Məhkəmə qərarları › İş №2-1(103)-3204/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3204/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3204/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üzrə pensiya fərqi məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən hakim və məruzəçi), Şirinov İkram Sabir oğlu və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üzrə pensiya fərqi məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-862/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 15 dekabr 2022-ci il və 22 dekabr 2022-ci il tarixlərində müraciət edərək pensiya fərqinin ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh tərəfindən iddiaçının müraciəti xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə- 6027/2023 saylı məktubla cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 8 dekabr 2017-ci il tarixli MN-09588 nömrəli məlumat vərəqinə əsasən ona 22 yanvar 2018-ci il tarixindən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-cı maddəsinə uyğun olaraq 37 il 1 ay 19 gün xidmət müddəti və iş stajı üçün təminat xərcliyinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 34.2-ci maddəsinə uyğun olaraq, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə həmin Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. O, 27 sentyabr 2022-ci il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi yenidən əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Bununla əlaqədar olaraq, əmək pensiyasının növünün dəyişdirilərək 27 sentyabr 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən ona “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (969,20 manat) 80 faizi-775,36 manat məbləğində əmək pensiyası və 77,54 manat maddi yardım təyin edilib. Qeyd olunanlara əsəsən, yaşa görə əmək pensiyası ilə əlilliyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın ona ödənilməli olan hər hansı borc məbləği yoxdur. Əlavə olaraq bildirilmişdir ki, əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 232.62 manat maddi yardım məbləği cari ayda əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb.

3. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2018-ci il tarixli məlumatda qeyd olunub ki, İddiaçı əlillik səbəbi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcə əlildir.

4. İddiaçının pensiya işinə dair sənədlərindən müəyyən edilir ki, ona Mərkəzi Filial tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 8 dekabr 2017-ci il tarixli MN-09588 nömrəli məlumat vərəqinə əsasən 22 yanvar 2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə uyğun olaraq 37 il 1 ay 19 gün xidmət müddəti və iş stajı üçün təminat xərcliyinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (723.65 manat təminat xərcliyinin 62 faizi (50%+12%) - 448.66 manat məbləğində) təyin edilmişdir. İddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası Mərkəzi Filialın xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq 21 il xidmət müddətinə görə yenidən hesablanmışdır (777.9 manat təminat xərcliyinin 58 faizi (55%+3%) 451.18 manat məbləğində). İddiaçı 27 sentyabr 2022-ci il tarixdə Mərkəzi Filiala hərbi qulluqçu kimi yenidən əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Bununla əlaqədar olaraq iddiaçının əmək pensiyasının növü dəyişdirilmiş və 27 sentyabr 2022-ci il tarixdən Mərkəzi Filial tərəfindən iddiaçıya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (969,20 manat) 80 faizi - 775,36 manat məbləğində əmək pensiyası və 77,54 manat maddi yardım təyin edilmişdir.

5. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2023-cü il tarixli 3-17-4/2-8031/2023 nömrəli məktubla İddiaçı dair tibbi-sosial ekspertiza sənədinin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş sənədə əsasən müəyyən edilmişdir ki, ona xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 31 yanvar 2018ci il tarixdə təyin edilmiş hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travma nəticəsində təyin edilən əlillik üzrə müəyyən edilmiş 775.36 manat məbləğində təyin edilmiş pensiyanın 31 yanvar 2018-ci il tarixdən ödənilməmiş fərq məbləğinin – 2.326,08 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1969-cu ildə anadan olmuşdur və hazırda Bakı şəhərində yaşayır. 28 dekabr 1995-ci il tarixdən Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Uzun müddət Silahlı Qüvvələrdə tibb bacısı vəzifəsində çalışmışdır. Lakin, həbri xidmət vəzifələrini yerinə yetirdiyi zaman iş otağında arxiv materiallarını yerləşdirərkən hündürlükdən yıxılaraq başından zərbə almışdır. Daha sonra müayinənin nəticəsində ona “qapalı kəllə beyin travması, baş beynin silkələnməsi” diaqnozu qoyulmuşdur. Həmin travmadan sonra sağlamlığında bir sıra problemlər yaranmışdır. Sağlamlığında qeyd olunan problemləri və travmaları məhz hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı Hərbi Həkim Komissiyasının 19 yanvar 2018-ci il tarixli 1716 saylı xəstəlik haqqında şəhadətnaməsi təsdiqləyir. Əlavə olaraq qeyd edir ki, ona 31 yanvar 2018-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlillik təyin olunmuşdur. Buna görə də, 27 sentyabr 2022-ci il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hərbi qulluqçu kimi yenidən əmək pensiyasının təyin edilməsi barədə müraciət edilmiş və cavabdeh qurumun 13 yanvar 2023-cü il tarixli 3-17-1/2-Ə- 6027/2023 saylı məktubu ilə cavab verilmişdir. Cavabdeh qurum artıq 3 ildir ki, 775.36 manat məbləğində pensiyanı iddiaçıya ödəmir. Bundan başqa, yaşa görə əmək pensiyası ilə əlilliyə görə əmək pensiyası arasında olan fərq məhz pensiyasının tərkib hissəsini təşkil etdiyindən arada yaranan fərq məbləği ona məxsusdur və cavabdeh qurum tərəfindən qanunsuz olaraq mənimsənilmişdir. Qeyd olunanlara əsasən pensiya növləri arasındakı fərq Mərkəzi Filial tərəfindən ona ödənilməlidir.

8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı K.X5 tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 8 dekabr 2017-ci il tarixli MN-09588 nömrəli məlumat vərəqinə əsasən 22 yanvar 2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə uyğun olaraq 37 il 1 ay 19 gün xidmət müddəti və iş stajı üçün təminat xərcliyinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yasa görə əmək pensiyası (723.65 manat təminat xərcliyinin 62 faizi (50%+12%) - 448.66 manat məbləğində) təyin edilmişdir. İddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası Mərkəzi Filialın xx.xx.2018-ci il arixli qərarı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq 21 il xidmət müddətinə görə yenidən hesablanmışdır (777.9 manat təminat xərcliyinin 58 faizi (55%+3%) 451.18 manat məbləğində). İddiaçı 27 sentyabr 2022-ci il tarixdə Mərkəzi Filiala hərbi qulluqçu kimi yenidən əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Bununla əlaqədar olaraq iddiaçının əmək pensiyasının növü dəyişdirilmiş və 27 sentyabr 2022-ci il tarixdən Mərkəzi Filial tərəfindən iddiaçıya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (969,20 manat) 80 faizi - 775,36 manat məbləğində əmək pensiyası və 77,54 manat maddi yardım təyin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 34.2-ci maddəsinə uyğun olaraq, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün həmin Qanunun 31.2- ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə həmin Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır (Qanunun 34-cü maddəsinin 13 may 2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaçısının yasa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır). Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.4-cü bəndində göstərilmişdir ki, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır (Qaydaların 6.4-cü bəndinin 17 fevral 2023-cü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılır). Göründüyü kimi, yaşa görə əmək pensiyası ilə əlilliyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın iddiaçıya ödənilməli olan hər hansı borc məbləği, həmçinin iddianın təmin olunması üçün hər hansı faktiki və ya hüquqi əsas yoxdur. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 232,62 manat maddi yardım məbləği əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-862/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 862/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları iddia ərizəsinin mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları etirazın mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir.

Tərəflərin iştirakı:

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-862/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və vəkili məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbi barədə məlumat verməmişlər.

15. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları” Bənd 6.4. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Həmin bəndin 17 fevral 2023-cü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılır.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraat qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

22. İşin halları ilə müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 8 dekabr 2017-ci il tarixli məlumat vərəqinə əsasən 22 yanvar 2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.2-ci maddəsinə uyğun olaraq 37 il 1 ay 19 gün xidmət müddəti və iş stajı üçün təminat xərcliyinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilmişdir.

23. İddiaçı 27 sentyabr 2022-ci il tarixdə cavabdehə hərbi qulluqçu kimi yenidən əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Bununla əlaqədar olaraq onun əmək pensiyasının növü dəyişdirilmiş və 27 sentyabr 2022-ci il tarixdən “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək təyin edilmişdir.

24. Göründüyü kimi xx.xx.2018-ci il tarixində iddiaçının həm yaşa görə əmək pensiyası, həm də, əlilliyə görə əmək pensiyası hüququ mövcud olmuşdur. Lakin, iddiaçı əlilliyə görə əmək pensiyası hüququndan istifadə etməyərək yaşa görə əmək pensiyası almaqda davam etmişdir. 27 sentyabr 2022-ci il tarixdə isə əlilliyə görə əmək pensiyası hüququndan istifadə edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş və cavabdeh tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq ona bu barədə ərizə təqdim etdiyi tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

25. İddiaçının hazırki iddiasında hüquqi marağı yaşa görə əmək pensiyası hüququnun yarandığı dövrdə əlilliyə görə əmək pensiyası hüququnun mövcud olmasına istinad edərək təyin edilmiş əmək pensiyaları arasındakı fərq məbləğinin ona ödənilməsindən ibarətdir.

26. Yuxarıda qeyd olunan “Əmək pensiyaları haqqında” Qanunun 34.2-ci maddəsinin tələbinə görə əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Eyni zamanda Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.4-cü bəndinə görə əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyaları haqqında qanunvericiliyə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya aid pensiya işinin materiallarından görünür ki, o, əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi üçün cavabdehə müraciət etdiyi vaxt (27 sentyabr 2022-ci il tarixdə), istərsə də hazırda qüvvədə olan qanunvericiliyin normalarında əmək pensiyasının bir növündən başqa növünə keçirilmə baş verdikdə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılması normasının nəzərdə tutulması məhz müvafiq pensiya növünün təyin edilməsi hüququnu gerçəkləşdirən şəxs barəsində həmin andan onun üçün əlverişli inzibati aktın qəbulunu və onun qəbulu ilə yaranan hüquqi nəticələri yaratmış olur. Bu hal isə özü-özlüyündə müxtəlif növ əmək pensiyaları arasındakı fərq məbləğlərinin ödənilməsini istisna edir. Çünki fakt baş verməlidir ki, onun nəticəsi də yaransın. Bu faktın baş verməsi isə şəxsin özünün iradəsi ilə (onun müraciəti formasında rəsmiləşdirilməklə) mümkün olur.

28. Yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir.

29. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-862/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: İkram Şirinov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar