Məhkəmə qərarları › İş №2-1(103)-3202/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3202/2024

22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3202/2024 22.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X2, Üçüncü şəxsin vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh1, Cavabdeh2, X10, “Cavabdeh4, Cavabdeh5, Cavabdeh6) “mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9766/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs Cavabdeh6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1, Cavabdeh2, X10, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə, ünvan 1 ünvanında çıxarışla mənzilə sahib olmuşdur. Həmin mənzilə mülkiyyət hüququ əldə etdiyi zaman mənzildə Cavabdeh1, Cavabdeh2, X10, X8, Cavabdeh5 və Cavabdeh6 formal olaraq qeydiyyatda olduğunu öyrənmişdir. Həmin şəxslərin qeydiyyatda olmaları iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Halhazırda həmin şəxslərin harda yaşamaları iddiaçıya, məlum deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9766/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçının “Cavabdeh1, Cavabdeh2, X10, “Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iş üzrə əsl cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsi ilə əvəz edilməsi”nə dair ərizəsi təmin edilərək, cavabdehlərin əsl cavabdeh Binəqədi Rayon Polis İdarəsi ilə əvəz edilmişdir, həmçinin iddia tələbinin “Cavabdeh1, Cavabdeh2, X10, “Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9766/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Cavabdeh1, Cavabdeh2, X1 Nigar Namiq qızı, Cavabdeh5 və Cavabdeh6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9766/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs Cavabdeh6 apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və qeydiyyatının bərpa edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Üçüncü şəxsin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1963-cü ilin sentyabr ayının 24-ü Bakı şəhəri, Binəqədi rayonu, Yahya Hüseynov küçəsi ev 90-da yerləşən sahəsi 32.9 kv.m. olan 2 otaqlı ev onun babası X6 verilmişdir və həmin tarixdən ailəsi ilə birlikdə həmin evdə yaşayırlar. 10 fevral 1993-cü ildə babası öləndən sonra ev anası X3 adına keçdi və bağlanmış müqavilələrinə əsasən evin bütün komunal xərclərin ödənilməsini o icra edirdi. Yaşadığı mənzilinin nömrəsi 10 olduğundan, mənzilinə gələn bütün ödəmələrdə 10 nömrəli mənzil kimi qeyd olunurdu. 30 mart 2021-ci ildə anası X7 durğunluq ürək çatmamazlığından öldüyündən sonra o, həyat yoldaşı Narbekova Sahilə və iki azyaşlı uşaqları ilə həmin evdə yaşamaqlarına davam edirlər, kommunal xərcləri ödəyirlər. Mübahisəli qərara əsasən o, qeydiyyatdan çıxarılsa da, 30 iyul 2012-cü il təvəllüdlü qızı Narbekova Həcər və oğlu Narbekov İbrahim hələ də evin qeydiyyatındadılar. O İddiaçı kim olduğunu bilmir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə baxır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını üçüncü şəxs Cavabdeh6 aid hissədə yoxlayır. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. 3-cü şəxslər sözügedən mənzildə qeydiyyatda olsa da, həmin şəxsin qeyd edilən mənzil dair istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması barədə hər hansı məlumat aşkar edilməmişdir. 3-cü şəxslərin həmin ünvan üzərində qeydiyyatının formal xarakter daşıması və həmin ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır, bu səbəbdən iddiaçı üçüncü şəxsin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.” Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına hərtərəfli yanaşılmadığından, yalnış nəticəyə gəlinmişdir. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa istinad edərək ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması qənaətinə gəlməkdə haqlı olsa da, üçüncü şəxslərdən olan Cavabdeh6 həmin ünvanda yaşayıb yaşamamasını, yəni, iddiaçıya məxsus evdə qeydiyyatda olub-olmamasını düzgün müəyyən edə bilməmişdir. Belə ki, iş materiallarında olan 113 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 50 nömrəli arayışdan görünür ki, Cavabdeh6 ünvan 2, mənzil 10-da yaşayır. Eyni zamanda Kollegiya tərəfindən keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ev ilə üçüncü şəxsin yaşadığı mənzil fərqli ərazilərdə yerləşir. Belə ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 həyət evidir, üçüncü şəxs isə həmin evdən müəyyən qədər uzaq məsafədə yerləşən iki mərtəbəli bina evinin 10-cu mənzilində yaşayır. Həmçinin məhkəmə kollegiyasının iclası zamanı tərəflərin veridiyi izahatlardan da məlum olur ki, üçüncü şəxs iddiaçıya məxsus evdə yaşamır və hər iki tərəf bir-birini tanımır. İşin hallarından, eyni zamanda üçüncü şəxs tərəfindən təqdim edilən müqavilələrdən də aydın olur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 90 nömrəli evə mülkiyyət hüququ əldə etməmişdən daha öncədən üçüncü şəxs Cavabdeh6 həmin ünvanda qeydiyyatda olmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi üçüncü şəxs Cavabdeh6 yaşadığı ünvandan qeydiyyatdan çıxarılması barədə qərar qəbul etməklə yalnış nəticəyə gəlmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün yuxarda qeyd edilən qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, şəxsin qeydiyyatdan çıxarılmanın əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində təsbit edilsə də, qeydiyyatda olan şəxsin qeydiyyatda olduğu mənzildə əmlak hüquqları olmadığı və orada yaşamadığı təqdirdə də onun başqasının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması mümkün sayıla bilər. Hazırkı iş üzrə isə iş materiallarından və tərəflərin izahatların məlum olur ki, üçüncü şəxs mübahisəli ünvanda olan digər binada yaşamaqdadır. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməyərək yalnış nəticəyə gəlmişdir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən icra olunmuş və üçüncü şəxs Cavabdeh6 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmışdır. İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin: 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Qeyd olunan normaları rəhbər tutan Kollegiya bildirir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9766/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı icra olunduğundan və icra edilmiş məhkəmə qərarı Kollegiyanın hazırkı qərarı ilə üçüncü şəxs Cavabdeh6 aid hissədə ləğv olunduğundan, icrada dönüş edilərək üçüncü şəxs Cavabdeh6 ünvan 2 ünvanına qeydiyyatı bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxsin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarı Cavabdeh6 aid hissədə ləğv ediməli, iddia tələbi ona aid hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Cavabdeh6 apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9766/2023 nömrəli, xx.xx.2024-cü il qərarı üçüncü şəxs Cavabdeh6 aid hissədə ləğv olunsun, iddia ona aid hissədə təmin edilməsin. İcrada dönüş edilsin. Cavabdeh6 ünvan 1 ünvanına qeydiyyatı bərpa edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar