Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-320/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılmış pensiya ödənişlərinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5846/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar - 03 fevral 2023-cü il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğuna görə xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə pensiyaya çıxması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rəsmi müraciət etmişdir. Müraciətdə göstərmişdir ki, qanunvericiliyə əsasən sığorta iş stajı və sağlamlıq üçün təhlükəli olan zərərli işdə çalışması ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi öz növbəsində 14 yanvar 2022-ci il tarixli, **********6 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” adlı məktubu ilə qanunsuz və əsasız olaraq güzəştli pensiyasının təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi 14 yanvar 2022-ci il tarixli, **********6 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim etdiyi sənədlərə əsasən 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı olmadığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, xx.xx.1999-cu il tarixindən, xx.xx.2005-ci il tarixinədək "xxxx" firmasında işlədiyi qeyd edilsə belə, həmin dövr müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları ödəmədiyinə görə həmin müddəti onun stajına əlavə etməmişdilər. Bundan əlavə olaraq, cavabdeh öz imtina məktubunda qeyd etmişdir ki, fərdi hesabında olan məbləğ 14794,99 manat pensiya təyin edilməsi üçün kifayət etmir. Məhkəməyə bildirmək istəyir ki, iddiaçı xx.xx.1976-ci il tarixdən, xx.xx.1978-ci il (1 il 10 ay 16 gün) tarixinədək 23 saylı Texniki Peşə Məktəbində “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə təhsil almışdır. Bu faktı cavabdeh orqana təqdim etdiyi ИT-İ ******* saylı əmək kitabçasında qeyd vardır. Bundan əlavə əldə etdiyi attestatın surətini və Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 0-118/25 saylı arayışı bu faktı təsdiq edir. Belə ki, xx.xx.1956-cı il tarixində qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət Təminatı haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “V” bəndinə görə “ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir” həmin Qanunun 109-cu maddəsinin “İ” yarımbəndində qeyd olunur ki, “ali, orta ixtisas, texniki peşə məktəblərin bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Qeyd edir ki, xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında" qanunun 67-ci maddəsinin “g” bəndinə əsasən “ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti” iş stajına daxil edilir. Peşə məktəbini bitirdikdən sonra iddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək qaynaqçı olaraq SU-3 trestdə işdə çalışmışdır. xx.xx.1979-cu il tarixindən bir başa hərbi xidmətə yollanmışdır və xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. Trestdən bir başa hərbi xidmətə getdiyinə görə xx.xx.1978-ci il tarixindən, xx.xx.1981-ci il tarixləri bir yerdə hesablanaraq (3 il 1 ay 24 gün) təşkil edir. Hərbi xidmətdən sonra iddiaçı xx.xx.1982-ci il tarixindən, xx.xx.1999-cu il tarixinədək (17 il 2 ay 3 gün) SU-3 Trestdə elektrik qaynaqçısı olaraq çalışmışdır. Bu fakt əmək kitabçasında qeyd edilmişdir. İddiaçı trestdən işdən çıxandan sonra xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək (6 il 8 ay 25 gün) "Real-İnşaat” Firmasında elektrik qaynaqçısı olaraq çalışmışdır. Bu fakt əmək kitabçasında olan qeydlərdə öz əksini tapır. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən “yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa" güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Bildirmək istəyir ki, iddiaçının təhsil müddətini, hərbi müddətini, və əmək stajı müddətini nəzərə alsaq ümumi əmək stajı 28 il 7 ay 18 gün təşkil edir. Həmin müddətdən 23 il 11 ay onun elektrik qaynaqçısı olaraq zərərli stajı vardır. Qeyd olunanlara əsasən görünür ki, onun xx.xx.2006-cı ilədək 28 il 7 ay 18 gün ümumi stajı və 23 il 11 ay zərərli stajı vardır. Nəzərə alınsa ki, iddiaçı zərərli stajına əsasən 57 yaşından etibarən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranır, onun artıq xx.xx.2018-ci il tarixindən pensiyaya çıxmaq hüququ vardır. Qeyd etmək istəyir ki, işlədiyi vəzifəsinin zərərli işə aid olduğunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarında 23200000-19906 kodla “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 9.8-ci maddəsinə əsasən "Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir." Yuxarıda qeyd olunanlara əsasən cavabdehin qəbul etdiyi qərar əsassız və qanunsuzdur. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlər, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən maddənin hal-hazırki redaksiyası 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikası Qanununu (“Azərbaycan” qəzeti, 3 mart 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017ci il, № 5, maddə 676) ilə qəbul edilmiş və bu qanuna əsasən 9.1-ci maddədə “57” rəqəmli “60” rəqəmləri ilə, “52” rəqəmləri “66” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və qeyd edilən dəyişiklik 01 iyul 2017-ci il tarixdə qüvvəyə minmişdir. İddiaçıya münasibətdə nə hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun nə də ki, hal-hazırda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Belə ki, iddiaçının Filiala təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1982-xx.xx.2005-ci il tarixləri arasındakı "xxxx" Firmasında işləməsi qeyd edilmişdir. Bununla əlaqədar inzibati orqan tərəfindən iddiaçının işlədiyi adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (monitorinq) proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin DSMF-da sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Məhz bu səbəbdən iddiaçının xx.xx.1982-xx.xx.2005-ci il tarixləri arasındakı dövr onun iş stajına daxil edilə bilməz və bu səbəbdən də, onun ümumi iş stajı qanunvericiliklə nəzərdə tutulan 25 ildən az (19 il 03 ay 10 gün) təşkil edir. İddiaçıya 9.1-ci maddənin 01 iyul 2017-ci ilədək olan mətni tətbiq edilə bilməz. Belə ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuş, qeyd edilən tarixdə isə artıq 9.1-ci maddənin yeni mətni qüvvədə (60 yaş və pensiya kapitalı) olmuşdur. Yəni həmin qanunda edilmiş dəyişiklik xx.xx.2017-ci ildə qüvvəyə minmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46560.00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 14794,99 manatdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5846/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İş materiallarında olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə X3 həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş xx.xx.1978-cu il tarixli, 2135 nömrəli attestatın surətindən görünür ki, xx.xx.1976-xx.xx.1978-ci illərdə 23 nömrəli şəhər texniki peşə məktəbini elektrik qaz qaynaqçısı peşəsi üzrə bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 0-118/25 nömrəli arayışın surətindən görünür ki, o, həqiqətən xx.xx.1976-cı il tarixində 23 nömrəli Texniki Peşə Məktəbinə “Elektrik qaz qaynaqçısı” ixtisas qrupuna daxil olmuş, xx.xx.1978-ci il tarixində həmin məktəbi əyani formada bitirmiş və onun adına yazılmış 2135 nömrəli attestat Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli, xx.xx.1978-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, xx.xx.1976-xx.xx.1978-ci illərdə texniki peşə məktəbində təhsil almış, xx.xx.1978-xx.xx.1979, xx.xx.1982-xx.xx.1999, xx.xx.1999- xx.xx.2005-ci il tarixlərdə müxtəlif peşələrdə işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 17 aprel 2018-ci il tarixli, 1043 nömrəli arxiv arayışından görünür ki, Bakı Baş Tikinti İdarəsi 3 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında İddiaçı xx.xx.1979-cu il tarixli, 184/s saylı əmrlə xx.xx.1979-cu il tarixdən hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad olunması və 1978,1979-cu illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Həmin İdarənin 1976-cı ilə dair əmr kitablarında barəsində heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, **********6 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqına” imtina məktubunun surətindən görünür ki, iddiaçının Filiala daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədqiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyi 20 dekabr 1978-ci il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında onun xx.xx.1999xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Firmasında işlədiyi qeyd olunmuşdur. Adıçəkilən Firmada işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrləri onun ümumi stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də, həmin dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığından, onun ümumi iş stajı 25 ildən az (19 il 3 ay 10 gün (xx.xx.1979-xx.xx.1981-ci il və xx.xx.1982-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46560.00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14794,99 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********516700 nömrəli “Məlumatın təqdim edilməsi barədə” məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən, "xxxx" Firması xx.xx.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2005-ci il tarixdə inventarlaşdırmadan keçərək firmaya vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Hal-hazırda firmanın fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, ********** nömrəli VÖEN-ə malik "xxxx" Firması xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşdən görünür ki, iddiaçı ona 57 yaşı tamam olduğuna görə xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən, ümumi iş stajının 25 ildən az olmasına və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş “pensiya kapitalı” şərtinin olmamasına istinad edilərək, imtina edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, hərbi bilet, attestat, arayış, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür və o, hazırda xx.xx.2006-cı il tarixədək ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının xx.xx.2018-ci il tarixdə 57 yaşı olmuş, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. İddiaçının ümumi iş stajının 25 ildən az təşkil etməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, iddiaçının əmək stajının mübahisəli olduğu dövr onun xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı "xxxx" Firmasında işlədiyi dövrlərdir. Həmin dövrlərdə "xxxx" Firmasının fəaliyyətinin olub-olmaması məhkəmə tərəfindən araşdırılmış və araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" firması xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.1999-cu il tarixdə, ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2005-ci il tarixdə inventarlaşdırmadan keçərək firmaya vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Hal-hazırda firmanın fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Məhkəmə cavabdehin iddiaçının qanunvericiliklə tələb olunan pensiya kapitalının olmaması ilə bağlı mövqeyi ilə isə bağlı bildirmişdir ki, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri tətbiq edildiyindən, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin araşdırılmsına zərurət yoxdur. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddiaçının həmin dövrdə əmək fəaliyyətinin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, sözügedən dövr onun əmək stajına daxil edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtinada, eləcə də etirazda göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur və o, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək X3 həqiqi hərbi xidmətdə olmuş (2 il 1 ay 14 gün), xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 23 nömrəli şəhər texniki peşə məktəbini elektrik qaz qaynaqçısı peşəsi üzrə bitirmiş (1 il 9 ay 16 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Baş Tikinti İdarəsi 3 saylı Tikinti İdarəsində elektrik qaynaqçısı (1 il 4 gün), xx.xx.1982-ci il tarixdən, xx.xx.1999cu il tarixədək SU-3 Trestdə elektrik qaynaqçısı (17 il 2 ay 3 gün), xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "Real-İnşaat” Firmasında elektrik qaynaqçısı peşələrində işləmişdir (6 il 8 ay 25 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmətdə olduğu və təhsil müddəti nəzərə alınmaqla, onun xx.xx.2006-ci il tarixədək 28 il 10 ay 2 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Baş Tikinti İdarəsi 3 saylı Tikinti İdarəsində (1 il 4 gün), xx.xx.1982-ci il tarixdən, xx.xx.1999-cu il tarixədək SU-3 Trestdə (17 il 2 ay 3 gün), xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "Real-İnşaat” Firmasında işlədiyi elektrik qaynaqçısı peşələri Nazirlər Kabinetinin təsdiq etdiyi 2 saylı Siyahıda Ümumi peşələr adlanan XXXİİİ bölmədə 23200000-19906 kodu ilə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri, habelə 2007-ci ildə təsdiq edilmiş Siyahıda Ümumi peşələr adlanan 35-ci bölmədə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi əksini tapmışdır. Göründüyü kimi, hər iki siyahıda elektrik qaynaqçısı peşəsi göstərilmiş, iddiaçı da 12 il 6 aydan artıq elektrik qaynaqçısı peşəsində işləmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsinə əsas iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Firmasında işlədiyi dövrdə həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi üçün qeyd olunan dövrləri onun ümumi stajına daxil etmək mümkün olmadığı göstərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 sentyabr tarixli, 496 №-li qərarı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması və aparılması üzrə struktur bölməsinin təsis edilməsi tapşırılmışdır. Qeyd olunan qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında” Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, bu Əsasnamə təsərrüfat obyektlərinin (irəlidə “obyektlər” adlanacaq) uçota alınması qaydalarını, onların fəaliyyəti haqqında məlumatların təzələnməsinin qaydasını və dövriliyini, uçot obyektlərinin Dövlət Registrinin (sonralar registr adlanacaqdır) yaradılması, aparılması və ondan istifadə olunması prinsiplərini, onun maliyyələşdirilməsi və ləğv edilməsi qaydasını müəyyən edir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********516700 nömrəli “Məlumatın təqdim edilməsi barədə” məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən, "xxxx" Firması xx.xx.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2005-ci il tarixdə inventarlaşdırmadan keçərək firmaya vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Hal-hazırda firmanın fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, ********** nömrəli VÖEN-ə malik "xxxx" Firması xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Beləliklə, hazırkı iş üzrə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 01 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin qeyd etdiyi dəlillər iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Firmasında işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5846/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-320/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-320/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver