Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3201/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Nigar Xeyrulla qızı Nəbizadə və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (əri) X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “attestasiya komissiyasının qərarının ləğv edilməsi və s.” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(112)-10258/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 05 mart 2025-ci il tarixli attestasiyanın nəticələrinin qanunsuz sayılmasını və ləğv edilməsini, attestasiya komissiyasının tərtib etdiyi attestasiya vərəqəsinin etibarsız hesab olunmasını və ləğv edilməsini, 05 mart 2025-ci il tarixli attestasiya komissiyasının “Tutduğu vəzifəyə uyğun deyil” qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 32 il fortepiano müəllimi kimi fəaliyyət göstərmişdir. Bu müddətin son 14,5 ilini Bakı şəhəri Binəqədi rayonu 11 nömrəli onbirillik musiqi məktəbində fortepiano müəllimi vəzifəsində çalışmışdır. Mədəniyyət Nazirliyi və Mədəniyyət Baş İdarəsinin rəhbərliyi ilə Binəqədi rayonu 11 nömrəli Onbirillik Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 202 nömrəli əmrinə əsasən müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduqları vəzifəyə (peşəyə) uyğun olubolmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya komissiyası yaradılmışdır. Attestasiyanın keçirilməsi barədə ona xx.xx.2024-cü il tarixində 17 nömrəli xəbərdarlıq bildirişi təqdim edilmiş, lakin attestasiyanın konkret müddətləri, keçirilmə qaydaları və yeri barədə məlumat verilməmişdir. Məktəb direktoru şifahi olaraq bildirmişdir ki, attestasiya 2025-ci ilin fevral ayının 2-də başlayacaq. Attestasiya fevral ayının 28-də başlamış, ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalan”nın 1.2-ci bəndinə uyğun olaraq attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılmalı olduğu halda, o, 24 fevral 2025ci il tarixində müəllim yoldaşlarından öyrənmişdir ki, attestasiya 28 fevral 2025-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyasında keçiriləcək. 03 mart 2025-ci il tarixində onun mobil telefonuna 05 mart 2025-cil tarixində saat 10:45-də Bakı Xoreoqrafiya Akademiyasında attestasiya olunacağı barədə SMS daxil olmuş, 05 mart 2025-ci il tarixində attestasiya otağına daxil olarkən həyəcandan ani olaraq şəkəri artdığına görə özünü çox pis hiss etmiş, gözləri qaralmış, soyuq tər gəlmiş, fortepianonu bulanıq görmüşdür. Nə qədər çalışsa da, gözündə olan qaranlıq itməmişdir. Komissiyaya bildirmişdir ki, o, şəkərli diabet xəstəsidir. Xahiş etmişdir ki, özünü toparlamaq üçün ona 15 dəqiqə vaxt verilsin. Lakin komissiya əlləri ilə kameraları göstərərək icazə olmadığını bildirmiş (düşünür ki, bu cür vəziyyətlərdə komissiyanın diqqətli və həssas yanaşması vacib idi, belə bir vəziyyətin komissiya tərəfindən nəzərə alınmaması qanunla nəzərdə tutulan müvafiq qaydalara uyğun deyil və şəffaf qiymətləndirmə prosesinə ziddir). Gözləri bulanıq gördüyü üçün klaviaturanı aydın görə bilmirmiş. Ani olaraq sağ əl barmaqları getməmişdir. Buna baxmayaraq, çətinliklə də olsa, əsəri ifa etmişdir. Sonra ona 4 sual verilmiş, sualları cavablandırmışdır. Lakin sualın düz və ya səhv cavablandırmağı barədə ona heç bir irad bildirilməmişdir. Bir neçə dəqiqədən sonra ona şifahi şəkildə attestasiyadan keçmədiyini bildirmişlər. Keçirdiyi həyəcan və streslərdən bir müddət evdə xəstə yatmış, xx.xx.2025-ci il tarixində məktəbə getmiş və saat 11.15-də sənədlərin verilməsinin qeydiyyatı kitabının imza qrafasında sənədin qəbul etmə tarixini və saatı göstərməklə imza edərək əmək kitabçasını, əmək müqaviləsinə xitam əmrinin surətini və attestasiya vərəqəsinin əslini qəbul etmişdir. Evə qayıtdıqdan sonra onun yaşam tərzinə və 32 illik müəllim karyerasına son qoyan “Attestasiya vərəqəsini və digər sənədləri oxumuş, attestasiya vərəqəsində onun barəsində yazılan hədsiz dərəcədə yanlış məlumatları oxuyanda özünü çox pis hiss etmiş, sağlamlıq vəziyyəti daha da ağırlaşmlşdır. Hazırda müalicəsi davam edir. İddiaçı hesab edir ki, xx.xx.2025-ci tarixində keçirilən attestasiyanın nəticələri və attestasiya komissiyasının qərarı aşağıdakı səbəbdən qanunsuz hesab olunmalı və ləğv edilməlidir. Attestasiya zamanı səhhəti ilə bağlı yaranmış ani vəziyyət (şəkərinin qalxması ilə səhhətinin pisləşməsi) komissiya tərəfindən nəzərə alınmayıb. Attestasiya zamanı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarının tələblərinin kobud pozulması halları müşahidə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(112)-10258/2025 saylı qərardadı ilə (hakim T.Məlikov) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(112)-10258/2025 saylı qərardadının ləğv edilərək, iddiaya mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, attestasiyanın nəticəsi olaraq tərtib edilmiş attestasiya vərəqəsi inzibati mübahisə yaratmışdır. Belə ki, attestasiyanın Mədəniyyət Nazirliyi və Mədəniyyət Baş İdarəsi tərəfindən keçirildiyini nəzərə alaraq, attestasiya prosesini və onlar tərəfindən tərtib edilən attestasiya vərəqəsini mübahisələndirmək məqsədi ilə 05 may 2025-ci il tarixində iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Məhkəmə prosesində cavabdeh tərəf attestasiyanın məktəb tərəfindən keçirilməsini desə də, bununla bağlı hər hansı bir dəlil təqdim etməmiş və məhkəmədən şifahi olaraq iddianın mümkün sayılmamasını xahiş etmiş, məhkəmə heç bir sübuta əsaslanmadan iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Onunla bağlanmış əmək müqaviləsinin başlıq hissəsində işəgötürən Bakı şəhər Mədəniyyət Baş İdarəsi, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxs isə X3 qeyd edilmişdir. Attestasiyadan öncə 2025-ci ilin dekabr ayında attestasiya keçiriləcəyi barədə söhbətlər başlayarkən Binəqədi rayonu 11 nömrəli 11 illik musiqi məktəbinin direktor vəzifəsini icra edən Sona Abdullayeva şifahi bildirmişdir ki, attestasiyanı Mədəniyyət Nazirliyi və Mədəniyyət Baş İdarəsi keçirir. Attestasiyanı məktəb keçirsəydi, attestasiya məktəbdə baş tutardı. Attestasiya komissiyasının üzvləri də məktəbin ixisaslı müəllimlərindən ibarət olardı. Hesab edir ki, attestasiyanı Mədəniyyət Nazirliyi və Mədəniyyət Baş İdarəsi keçirdiyi üçün attestasiya komissiyasının sədri və üzvləri (1 nəfər Həmkarlar İttifaqı Komitəsinin sədri istisna olmaqla) onlara tabe olan digər məktəb və qurumlardan təyin edilmişdir. Attestasiyanın Mədəniyyət Nazirliyi tərəfindən keçirilməsini sübut edən daha bir amil - attestasiyadan 2 gün öncə, yəni xx.xx.2025-ci il tarixində Mədəniyyət Nazirliyi tərəfindən attestasiyanın 05 mart 2025-ci il tarixində keçiriləcəyi barədə onun mobil telefonuna https://culture.az/info.pdf internet səhifəsindən daxil olan SMS-dir. Bu link Mədəniyyət Nazirliyinindir. Bu linki açdıqda Mədəniyyət Nazirliyi tərəfindən göndərilən yaddaş kitabçası yüklənir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunun bu maddəsinə istinad edərək hesab edir ki, əmək müqaviləsinin başlıq hissəsində işəgötürən Mədəniyyət Bas İdarəsi qeyd edildiyi üçün, məhz bu İdarə inzibati orqandır. X9 İdarəsi Mədəniyyət Nazirliyinin strukturuna daxil olan bir qurumdur. Onunla əmək müqaviləsini bağlamaq səlahiyyəti verilmiş vəzifəli şəxs isə məktəb direktorudur. Əgər ona da inzibati akt qəbul etmək səlahiyyəti verilmişdirsə o özü də 2.0.1-ci maddəsinə görə inzibati orqan kimi çıxış edə bilər. Hesab edir ki, attestasiyanın son nəticəsi olan attestasiya vərəqəsi inzibati aktdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Əmək müqaviləsinin başlıq hissəsində işəgötürən dövlət qurumu olduqda onun adı yazılmalıdır. Onun da əmək müqaviləsinin başlıq hissəsində işəgötürənin adı kimi Mədəniyyət Baş İdarəsi qeyd edilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə Mədəniyyət Baş İdarəsi inzibati orqandır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Bu halda Mədəniyyət Baş İdarəsi inzibati orqandır. Attestasiya ilə əlaqədar hakimiyyət səlahiyyətlərini tətbiq edir. Əgər tətbiq etməsəydi attestasiya Bakı Xoreoqrafiya Akademiyasında deyil, məktəbdə keçirilərdi, attestasiya komissiyasının üzvləri də öz məktəblərindən olardı. Bu attestasiya zamanı məktəbin rolu İdarənin verdiyi bildirişlərə əsasən ancaq müəllimləri vaxtında Bakı Xoreoqrafiya Akademiyasına göndərməkdən ibarət olub. Hesab edir ki, məhkəmənin belə yanaşması düzgün deyil, çünki o, iddia tələbində əmək münasibətlərini mübahisələndirməyib. O, Mədəniyyət Nazirliyi və Mədəniyyət Baş İdarəsi tərəfindən keçirilmiş attestasiyanın qanunazidd keçirildiyini və attestasiyanın nəticəsi olaraq kobud səhvlərlə doldurulmuş attestasiya vərəqəsi və bununla əlaqədar attestasiyanın nəticələrini mübahisələndirmək məqsədi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. İddia tələbində məhkəmədən 05 mart 2025-ci il tarixli attestasiyanın nəticələrinin qanunsuz sayılmasını və ləğv edilməsini, attestasiya komissiyasının tərtib etdiyi attestasiya vərəqəsinin etibarsız hesab olunmasını və ləğv edilməsini, 05 mart 2025-ci il taixli attestasiya komissiyasının “Tutduğu vəzifəyə uyğun deyil” qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin təyin edilmiş məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadında belə nəticəyə gəlmişdir ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakter daşıdığından işə inzibati qaydada baxıla bilməz. Belə ki, iddia cavabdehin ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, işçi ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərindən irəli gəlir. Buna görə də, tələbə inzibati qaydada baxılması inzibati prosessual qanunvericilik baxımından yolverilməzdir. İddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Ona görə də iddia bu hissədə də qeyri-mümkün sayılmışdır. İddiaçı tərəfindən verilən apelyasiya şikayətinin dəlili odur ki, onunla bağlanmış əmək müqaviləsinin başlıq hissəsində işəgötürən qismində Bakı şəhər Mədəniyyət Baş İdarəsi qeyd edilmişdir. Bakı şəhər Mədəniyyət Baş İdarəsi inzibati orqan olmaqla Mədəniyyət Nazirliyinin strukturuna daxil olan bir qurumdur. Onun fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı attestasiya Nazirlik tərəfindən həyata keçirildiyi üçün tərəflər arasında inzibati mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 12 oktyabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi inzibati orqan kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının cavabdeh qismində cəlb etdiyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi inzibati orqandır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə İddiaçı arasında imzalanmış 24 yanvar 2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhər A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinə əsas iş yeri olaraq fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilir. A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbi üzrə verilmiş 01 aprel 2025-ci il tarixli, 45 nömrəli Əmrdən görünür ki, Bakı şəhər A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinin Attestasiya Komissiyası xx.xx.2025-ci il tarixli qərarı ilə həmin məktəbin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığını qərara almışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, sonuncu Əmək Məcəlləsinin 79-cu maddəsində gostərilmiş hallara malik olmasına dair məlumat verməkdən imtina etmişdir. Bakı şəhər A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarını və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1-ci maddəsinin (b) bəndi və 63-cü maddəsini və “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nin 7.2-ci bəndinin 13-cü abzasını rəhbər tutaraq, Bakı şəhər A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinin fortepiano müəllimi Məhəbbət Yediyar qızının Abdullayevanın 03 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq 33 günlük son haqq-hesabının ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi inzibati orqan olsa da, tərəflər arasında yaranmış mübahisə inzibati orqanın inzibati səlahiyyətlərindən yaranan ümumi (publik) xarakterli mübahisə deyil, işçi ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərindən irəli gəlir. Bu səbəbdən iddia tələbinə inzibati mühakimə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının: -3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. -4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquq münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə və işin yuxarıda qeyd olunan hallarına əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(112)-10258/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-3201/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3201/2025
23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver