Məhkəmə qərarları › İş №2-1(103)-3211/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3211/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3211/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X27 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil1, 3-cü şəxslər X16 və X9 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (X16, X10, X17 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(112)-1190/2022 saylı qərarından 3-cü şəxslər X16 və X17 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X16, X10, X9 ünvan 1 ünvanında yerləşən 38 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X16, X10, X17 məhkəmə icraatına 3-cü şəxs qismində zəruri olaraq cəlb olunmuşlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38 saylı mənzildə qeydiyyatda olan X11, X6 və X9 qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, lakin cavabdeh ərizəsinin icrasından imtina edərək onunla əsaslandırmışdır ki, sözügedən şəxslərin qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı biri mövcud deyil. Halbuki, mənzil iddiaçının xüsusi mülkiyyətindədir, adı çəkilən şəxslər həmin ünvanda yaşamırlar, onlar uzun müddətdir ki, Türkiyə Respublikasında yaşayırlar və iddiaçıda olan məlumata görə artıq Türkiyə Respublikasının vətəndaşıdırlar. Belə olan halda onlar mənzilə dair istifadə hüququ olmayan şəxslərdir va buna görə də onların həmin mənzildə qeydiyyatına xitam verilməlidir. Qanunvericilik mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsini birmənalı olaraq tənzimləmiş və bu halda həmin şəxslərin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməli olduğunu müəyyən etmişdir. Buna baxmayaraq hazırkı iş üzrə cavabdeh olan inzibati orqan öhdəliyini icra etməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(112)-1190/2022 saylı qərarı ilə iddia təmin edilmişdir. 3-cü şəxslər X16 və X17 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X3 Rauf Abdulməcid oğlu ilə ailə qurduqdan sonra 1981-ci ildən ünvan 2 ünvanında yerləşən icarədarı X12 (Aidənin qayınanası) mənzilə cehiz əşyalarını köçürməklə gəlin köçərək həmin mənzildə yaşayır. 3cü şəxslər X18 və X17, Məryəm Ələkbərovanın gəlini və nəvəsidir. Sözügedən Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 41 mənzil 38 ünvanında yerləşən mənzildə olan bütün əşya və əmlak Aidə Ələkbərovaya məxsus şəxsi əşyalar və əmlaklardır. Aidə Ələkbərova həmin mənzildə 1981-ci ildən yaşadığından və 1982-ci ildən qeydiyyatda olduğundan, Rəvanə Ələkbərova isə, həmin ünvanda doğularaq yaşadığından və qeydiyyatda olduğundan həmin mənzildən istifadə hüquqları mövcuddur. Məhkəmənin diqqətinə çatdırırıq ki, həmin mənzilin 2020-ci ilin dekabr ayınadək Çıxarışı olmamışdır. X13 2020-ci ildə Aidə Ələkbərovanın və Rəvanə Ələkbərovanın məlumatı və razılığı olmadan mənzili öz adına özəlləşdirərək dərhal öz nəvəsi (qızının oğlu) mənzilin hazırkı mülkiyyətçisi eyni zamanda hazırkı iş üzrə İddiaçı adına bağışlama müqaviləsi əsasında rəsmiləşdirmişdir. Hazırkı iş üzrə İddiaçı və onun nənəsi mənzilin əvvəlki icarədarı (sonradan mülkiyyətçisi) Məryəm Ələkbərovanın qeyd olunan əməliyyatları Aidə və Rəvanə Ələkbərovaların razılığı və xəbəri olmadan həyata keçirmələri, Aidə Ələkbərovanın həyat yoldaşı Rauf Ələkbərovla ailə münasibətlərinin kəskin pisləşməsi və nikahlarının pozulması ərəfələrində olması səbəbindən Aidə və Rəvanə Ələkbərovaları mənzildən məhrum etmək üçün qərəzli olaraq edilmişdir. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi onlar xeyli müddət mübahisə predmeti olan mənzildə yaşamışlar, 2020ci ilin sonuna qədər mənzilin icarədarı olmuşlar, işlə bağlı müvəqqəti olaraq Türkiyə Respublikasına getsələr də, mənzilə vaxtaşırı gəlib getmişlər. Əşyaları da həmin mənzildə saxlanılır və bu fakt video-materialdan da bariz şəkildə görünür. xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən 38 saylı mənzilin qohumları İddiaçı hədiyyə edilməsi formal xarakter daşıyır. Qanunvericiliyin tələbinə əsasən X18 və X2 Məryam Səməd qızının ailə üzvləri sırasına aid edildiyindən onların mübahisəli mənzildən X14 ilə bərabər istifadə etmək hüququ vardır. Hazırda həmin mənzilin mülkiyyətçisinin dəyişməsi X11 və X9 mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsinə əsas ola bilməz. X11 və X9 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müvafiq kompensasiya verilməsi ilə mümkündür. Mübahisəli mənzilə dair xx.xx.2021-ci il tarixdə bağışlanma müqaviləsi bağlanarkən X11 və X9 razılığı alınmamışdır. Yuxarıda qeyd edildiyi kimi, üçüncü şəxslərin 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları ilə mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır. Mənzilin 2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına ilkin qeydə alınması üçüncü şəxslərin istifadə hüquqlarını aradan qaldıran hallar kimi qəbul edilə bilməz. Çünki, mülkiyyətçinin dəyişməsi istifadə hüququnun xitamına səbəb olmur. Digər tərəfdən hazırkı işin faktiki hallarından aydın görünür ki, iddiaçı üçüncü şəxslərin X8 ailə üzvləri kimi həmin mənzilə istifadə hüquqlarının olmasını bilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları araşdırmamış, üçüncü şəxslərin istifadə hüquqlarının olmasını müəyyən etmədən onların qeydiyyatdan çıxarılmasını qərara almışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxslər X16 və X9 nümayəndəsi Vəkil2 Ənvər oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə və digər 3-cü şəxs X7 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin və digər 3-cü şəxs X6 iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 5ənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışına əsasən X16, X10, X5 rayonu, M.Hadi küçəsi, ev 41 ünvanında yerləşən 38 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 101-12861Ə-3221 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. 1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən, 2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən, 3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında 4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli 0xx/xx-6417 saylı məktubu ilə bildirilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü X18 xx.xx.1982-ci il tarixdən; xx.xx.1982-ci il təvəllüdlü X17 xx.xx.2003-cü il tarixdən ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, X14 ünvan 5ənzili İddiaçı hədiyyə etmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli 16/3317 saylı məktubu ilə göndərilmiş “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemindən (İAMAS) edilmiş çıxarışdan görünür ki, X4 dəfə xx.xx.2020-ci il tarixdə, X10 xx.xx.2017-ci il tarixdə, X17 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmişlər. Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 90 saylı Mənzil Kommunal İstismar Sahəsinin 169 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X16, X10, X17 ünvan 5ənzil ünvanında yaşamırlar. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istər üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də onların həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, daşınmaz əmlak iddiaçıya hədiyyə edilmiş, mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırda cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qanunun mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Üçüncü şəxslərin sözügedən ev üzərində hər hansı əmlak hüququna malik olmadığı və yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırıdığdan və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası 3-cü şəxslər X16 və X9 apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: 3-cü şəxslər X16 və X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(112)-1190/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar