Məhkəmə qərarları › İş №2-1(103)-321/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-321/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-321/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə2, iddiaçının və onun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1488/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, 1972-ci ildən əmək fəaliyyətinə bağlamış, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Bundan sonra müxtəlif təşkilatlarda davamlı və fasiləsiz olaraq əmək fəaliyyətini davam etdirmişdir. Sonuncu rəsmi iş yeri xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək BBTİ 7 saylı Tikinti Mexanizasiya İdarəsində (hazırkı adı Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7 ASC) avtoçilingər vəzifəsində işləmiş və sonda öz xahişi ilə işdən azad olunmuşdur. Bütün bunlar əmək kitabçasında əks olunmuşdur. 2022-ci ilin may ayında işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi ilə bağlı müraciət etsə də, cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə xahişi təmin edilməmişdir. Bununla da onun qanunla qorunan pensiya hüquqları kobud şəkildə pozulmuşdur. Əmək kitabçası ilə 25 ildən çox iş stajının olması öz təsdiqini tapdığından həmin dövr yaşa görə əmək pensiyasının təyin edilməsində sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Yaşa görə pensiya təyin olunması üçün 4 saylı DOST Mərkəzt vasitəsilə cavabdehə müraciət etmiş, sonununcnun **********4 nömrəli xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina edərək bildirmişdir ki, təqdim olunan sənədlərin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr) 18 il 7 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" ASC-də xx.xx.1992-ci il tarixindən xx.xx.1998ci il tarixinədək o, öz hesabına məzuniyyətdə olmuşdur...” Cavabdeh iddia ərizəsinə etirazında iddiaçıya ünvanladığı imtina məktubuna uyğun əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1488/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu 23 oktyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İstər köhnə, istərsə Vətəndaşların pensiya təminatı haqqında Qanunun 67-ci, istərsə də qüvvədə olan Əmək pensyaları haqqında” Qanunun 21-ci maddsinə əsasən sosial sığorta stajı kimi nəzərə alınan dövrlərin sırasında ödənişsiz məzuniyyət dövrü təsbit olunmamışdır. İddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək faktiki əmək fəaliyyəti öz təsdiqini tarpmamış, ödənişsiz məzuniyyətdə olmuş, əmək haqqı almamış, bu səbəbdən həmin dövrlər onun sığorta stajına daxil edilməmişdir.Həmin illərdə əmək haqqı alması sübuta yetirilmədiyindən ona pensiyatyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Qanunun 22-1-ci əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna və işdə olan sübutların qiymətlənirilməsində səhvə yol vermişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və qarşılıqlı yoxlama zamanı 1992- 1998-ci illərdə iddiaçının "xxxx" ASC-də əmək haqqı alması barədə məlumat aşkar edilmədiyini bildirərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 onunla razılaşmamış 1992-1998-ci illərdə atası (iddiaçı) ilə həmin müəssisədə birlikdə işləmiş X2 notarial qaydada ərizəsini və onun əmək kitabçasının surətini məhkəməyə təqdim edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir (İddiaçı 1992-1998-ci illərdə müəssədə işlədyini və ona əmək haqqı ödənildiyini bildirmişdir). ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. İddiaçının iş materiallarına əlavə olunmuş 21 may 1973-cü il tarixli əmək kitabçasına və ******* nömrəli hərbi biletin surətinə əsasən aşağıdakı kimi sığorta stajı müəyyən olunur: xx.xx.1972-xx.xx.1972: Mərkəzi tədris-kurs kombinatında təhsil - 3 ay 20 gün; xx.xx.1973-xx.xx.1973: Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi 41 saylı Tİ-də suvaqçırəngsaz – 5 ay 10 gün; xx.xx.1973-xx.xx.1974: 46 saylı Tİ-də 2-ci dərəcəli suvaqçı-rəngsaz – 1 il 19 gün; xx.xx.1974-xx.xx.1974: Bakı Baş Tikinti İdarəsi 7 saylı Tikinti Mexanizasiya İdarəsində qarajda 1-ci dərəcəli çilingər - 2 ay 14 gün; xx.xx.1974-xx.xx.1976: həqiqi hərbi xidmət – 2 il 22 gün; xx.xx.1977-xx.xx.1981: Bakı Baş Tikinti İdarəsi 7 saylı Tikinti Mexanizasiya İdarəsində avtoçilingər-4 il 5 ay 15 gün; xx.xx.1981- xx.xx.1988: həmin İdarədə birinci dərəcəli mexanik- 6 il 6 ay 16 gün; xx.xx.1988-xx.xx.1988: “Azərbaycan Mənzillərə Texniki Xidmət” Təmir İstehsalat Birliyinin Buraxılış -Sazlama İdarəsində təchizat üzrə mühəndis - 2ay 10 gün; xx.xx.1988-xx.xx.1988: Bakı Baş Tikinti İdarəsi 7 saylı Tikinti Mexanizasiya İdarəsində dördüncü dərəcəli avtoçilingər – 2 ay 26 gün; xx.xx.1988-xx.xx.1998-ci il tarixlərdə həmin İdarədə mexanik – 10 il 1 ay. Beləliklə də, iddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun ümumi stajı 25 il 7 ay 22 gün təşkil edir. Lakin işin mübahisələndirilən hallarından göründüyü kimi, konkret halda cavabdeh iddiaçının Bakı Baş Tikinti İdarəsi 7 saylı Tikinti Mexanizasiya İdarəsində işlədiyi dövrün xx.xx.1992 xx.xx.1998-ci il illərdə əmək haqqı alması barədə məlumat aşkar edilmədiyini əsas tutraq həmin dövrdə onun ödənişsiz məzuniyyətdə olduğunu güman edərək, sığorta stajı kimi qəbul edilməsini mümkünsüz sayır. Məhkəmə kolegiyası bununla razılaşmayaraq hesab edir ki, cavabdehin qeyd olunan əsasla iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrünün onun sığorta stajına daxil etməməsi əsassızdır. Birincisi, mübahisələndirilən dövr «Əmək pensiyları haqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənə qədər olan dövrü əhatə edir. Həmin vaxt (xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinin 1-ci hissəsi isə nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçası tədqiq olunduqda isə onun həmin müəssisəyə hələ xx.xx.1988ci il tarixdə, yəni, Sovet İttifaqı dönəmində işə qəbul olunduğu, işdən azad edilməsi isə artıq Azərbaycan Respublikasının müstəqillilik dövrünə, yəni, xx.xx.1998-ci il tarixinə təsadüf edir. Qeydlərdə işlədiyi müəssisənin adı, hansı vəzifəyə təyin olunması, müvafiq əmrlərin nömrəsi və tarixi təsbit olunmuşdur. Qeydlərin həqiqiliyi müəssisənin səlahiyyətli şəxsinin imzası və dairəvi möhürü ilə təsdiq olunmuş, həqiqliyini şübhə altına ala bilən qaralama və düzəlişlər mövcud deyil, həmin hissədə vərəqin tamlığı pozulmamışdır. Başqa sözlə, mübahisələndirən qeydləri yazılışı tərtibatına görə şübhə altına ala bilən halların mövcudluğu müəyyən edilmir. Digər tərəfdən, həmin müəssisədən (Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7” ASC-dən əldə olunmuş sənədə) arxiv əmrlərinə əsasən müəyyyən olunmuşdur ki, müəssisə rəhəbərinin 9 sentyabr 1992-ci il tarixli əmrinə (No80-k) əsasən 5 nömrəli sahənin mexaniki işləyən iddiaçı 24 gün müddətinə növbəti əmək məzuniyyətinə buraxılmış, hətta məzuniyyətdən 5 gün gec qayıtdığına görə ona ona müssəsiə rəhbərinin 12 oktyabr 1992ci il tarixli əmri ilə (No34-OK) töhmət də verilmiş və o, yalnız ərizəsi əsasında öz xahişi ilə müəssisə rəhbərin 01 sentyabr 1998-ci il tarixli (No15/C1998) əmrinə əsasən işdən azad edilmişdir. İddiaçının işlədiyi "xxxx" ASC-nin indiki rəhbərliyi tərəfindən məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış 05No-li xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ASC-nin arxivində iddiaçının 1992-1998-ci illərdə öz hesabına məzuniyyətdə olması barədə heç bir sənəd, habelə əmək haqqı cədvəllərində heç bir məlumat yoxdur. Göründüyü kimi, iddiaçının konkret olaraq ödnəişsiz məzuniyyətdə olması barədə heç bir məlumat mövcud olmadığı halda, cavabdeh orqan əsassız olaraq mütləq ifadə formasında bildirir ki, həmin dövrdə iddiaçı ödənişsiz məzuniyyətdə olmuşdur. Onu da qeyd etmək lazımdır ki, hazırkı mərhələdə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş, “X3” adında şəxs notarial qaydada təsdiq olunmuş ərizəsində İddiaçı onunla birlikdə xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək həmin müəssisədə işlədyini təsdiq etmişdir. Onun həmin ərizəsinə əlavə edilmiş əmək kitabçasının surətindən də görünür ki, Y.M.Quliyev həqiqətən də xx.xx.1988-ci il tarixdən xx.xx.2001-ci il tarixə qədər iddiaçının mexanik kimi çalışdığı ASC-də 5 nömrəli sahədə ”sahə rəisi” vəzifəsini icra etmişdir (İddiaçının nümayəndəsi hazırkı məhkəmə iclasında bildirmişdir ki, Y.Quliyevin ağır yataq xəstəsi olduğundan məhkəməyə gətirmək mümnkün olmamışdır) Beləliklə də tədiq olunan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən 1992-1998-ci illər üzrə iddiaçının sözügedən müssisədə əmək fəaliyyətinin onun sığorta stajı kimi nəzərə alınmaması əsassız olmuşdur Ən azından ,“İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bundan əlavə qeyd olunmalıdır ki, həmin vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Eyni zamanda, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçası üzrə 1992-1998-cü illər üzrə onun əmək fəaliyyəti onun ümumi iş stajı kimi nəzərə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda isə cavabdeh tərəfindən həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsindən imtina olunması qanunsuzdır və onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, məhkəmə qərar qəbul edərkən sübutların qiymətləndirilməsində, habelə maddi və prosessual hüquq normalarının təbiqndə səhvə yol verdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1488/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1488/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar