Məhkəmə qərarları › İş №2-1(103)-32/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-32/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-32/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-9478/2023 nömrəli, 19 iyul 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı imtinanın qanunsuz hesab edilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin ½ hissəsinə; Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 nömrəli evin ¼ hissəsinə və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 nömrəli evin ½ hissəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4964/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X5 arasında bağlanmış, Bakı şəhəri 53 saylı saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş aşağıda göstərilən müqavilələr etibarsız hesab edilmişdir: 1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 2. Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11-li evin 1/4 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 №-li evin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 4. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126 D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi. Göstərilənlərə əsasən bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4964/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 25/2022 saylı qərarını da, əlavə etməklə qeyd edilən ona məxsus olan həmin daşınmaz əmlaklara, yəni qətnamədə göstərilən hissələrin dövlət qeydiyyatına alınmaları və bunun əsasında çıxarışların verilməsi üçün xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə hazırkı iş üzrə cavabdehə rəsmi müraciət etmiş, lakin cavabdeh həmin ərizəsinə xx.xx.2023-cü il tarixdə 9-21-3-30/2-İ-01xx-xx/2023 **********03 saylı məktubla cavab verərək bildirmişdir ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-25/2022 saylı qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4964/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 25/2022 saylı qərarını da, əlavə etməklə mülkiyyət hüququ ilə ona məxsus olan 1.) Bakı şəhəri,Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə dair 2.) Bakı şəhəri,Səbail rayonu,10-cu Kiçik Qala küçəsində yerləşən 11-li evin 1/4 hissəsinə dair və 3.) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 №-li evin 1/2 hissəsinə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasından imtina edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-25/2022 saylı qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamasını əsas kimi göstərmək "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbayacan Respublikası qanununa və Mülki Məcəllənin tələblərinə ziddir və kobud qanun pozuntusudur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-25/2022 saylı qərarının nəzərə alınaraq, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması ilə bağlı xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-25/2022 saylı qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Məlumat üçün bildirirlər ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03 ha ünvanında yerləşən torpaq sahəsi X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi X1 (1/2 hissə) və X5 (1/2 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda paylı mülkiyyətlərindədir. Bakı şəhəri, Xəzər rayonu, Mədəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evi X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-9478/2023 nömrəli, 19 iyul 2023-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(102)-25/2022 saylı qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Belə ki, bununla əlaqədar olaraq bildirirlər ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4964/2021 saylı icra vərəqəsinə əsasən İddiaçı ilə X5 arasında bağlanmış, Bakı şəhəri 53 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş aşağıda göstərilən müqavilələr etibarsız hesab olunmuşdur: 1) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 2) Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 nömrəli evin 1/4 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 3) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,İstiqlal küçəsində yerləşən 10 nömrəli evin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 4) Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi sahə 126 D ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin 1/2 hissəsinə dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin 18 .06.2021-ci il tarixli, 2(103)- 4964/2021 saylı icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmadığından iş aidiyyəti üzrə Notariat ofisinə göndərilməlidir. Məlumat üçün bildirirlər ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03 ha ünvanında yerləşən torpaq sahəsi X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi X1 (1/2 hissə) və X5 (1/2 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda paylı mülkiyyətlərindədir. Bakı şəhəri, Xəzər rayonu, Mədəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflərin izahatları: Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin etirazının əsası və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.3-cü və 8.0.4-cü maddələrinə əsasən (daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı və qanuni qüvvəyə minmiş məhkəmə qərarları) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin faktiki hallarından və iş materiallarına əlavə olunmuş qanuni qüvvəsini almış məhkəmə aktlarından müəyyən edilir ki, 02 may 2018-ci il tarixli, 2 V-46 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə ölmüş X2 vərəsələri övladları İddiaçı və X11 miras əmlakdan bərabər pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X3 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126 D ünvanında yerləşən ümumi shaəsi 0.12 ha torpaq sahəsindən ibarət olmuşdur. 27 mart 2018-ci il tarixli, 2V-25 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə ölmüş X2 vərəsələri övladları İddiaçı, X8 miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X3 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mərhuma məxsus ½ hissəsindən; ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X3 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən; ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X4 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.03 ha torpaq sahəsindən və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə X3 verilmiş 30/8438 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 69, kv.m olan fərdi yaşayış evindən ibarət olmuşdur. İddiaçı vərəsəlik hüququ əsasında ona keçmiş əmlakları bağışlama müqavilələri əsasında bacısı X6 bağışlamış, sonradan həmin müqavilələr məhkəmə qərarlarına əsasən etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı həmin daşınmaz əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müracət etsə də, cavabdeh tərəfindən onun müraciətindən məhkəmə qərarı ilə onların üzərinə hər hansı bir öhdəlik qoyulmadığına istinad edilərək imtina edilmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlillərində həmçinin o hallara istinad etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03 ha ünvanında yerləşən torpaq sahəsi X5 adına, Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi X1 (1/2 hissə) və X5 (1/2 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda paylı mülkiyyətlərindədir. Bakı şəhəri, Xəzər rayonu, Mədəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehin imtinasını və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi-vəkili yazılı vəsatət verərək həm Bakı İnzibati Məhkəməsinə, həm də Nərimanov Rayon Məhkəməsinə “çıxarışın ləğvi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinin verildiyini bildirərək, həmin işlər üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək icraatın dayandırılmasını xahiş etmişdir. İddiaçının hazırki tələbi imtinanın qanunsuz hesab edilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin ½ hissəsinə; Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 nömrəli evin ¼ hissəsinə və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 nömrəli evin ½ hissəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini əhatə etdiyindən və həmin əmlaklar üzrə X5 adına verilmiş çıxarışların ləğvinin cavabdehin üzərinə qoyulması ayrıca məhkəmə icraatında mübahisələndirildiyindən və ilkin olaraq həmin mübahisəyə qiymət verilməli olduğundan, Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin və Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi və s.tələb üzrə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati və mülki işlər üzrə yekun məhkəmə aktları qanuni qüvvəyə minənədək hazırki inzibati iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli cavab məktubunda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1997/2024 nömrəli, 1 aprel 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın ləğvi və yeni çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair ərizənin qəbuluna dair qərardad qəbul edildiyi və həmin qərardaddan şikayət verilmədiyi qeyd edilmişdir. Həmçinin iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4418/2024 saylı qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın ləğvi tələbi üzrə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, qeyd olunan qərar qanuni qüvvəyə minmiş və icra edilməsi üçün 09 dekabr 2024-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdığından, yəni İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın ləğvi tələbi üzrə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə mindiyindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iş üzrə icraatın təzələnməsi barədə ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qərardadı ilə inzibati iş üzrə icraatı təzələnmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin ½ hissəsinə, Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 nömrəli evin ¼ hissəsinə və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 nömrəli evin ½ hissəsinə dair iddiaçının adına çıxarışın verilməsindən imtinasının və apellyasiya şikayətinin əsas dəlili qeyd olunan əmlaklara dair X5 adına daşınmaz əmlakın dövlət reyestrindən ləğv edilməmiş çıxarışın mövcudluğundan ibarət olduğundan, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4418/2024 saylı qərarı ilə isə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin ½ hissəsinə, Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 nömrəli evin ¼ hissəsinə və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində yerləşən 10 nömrəli evin ½ hissəsinə dair X5 adına verilmiş xüsusi mülkiyyətə dair qeydlərin (çıxarışların) ləğv edilməsi barədə iddia tələbi təmin edilərək, həmin daşınmaz əmlaklara dair X5 adına aparılmış mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alındığından və qeyd olunan qərar qanuni qüvvəyə mindiyindən cavabdeh inzibati orqanın qeyd edilən əsasla iddiaçınn mülkiyyət hüquqlarını qeydə alaraq (bərpa edərək) çıxarışın verilməsindən imtinası qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-9478/2023 nömrəli, 19 iyul 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar