Məhkəmə qərarları › İş №2-1(103)-3200/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3200/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3200/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitsiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X6 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitsiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-457/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2025-cİ il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 2011-ci ildən 2021-ci ilədək ikinci dərəcə əlilliyi müəyyən edilmişdir. Sonuncu dəfə iddiaçıya xx.xx.2022-ci il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitsiya Agentliyinə əyani müayinəyə dəvət edilmiş, iddiaçı əyani müayinədə iştirak etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixdə təyin edilmiş 5 il müddətinə üçüncü dərəcə əlilliyi xx.xx.2023-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilməklə ləğv edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitsiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində 28 aprel 2022-ci il tarixdə 5 il müddətinə təyin edilmiş üçüncü dərəcə əlilliyin ləğvi barədə cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsi və iddiaçıya sonuncu dəfə təyin edilmiş əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, cavabdehin 04 iyul 2023-cü il tarixli, 3-17-4/3-1-16236/2023 saylı qərarının ləğv edilməsi və iddiaçıya sonuncu dəfə təyin edilmiş əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı peşə xəstəliyinə görə 2011-ci ildən 2021-ci ilədək ikinci qrup əlilllik dərəcəsinə malik olmuşdur. Belə ki, buna səbəb iddiaçının 2011-ci ildən başlayaraq 80% iş yerində əmək qabiliyyətinin itirilməsi əsas olmuşdur. İkinci qrup əlilliyinin müəyyən olunması üçün əlilliyin meyarı kimi bütün hüquqi sənədlərdə iddiaçının “Bel oma fəqərələrinin ostexondrozu” xəstəliyi göstərilmiş və onun yalnız yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Bu faktlar məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (hazırkı Agentliyin) 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının 2011-ci ildən başlayaraq 2021-ci ilədək eyni qaydada və əsalarla verilmiş rəsmi arayışlar və qərarlarla təsdiq edilmişdir. Cavabdehin 28 aprel 2022-ci il tarixli qərarına əsasən isə, iddiaçı təkrarən yuxarıda adıçəkilən komissiyadan elə qərar qəbul edilən tarixdə müayinə edilərək yoxlamadan keçirilmiş və iddiaçıya növbəti müayinə tarixi xx.xx.2027-ci il göstərilməklə 60% əmək qabiliyyətinin itirilməsi faktı qeyd edilərək, üçüncü dərəcəli əlillik dərəcəsi verilmişdir. Bu zaman iddiaçıya üçüncü qrup əlilliyinin müəyyən olunması üçün əlilliyin meyarı kimi həmin qərarda iddiaçının “əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi” xəstəliyi göstərilmiş və onun yenə də yalnız yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Halbuki, həmin qərarın məzmunundan görünür ki, TSEK-in iddiaçı barədə həmişə əsas diaqnozu məhz onun “Bel oma fəqərələrinin ostexondrozu” xəstəliyi fonunda daimi davamlı olaraq ağrı sindromlarının tez-tez baş verən fəsadları ilə bağlı olması göstərilmişdir. Yəni əsas diaqnoz kimi həmişə geridə qalmış on ildən də artıq müddət ərzində bu hallar və xəstəliklər olduğu halda, sonuncu dəfə iddiaçıya 3-cü qrup əlilliyinin müəyyən olunması üçün əlilliyin meyarı kimi həmin qərarda məhz iddiaçının “əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi ” xəstəliyinin göstərilməsi əslində düzgün hesab edilməməli idi. Əslində bu faktlar iddiaçı ilə bağlı qəbul edilmiş əvvəlki qərarlarda da eynilə göstərilmiş və bu halları təsdiq edən iddiaçıya aid çoxsaylı xəstəlik tarixindən çıxarışlarda öz təsdiqini tapır. İddiaçı məhz həmin vaxtı cavabdeh orqanın 28 aprel 2022-ci il tarixli Qərarını mübahisələndirməmiş və üçüncü qrup əlil kimi pensiyasını almaqda davam etmişdir. Lakin cavabdeh orqan buna baxmayaraq, sonuncu dəfə iddiaçının 28 aprel 2022-ci il tarixində müayinə edilərək onun artıq üçüncü qrup əlil olmasına dair TSEK-in müvafiq qərarı olduğu və həmin qərara görə iddiaçının növbəti müayinə tarixinin məhz 28 aprel 2027-ci il tarixi göstərildiyi halda, iddiaçı yenidən 23 iyun 2023-cü il tarixində cavabdeh tərəfindən əyani müayinəyə dəvət edilmişdir. Bu zaman iddiaçı tərəfindən cavabdeh orqanının komissiya üzvlərinə X7 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi mövcud xəstəliyini təsdiq edən xəstəlik tarixindən çıxarış təqdim edilməsinə və hazırda da iddiaçının yuxarıda qeyd edilən xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, həmin sənədin mövcud olması nəzərə alınmamışdır. Beləliklə, iddiaçı həmin tarixdə yenidən əyani müayinədən keçirilmiş və ona həmin vaxtı bildirilmişdir ki, rəsmi olaraq cavabdeh orqan tərəfindən onun əlillik məsələsi ilə bağlı cavab veriləcəkdir. Cavabdeh orqan iddiaçıya yalnız 03 avqust 2023-cti il tarixli 3-17-4/2-R- 21097/2023 nömrəli məktub-bildiriş göndərərək, həmin bildirişdə qeyd etmişdir ki, “Sizə xx.xx.2022-ci il tarixində təyin edilmiş 5 il müddətinə, üçüncü dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir.” Həmin bildiriş 07 avqust 2023-cü il tarixində iddiaçıya poçt vasitəsilə çatdırılmasına baxmayaraq, həmin qərarın özünü iddiaçı bu günə kimi rəsmi olaraq əldə edə bilməmişdir. Hazırda iddiaçı onun barəsində sonuncu dəfə xx.xx.2022-ci il tarixində təyin edilmiş 5 il müddətinə, üçüncü dərəcə əlilliyinin ləğvi barədə qərarla razı deyil və hesab edir ki, həmin qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq “Peşə xəstəliyi” səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik və əmək qabiliyyətinin 60% (altmış faiz) itirilməsinə dair qərar qəbul edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2- B13690/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Anamnestik məlumatlar, obyektiv, instrumental müayinələr və təqdim edilmiş sənədlərə əsasən əlillik təyinatına əsas verən hər hansı patofunksional pozuntu aşkar edilmədiyindən xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-457/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçıya təyin edilmiş əlillliyin ləğvi barədə qəbul edilmiş 04 iyul 2023-cü il tarixli, 3-17-4/3-S-86236/2023 saylı qərarın ləğv edilməsi və İddiaçı sonuncu dəfə təyin edilmiş əlillik dərəcəsinin xx.xx.2023-cü il tarixindən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq ekspert rəyinə əsaslanmışdır. Halbuki, ekspert rəyində xəstəliklərin əlillik təyinatına əsas verən səviyyədə mövcud olması ilə bağlı düzgün və ətraflı fikir öz əksini tapmamışdır. Agentliyin məhkəməyə təqdim olunan qərarından da göründüyü kimi iddiaçı özü əyani müayinədə iştirak etmiş və müayinədən keçmişdir. Məhkəmə həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və araşdırma aparmadan qərar qəbul etmişdir. Sözügedən hal, yəni xəstəliyin tam reabilitasiya olunması iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, şəxsin əyani müayinəsi zamanı instrumental müayinənin aparılması iş materialları ilə müəyyən edilmir. Agentlik müayinə-müalicə müəssisəsi deyil, həmin müəssisələr tərəfindən aparılmış laborator və instrumental müayinələrin nəticələrini və müalicə müddətlərinin qiymətləndirməsini həyata keçirən orqandır. Əyani müayinə zamanı vətəndaşın xəstəlik müddətində aldığı müalicələri əks etdirən sənədlər qiymətləndirilərək barəsində yekun qərar qəbul edilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 11 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı verilmiş arayışa əsasən o xx.xx.2016-cı ildə təkrar müayinə olunmuş, xx.xx.2016-cı ildə ikinci dərəcəli əlillik təyin edilmiş peşə xəstəliyi səbəbindən, əmək qabiliyyətinin itirilməsi 80%, diaqnoz – Bel oma fəqərələrinin osteoxondrozu fonunda davamlı kökcük ağrıları ilə. Tez tez fəsadlaşan uzun gedişi. Xrdiskogen bel oma radikuliti. L5-S1 fəqərəsinin laminoektomiyası. Qabarıq ANS. Əlilliyin müəyyən olunması meyarı: 2.2. ikinci dərəcə əlillik – digər: Bel oma fəqərələrinin osteoxondrozu. Tibbi-sosial yardım və reabilitasiya vasitələri: ixtisaslaşmış müalicə; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının qərarına əsasən İddiaçı xx.xx.2022-ci ildə təkrar müayinə olunaraq ona üçüncü dərəcəli əlillik peşə xəstəliyi səbəbindən təyin edilmişdir. Əmək qabiliyyətinin itirilməsi 60%-dir. Diaqnoz: əsas diaqnoz M42 Onurğanın osteoxondrozu, Bel-oma fəqərələrinin osteoxondrozu fonunda daimi davamlı ağrı sindromu ilə tez-tez fəsadlaşan, uzanmış gedişli xroniki diskogen, bel-oma radikulopatiyası. Ağırlaşma M54.1 Radikulopatiya. Diskogen bel-oma radikulopatiyası, ağrı sindromu ilə. (diskektomiya 2010) Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Keçirilmiş (2010) L5-S1 diskektomiya əməliyyatından sonrakı vəziyyət, L5-S2 radikulopatiya davamlı kökcük ağrıları ilə, sol aşağı ətraflarda hissi hərəkəti pozulmalar. Ağırlaşma G82 Paraplegiya və tetraplegiya. Aşağı ətrafların paraparezi. Əlilliyin müəyyən olunması meyarı: 2.3. üçüncü dərəcə əlillik – 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2) Tibbi-sosia yardım və reabilitasiya vasitələri – ixtisaslaşmış müalicə; Cavabdehin 04 iyul 2023-cü il tarixli, 3-17-4/3-1-16236/2023 saylı qərarı ilə, iddiaçıya xx.xx.2022-ci il tarixdə təyin edilmiş 5 il müddətinə üçüncü dərəcə əlilliyi xx.xx.2023-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilməklə ləğv edilmişdir; Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq peşə xəstəliyi (əmək qabiliyyətinin 60 faiz itirilməsi ilə) səbəbilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-13690/2023 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmiş və müayinədə iştirak etmişdir, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Təqdim edilən tibbi sənədlər və A.Ağayev əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin J00093508ZFS nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinədə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş və məhkəmə qərardadına uyğun olaraq xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixli tam reabilitasiya olması barədə qərar qüvvədə saxlanılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 T578/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” PHŞ müalicə müəssisəsi olmadığından və iddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər mütəxəssisə göndərilməsinə ehtiyac olmadı. Lakin, əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd edilən “Əsas diaqnoz: M42 Onurğanın osteoxondrozu, Bel-oma fəqərələrinin osteoxondrozu fonunda daimi davamlı ağrı indromu ilə. Tez-tez fəsadlaşan, uzanmış gedişli xroniki diskogen, beloma radikulopatiyası. Ağırlaşma: M54.1 Radikulopatiya,. diskogen bel-oma radikulopatoiyası, ağrı sindromu ilə. (diskektomiya 2010). Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər,. Keçirilmiş (2010) L5-S1 Diskektomiya əməliyyatından sonrakı vəziyyət, L5-S2 radikulopatiya davamlı kökcük ağrıları ilə, sol aşağı ətraflarda hissi hərəki pozulmalar, G82 Paraplegiya və tetraplegiya,. Aşağı ətrafların paraparezi” diaqnoz ona şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu, səmərəliliyi qənaətbəxş olmuşdur. xx.xx.2024-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 T45/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Qərarda qoyulan sualda qeyd edilən xəstəliklər “Əlilliyin müəyyən edilməsi meyarları”na aid olduğundan onların həlli Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1- Sosial Ekspertlərinin səlahiyyətlərinə aid edilmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, İddiaçı 2011-ci ildən 2021-ci ilədək ikinci dərəcə əlilliyi müəyyən edilmişdir. Sonuncu dəfə iddiaçıya xx.xx.2022-ci il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitsiya Agentliyinə əyani müayinəyə dəvət edilmiş, iddiaçı əyani müayinədə iştirak etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixdə təyin edilmiş 5 il müddətinə üçüncü dərəcə əlilliyi xx.xx.2023-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilməklə ləğv edilmişdir. İddiaçı hazırda onun əlilliyinin ləğvinə dair həmin qərarı mübahisələndirir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə ekspert rəylərində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan mövcudluğunun istisna edilmədiyi bildirilmişdir. Ekspert iddiaçıda həmin diaqnozların mövcudluğunu bildirsə də, həmin diaqnozların “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olub-olmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən espert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmasa da, hesab edir ki, bu yanaşma kobud prosessual pozuntu kimi qiymətləndirilməməklə yanaşı, nəticə etibarilə düzgün olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Məhkəmə kollegiyası iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cavabdehin etirazından, apellyasiya şikayətindən və digər sənədlərdən göründüyü kimi, mübahisə predmeti qərarın qəbul edilməsinin səbəbi kimi cavabdeh qeyd edir ki, əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, əyani komissiyada iştirak etmiş, həkim ekspertlər tərəfindən müayinəsi həyata keçirilmişdir. Bunun nəticəsində “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilməklə əlilliyi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-8-10/2- 824/2024 saylı məktubu ilə təqdim edilmiş, “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmalda göstərilmişdir ki, “83.Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır...85. Bu kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin çoxsaylı qərarlarında ifadə etdiyi hüquqi mövqeyə və nəticə etibarilə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, əlilliyin inzibati orqan tərəfindən müəyyən olunduğu hallarda, inzibati orqan əlilliyin müəyyən olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin müəyyən olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və sahəvi normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. 86. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. 87. Bununla bağlı olaraq qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. 88. Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə “qanuna uyğun” olmalıdır. Qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Hazırkı iş üzrə cavabdeh ümumi qaydada əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılmasına istinad etmiş, həmin yoxlamanın iddiaçıya aid hallarla bağlı olmasına dair hər hansı dəlil irəli sürülməmiş və sübut təqdim etməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı mahiyyət etibarilə iddiaçı barədə əlillik təyinatının ləğv olunması barədə qərar olmaqla əliverişli inzibati aktın ləğvinə yönəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Hazırkı iş üzrə iddiaçının əlillik təyinatının ləğv edilməsinə əsas verə biləcək Qanunun 68.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunmamışdır. Beləliklə, cavabdeh “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə əməl etmədən qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Qanunsuz əliverişsiz inzibati akt isə hər bir halda ləğv edilməlidir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. O ki qaldı cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində cavabdehin ləğv edilən 04 iyul 2023-cü il tarixli qərarının nömrəsinin “3-17-4/3-1- 16236/2023” əvəzinə “3-17-4/3-S-86236/2023” kimi qeyd edilməsini qərarın tərtibi zamanı yol verilmiş texniki səhv kimi qiymətləndirir və hesab edir ki, qərarın bu hissədə dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-457/2025 nömrəli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitsiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-457/2025 nömrəli qərarı (qərarın nəticə hissəsində cavabdehin ləğv edilən 04 iyul 2023-cü il tarixli qərarının nömrəsi “3-17-4/3-1-16236/2023” kimi oxunmaqla) dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar