Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3205/2025 18.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin olunması; etimad hüququ; bərabərlik prinsipi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-3990/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.1960-cı il təvəllüdlü iddiaçı hüququ yarandığı xx.xx.2024-cü il tarixdən (63,5 yaş) yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və bu məqsədlə cavabdehə etdiyi müraciəti təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının əmək kitabçasına əsasən ümumi stajı qanunla tələb olunan müddətdən (25 il) az – 22 il 11 ay təşkil edir və həmin staja münasibətdə onun toplamış olduğu pensiya kapitalının məbləği tələb olunan 40.320 manatdan az – ümumilikdə 20.833,27 manatdır. Cavabdeh iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək kolxozda işlədiyi dövr ilə bağlı əmək kitabçasının doldurulma qaydasının pozulması səbəbi ilə həmin dövrləri iddiaçının sığorta stajına daxil etməmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının Ermənistan SSR, Ararat rayonunun “Şirazlı” kolxozunda fəhlə işlədiyi 01 mart 1976-cı il tarixdən 01 yanvar 1983-cü il tarixədək olan müddətin onun əmək stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə Ermənistan SSR, Ararat rayonunun Şirazlı kəndində anadan olmuşdur. Məlum hadisələrə qədər Ararat rayonunun Şirazlı kəndində yaşamış və işləmişdir. Belə ki, o, 01 mart 1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək Ermənistan SSR, Ararat rayonunun “Şirazlı” kolxozunda fəhlə işləmişdir. Lakin onun əmək kitabçasında iş stajına dair qeydlər o vaxt natamam aparılmışdır. Məlum hadisələrlə bağlı əmək kitabçasında olan həmin natamamlıqları aradan qaldırmaq mümkün olmamışdır. Hazırda iddiaçı yaşa görə müavinət alır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı rəsmi qaydada cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət olunmuşdur. Lakin, cavabdehin 10 oktyabr 2024-cü il tarixli məktubu ilə ona bildirilmişdir ki, “Əmək kitabçasına uyğun olaraq 22 il 11 ay əmək stajı vardır”. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”-na əsasən əmək kitabçanızın surətində qeyd olunmuş 1976-cı ildən xx.xx.1983-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb”. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, təqdim olunan əmək kitabçasının surətində qeyd olunan və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının cəmi sığorta stajı 22 il 11 ay təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 13 il 5 ay sığorta stajınıza uyğun olaraq 13519,27 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək 7314 manat olmaqla, ümumilikdə 20833,27 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş 1976-cı il tarixindən xx.xx.1983-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma tarixi, eyni zamanda işə daxilolma və işdənçıxma əmrinin tarixləri və nömrələri qeyd olunmayıb, həmçinin işdənçıxma qeydində qaralama var və möhür oxunaqlı deyil) sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövr üzrə əməkhaqqı almağını təsdiq edən sənədlər (əməkhaqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə baxıla bilər. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-3990/2025 nömrəli qərarı ilə (hakim T.R.Məlikov) iddia tələbi təmin edilərək, İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən 63,5 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməli olan məbləğin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2- 1(112)-3990/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı M.X6 təqdim etdiyi sənədlərin surətlərinə əsasən ümumi sığorta stajı 22 il 11 ay təşkil edir. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 13 il 5 ay sığorta stajına uyğun olaraq 13519,27 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 7314 manat olmaqla, ümumilikdə 20833,27 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə pensiyasının təyin edilməsi mümkün olmamışdır. iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş 1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulmuş, işə daxilolma tarixi, eyni zamanda işə daxilolma və işdənçıxma əmrinin tarixləri, nömrələri qeyd olunmamış, həmçinin işdənçıxma qeydində qaralama mövcud olmuş və möhür oxunaqlı vəziyyətdə deyil. Qeyd olunanlara əsasən həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. İddiaçıya ünvanlanan imtina məktubuna əsasən sözügedən dövrlər üzrə iddiaçının əməkhaqqı almağını təsdiq edən sənədlərin (əməkhaqqı arayışları və əmrlərdən çıxarışları) təqdimedildikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsi məsələsinə baxıla biləcəyi bildirilmişdir. Buna baxmayaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-3990/2025nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçının kolxozda işlədiyi müddətə dair əmək kitabçasının doldurulma qaydasının pozulması hazırki iddianın təminini istisna etmir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Belə ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Mübahisələndirilən dövrlə bağlı əmək kitabçasında qeyd edilən dövr ilə əlaqədar qaralamanın olması və əmrlərdə tarixlərin, eyni zamanda nömrələrin qeyd olunmaması, iddiaçının sərbəst iradəsinə əsaslanaraq həyata keçirilmiş hərəkətlər kimi qiymətləndirilə bilməz. Bu cür hallara görə məsuliyyət işəgötürən və onun müəyyən etdiyi səlahiyyətli şəxs tərəfindən daşımalıdır. İşəgötürən və ya səlahiyyətli şəxsin məsuliyyəttinin birbaşa iddiaçıya şamil edilməsi hüquqi baxımından əsasız hesab olunur. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirirlər ki, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanının 66-cı bəndinə əsasənəmrlər təqvimili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 3.2-ci maddəsinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Həmçinin qeyd edirik ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020–ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilətəsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraqməcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Yuxarıda qeyd edilən hallardan göründüyü kimi iddiaçıya məxsus müvafiq sənədlərin aşkar olunmadığı, məlumatların əks olunmadığı, mötəbər hesab edilməyən, həmçinin əməkhaqqı almadığı dövrlərin onun sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. Göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamış, əksinə müvafiq sənədlərin aşkar olunmamasını iddiaçının ziyanına qiymətləndirilməməli olması qənaətinə gəlmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)- 3990/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-3990/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə,müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının kolxozda işlədiyi müddətə dair əmək kitabçasının doldurulma qaydasının pozulması hazırki iddianın təminini istisna etmir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Belə ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Mübahisələndirilən dövrlə bağlı əmək kitabçasında qeyd edilən dövr ilə əlaqədar qaralamanın olması və əmrlərdə tarixlərin, eyni zamanda nömrələrin qeyd olunmaması, iddiaçının sərbəst iradəsinə əsaslanaraq həyata keçirilmiş hərəkətlər kimi qiymətləndirilə bilməz. Bu cür hallara görə məsuliyyət işəgötürən və onun müəyyən etdiyi səlahiyyətli şəxs tərəfindən daşımalıdır. İşəgötürən və ya səlahiyyətli şəxsin məsuliyyəttinin birbaşa iddiaçıya şamil edilməsi hüquqi baxımından əsasız hesab olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, əmək kitabçasında iddiaçının kolxozda işlədiyi müddətdə hər il tələb olunan adamgünü və onun işlədiyi günlərin sayı göstərilmişdir ki, bu da faktiki olaraq əmək kitabçasının doldurulma qaydasında qaralamalar olsa belə, həmin qeydlərin mötəbərliyini şübhə altına almır. Həmin müddətin staja daxil edilməsi ilə bağlı isə bildirilir ki, 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1962-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1962-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...iddiaçı M.X6 təqdim etdiyi sənədlərin surətlərinə əsasən ümumi sığorta stajı 22 il 11 ay təşkil edir. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 13 il 5 ay sığorta stajına uyğun olaraq 13519,27 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 7314 manat olmaqla, ümumilikdə 20833,27 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə pensiyasının təyin edilməsi mümkün olmamışdır. iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş 1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulmuş, işə daxilolma tarixi, eyni zamanda işə daxilolma və işdənçıxma əmrinin tarixləri, nömrələri qeyd olunmamış, həmçinin işdənçıxma qeydində qaralama mövcud olmuş və möhür oxunaqlı vəziyyətdə deyil. Qeyd olunanlara əsasən həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. ...” Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə tərkibi iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından əmək kitabçası, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin kitabçada nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Başqa sözlə, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar sübutun (iddiaçının əmək kitabçasının) qeyri-mötəbərliyi (saxtalığı), eyni zamanda iddianın əsassızlığı barədə nəticəyə gəlməyə əsas vermir. Bundan başqa, qeyd olunmalıdır ki, «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1962-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Məhkəmə tərkibi qeyd edir ki, minimum əmək iştirakı norması həmin illərdə 120 olmuşdur. Buna qarşılıq iddiaçı 1976-cı ildə 201 gün, 1977-ci ildə 195 gün, 1979-cu ildə 128 gün, 1981-ci ildə 215 gün, 1982-ci ildə 189 gün, 1983-cü ildə 122 gün işləmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli illərdə minimum əmək iştirakı normasından çox işləmişdir ki, həmin illər (6 il) tam şəkildə onun stajına daxil edilir. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı (22 il 11 ay) ilə iddiaçının mübahisəli əmək fəaliyyəti dövrü (6 il) toplandıqda onun qanunla tələb olunan 25 ildən artıq sığorta stajı mövcud olur (22 il 11 ay + 6 il = 28 il 11 ay). Bundan başqa, məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında İddiaçı izahatında qeyd etmişdir ki, X4, X8 və X5 onunla birgə “Şirazlı” kolxozunda işləmişlər. İddiaçı tərəfindən qeyd olunan halın araşdırılması məqsədilə cavabdehə müvafiq sorğu ünvanlanmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, X3 yaşa görə əmək pensiyası təyin edilərkən onun “Şirazlı kolxozunda” işlədiyi dövrlər onun sığorta stajına daxil edilmişdir. Eyni zamanda, iş materillarında X3 məxsus əmək kitabçasında (pensiya işi əlavə edilmişdir) işə daxilolma və işdənçıxma əmrinin tarixləri və nömrələri qeyd olunmamışdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirilmək, işdən çıxma barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əmək kitabçasında olan məlumatlara görə isə məhz işəgötürənin özü cavabdehlik daşıyır. Başqa sözlə desək, bu hal iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə eyni vaxtda "Şirazlı" kolxozunda çalışmış X3 yaşa görə əmək pensiyası təyin edilərkən, onun həmin kolxoza aid əmək fəaliyyəti dövrləri sosial sığorta stajı kimi nəzərə alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi qeyd edir ki, hazırkı halda cavabdeh tərəfindən iddiaçının “Şirazlı” kolxozunda işlədiyi dövrün mübahisə predmetinə çevrilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud şəkildə pozulmasıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli 2-1(112)-3990/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-3205/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3205/2025
18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver