Məhkəmə qərarları › İş №2-1(103)-3211/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3211/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3211/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3752/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiamı təmin edib, Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixində “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli Qərarın ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin üzərinə qızım İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra əsl olmayan iddiaçı X5 əsl İddiaçı ilə əvəz edilmiş, anası X5 qanuni nümayəndəsi kimi nəzərə alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı X1 qızıdır. İddiaçı xx.xx.2018-ci il tarixində Rusiya Federasiyasında doğulmuşdur. İddiaçı Rusiya Federasiyasında doğulduğundan, eləcə də atası X2 Federasiyasının vətəndaşı olduğundan qızına Rusiya Federasiyasının vətəndaşlığı verilmişdir. Artıq uzun müddətdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Qızı hal-hazırda Bakı şəhərindəki bağçalardan birinə gedir. Bu səbəbdən qızına xx.xx.2023-ci il tarixində MYİ № ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Bu yaxınlarda Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən 26 sentyabr 2023-cü il tarixində “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli Qərar qəbul edilmişdir. Sözügedən qərarda qeyd olunmuşdur ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Bu səbəbdən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. Qeyd edim ki, qərarı 7 saylı “ASAN Xidmət” Mərkəzi vasitəsi ilə xx.xx.2023-cü il tarixində almışdır. X5 hesab edir ki, imtina əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4-cü bölməsində “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar” qeyd olunmuşdur. Həmin hallardan biri də aşağıda qeyd olunmuş haldır: 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; Qeyd edir ki, qızı İddiaçı xx.xx.2018-ci il tarixində Rusiya Federasiyasının Nijeqorod əyalətinin, Nijniy Novqorod şəhərində doğulmuşdur. Bununla əlaqədar olaraq qızına Nijeqorod əyalətinin, Nijniy Novqorod şəhərinin, Kanavin rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixində İİİ-TH № 697883 saylı “doğum haqqında şəhadətnamə” verilmişdir. Bu o deməkdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.5-ci maddəsini əsas tutarsaq əgər İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Çünki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından doğulmuş şəxsdir. İddiaçı nümayəndəsi (anası) X5 tərəfindən məhkəməyə təqdim edilən ərizəyə əsasən əsl olmayan iddiaçı X1 əsl İddiaçı ilə və əsl olmayan cavabdeh Azərbayan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbayan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” iddia tələbinə dair iş üzrə vəsatət təmin edilmiş, iddiaçı qismində İddiaçı nəzərə alınmış, cavabdeh Azərbayan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi əsl olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə əvəz edilmiş, Azərbayan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X19 İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı Xidmətə müraciət edərək qızı Tomueva Fidanın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11 -ci və 4.4-cü yarımbəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-ci il tarixli 19121964 nömrəli qərar qəbul edilmişdir. Hesab edirəm ki, Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RFnin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsrin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa-verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Yəni, şəxs vətəndaşlıq iddia etdiyi dövlətin ərazisində doğulmamışdırsa və vətəndaşlığı yoxdursa, həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa o zaman Dövlət ona öz vətəndaşlığını verir. Əlavə olaraq qeyd etmək lazımdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Eyni zamanda qeyd olunmalıdır ki, şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və ikinci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3752/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında X21 Konvensiyasının (AİHK) 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 14-cü maddələrinə (ayrı-seçkiliyin qadağan olunması) əsaslanaraq işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmadığı qənaətinə gəlmişdir. Belə ki, məhkəmənin gəldiyi nəticəyə görə, iddiaçının anası (Azərbaycan Respublikası vətəndaşı), bacıları (həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyası vətəndaşları) ilə birlikdə Azərbaycanda yaşayırlar. İddiaçının eyni vəziyyətdə olan bacılarının vətəndaşlıq mənsubiyyəti tanındığı halda, məhkəmə üçüncü bacıya (iddiaçıya) fərqli rəftarın ağlabatan əsaslandırması olmadığı qənaətindədir. Həmçinin, iddiaçının bacıları (X13 və X14) iddiaçı ilə eyni hüquqi vəziyyətdə olduğu halda və onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındığı təqdirdə iddiaçıya münasibətdə vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina fərqli rəftar hesab edilərək bərabərlik prinsipinin, eləcə də işin konkret halında ailə həyatına hörmət hüququnun (AİHK-in 8-ci maddəsi) pozulması ilə nəticələnə bilər. Halbuki, məhkəmə X14 və X13 barəsində müvafiq olaraq qəbul edilmiş xx.xx.2021-ci il tarixli ******* və xx.xx.2022ci il tarixli ******* nömrəli qərarların qanunsuz əlverişli inzibati akt olmalarını nəzərə almamışdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Avropa X4 2001-ci ildə qoşulduğu halda, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” Konvensiyaya ondan daha əvvəl, 1996-cı ildə qoşulmuşdur. Göründüyü kimi, məhkəmə iş üzrə qəbul etdiyi qərarı kifayət qədər ətraflı əsaslandırmamış və mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə vəziyyətdə qəbul olunmuş qərar əsaslı hesab edilə bilməz. Tərəflərin izahatları: Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi apellyasiya şikyətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. İddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Konstitusiyanın 53-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Həmin Qanunun 5-ci maddəsinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na (bundan sonra – Qayda) əsasən: - 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. - 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir. - 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa. - 3.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının (bundan sonra – dövlət orqanları) sorğusu (bundan sonra – sorğu) əsasında başlanılır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından ibarət olmaqla, iddiaçı tələbinin hüquqi əsası kimi valideynlərindən hər ikisinin Azərbaycan Respublikasında doğulması və bu ölkənin vətəndaşı olmasına istinad etmişdir. İddiaçı AR vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, müraciətinin təmin edilməsindən şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olması əsası ilə imtina edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsinin (anası) izahatına əsasən 2022-ci ildə İddiaçı bacıları X6 və X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən X7 və X8 Azərbaycan Respublikasının vətəndaşları olduğu müəyyən edilir, odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın X21 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrıseçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X21 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X11rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər, belə ki, iddiaçının anası (Azərbaycan Respublikası vətəndaşı), bacıları (həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyası vətəndaşları) ilə birlikdə Azərbaycanda yaşayırlar. İddiaçının eyni vəziyyətdə olan bacılarının vətəndaşlıq mənsubiyyəti tanındığı halda, məhkəmə üçüncü bacıya (iddiaçıya) fərqli rəftarın ağlabatan əsaslandırması olmadığı qənaətindədir, odur ki iddiaçının bacıları (X13 və X14) iddiaçı ilə eyni hüquqi vəziyyətdə olduğu halda və onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındığı təqdirdə iddiaçıya münasibətdə vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina fərqli rəftar hesab edilərək bərabərlik prinsipinin, eləcə də işin konkret halında ailə həyatına hörmət hüququnun (AİHK-in 8-ci maddəsi) pozulması ilə nəticələnə bilər. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbi baxımından, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Hazırkı iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, İddiaçı xx.xx.2018-ci il tarixində Rusiya Federasiyası, Nijni Novqorod şəhərində doğulmuş və Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Kollegiya qeyd edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(102)-22/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında da hüquqi mövqe bu cür əsaslandırılaraq qeyd edilmişdir ki,

25. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin hüquqi mövqeyi və iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hazırkı qərarın 17 və 18-ci bəndlərində sadalanan qanunvericilik normalarının tələbi baxımından, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

26. Hazırkı iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı 20 dekabr 2015-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş və Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3752/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3752/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar