Məhkəmə qərarları › İş №2-1(103)-3204/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3204/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3204/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X1 qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4622/2022 saylı, 21 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınaraq həmin illərin sosial sığorta stajına daxil edilməsi və 57 yaşının tamam olduğu 12 iyul 2016-cı il tarixindən hesablanılmaqla ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbini dəqiqləşdirərək, 57 yaşının tamam olduğu 12 iyul 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4622/2022 saylı, 21 iyun 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisələndirilən halı iki hissədən ibarətdir: - İddiaçı güzəştli sosial sığorta stajı; - İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1933-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nın 11-ci bəndinin "metal emalının 9-cu hissəsində “zərgər və bədii məmulatları qaralayanlar” peşəsi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 14-cü bəndinin “metal emalının 7-ci hissəsində “zərgər və bədii məmulatları qaralayanlar” peşəsi nəzərdə tutulmuşdur. Belə ki, rayon məhkəməsi tərəfindən iddiaçı K.Q.Seyfalovun güzəştli peşə sahəsində işləməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiqlənməsinə baxmayaraq, iddiaçıya münasibətdə Qaydalara müvafiq olaraq tələb edilən güzəştli arayışa bərabər deyildir. İddiaçı "xxxx" ASC-də 1989 - 1997-ci illər ərzində işlədiyi dövrlərin güzəştli hesab edilməsi mümkün deyildir. Belə ki, sözügedən məsələ aktla öz təsdiqini tapmışdır. Tərəflərin izahatları : Məhkəmə Kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1979cu il tarixdən xx.xx.1981-ci tarixədək Azərbaycan SSR Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1981ci ildə Bakı şəhəri “Dəqiq Mexanizmlərin Təmiri” zavodunda quraşdırıcı zərgər peşəsinə işə qəbul edilmiş, xx.xx.1989-cu ildə “Dəqiq Mexanizmlər Təmiri” zavodunun xx.xx.1989cu il tarixində yenidən qurulması ilə əlaqədar olaraq ƏMXN yeni yaradılmış “Zərgər” müəssisəsinə köçürmə yolu ilə 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsinə qəbul edilmişdir. xx.xx.1992-ci ildə “Zərgər” müəssisəsinin 5 nömrəli emalatxanasından “Almaz2” kiçik müəssisəsinə köçürmə yolu ilə işə qəbul edilmiş, xx.xx.1992-ci ildə “Almaz-2” kiçik müəssisəsindən “Zərgər” müəssisəsinin 5 nömrəli emalatxanasına köçürmə yolu ilə işə qəbul edilmiş, xx.xx.1997-ci ildə “Zərgər” müəssisəsinin 5 nömrəli emalatxanasından AR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1999-cu ildə "xxxx" MMC-də direktor vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu ildə həmin müəssisədən öz xahişi ilə tutduğu vəzifədən işdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 6509/2019 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizəsi təmin edilmiş, İddiaçı xx.xx.1981-ci il tarixdən 31 yanvar 1989-cu il tarixdək “Dəqiq Mexanizmlərin Təmiri Zavodunda” quraşdırıcı zərgər vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı verilən arayışdan görünür ki, o, həqiqətən xx.xx.1989ci il tarixdən (əmr № xx.xx.1989) “Dəqiq Mexanizmlər Təmiri” zavodundan ƏMXN-nin yeni yaradılmış “Zərgər” müəssisəsinə köçürülmə yolu ilə 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdən 30 nömrəli əmrlə “Zərgər” müəssisənin 5 nömrəli zərgərlik emalatxanasından “Almaz-2” kiçik müəssisəsinə köçürülmə yolu ilə işdən azad edilmişdir. “Zərgər” müəssisəsinin 17 nömrəli xx.xx.1992-ci il tarixli əmrinə müvafiq olaraq “Almaz-2” kiçik müəssisəsindən “Zərgər” müəsissənin 5 nömrəli emalatxanasına köçürülmə yolu ilə işə qəbul edilmişdir. xx.xx.1997-ci il tarixdən öz xahişi ilə 12/k tarixli əmrlə AR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçı “Zərgər” müəssisəsində olan zərgər stajı 8 il olmuş və arxiv sənədləri ilə təsdiqlənmişdir. “Fərid 88“ MMC tərəfindən İddiaçı verilən xx.xx.2016- cı il tarixli arayışdan görünür ki, iddiaçı 07 nömrəli əmrlə xx.xx.1999-cu il tarixində "xxxx" MMC-yə “direktor” vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu il tarixində isə 33 nömrəli əmrlə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin baş mütəxəssisi Kamran Cümşüdlü, mütəxəssisi Eyvaz Əhmədov, "xxxx" ASC-nin kadrlar üzrə böyük müvəkkili Əkrəm Mirzəyev tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək “Dəqiq Mexanizmlərin Təmiri Zavodunda” işlədiyi quraşdırıcı peşəsinə dair verilmiş arayışdakı faktın sığorta stajına daxil edilən ümumi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı yerində əsaslı sənədlərlə qarşılılıqlı yoxlanılmış və müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən İddiaçı adına verilmiş arayışda Dəqiq Mexanizmlər zavoduna aid heç bir əsaslı sənədə istinad edilməyib, onun xx.xx.1989-cu ilədək işlədiyinə dair məlumat Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6509/2019 nömrəli qətnaməsindən götürülmüşdür. "xxxx" ASC “Dəqiq Mexanizmlərin Təmiri Zavodu”nun zərgərlik sahələrinin bazası əsasında AZ. SSR ƏMX Nazirliyinin xx.xx.1989-cu il tarixli 463 nömrəli əmrinə əsasən yaradılmışdır. Fəaliyyəti zinət əşyalarının əhalinin sifarişi əsasında düzəldilməsindən ibarət olmuşdur. Bu müəssisə qiymətli metalların külçə halında əridilməsi və emalı ilə məşğul olmadığından metal emalı istehsalat sahəsinə aid deyil. Aktda qeyd aparılmışdır ki, iş fərdi şəkildə, kustar şəkildə əl əməyi ilə görülür. Eyni zamanda quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş metal emalı bölməsində zərərli peşə kimi nəzərdə tutulmamışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh tərəfindən isə müraciətinin təminindən imtina edilmiş, daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işdən görünür ki, iddiaçı ona 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. Birinci instansiya məhkəməsi haqlı olaraq o nəticəyə gəlmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək toplanmalı olan 25 il staj tələbi ödənmədiyindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən tənzimlənməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci ilədək qüvvədə olmuş redasiyasına əsasən, 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericilikdən də göründüyü kimi, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən əmək pensiyası hüququ yaranmışdır. Ona həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün isə 3 şərt ödənilməlidir: İş materiallarında olan İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ilk şərt ödənmişdir. Belə ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur. İkinci şərt iddiaçının azı 25 il iş stajı toplamış olması, 3-cü şərt isə həmin müddətin 12 il 06 ayını zərərli işlərdə çalışmış olmasıdır. Kollegiya qeyd edir ki, iddiaçının stajı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövrər üçün qüvvədə olmuş normaların tələblərinə uyğun hesablanmalıdır. Belə ki, xx.xx.2006-cı il qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İş materiallarından müəyyən edilir ki, iddiaçının hərbi xidmət illəri ( xx.xx.1981xx.xx.1979 = 2 il 1 ay 5 gün ) də daxil olmaqla xx.xx.2006-cı ilə qədər 24 il 5 ay 26 gün iş stajı mövcuddur. (xx.xx.1997-xx.xx.1981= 15 il 07 ay 09 gün) + (xx.xx.2006-xx.xx.1999= 6 il 9 ay 12 gün ) xx.xx.2006-cı ildən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sadalanan qanunvericilik normalarının tələblərinə əsasən, hazırki iş üzrə iddiaçının xx.xx.2006-cı ildən 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixə qədərki sosial sığorta stajı hesablanarkən əmək fəaliyyəti dövrünün məcburi sosial sığorta haqları ödənilən dövrü nəzərə alınmalıdır. İşdə olan sosial arayışdan görünür ki, "xxxx" firması tərəfindən 2006-2008-ci illərdə iddiaçının işlədiyi dövr üzrə məcburi sosial sığorta haqları ödənilmiş, lakin həmin tarixdən sonra hər hansı bir ödəniş həyata keçirilməmişdir. Göründüyü kimi, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı ilə qədər sosial sığorta haqlarının ödənildiyi staj müddəti 3 il təşkil edir. (xx.xx.2008 – xx.xx.2006 = 3 il ) Beləliklə, xx.xx.2006-cı ilə qədər 24 il 5 ay 26 gün və xx.xx.2006-cı ildən xx.xx.2016cı ilə qədər 3 il olmaqla, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2016-cı ilə qədər 27 il 05 ay 26 gün iş stajının toplandığı müəyyən edilir. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli güzəştli arayışından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı zərgər peşəsində işləməsi faktı müəyyən edilmişdir. İddiaçı həqiqətən xx.xx.1989-cu il tarixdən (əmr № 4, xx.xx.1989) “Dəqiq Mexanizimlər Təmiri” zavodundan ƏMXN-nin yeni yaradılmış “Zərgər” müəssisəsinə köçürülmə yolu ilə 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdən 30 nömrəli əmrlə “Zərgər” müəssisəsinin 5 nömrəli zərgərlik emalatxanasından “Almaz-2” kiçik müəssisəsinə köçürülmüşdür. “Zərgər” müəssisəsinin 17 nömrəli xx.xx.1992-ci il tarixli əmrinə müvafiq olaraq “Almaz-2” kiçik müəssisəsindən Zərgər müəsisəsinin 5 nömrəli emalatxanasına köçürülmə yolu ilə işə qəbul edilmişdir. xx.xx.1997-ci il tarixdən öz xahişi ilə 12/k nömrəli əmrlə AR-ƏQM-nin 37- ci maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçı “Zərgər” müəssisəsində olan zərgər stajı 8 il olmuş və arxiv sənədləri ilə təsdiqlənmişdir. “Zərgərlər ASC”, “Dəqiq Mexanzimlər Təmir” zavodunun və “Zərgər” müəssisəsinin hüquqi varisidir. xx.xx.2000-ci il tarixdən hazırki vaxtadək faəliyyət göstərir. İddiaçı işlədiyi müddətdə fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamış, qiymətli metaldan qiymətli və ya yarım qiymətli daşlara xüsusi mürəkkəb formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynar üsulla qaynaq işləri aparmışdır. Məmulatı qaynaq edən zaman; Asbest, bor turşusu, xlor turşusu (HCL) eləcədə qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir, açıq alovla işləmişdir. Zərgərlik məmulatlarda emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib, istehsal üçün külçə hazırlamışdır. Fəhlələr üçün vahid tarif dərəcələri üçün iş və peşələrin sorğu kitabı 1987-ci ilin sorağ kitabında (Moskva nəşriyyatı) göstərilir: zərgər peşəsinə aşağıdakılar aiddir: -zərgər-quraşdırıcı; -zərgər-şəbəkəçi; -zərgər-sepçi; zərgər-nəqqaş; -zərgər-bərkidici; Həmin peşədə işləyən şəxsin əmək şəraitinə görə güzəştlə, yaşa görə əmək təqaüdünə çıxmaq hüququ vardır. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun 320 nömrəli və 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq, həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” zərgər və bədii məmulatları qaralayanlar siyahısında zərərli sahə kimi nəzərə alınaraq 2150700a19553 rəqəmlə kodlaşdırılmışdır. Bu səbəbdən quraşdırıcı zərgər peşəsində işləmiş İddiaçı zərərli sahədə işlədiyi nəzərə alınaraq pensiya qanunu ilə şərtləndirilən tələblərə malik olduğu halda güzəştlə yaşa görə əmək təqaüdünə çıxa bilər. Cavabdeh tərəf isə qeyd edilən arayışı mötəbər hesab etmir, buna əsas olaraq iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktı dəlil olaraq göstərir. Həmin aktda qeyd aparılmışdır ki, iş fərdi şəkildə, kustar şəkildə əl əməyi ilə görülür. Eyni zamanda quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş metal emalı bölməsində zərərli peşə kimi nəzərdə tutulmamışdır. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq müəssisə tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, iddiaçının işlədiyi zərgər peşəsində işləyən işçi zərgərlik məmulatlarının təmiri və hazırlanması prosesində orqanizmə zərərli təsir edən yüksək dərəcəli alovla, zərərli kimyəvi turşularla, maddələrlə (asbest, bor turşusu, xlor turşusu (HCH), benzin) yaxın məsafədən uzun müddət təmasda olur. Bu da insan sağlamlığına, səhhətinə zərərli təsir göstərir. Məhz buna görə də qanunverici orqan zərgər peşəsini zərərli əmək peşələri siyahısına daxil etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun nömrəli və 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” zərgər və məmulatları qaralayanlar siyahısında zərərli sahə kimi nəzərə alınaraq 2150700a-19553 rəqəmlə kodlaşdırılmışdır. Siyahı hər iki qərarda təsdiqlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Metal emalı” adlanan XİV bölmədə “Qaynar üsulla metalın üzlənməsi” 7-ci yarımbənddə 2150700a-19553 kodu ilə zərgər və bədii məmulatları qaralayanlar peşəsi göstərilmişdir. İddiaçı metal emalı sahəsində zərgər işləmiş və işlədiyi zərgər peşəsi 2 nömrəli Siyahıda nəzərdə tutulmuşdur. Belə ki, "İnzibati icraat haqqında" Qanuna 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh tərəfindən qeyd edilən halları təkzib edəcək hər hansı bir sübut nə birinci instansiya, nədəki apelyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Həmçinin, cavabdeh müəssisənin qiymətli metalların külçə halında əridilməsi və emalı ilə məşğul olmadığını, buna görə də sahənin metal emalı sahəsinə aid edilmədiyini iddia etsə də, qeyd edilənlərə təsdiqləyəcək sübutlar məhkəməyə təqdim olunamışdır. Beləliklə qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının 57 yaşının tamam olduğu tarixə 12 il 6 aydan çox, 15 il 7 ay 09 gün (xx.xx.1997-xx.xx.1981) güzəştli iş stajı olmuşdur. Cavabdehin “fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” ilə bağlı iddiasına gəldikdə isə Kollegiya bildirir ki, iddiaçının hüququ xx.xx.2016-cı il tarixdən yarandığından iddiaçıya xx.xx.2017-ci il tarixdə Əmək pensiyaları haqqında qanuna daxil edilən pensiya kapitalı ilə bağlı tələb iddiaçıya şamil oluna bilməz. Son olaraq Kollegiya vurğulamağı zəruri hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbi üzrə pensiya məbləğinin xx.xx.2016-cı ildən hesablanması barədə qərar qəbul etmişdir. Belə ki, Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadında qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd edilənlərdən aydın olduğu kimi, Ali Məhkəmə yuxarda qeyd edilən qanun normasını müvafiq tələblə inzibati orqana xx.xx.2017-ci il tarixdən sonra müraciət edən şəxslərə şamil etmişdir. İddiaçı isə həmin tarixdən əvvəl cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2017-ci il tarixli məktubla iddiaçıya imtina cavabı vermişdir. Daha sonra iddiaçı bu imtinadan sonra onun 01 iyul 1981-ci il tarixdən 31 yanvar 1989-cu il tarixdək “Dəqiq Mexanizmlər Təmiri Zavodunda” quraşdırıcı zərgər vəzifəsində işləməsi faktının müəyyən edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə yekun məhkəmə qərarı iddiaçının lehinə xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, “müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.” Qeyd edilən Plenum qərarından da aydın olur ki, iddiaçının ilkin müraciətinin təmin edilməməsi və onun sonradan yenidən cavabdehə müraciət etməsi onun təqsiri ucbatından baş vermədiyindən ona xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş norma tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4622/2022 saylı, 21 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar