Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3210/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə giriş-çıxış yolunun müəyyən edilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2152/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən, **********972 reyestr nömrəsi ilə qeydiyyata alınmış, daşınmaz əmlakın dövlət reyestri orqanının xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyətində olan 0,02912 ha ölçülü torpaq sahəsinin yol infrastrukturuna giriş-çıxış yolunun (yolun yerinin/mövqeyinin, sahəsinin, konfiqurasiyasının) texniki sənədlərdə əks olunmaqla yerində müəyyən edilməsi/təqdim edilməsi vəzifəsinin/öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən, **********972 reyestr nömrəsi ilə qeydiyyata alınmış, daşınmaz əmlakın dövlət reyestri orqanının xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyətində olan 0,02912 ha ölçülü torpaq sahəsinin texniki sənədində - “Torpaq sahəsinin planı və ölçüsü” sənədində həmin torpaq sahəsinin nəqliyyat infrastrukturuna giriş-çıxış yolunun göstərilməməsi ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılması (sözügedən torpaq sahəsini nəqliyyat infrastrukturu obyektlərinə - küçəyə və avtomobil yollarına bağlayan sahənin göstərilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən **********972 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0,02912 ha ölçülü torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri orqanının xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən onun xüsusi mülkiyyətindədir. 2013-cü il tarixində torpaq sahəsini ilkin hüquq sahibindən alarkən torpaq sahənin sərbəst giriş-çıxışı, yol infrastrukturu ilə birbaşa əlaqəsi var idi. Bundan əvvəl hüquq sahibi olan X9 Badamdar Bələdiyyəsi tərəfindən verilmiş sxemdə də bu torpaq sahəsinin yol infrastrukturuna çıxışı olmuşdur. Sonradan onlar yaxın qohumu ilə birlikdə həmin torpağı almış, öz aralarında bölmüşlər. Bölgüdən sonra hər birinə 3 sota yaxın torpaq sahəsi ayrılıb, bunlar özü-özlüyündə ayrıca daşınmaz əmlak obyekti olublar, indi də ayrıdırlar. Digər 3 sotun sahibinin küçəyə çıxışı olmuş, onun özünün də ayrıca çıxışı vardı. Son dövrlərə qədər 3 tərəfdən qonşu ilə əhatə olunmuş torpaq sahəsi bir tərəfdən açıq idi, iddiaçı buradan torpaq sahəsinə giriş-çıxış olaraq istifadə edirdi. Bir müddət əvvəl torpaq sahəsinə baş çəkməyə gedərkən məlum olmuşdur ki, torpaq sahəsinin giriş-çıxış yolu qonşuluqda torpaq sahəsi alan Aidə Bəndəliyeva ad-soyadlı şəxs tərəfindən onun özünün dediyinə görə öz adına sənədləşdirilmişdir, bu üzdən onun girişçıxış sahəsi bağlanmışdır. Aidə Bəndəliyeva ona "öz sahəsindən” giriş-çıxış kimi istifadə etməyi də qadağan etmiş, məsələni reyestr orqanında həll etməyi bildirmişdir. Aidiyyəti orqanlara (bələdiyyə, icra hakimiyyəti və s.) müraciət edib onların nümayəndələrini əraziyə dəvət edərkən də Aidə Bəndəliyeva bildirmişdir ki, o, torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış/tanıtdırmış, ona müvafiq çıxarış və texniki sənəd verilmişdir. Halhazırda iddiaçı öz torpaq sahəsinə daxil ola, buradan istifadə edə bilmir, çünki torpaq sahəsinin giriş-çıxış yolları Aidə Bəndəliyevanın adına sənədləşdirilmiş torpaq sahəsi ərazisi ilə bağlanmışdır. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2021-ci il tarixli, **********33 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli, **********06 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən 590 kv.m torpaq sahəsi ilkin olaraq X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan özgəninkiləşdirilmişdir. Həmçinin xx.xx.2013-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi və bölgü sxemi əsasında torpaq sahəsinin 0.02912 ha hissəsi İddiaçı, 0.02988 ha hissəsi isə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bölünən sahələrə giriş-çıxış yolu sahənin şərq tərəfindən olmuşdur. Həmçinin, torpaq sahəsinin mövcud vəziyyətdə girişçıxış yolunun kim tərəfindən bağlanılması və bərpa edilməsi məsələsinin araşdırılması idarənin səlahiyyətləri xaricindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2152/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını düzgün araşdırmamış və sübutları, dəlilləri düzgün qiymətləndirməmiş, qanunvericiliyi düzgün şərh və tətbiq etməmişdir. Hakimin istinad etdiyi normalar onun gəldiyi nəticəni nəinki təsdiq etmir, əksinə təkzib edir. Məhkəmə zamanı hakim bir neçə dəfə bildirmiş və bunu qərarında da əks etdirmişdir ki, cavabdeh yol göstərən orqan deyildir. Aşağıda qeyd edəcəyi qanunvericilik aktı normaları isə təsdiq edir ki, 1 saylı Bakı Ərazi İdarəsi ərazi dislokasiyası üzrə qeydiyyata alınan torpaq sahələrinin avtomobil yollarına çıxışını və girişçıxış küçələrini həm müəyyən edən, eləcə də bunları texniki sənədlərdə əks etdirən, buna bilavasitə cavabdeh olan orqandır. Ona verilmiş texniki sənəddə cavabdeh orqan texniki səhvə etmiş, yol infrastrukturuna giriş-çıxışını göstərməmişdir. İlkin olaraq ərizə ilə cavabdeh orqana müraciət edərkən bu texniki səhvin aradan qaldırılmasını xahiş etmiş, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, belə bir texniki səhv vardır, belə ki, onun yol infrastrukturuna giriş-çıxışı bəlli deyildir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, onun torpaq sahəsinin yol infrastrukturuna çıxışı texniki sənəd olan "torpaq sahəsinin planı və sənədi”ndə əks olunmuş "torpaq sahəsinin planı (cizgisi)" sxemində və "torpaq sahəsinin rəqəmli kadastr xəritəsindən çıxarış” da göstərilməli idi, lakin göstərilməmişdir. Hakim qərarında, həmçinin qənaətini əsaslandırmaq və iddia tələbini rədd etmək üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinə istinad etmişdir. Halbuki, bu norma da hakimin qənaətinin əksinədir. Bu isə o deməkdir ki, hakim normanı düzgün tətbiq etməmişdir, yaxud da düzgün şərh etməmişdir. Belə ki, həmin maddənin 1-ci bəndində göstərilir ki, "Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.". Göründüyü kimi yerquruluşu planında əks olunmalı olan elementlərdən biri də "yollar”dır. Bunu isə torpaq sahəsinin inventarlaşdırılmasını aparan orqan, yəni cavabdeh orqan həyata keçirir. Cavabdeh orqan qeydiyyat orqanı ilə bərabər, həm də yerquruluşu orqanıdır. Belə ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını həyata keçirir, müraciət edən şəxsə (hüquq sahibinə) plan-ölçü sənədi verir. Bunu hakim də gətirdiyi normalarla təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti) tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir( 1 -ci bənd). Yerquruluşu planı tərtib edilərkən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması həyata keçirilərkən isə cavabdeh orqanın vəzifəsi budur ki, ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar və digər obyektlər), eləcə də yolları şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə tərtib etsin, obyektin yollarla bağlılığını, əlaqəsini xəritədə əks etdirsin. Bu xəritəni də torpaq sahəsinin planı və ölçüsündə əks etdirsin. 2013-cü il tarixində torpaq sahəsini ilkin hüquq sahibindən alarkən torpaq sahəsinin sərbəst giriş-çıxışı, yol infrastrukturu ilə birbaşa əlaqəsi var idi. Hal-hazırda isə onlar hər tərəfdən hasara alınmış və sərhədlə qapanmış, əhatəyə alınmışlar, nəqliyyat infrastrukturu obyektinə/obyektlərinə çıxışları bəlli deyildir. Cavabdeh orqan ona və həmçinin qonşu sahiblərə (torpaq sahələri qeydiyyata alınmış hüquq sahiblərinə) müvafiq sənədlər verərkən nəqliyyat infrastrukturu obyektləri müəyyən olunmalı, texniki sənədlərdə əks olunmalı idi ki, aralarında mübahisə düşməsin, yaxud mübahisə yaranarsa, bunu həll etmək mümkün olsun. İş materiallarında olan, ona məxsus torpaq sahəsinin texniki sənədlərindən isə görünür ki, sahənin nəqliyyat infrastrukturuna bağlı olduğu obyektin adı - küçələr və avtomobil yolları (adları) göstərilməmişdir. Bu səbəbdən hal-hazırda yola çıxışımın müəyyən edilməsində çətinliklər yaranmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -65-ci maddəsinə əsasən: -1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. -2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. -5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. -6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. -7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. -8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. -9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. -68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinə əsasən: 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və X18nın tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nə əsasən: - bənd 1. Bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir. -bənd 4. Plan və ölçüdə aşağıdakılar göstərilir: 4.1. Dövlət Xidmətinin, habelə onun tabeliyində olan qurumun adı; 4.2. torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi; 4.3. torpaq sahəsi üzərində hüquq sahibi haqqında məlumat: 4.3.1. fiziki şəxs olduqda - soyadı, adı, atasının adı; 4.3.2. hüquqi şəxs olduqda - tam adı (o cümlədən təşkilati-hüquqi forması); 4.4. torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı); 4.5. torpaq sahəsinin mülkiyyət növü; 4.6. torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü; 4.7. torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi; 4.8. torpaq sahəsinin hüquq-müəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla); 4.9. torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla); 4.10. torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat; 4.11. plan və ölçünün tərtib edilməsi üçün əsas olan sənədin rekvizitləri; 4.12. plan və ölçünün tərtib edilməsi tarixi; 4.13. torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); 4.14. torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; 4.15. torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; 4.16. şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri); 4.17. torpaq sahəsinin qonşu sərhədləri; 4.18. torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı; 4.19. plan və ölçünün X18 Kitabında uçota alındığı nömrə və tarix (üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair tərtib edilən plan və ölçü istisna olmaqla); - bənd 5. Bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur. - bənd 6. Plan və ölçü yaşayış məntəqələri hüdudlarında yerləşən torpaq sahələri üzrə tərtib edildikdə, blankın arxa tərəfinin sol hissəsindəki göstəricilər doldurulur, digər torpaq sahələri (o cümlədən, kənd təsərrüfatı təyinatlı torpaqlar) üzrə tərtib edildikdə arxa tərəfinin sağ hissəsindəki göstəricilər doldurulur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan: - Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 190 saylı qərarından görünür ki, Badamdar qəsəbəsi İİİ yaşayış massivində olan 600,0 kv. m torpaq sahəsinin alqı-satqı yolu ilə X2 qərara alınmışdır. -xx.xx.2007-ci il tarixli A №002599 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 190 saylı qərarı ilə 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün X9 ayrılmış 600 kv.metr torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. -xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.059 ha torpaq sahəsinə X7 mülkiyyət hüququ qeydə alınmışdır. - xx.xx.2013-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X14 Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanda yerləşən 0.0590 ha torpaq sahəsini alıcı X1, daha sonra xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini X3 Musa Hidayət oğlunun mülkiyyətinə vermişdir. - xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 04/831 qeydiyyatlı arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanda yerləşən 0,059 ha torpaq sahəsindən 0,02912 ha torpaq sahəsini alıcı İddiaçı; 0,02988 ha torpaq sahəsini isə alıcı X8 mülkiyyətinə vermişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,2912 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınaraq ona xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. - xx.xx.2013-cü il tarixdə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. - xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 291,2 kv.metr torpaq sahəsinin üzərində tikili yoxdur, üç tərəfdən elektron xəritə məlumatına əsasən reyestrdən qeydiyyatdan keçmiş sahələrlə, bir tərəfdən (yol tərəfdən) reyestrdə qeydiyyata alınmamış fərdi evlər və həyət sahələri ilə əhatələnib. Faktiki olaraq ərizəçinin sahəsinə yol yoxdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolunun olmadığını bildirərək “Torpaq sahəsinin planı və ölçüsü” sənədində həmin torpaq sahəsinin nəqliyyat infrastrukturuna giriş-çıxış yolunun göstərilməməsi ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılmasını, yəni sözügedən torpaq sahəsini nəqliyyat infrastrukturu obyektlərinə - küçəyə və avtomobil yollarına bağlayan sahənin göstərilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtina əsası kimi o hallara istinad etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən 590 kv.m torpaq sahəsi ilkin olaraq X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan özgəninkiləşdirilmişdir. Həmçinin xx.xx.2013-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi və bölgü sxemi əsasında torpaq sahəsinin 0.02912 ha hissəsi İddiaçı, 0.02988 ha hissəsi isə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bölünən sahələrə giriş-çıxış yolu sahənin şərq tərəfindən olmuşdur. Həmçinin, torpaq sahəsinin mövcud vəziyyətdə giriş-çıxış yolunun kim tərəfindən bağlanılması və bərpa edilməsi məsələsinin araşdırılması idarənin səlahiyyətləri xaricindədir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası, eyni zamanda buna bağlı olaraq birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının məzmunundan aydın olur ki, torpaq sahəsinin planı və ölçüsü torpaq sahəsi barəsində yuxarıda qeyd olunan məlumatları əks etdirən texniki sənəddir. İddiaçı hazırda ona məxsus torpaq sahəsinə giriş-çıxış yolunun digər şəxslər tərəfindən zəbt olunduğunu, buna görə də torpaq sahəsinə daxil ola bilmədiyini iddia edərək, cavabdehdən ona məxsus torpaq sahəsinə giriş çıxış yolunun yerinin müəyyən edilməsini və bunun torpaq sahəsinin planı və ölçüsündə əks olunmasını xahiş etsə də, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, cavabdehin qanunvericilikdən irəli gələn belə bir fəaliyyət istiqaməti və ya vəzifəsi mövcud deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, AR Mülki Məcəlləsinin 255.1-ci maddəsinə əsasən, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Eyni zamanda, Məcəllənin 255.2-ci maddəsinə əsasən, daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən isə servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Həmçinin servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır (MM-nin 255.7-ci maddəsi). İşdə olan xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin bağlanması zamanı iddiaçı və X15 arasında tərtib edilmiş Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinin bölgüsündən görünür ki, X17 tərəfindən onlara satılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanda yerləşən 0,059 ha torpaq sahəsindən İddiaçı verilən 0,02912 ha torpaq sahəsi və X11 verilən 0,02988 ha torpaq sahəsi, həmin torpaq sahələrinə yol tərəfdən giriş olması qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin iddiaçıya izah edilmişdir ki, iddiaçı həmin sahənin hazırda başqa şəxsin sahibliyində olmasını iddia edirsə, onun Mülki Məcəllənin 158.1.3-cü maddəsinə uyğun olaraq həmin sahəyə servitut hüququ vardır. Bununla da, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2152/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-3210/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3210/2024
18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver