Məhkəmə qərarları › İş №2-1(103)-320/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-320/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-320/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3691/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 04 mart 2023-cü il tarixli qərarla ona əsassız olaraq mənfəət vergi bəyannaməsi üzrə vergi hesablanmışdır. İddiaçı əsas fəaliyyət növü digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi olmuş, digər fəaliyyətlər turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və turoperatorların fəaliyyətindən ibarət olduğu müəyyən edilmişdir. Qanunvericilikdə edilmiş dəyişikliyə əsasən pandemiyadan əziyyət çəkən sahibkarlıq subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmalar müəyyən edilmişdir. İddiaçının fəaliyyət sferası da daxil olmaqla əldə edilən mənfəətin 75 faizi üzrə güzəştin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdeh cəmiyyətin bir neçə fəaliyyət növündə fəaliyyət göstərməsini əsas gətirərək iddiaçının zərərçəkən kateqoriyasına aid olmadığına istinad edərək 75 faiz güzəştin tətbiqini əsassız hesab etmiş, əlavə mənfəət vergisi hesablamışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 7 vergi ödəyicisinə elektron qaiməfakturaların təqdim edildiyi müəyyən edilmiş, həmin elektron qaimə-fakturaların əksər hissəsinin büdcə təşkilatlarına və ya dövlət büdcəsindən maliyyələşən digər dövlət orqanlarına təqdim edildiyi və iddiaçının 93 faiz gəlirlərinin dövlət sifarişləri əsasında formalaşdığı müəyyən edilmişdir. Həmin qurumların isə xüsusi karantin dövründə fəaliyyətinə icazə verildiyini nəzərə alaraq Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəalarının Cəmiyyətə şamil olunmadığı müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3691/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC barəsində qəbul edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə **********906400 saylı 04 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəmiyyətin bir neçə fəaliyyət növündə fəaliyyət göstərməsinə baxmayaraq, təqdim edilmiş 2020-ci il üçün mənfəət (gəlir) vergisi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyadan əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla, əldə etdiyi ümumi mənfəət (gəlir) məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə məlumatların öncədən təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********833900 nömrəli məktub göndərilərək müvafiq bəyannamələr və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba izahat və təsdiqedici sənədlər təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci ilin Mənfəət vergisi bəyannaməsi üzrə 26.627,29 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********906400 nömrəli Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Vergi orqanının uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin fəaliyyət növlərinin (96090) digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi (*əsas fəaliyyət növü), (70100) mərkəzi ofislərin fəaliyyəti, (79120) turoperatorların fəaliyyəti, (79900) turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət və təqdim etdiyi elektron qaimə-faktura məlumatlarına əsasən faktiki fəaliyyətinin tədbirlərin təşkili (otel, restoran xidmətləri və s.) olması müəyyən edilmişdir. Vergi ödəyicisinin fəaliyyət kodlarından biri (79900turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət) uyğun olduğundan müvəqqəti vergi rejimi tətbiq ediləcək vergi ödəyicilərinin ilkin siyahısına daxil edilmişdir. Cəmiyyətin 2020-ci il üzrə gəlirlərinin araşdırılması zamanı uçot-baza məlumatlarına əsasən Cəmiyyət tərəfindən 7 vergi ödəyicisinə ümumilikdə 607.410,95 manat (ƏDV-siz) dəyərində elektron qaimə-fakturaların təqdim edildiyi müəyyən edilmişdir. Lakin təqdim edilmiş elektron qaimə-fakturaların 564.759,17 manat (ƏDV-siz) olan hissəsi büdcə təşkilatlarına və ya dövlət büdcəsindən maliyyələşən digər dövlət orqanlarına, yəni Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə (VÖEN: **********), Azərbaycan Respublikası DİN Polis Akademiyasına (VÖEN: **********) və Azərbaycan Milli Antidopinq X6 Şəxsə (VÖEN: **********) təqdim edildiyi və Cəmiyyətin 93,0%-i gəlirlərinin dövlət sifarişləri üzrə formalaşdığı məlum olmuşdur. Həmin qurumların isə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə fəaliyyətinə icazə verildiyini nəzərə alaraq Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları Cəmiyyətə şamil olunmadığı müəyyən edilmişdir. Qeyd olunan elektron qaimə-fakturaların malların adı hissəsində müxtəlif malların (süd, çay, duş geli, şampun, hava təravətləndirici, süngər, şəkər tozu, tibbi maska, səs gücləndirici cihaz və s.) və xidmətlərin adları (otellərin bronlaşdırılması, mehmanxana xidmətlərinin təşkili) qeyd edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VİQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində dəyişikliklər edilərək müvəqqəti vergi rejimi dövründə pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaları müəyyən olunmuşdur. Güzəşt və azadolmaların qanunda göstərilən pandemiyadan zərər çəkən ayrı-ayrı iqtisadi fəaliyyət sahələri ilə yanaşı, Nazirlər Kabinetinin qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə də (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmçinin, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 3.1.1-ci yarımbəndinə əsasən pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarların təsdiq edilməsi həmin Sərəncama əsasən yaradılmış İşçi Qrupuna tapşırılmışdır. Bununla əlaqədar olaraq İşçi Qrupu tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı 5 fəaliyyət sahəsi üzrə (sənaye, ticarət, xidmət, nəqliyyat, digər) 14 fəaliyyət növü (istehsal (ərzaq, dərman tütün, alkoqollu və alkoqolsuz içki, neft məhsulları istisna), topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna), avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri, sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması xidmətləri, ölkədaxili yük və sərnişindaşıma (o cümlədən taksi ilə) fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti, ictimai iaşə fəaliyyəti, turoperator və turagent fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, özəl təhsil müəssisələri (o cümlədən, uşaq bağçaları), hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti, idman-sağlamlıq obyektlərinin fəaliyyəti, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti, digər xidmət fəaliyyəti) müəyyən edilmişdir. Vergi ödəyicisinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli inzibati şikayətlərinin araşdırılmasının nəticəsində xx.xx.2022-ci il tarixli **********021800 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar qəbul olunmuşdur. Eyni zamanda cavabdeh apelyasiya şikayətinə əlavə təqdim etmişdir. Şikayətə əlavədə qeyd edilmişdir ki, məhkəmə tərəfindən X5 Xidməti və İnnovasiya və X2 təqdim etdiyi sənədlərin təhlilindən nəticəyə gəlinmişdir ki, pandemiya dövründə iddiaçının işçilərinin 50 faizindən çoxu işə cəlb edilməmişdir. İnnovasiya və X2 təqdim etdiyi sənədin ilkin olaraq oxunması çətindir və iddiaçı tərəfindən həmin şəxslərin özlərində olan 2020-ci il tarixində portala daxil edilmiş şəxslər olması barədə hər hansı sənəd və ya sübut təqdim edilməmişdir. Həmçinin, Hesabat axtarış sistemindən əldə edilən məlumatlara əsasən 2019-cu və 2020-ci ildə bağlanılan əmək müqavilələrinə görə MMC-nin 9 işçisi olmuş, Azərbaycan Respublikası İnnovasiya və X2 məktubuna əsasən onlardan 5-nin işə çıxmasına icazə verilmişdir. Həmçinin, iddiaçının VMnin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etməyə hüquq qazanması yalnız o halda mümkündür ki, iddiaçının fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 208 nömrəli Qərarı ilə tam məhdudlaşdırılmış olsun. Həmin qərara əsasən iddiaçının fəaliyyəti tam dayandırılmamışdır. Bununla yanaşı, 7 avqust 2020-ci il tarixli 282 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən xx.xx.2020-ci il tarixli 208 nömrəli Qərarın 6.1-ci bəndi, yəni fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır müddəası ləğv edilmişdir. Eyni zamanda, məhkəmə qərarında qeyd olunur ki, iddiaçı müəssisəyə bağlı hökumət tərəfindən maddi yardımların edildiyi də nəzərə alınmalıdır. Bu mənada Vergi Məcəlləsinin 222.5.9-cu maddəsi anlamında koronavirus pandemiyası dövründə iddiaçının fəaliyyətinin məhdudlaşdırılması öz təsdiqini tapdığından, vergi qanunvericiliyi ilə bağlı güzəşt hüququndan istifadə etməkdə iddiaçı haqlı sayılmalıdır. Bildirilir ki, əmək haqqının ödənilməsi ilə bağlı edilmiş maliyyə yardımını məhkəmənin iddianın təmin edilmə əsası kimi göstərməsi anlaşılmazdır. Belə ki, 2019-cu və 2020ci illər üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən vergiyə cəlb olunan mənfəət 2019-cu il üzrə 8687,4 manat və 2020-ci il üzrə 177515,23 olmuşdur. Göründüyü kimi 2020-ci il üzrə vergi ödəyicisinın vergiyə cəlb olunan mənfəəti əvvəlki illə müqayisədə artmışdır. Yuxarıda qeyd olunan qanunvericilik aktları pandemiyanın milli iqtisadiyyata, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün dövlət tərəfindən görülən tədbirlərdir. Lakin hazırkı iş üzrə pandemiya dövrü vergi ödəyicisinın gəlirlərinə hər hansı bir mənfi təsir göstərməmiş, əksinə 2020-ci il üzrə vergiyə cəlb olunan mənfəəti xeyli dərəcədə artmışdır. Həmçinin, iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürüldüyü üçün iddianın mümkünsüz sayılması barədə vəsatət verilmiş lakin məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-695/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3691/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1793/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2-1(103)-695/2024 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. AR İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İddiaçı MMC tərəfindən təqdim edilən dəqiqləşdirilmiş “Mənfəət vergisi bəyannaməsi”nin məlumatlarına əsasən 2020-ci il ərzində vergi ödəyicisinin 607.410,94 manat gəliri, 429.895,71 manat xərci olmuşdur. - Cavabdeh tərəfindən 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********906400 nömrəli qərarı ilə iddiaçıya 26.627,29 manat əlavə vergi məbləği hesablanmışdır. - DVX-nin qərarından iddiaçı narazı qaldığı üçün AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş və şikayətin nəticəsi üzrə qəbul edilmiş 10 iyun 2022- ci il tarixli 41 nömrəli qərarla iddiaçının şikayəti təmin edilməmiş, “İnzibati şikayətin təmin edilməməsi haqqında" xx.xx.2022-ci il tarixli **********021800 nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, “fəaliyyəti tam məhdudlaşdırılan sahələrlə bağlı aşkar müddəalar nəzərdə tutulduğu halda, qismən məhdudlaşdırılan sahələr barədə açıq şəkildə hər hansı müddəa təsbit olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarı ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmasını qadağan edən müddəa mövcuddur. X5 Xidməti və İnnovasiya və X2 təqdim etdiyi sənədlərin təhlilindən isə müəyyən edilir ki, iddiaçının işçilərinin 50 faizindən çoxunun işə cəlb edilməsi mümkün olmamışdır ki, həmin hal iddiaçının fəaliyyətinə pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin müəyyən edildiyi aşkar göstərir. İddiaçının büdcə təşkilatlarına münasibətdə sahibkarlıq fəaliyyətini həyata keçirərək gəlir əldə etməsi də pandemiya nəticəsində mənfi təsirə məruz qalmaya münasibətdə vəziyyəti dəyişməməklə, iddiaçının sahibkarlıq fəaliyyətinin keyfiyyət və kəmiyyəti ilə bağlı olan haldır. Həmin dövrdə iddiaçının qanunvericiliklə qadağan edilməyən sahibkar kimi bacarığı hesabına gəlirini maksimum, itkilərini minimum hala düşürməsi vergi qanunvericiliyi, eləcə də dövlətin ona güzəşt tətbiq etməli olması baxımından digər şəxslərin həmin iddiaçıdan üstün olması hesab edilməməlidir.” Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). 222.6. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin (bundan sonra – müvəqqəti vergi rejimi) tətbiq edildiyi vergi ödəyicilərinin hüquq və vəzifələri bu fəsildə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə ilə müəyyən edilən ümumi qaydada həyata keçirilir. 222.7. Koronavirus pandemiyasının yayılması ilə bağlı iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılmış barəsində səyyar vergi yoxlaması davam etdirilən vergi ödəyicilərində 2020-ci il martın 1-dən yoxlamanın həyata keçirilmədiyi müddətlər bu Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş müddətlərə daxil edilmir. 224.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə; 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi; 224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz; 224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz. 224.2. Bu Məcəllənin 222.5.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərə nəzərdə tutulmuş vergi güzəşti həmin fəaliyyəti həyata keçirən şəxslərə malların daşınmasını və ya çatdırılmasını sifariş etmiş satıcılara münasibətdə və (və ya) satıcıların daşınma və ya çatdırılma nəticəsində əldə edilən gəlirlərinə tətbiq edilmir. 224.6. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən bu Məcəllənin 124-cü maddəsi üzrə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır. 224.7. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə bu Məcəllənin 59.1-ci maddəsi ilə müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il aprelin 1- dən 2021-ci il yanvarın 1dək dayandırılır. Dayandırılmış müddət bu Məcəllənin 59.2-ci maddəsində faizlərin hesablanması üçün müəyyən edilmiş 1 illik müddətə daxil edilmir. 224.9. Müvəqqəti vergi rejimi müddətində əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş və bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilmiş xərclər məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılır. 224.10. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu maddə ilə müəyyən edilən güzəştlər tətbiq edilərkən, cari il üzrə ödənilmiş vergilər, o cümlədən növbəti dövrlər üzrə ödənilən vergilər yenidən hesablanır və artıq ödənilmiş məbləğlər növbəti dövrlərin ödəmələrinə aid edilir. 224.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət bu Məcəllənin 218.4.4-cü maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən şəxslərin əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilmir və ödənilmiş vergilər növbəti ayların ödəmələrinə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim edərkən Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad edərək vergi güzəştindən istifadə etmişdir. Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi, fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə şamil olunur və bu zaman həmin sahələr əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azaddırlar. Göründüyü kimi işin tərəflər arasında mübahisələndirilən halı iddiaçının fəaliyyət sahəsinin koronavirus pandemiyası dövründə qismən məhdudlaşdırılan fəaliyyət sahəsinə aid olubolmamasıdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qərarında qeyd etmişdir ki, fəaliyyəti tam məhdudlaşdırılan sahələrlə bağlı aşkar müddəalar nəzərdə tutulduğu halda, qismən məhdudlaşdırılan sahələr barədə açıq şəkildə hər hansı müddəa təsbit olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarı ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmasını qadağan edən müddəa mövcuddur. X5 Xidməti və İnnovasiya və X2 təqdim etdiyi sənədlərin təhlilindən isə müəyyən edilir ki, iddiaçının işçilərinin 50 faizindən çoxunun işə cəlb edilməsi mümkün olmamışdır ki, həmin hal iddiaçının fəaliyyətinə pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin müəyyən edildiyi aşkar göstərir. Lakin, cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən ƏDV-nin məqsədləri üçün dövlət qeydiyyatına alındığı və əsas fəaliyyət növünün “digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” əlavə fəaliyyət növləri “mərkəzi ofislərin fəaliyyəti”, “turoperatorların fəaliyyəti”, “turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət” olduğu müəyyən edilmiş, bundan əlavə 2020-ci il uçotbaza məlumatlarına əsasən Cəmiyyət tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaların 564 759,17 manat (ƏDV-siz) olan hissəsi büdcə təşkilatlarına və ya dövlət büdcəsindən maliyyələşən digər dövlət orqanlarına, yəni Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə (VÖEN: **********), Azərbaycan Respublikası Din Polis Akademiyasına (VÖEN:**********) və Azərbaycan Milli Antidopinq X6 Şəxsə (VÖEN: **********) təqdim edildiyi və Cəmiyyətin 93,0%-i gəlirlərinin dövlət sifarişləri üzrə formalaşdığı məlum olmuşdur. İddiaçının qeyd edilən fəaliyyət növlərinin Nazirlər Kabinetinin” 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının 6.1-ci bəndinə sadalanan fəaliyyət növlərindən hər hansı birini əhatə etmir. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 19 iyun tarixli 208 nömrəli Qərarın bəndlərdəki iş və ya xidmət sahələri isə aşağıdakılardan ibarət olmuşdur: 4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; 4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 4.12. mühəndislik və layihələndirmə xidmətləri; 4.14. qablaşdırma məhsullarının istehsalı; 4.15. daş, metal və taxta məhsullarının istehsalı; 4.16. mebel istehsalı və təmiri; 5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; 5.5 . tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 5.6. onlayn satışlar; 6.2. kimyəvi təmizləmə; 6.3 . mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 6.4. avtomobillərin təmiri; 6.5. avtomobil yuyulma məntəqələri; 6.6. heyvan sığınacaqları; 9.2. tərcümə xidmətləri. Göründüyü kimi iddiaçının əsas fəaliyyət növünün “digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi”ndən, əlavə fəaliyyət növləri “mərkəzi ofislərin fəaliyyəti”, “turoperatorların fəaliyyəti”, “turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət” növlərin ibarət olmaqla, yuxarıda sadalanan fəaliyyət növlərindən hər hansı birini əhatə etməmişdir. Həmçinin qeyd edilməlidir ki, X5 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş məlumatdan aydın olur ki, pandemiya ərzində müəssisənin ümumilikdə 11 işçisi olmuş, onlardan 9u ilə pandemiya dövründə aktiv əmək müqaviləsi olmuşdur. Belə ki, X7 ilə əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə, Şadiyeva Elnarə ilə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Yəni, pandemiya dövründə həmin şəxslərlə əmək müqaviləsi olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan məlumatları təhlil edərkən ümumi işçi sayını əmək müqavilələrinin tarixini nəzərə almadan hesablamışdır. Qeyd olunan hal iddiaçının fəaliyyətinə mənfəət vergisi üzrə güzəştin tətbiq edilib-edilməməsi baxımından pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin müəyyən edilmədiyini aşkar göstərir. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddiaçının fəaliyyət növlərini – əsas və əlavə fəaliyyətlər – tam və dəqiq araşdırmamış, vergi orqanının təqdim etdiyi sübutları, xüsusilə də iddiaçının 93 % gəlirinin dövlət sifarişlərindən formalaşması və Nazirlər Kabinetinin 208 №-li qərarının fəaliyyət növləri ilə uyğunluğunun olmamasını qiymətləndirməmiş, eyni zamanda işçi sayınını analizində əmək müqavilələrinin tarixlərinə və aktiv olmasına diqqət yetirməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə qeyd edilən faktiki hallar və sübutlar birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq qiymətləndirilməmiş, həmin dəlillərə yetərli hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi vergi güzəştlərinin tətbiqi ilə bağlı yanlış hüquqi və faktiki qiymətləndirmə aparması səbəbindən səhv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3691/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3691/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə **********906400 saylı 04 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar