, məhkəmə 361,2 kv.m. qeyri-yaşayış sahəsinin təyinatı dəyişdirilmədən bölünə bilməyən daşınmaz əmlak olduğu qənaətinə gəlmir, yəni əşya bölünərdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı həmin əmlakın əvvəllər də yeganə istifadəçisi (icarəçisi) olduğu, eləcə də qeyri-yaşayış sahəsinin bölünməz olduğu müəyyən olunmadığından cavabdeh qurumun mülkiyyətçi kimi öz əmlakından sərbəst sərəncam vermək (bölmək) hüququ var və iddiaçı cavabdehin həmin hüququn həyata keçirilməsinə müdaxilə edə bilməz, odur ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1395/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2-1(112)- 8131/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1799/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1395/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, ümumi sahəsi 361.2 kv.m təşkil edən mübahisə predmeti olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının 154.5 kv.m təşkil edən hissəsi ilə bağlı inzibati orqanın sərəncamı və bağlanmış müqavilələr qüvvədə olduğundan, Əmlak Məsələləri Dövlət Xidməti ilə X7 arasında xx.xx.2020-ci il tarixli, 424 saylı icarə müqaviləsinin, daha sonra Xidmət ilə X7 arasında xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasından ibarət cavabdeh inzibati orqanın hərəkətlərinin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə onun mülkiyyətçi kimi öz əmlakından sərbəst sərəncam vermək (bölmək) hüququndan irəli gəldiyi müəyyən edildiyindən və iddiaçının həmin hüququn həyata keçirilməsinə müdaxilə etməsi istisna edildiyindən, hazırki işdə iddiaçının ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının digər 154.5 kv.m təşkil edən hissəsinə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı subyektiv hüququnun mövcudluğu müəyyən olunmur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2030/2022 saylı 15 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2030/2022 saylı 15 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 205,9 kv.m olan sahəsinə bağlanılmış müqavilənin tam binaya, yəni 361,2 kv.m olan sahəsinə icarə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi” tələbinə iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar