Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3210/2025 26.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair işi üzrə Açar sözlər: (siyahıya alınmış əmlakın satılması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2- 1(112)-5451/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları -Vergi borcunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli, **********4 saylı bildirişdən görünür ki, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixə olan ümumilikdə 1,574.87 manat məbləğində borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. -Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-nin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli, **********2 saylı qərar qəbul edilmişdir. -“Əmlakın siyahıya alınması haqqında” xx.xx.2024-cü il tarixli, **********2 saylı protokoldan görünür ki, Cavabdeh MMC-nin əmlakının siyahıya alınmasına dair xx.xx.2024-ci il tarixli Qərara əsasən X2 ibarət müşahidəçilərin iştirakı ilə (hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan) Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən əmlakların siyahıya alınması həyata keçirilmişdir. Vergi ödəyicisinin nümayəndəsi əmlakın siyahıya alınmasında iştirak etməmişdir. -Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli Protokola 14 saylı əlavədən görünür ki, Cavabdeh MMC-yə məxsus dəyəri 15000 manat olan, 1 ədəd “MİTSUBİSHİ L200 MİNİK” markalı, **-PC-*** nömrə nişanlı nəqliyyat vasitəsi siyahıya alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 1574.87 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vastəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi üçün cavabdehə bildiriş verilmiş, lakin borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli Qərar qəbul edilmişdir. Qərar əsasında cavabdehin xx.xx.2024-cü il tarixə yaranan 1574.87 manat məbləğində borcuna görə 15000 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2024-cü il tarixli **********2 saylı Protokol tərtib edilmiş, siyahıya alınmış əmlakın siyahısı Protokola əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğlərindən dövlət büdcəsinə 1587.87 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-1(112)-5451/2025 nömrəli qərarı ilə (hakim Tural Məlikov) iddia tələbi təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-1(112)-5451/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Vergi Məcəlləsi ilə ona verilmiş hüquqdan istifadə edərək vergi ödəyicisinin borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus olan əmlakın siyahıya alınması üçün xx.xx.2024-cü il tarixli **********2 nömrəli qərar çıxarmış və həmin qərar əsasında xx.xx.2024-cü il tarixli **********2 nömrəli protokolla vergi ödəyicisinə məxsus “Mıtsubıshı L200 minik” markalı, **-PC-*** nömrə nişanlı 15000 manat dəyərində avtonəqliyyat vasitəsini siyahıya almış və protokol və digər sənədlər vergi ödəyicisinə göndərilmişdir. Məhkəmənin qərarında istinad etdiyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bağlı qeyd edirik ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda Cavabdeh MMC-nin adında qeydiyyatda olan nəqliyyat vasitəsinin olmadığı qeyd olunmuşdur. Tərəfimizdən məhkəməyə təqdim olunmuş Cəmiyyətə məxsus avtomobil barədə məlumatlardan göründüyü kimi, “Mıtsubıshı L200 minik” markalı, **-PC- *** nömrə nişanlı avtomobilin sahibi qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət(VÖEN: **********) qeyd olunmuşdur. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2021-ci il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək Cavabdeh kimi müəyyən edilmiş, Cavabdeh MMC-nin yeni nizamnaməsi qəbul olunmuşdur. Belə olan halda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi qalmaqla Cəmiyyətin adı dəyişdirildiyindən “Mıtsubıshı L200 minik” markalı, **-PC-*** nömrə nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə qeydiyyata alınarkən əmlakın sahibi qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunduğundan, həmin avtomobil Cavabdeh MMC-nin mülkiyyətində sayılmalıdır. Çünki Cavabdeh MMC və "xxxx" MMC eyni hüquqi şəxslərdir. Məhkəmə aidiyyəti dövlət orqanına Cavabdeh MMC-ninmülkiyyətində olan avtomobillər barədə məlumatın verilməsi barədə sorğu verdiyindən və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsində sözügedən avtonəqliyyat vasitəsinin sahibi qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunduğundan həmin qurum tərəfindən Cavabdeh MMC-nin mülkiyyətində nəqliyyat vasitəsinin olmadığı barədə məlumat verilmişdir. Bu səbəbdən də Bakı İnzibati Məhkəməsi kifayət qədər araşdırma aparmayaraq vergi orqanının iddiasını rədd etmişdir. Məhkəmə vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmuş sənəddə “Mıtsubıshı L200 minik” markalı, **-PC-*** nömrə nişanlı avtomobilin mülkiyyətçisi qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunduğuna və həmin cəmiyyətlə Cavabdeh MMC-nin eyni hüquqi şəxs olduğuna (vergi ödəyicisinin eyniləşdirmə nömrələri eynidir) diqqət yetirməmiş, bu səbəbdən də iş üzrə doğru olmayan nəticəyə gəlmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62-ci maddəsinə əsasən tərəflərin nümayəndələrinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 393 №-li Fərmanına əsasən “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Bu səbəbdən şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2024cü il tarixə İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 1574.87 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vastəsilə satılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı vergi orqanı tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixə yaranan İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 1574.87 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehin mülkiyyətində olduğunu hesab etdiyi “Mitsubishi L200 minik” markalı, **- PC-*** nömrə nişanlı 15000 manat dəyərində avtonəqliyyat vasitəsi siyahıya alınmış və cavabdeh tərəfindən borc ödənilmədiyindən vergi orqanı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iş materiallarından göründüyü kimi, səlahiyyətli qurumdan alınmış məlumata əsasən Cavabdeh MMC-nin mülkiyyətində sözügedən avtonəqliyyat vasitəsi aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, siyahıya alınmış əmlak cavabdehin mülkiyyətində olmadığına və iddiaçı tərəfindən də bu halın əksini sübut edən hər hansı dəlil təqdim edilmədiyinə görə iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi razılaşmır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İlk növbədə qeyd etmək lazımdır ki, məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 27 oktyabr 2025-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) təsisçilərinin 16 mart 2021-ci il tarixli qərarına əsasən cəmiyyətin adı dəyişdirilərək Cavabdeh kimi müəyyən edilmişdir. Vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən, "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyəti hazırda aktivdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis idarəsinin 28 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, “Mitsubishi L200 minik” markalı, **-PC-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-nin adına qeydiyyatdadır. Bundan başqa, məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqandan aşağıdakı məlumat və sənədlərin təqdim edilməsi xahiş olunmuşdur: 1) Cavabdeh bank hesablarına sərəncam qoyulmuşdurmu? 2) Vergi orqanının uçot-baza məlumatlarında sahibkarlıq fəaliyyətində istifadə edilən digər əmlak, təsərrüfat subyekti və ya avadanlıqların olub-olmaması ilə bağlı araşdırma aparılmışdırmı? 3) Vergi Məcəlləsinin 89.3-cü göstərilən ardıcıllığa riayət olunmuşdurmu? 4) Vergi ödəyicisi “siyahıya alınma barədə” qərarın qəbul edilməsindən, 30 gün keçdikdən sonra vergi öhdəliyini yerinə yetirmişdirmi? 5) Həmin qərar qəbul edilənədək vergi borcu dəqiq nə qədər olmuşdur? Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22 dekabr 2025-ci il tarixli cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Müraciətinizlə əlaqədar vergi ödəyicisi Cavabdeh MMC-nin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə icraat vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixli, **********2 nömrəli qərar üzrə ödənilməmiş 1574,87 manat icbari tibbi sığorta ödənişi üzrə borcu vardır və qərar borcundan hər hansı məbləğ ödənilməmişdir. Dövlət Vergi Xidmətində olan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin məlumatlarına əsasən Cavabdeh MMC-nin adına 1 ədəd avtomobilin qeydiyyatda olduğu müəyyən edilmiş, cəmiyyətə rəsmi xəbərdarlıq göndərilərək həmin əmlakın siyahıya alınması üçün təqdim edilməsi bildirilmiş, lakin vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə gəlməmiş və əmlakı siyahıya alınma üçün təqdim etməmişdir. Əmlakın siyahıya alınması xx.xx.2024-cü il tarixdə cəmiyyətin nümayəndəsinin iştirakı olmadan aparılmış, həmin əmlakın qiymətləndirilməsi bazar qiymətlərinə əsasən müəyyən edilmişdir. Vergi ödəyicisinin bank hesablarına sərəncam göndərilmiş, hesabda vəsaitin olmadığından borcun alınması mümkün olmamışdır. Əmlakın siyahıya alınması zamanı Cavabdeh MMCyə məxsus hər hansı digər əmlak aşkar edilməmişdir”. Beləliklə, iş materiallarından müəyyən edilir ki, "xxxx" MMC-nin (VÖEN: **********) təsisçilərinin 16 mart 2021-ci il tarixli qərarı ilə cəmiyyətin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. Hüquqi şəxsin adı dəyişsə də, onun Vahid Dövlət Reyestrindəki eyniləşdirmə nömrəsi (VÖEN) dəyişməz qalmışdır. "Mitsubishi L200" markalı avtomobil 2017-ci ildə cəmiyyətin köhnə adı altında qeydiyyata alınsa da, hüquqi şəxs eyni subyekt olduğu üçün həmin əmlak birbaşa "xxxx" MMC-nin mülkiyyəti sayılır. Başqa sözlə, MMCnin adının dəyişməsi əmlakın mülkiyyətçisinin dəyişməsi mənasına gəlmir. Eyni zamanda iş materiallarından müəyən edilir ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli bildirişi üzrə dövlət büdcəsinə vergi üzrə 1,574.87 manat borcu mövcuddur Bundan başqa, qeyd edilməlidir ki, cavabdeh yaranmış vergi borcunu uzun müddətdir ödəmir. Büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Öz növbəsində qeyd edilməlidir ki, cavabdeh vergi borcunu uzun müddət ödəməməsinin səbəbləri barədə sübutları, eləcə də əmlakın satılmasının onun sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr, habelə onun diqqətəlayiq maraqlarının, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını (cəmiyyətin adının dəyişməsini və VÖEN-in sabitliyini) yanlış qiymətləndirmiş və maddi hüquq normalarını səhv tətbiq etmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025ci il tarixli qərarı ləğv edilməli və iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli e-2-1(112)-5451/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdehin xx.xx.2024-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 1574.87 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vastəsilə satılsın və göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilsin, satışdan artıq qalan məbləğ Cavabdeh MMC-yə qaytarılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-3210/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3210/2025
26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver