Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3210/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Təvəkkül oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-433/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan birinci icraat X8 16 iyul 2018-ci il tarixdə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi onun və ailə üzvlərinin faktiki istifadəsindədir. Həmçinin, torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər də mövcuddur. Odur ki, cavabdehin imtinası qanunsuz sayılmaqla, iddia təmin edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: X17) 19 noyabr 2019-cu il tarixli, 2- 1(82)-171/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, X3 Bakı şəhəri, Xaşa-Xuna bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 255 b saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X18 və X13) 4 avqust 2020-ci il tarixli, 2-1(103)-769/2020 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə sözügedən torpaq sahəsinin başqa şəxsə məxsus olub-olmaması məsələsinin araşdırılması məqsədi ilə işi təkrar baxışa göndərmişdir. Birinci instansiya məhkəməsində ikinci icraat Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu Nadir Vədətovun 58 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna, ölüm haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətlərinə əsasən, X8 xx.xx.2022-ci ildə vəfat etmişdir və onun qanun üzrə vərəsəsi oğlu X7r. İddiaçı X8 xx.xx.2022-ci il tarixdə öldüyündən onun qanun üzrə vərəsəsi olan X11 iş üzrə iddiaçı qismində tanınmışdır. İddiaçı X12 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, atası X4 Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və Park-Bağ və X2 Birliyi ilə bağlanmış 14 dekabr 2004-cü il tarixli 33766 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanda yerləşən sahəsi 0.12 ha torpaq sahəsi olan 255B saylı bağ sahəsi verilmişdir. Atası xx.xx.2022-ci ildə vəfat etmişdir. Odur ki, atasına ayrılmış həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı yaranmış zəruriyyətlə əlaqədar torpaq sahəsinin mərhum atasına məxsus olmasına dair arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-433/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim: X9) 07 aprel 2022-ci il tarixli, 2-1(112)-433/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisində 0.12 ha torpaq sahəsinin göstərildiyi 33766 saylı müqavilə əsasında 255B saylı bağ sahəsinə dair hüquqların iddiaçının mərhum atası X4 məxsus olması barədə iddiaçı X5 adına arayış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən, bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin başqa şəxsin sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 6-cı bəndi və "xxxx" ASC-nin çıxarış verilməsinə etiraz etməməsi nəzərə alındıqda, iddianın təmin edilməsi mümkündür. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci və kassasiya instansiya məhkəməsində aparılan icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X10 və X22) 15 dekabr 2022-ci il tarixli, 2-1(103)-2661/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 7 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçı bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir və cavabdehin istinad etdiyi uyğunsuzluq (torpaq sahəsinin faktiki 1091 kv.m. təşkil etməsi) iddiaçının iradəsindən asılı olan hal deyildir. Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması və reyestrin dəqiqliyinin təmin edilməsi cavabdehin öhdəliyidir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəmədinin İnzibati Kollegiyasının 2-1(102)- 1005/2023 nömrəli, xx.xx.2023-cü il il tarixli qərarı ilə, cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(103)-2661/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar baxış zamanı apellyasiya instansiya məhkəməsinin mövqeyi Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu, təmin edilməməsini, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Apelyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: 1-Mübahisəli bağ sahəsi nömrəsi bağların bölğüsünə dair sxematik xəritədə aşkar edilməmişdir; 2-Göstərilən bağ sahəsinin bir hissəsi yüksək gərginlikli (35 kV) elektrik xəttinin mühafizə zonasına düşür; 3- Bağ sahəsinin faktiki ölcüsü 1091 kv.m təşkil edir. Apelyasiya şikayətinin birinci dəlili ilə bağlı kassasiya instansiya məhkəməsi də qərarında qeyd etmişdir ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi ilk növbədə iddia tələbinin hüquqi əsasını təşkil edən sənədlərin mötəbərliliyini müəyyən etmək üçün müvafiq sorğular verməli (cavabdehə, icra hakimiyyəti orqanlarına, arxiv idarələrinə və sair), iddiaçıya ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədləri əldə etməli (bağlar massivinin ayrıc aktı, sxematik xəritə, iddiaçıya bağ sahəsinin ayrılması və təhvil verilməsi barədə sənədlər və sair), ayrılmış torpaq sahəsinin yerini və müqavilədə göstərilən bağ sahəsinin sxematik xəritədə əks olunub-olunmamasını müəyyən etməlidir. Bununla yanaşı, iddiaçının iddia etdiyi torpaq sahəsinin bağ massivinin hüdudları daxilində yerləşməsi, o cümlədən torpaq sahəsinin faktiki Xəzər rayonu, yaxud Abşeron rayonu ərazisində olması istiqamətində də araşdırma aparmalıdır. Başqa sözlə, iddiaçıya hüquqmüəyyənedici sənədlərlə ayrılmış torpaq sahəsinin yerini dəqiqləşdirməlidir. Məhkəmə kollegiyası yuxarı instansiya olan kassasiya instansiya məhkəməsinin qərarında qeyd etdiyi göstərişlərinə əsasən ziddiyyətli məqamları araşdıraraq aşağıdakı nəticəyə gəlir: Kassasiya instansiya məhkəməsinin əsas göstərişlərindən biri torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədlərin əldə olunması, ayrılmış torpaq sahəsinin yerini və müqavilədə göstərilən bağ sahəsinin sxematik xəritədə əks olunub-olunmamasını müəyyən edilməsi ilə bağlı olmuşdur. Sxematik xəritənin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğuya cavab olaraq cavabdeh bildirmişdir ki, Xaşa-Xuna ərazisində yerləşən 255B saylı bağ sahəsi sxematik xəritədə aşkar edilməmişdir. Daha sonra məhkəmənin tələbi ilə cavabdeh tərəfindən məhkəmə iclasında Xaşa-Xuna bağ sahəsinin yerləşmə sxemi təqdim edilmişdir. Həmin yerləşmə sxemə və cavabdeh tərəfindən təqdim edilmiş ortofotoya baxış keçirildikdən sonra müəyyən edilmişdir ki, bağlara aid torpaq sahəsi yolun solunda yerləşir. Mabahisəli bağ sahəsi isə bağ sahələrinin yerləşdiyi sahədə deyil, yolun sağ tərəfində yerləşir. Həm də, 255 saylı bağ sahəsi sxematik xəritədə öz əksini tapsa da, 255 B saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Mübahisəli bağ sahəsinin bağlara aid torpaq sahəsindən kənarda yerləşməsi dolayısı ilə cavabdeh tərəfindən təqdim edilmiş arxiv sənədləri ilə də təsdiq olunur. Qeyd edilən arxiv sənədlərindən müəyyən olunur ki, X4 bağ sahəsinin ayrılması Əzizbəyov RPİ-nin 1-ci PB-nin rəisinin 23 noyabr 2004-cü il tarixli müraciəti əsasında olmuşdur. Həmin məktubda T.D.Şahbazovun bağ sahəsi olmadığını və qabaqcıl polis sahə inspektoru olmasını nəzərə alaraq, uzun müddət istifadə etdiyi bağ sahəsinin onun adına sənədləşməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Bundan sonra X8 26 noyabr 2004-cü il tarixli ərizə ilə X6 və İstismarı Birliyinə müraciət edərək, Əzizbəyov rayonu Qalal qəsəbəsi Xaşa-Xuna bağ massivində uzun istifadə etdiyi bağ sahəsinin onun adına bağ kimi sənədləşdirilməsini xahiş etmişdir. Göründüyü kimi ki, X3 X6 və İstismarı Birliyinə müraciəti ona bağ sahəsinin ilkin ayrılması barədə deyil, uzun müddətdir ki, istifadə etdiyi bağ sahəsinin onun adına sənədləşdirlməsi barədə olmuşdur. X3 ərizəsinə əlavə olunan Arxiv sənədlərindəki qonşuların ərizələrindən də görünür ki, polis mayoru X8 uzun müddətdir ki, yolun sağ tərəfində olan boş sahədən bağ sahəsi kimi istifadə edir. İşin bu halı da onu təsdiq edir ki, mübahisəli bağ sahəsi, yolun sol tərəfində yerləşən bağlara aid torpaq sahəsindən deyil, yolun əks tərəfində yerləşir. Onu da qeyd etmək lazımdır ki, yolun sağ tərəfində mübahisəli bağ sahəsindən başqa diğər bağ sahəsinin olması iş materiallarından müəyyən olunmur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Qeyd edilən normalara əsasən torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdehin vəzifələrinə aid edilmişdir. Belə olan halda, sxematik xəritədə öz əksini tapmayan, bağlara aid torpaq sahəsindən kənarda yerləşən bağ sahəsinə münasibətdə uyğunsuzluğun aradan qaldırılması halı da mövcud deyildir. Cavabdehin imtinasının diğər dəlilləri öz təsdiqinin tapmasa da, yuxarıda qeyd edildiyi kimi iddiacı faktiki olaraq “yerləşmə vəziyyətinə görə” bağ sahəsinə aid olmayan digər torpaq sahəsinə iddia etdiyinə görə iddia tələbi təmin oluna bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bunları etməmiş, iddiaçının təqdim etdiyi sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə uyğun olması əsası ilə iddianı təmin edərək icra edilmək keyfiyyətinə malik olmayan əsassız qərar qəbul etmişdir. İnzibati-Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki iş üzrə inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğu öz təsdiqini tapmış, iddiaçı isə bunun əksini iddia etsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-433/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçının iddia tələbi təmin edilməsin. İddiaçıdan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3210/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3210/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver