Məhkəmə qərarları › İş №2-1(103)-3211/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3211/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3211/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı xx.xx.2024-cü il tarixli, İQ-61/2 saylı qərarın ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3747/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, İQ-61/2 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə iddiaçının xx.xx.2024-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusunun verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Ravalpindi şəhərində doğulduğunu, milliyətcə pəncablı, dini etiqadına görə müsəlman (şiə) olduğunu, 2008-ci ildə Ravalpindi şəhərində “Progessive Model school” adlı məktəbdə 10 illik orta təhsilini bitirdiyini, 2010-2012-ci illərdə həmin şəhərdə özəl kollecdə humanitar elmlər üzrə peşə təhsili aldığını qeyd etmişdir. Ailə üzvləri barədə məlumat verən iddiaçı evli olduğunu, arvadının onunla birlikdə Azərbaycan Respublikasına gəldiyini, atasının vəfat etdiyini, anasının, 1 qardaş və 1 bacısının hazırda Pakistan İslam Respublikasının Ravalpindi şəhərində yaşadıqlarını qeyd etmişdir. Əmək fəaliyyəti barədə məlumat verərkən iddiaçı Ravalpindi şəhərində All Motors adlı avtosalona sahiblik etdiyini və 2011-2024-cü illərdə bu sahədə işlədiyini bildirmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı arvadı Khansa Naseer ilə xx.xx.2024-cü il tarixdə rəsmi şəkildə evləndiyini, özünün şiə, arvadının sünni olması səbəbindən arvadının qohumları tərəfindən təhdidlərə məruz qaldığını və bu səbəbdən də ölkəsini tərk etmək məcburiyyətində qalaraq xx.xx.2024-cü il tarixində arvadı ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı özünün və arvadının pasportunu təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Cavabdeh Dövlət Miqrasiya Xidmətinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda bildirilir ki, iddiaçı ona və ailə üzvlərinə qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024cü il tarixli, İQ-61/2 saylı qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı arvadı Khansa ilə evlənməmişdən əvvəl inancına görə təqib olunmamışdır. Bununla yanaşı, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2-1(112)-3747/2025 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia rədd edilmişdir. İddiaçı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Ravalpindi şəhərində anadan olmuşdur. Milliyətcə pəncablı, dini etiqadına görə müsəlman (şiə) olduğunu, 2008-ci ildə Ravalpindi şəhərində "Progessive Model school” adlı məktəbdə 10 illik orta təhsilini bitirdiyini, 2010-2012-ci illərdə həmin şəhərdə özəl kollecdə humanitar elmlər üzrə peşə təhsili aldığını qeyd etmişdir. Ailə üzvləri barədə məlumat verən iddiaçı evli olduğunu, arvadının onunla birlikdə Azərbaycan Respublikasına gəldiyini, atasının vəfat etdiyini, anasının, 1 qardaş və 1 bacısının hazırda Pakistan İslam Respublikasının Ravalpindi şəhərində yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı arvadı ilə xx.xx.2024-cü il tarixdə rəsmi şəkildə evləndiyini, özünün şiə, arvadının sünni olması səbəbindən arvadının qohumları tərəfindən təhdidlərə məruz qaldığını və bu səbəbdən də ölkəsini tərk etmək məcburiyyətində qaldığını qeyd etmişdir. Bu təhdidləri əsas gətirən iddiaçı təqiblərdən qurtulmaq üçün xx.xx.2024-cü il tarixində arvadı Khansa Naseer ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. İddiaçı sığınacaq vəsatəti ilə müraciət etmiş, DMX onun vəsatətini müvafiq iş nömrəsi ilə qeydiyyata almış və iddiaçı ilə müsahibə aparılmışdır. İddiaçı bildirib ki, o, Pakistan İslam Respublikasının qanunlarından, hökmlərindən və cəmiyyətdən ciddi təhdidlərlə üzləşməsi səbəbindən öz ölkəsinə geri qayıtmaq istəmir. DMX xx.xx.2024-cü il tarixli, İQ-61/2 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə siyasi təqibə məruz qalmamışdır. Lakin, təqibə məruz qalma faktı ilə bağlı iddiaçının Pakistan İslam Respublikasında müvafiq hüquq mühafizə orqanlarına şikayət məktubu olmuşdur. DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt İddiaçı arvadı ilə xx.xx.2024-cü il tarixdə rəsmi şəkildə evləndiyini, özünün şiə, arvadının sünni olması səbəbindən arvadının qohumları tərəfindən təhdidlərə məruz qaldığını və bu səbəbdən də ölkəsini tərk etmək məcburiyyətində qaldığını qeyd etmişdir. Qaçqın statusunun verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin müəyyən faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun, real riskin olub-olmadığı yoxlanılmalıdır. İş üzrə mühüm fakt iddiaçının təqiblərə məruz qalmasıdır. Hüquq tətbiq edən orqan iddiaçının izahatlarının mötəbərliliyini qiymətləndirdikdə güman edilən faktların ağlabatanlığı, ərizəçinin narrativinin ümumilikdə ardıcıllığı və rabitəliliyi, ərizəçinin izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatı ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır. Mötəbərlilik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir. DMX müəyyən iddianın əsası üçün əsas ola bilən aşağıdakı faktları müəyyən və təhlil etməyib: - iddiaçının qohumları tərəfindən öz ölkəsində təqibə məruz qalmasını və təhlükəsizliyinin dövlət tərəfindən təmin olunmamasıdır. DMX ərizəçinin ölkəyə qayıtdıqdan sonra üzləşə biləcəyi riskləri təhlil etməyib. Yoxlamanın birinci mərhələsindən görünür ki, iddiaçının izahatları mötəbər hesab edilir. İddiaçının şiə yoldaşının isə sünni təriqətinə mənsub olduğunu, yoldaşının qohumları tərəfindən ölkəsində təqibə məruz qaldığını, təzyiqə məruz qaldığı halda dövlət tərəfindən effektli müdafiə olunmadıqlarından ehtiyatlanırlar. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gələ bilərik ki, iddiaçı Pakistana qayıdacağı təqdirdə təqibə məruz qala bilər. ’’Təqib” termininin hamılıqla qəbul edilmiş anlayışı yoxdur. Ümumilikdə, irqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və azadlığının təhlükə altında olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir. Bu ehtimal ağlabatandır ki, Pakistana qayıdacağı təqdirdə ərizəçinin həyat və sağlamlığı təhlükədədir. İnsan Hüquqlarının Ümumi Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan hüquqları təhlükə altına düşə bilər. Ərizəçiyə qarşı təqibi həyata keçirən şəxs radikal siyasi partiyanın üzvüdür. Yuxarıda göstərilənlərə əsasən aşağıdakı nəticələr hasil olur ki, iddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir, buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir; iddiaçının yoldaşının qohumları tərəfindən təqiblərə məruz qalması və dövlətin himayəsindən istifadə edə bilməməsi. Göstərilənlərə əsasən, ərizəçiyə qaçqın statusunun verilməsinin maddi-hüquqi əsasları müvcuddur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, işin materialları ilə müəyyən edilir ki, cavabdeh inzibati orqanın 24 sentyabr 2024-cü il tarixli, İQ-61/2 saylı qərarı ilə qaçqın statusu verilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, iddiaçı müsahibəsi zamanı dini zəmində təhdid edildiyini bildirsə də, verdiyi izahatlardan məlum olmuşdur ki, arvadı Khansa ilə evlənməzdən əvvəl dini zəmində, şiə olduğuna görə ona qarşı heç bir təhdid halı olmamışdır. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, Pakistanda heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, siyasi əqidəsinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçının özü və ailə üzvləri Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçı müsahibə zamanı X2 yaşayış icazəsinin olduğunu, Azərbaycana gəlməzdən əvvəl Dubay şəhərində yaşadığını, orada bizneslə məşğul olduğunu və hazırda heç bir maneə olmadan həmin şəhərə qayıda biləcəyini qeyd etmişdir. Ərizəçi Pakistana qayıdacağı halda təhdidlə üzləşə biləcəyini qeyd etsə də, X3 getmək istəməməklərinin səbəbini orada arvadının qohumları tərəfindən təhdid oluna biləcəyi ilə izah etmişdir. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və arvadına qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının ona qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində və “Qaçqınların statusu haqqında” xx.xx.1951-ci il tarixli BMT konvensiyasında "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Belə ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi əqidəsinə, dini etiqadına görə təqib olunmamışdır. İddiaçı yalnız başqa təriqətə aid qadınla evləndiyi üçün ölkəsində təqblərə məruz qaldığını bildirmişdir ki, qeyd etdiyi məsələlər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində və apellyasiya şikayətində iddiaçı öz ölkəsinə qayıdacağı təqdirdə əsaslı təqib qorxusu və real risk təsiri altında olduğunu bildirsə də, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən, şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. “Qaçqın” statusu əldə etmək üçün müraciət etmiş şəxsin bu barədə vəsatətinin təmin oluna bilməsi üçün adıçəkilən Qanunun 1-ci maddəsində göstərilən və “Qaçqın” anlayışını xarakterizə edən tələblərə cavab verməsi zəruridir. “Qaçqınların statusu haqqında” xx.xx.1951-ci il tarixli BMT konvensiyasında göstərilmişdir ki, bu Konvensiyada “qaçqın” dedikdə elə bir şəxs nəzərdə tutulur ki, o: 1) 1926-cı il 12 may və 1928-ci il 30 iyun sazişlərin, 1933-cü il 28 oktyabr və 1938-ci il 10 fevral konvensiyalarına, 1939-cu il 14 sentyabr Protokoluna və ya X1 nizamnaməsinə görə qaçqın sayılmışdır: X1 öz fəaliyyəti dövründə qaçqın sayılmaq hüququndan imtina haqqında çıxardığı qərarlar bu bölmənin 2-ci bəndində müəyyənləşdirilmiş şərtlərə uyğun gələn şəxslərə açqın statusu verilməsinə mane olmur: 2) 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 saylı Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. İş materiallarında olan müsahibə, ərizə-anketdən aydın görünür ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, doğulduğu yeri, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçinin müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu o deməkdir ki, iddiaçı ona “Qaçqın” statusunun verilməməsinin qanunazidd olduğunu və ya qanunun tələblərinə cavab verməyən hərəkət (hərəkətsizlik) olduğunu məhkəmə qarşısında sübut etmək vəzifəsini daşıyır. Eyni zamanda, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsi tələb edir ki, iddiaçı hansı əsasların, faktiki şərtlərin ona “Qaçqın” statusu verilməsi barədə qərarın qəbulunun zəruri etdiyini göstərsin. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən və iddiaçıya qaçqın statusu verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş faktiki əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və birinci instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2-1(112)-3747/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar