Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3212/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-4285/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 65 yaşı tamam olduğuna görə xx.xx.2021-ci il tarixindən hesablanaraq əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, onun əmək kitabçasına və hərbi biletinə əsasən 2006-cı il tarixinədək əmək stajı və xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü daxil olmaqla, cəmi 25 il 4 ay ümumi stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən yaşa görə əmək pensiyası hüququ yarandığı üçün 2 saylı Bakı “DOST” mərkəzinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə baxıldıqdan sonra cavabdeh tərəfindən ona sığorta stajının araşdırılması haqqında xx.xx.2021-ci il tarixli məktub təqdim edilmişdir. Həmin məktubda bildirilmişdir ki, onun təqdim etdiyi əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək “X3” ATSC-də olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmış, sözügedən araşdırmanın nəticəsindən sonra onun yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. Daha sonra cavabdeh inzibati orqan tərəfindən 23 noyabr 2021-ci il tarixli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Həmin imtina məktubunda bildirilmişdir ki, onun xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü, eyni zamanda onun əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla, sığorta stajı 15 il 8 ay 21 gün təşkil edir. Həmçinin imtina məktubunda qeyd olunmuşdur ki, xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək işlədiyi “X3” ATSC-nin arxiv arayışları - əmrlər kitabları və əmək haqlarının hesablanması cədvəlləri saxlanılmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Lakin onun xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək “X3” ATSC-də işlədiyi əmək kitabçasında müvafiq olaraq qeyd olunmuş, bununla da təsdiq olunmuşdur. Cavabdehin imtina məktubunda qeyd etdiyi, həmin dövrlərdə işləməsi ilə bağlı arxiv sənədlərinin saxlanılması məsələsində isə birbaşa cavabdeh məsuliyyət daşıyır. Onun xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək X3 ATSC-də işləməsi əmək kitabçamda qeyd olunmuş və müəssisə tərəfdən təsdiq olunmuşdur. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-4285/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci tarixinədək “X5” ATSC-də əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron rayon xidmət nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışına əsasən əmək kitabçanızda qeyd olunan “X5” ATSC-nin əmrlər kitabları və əmək haqlarının hesablanması cədvəlləri saxlanılmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda, iş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində fəaliyyəti aktiv olan "xxxx" ASC-nin xx.xx.2001-ci il tarixdə D- 3173 nömrə ilə dövlət qeydiyyatına alınması, hüquqi ünvanının olması barədə məlumat mövcuddur. Bundan əlavə, AR Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “X5” ATSC-nin arxiv sənədləri Azərbayan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Azərbayan Respublikası Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “X5” ATSC-nin arxiv sənədləri saxlanılması üçün Abşeron Rayon Arxivinə təhvil verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildə “AzərNəqliyyat X2”nda 3-cü dərəcəli sürücü işinə qəbul edilmiş, xx.xx.1978-ci ildə “Azər Nəqliyyat X2” r/o-nun Azərbaycan SSR X2 Dövlət Komitəsi şəklində yenidən yaradılması ilə əlaqədar Bakı MXTP-yə sürücü qəbul edilmiş, “Azər Nəqliyyat X2”nın Bakı MXTP-nin adı xx.xx.1983-c ü il tarixli əmrlə dəyişdirilərək Azərbaycan SSR Dövlət X2 İAN Birliyinin Baş nəqliyyat müəssisəsi olmuş, Azərbaycan SSR X9 Komitəsinin xx.xx.1978-ci il tarixli, 466 nömrəli əmrinə əsasən ləğv olunan Azərbaycan SSR Dövlət X2 Komitəsinin İAN Birliyinin Bakı Nəqliyyat Müəssisəsinin adı dəyişdirilərək Azərbaycan SSR X9 Komitəsinin Respublika İAN Birliyinin Bakı Nəqliyyat Müəssisəsi olmuş, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin xx.xx.1991-ci il tarixli, 607 nömrəli əmrinə əsasən Azərbaycan SSR X9 Komitəsinin Bakı Nəqliyyat Müəssisəsinin adı dəyişdirilərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Meyvə-tərəvəz nəqliyyat” İİANB olmuş, xx.xx.1991-ci ildə “Meyvətərəvəz nəqliyyat” İİANB sərəncamına köçürülmüş, xx.xx.1991-ci ildə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Meyvə-tərəvəz nəqliyyat” İİANB köçürülmə yolu ilə Ceyranbatan a/dəs 3-cü dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1992-ci ildə İİANB-nin ləğv edilməsi ilə əlaqədar olaraq İİANB-ni Abşeron İNM-nin Ceyranbatan a/dəs köçürülmə yolu ilə 3-cü dərəcəli sürücü qəbul edilmiş, xx.xx.2001-ci ildə Abşeron İNM-nin bazası əsasında "xxxx" ATSC yaradıldığı üçün həmin müəssisəyə sürücü köçürülmüş, xx.xx.2001-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızda qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək “X3” ATSC- də əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra Sizin yaşa görə əmək pensiyası hüququnuza yenidən baxılacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icıa hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1974cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü dövrünüz, eyni zamanda əmək kitabçanızda qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajınız 15 il 8 ay 21 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il 8 ay 21 gün sığorta stajına uyğun olaraq 11.934,01 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim etdiyiniz əmək kitabçanızda qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci tarixinədək “X5” ATSC-də əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron rayon xidmət nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışına əsasən əmək kitabçanızda qeyd olunan “X5” ATSC-nin əmrlər kitabları və əmək haqlarının hesablanması cədvəlləri saxlanılmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanlara nəzərə alaraq bildiririk ki, Sizə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, sığorta stajınızı təsdiq edən əlavə sənəd təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz zərurət olduğu halda araşdırıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, Siz xx.xx.2009-cu il tarixindən aktiv vergi ödəyicisi kimi (VÖEN:**********) qeydiyyatda olduğunuz üçün yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Azərbayan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində fəaliyyəti aktiv olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********) xx.xx.2001-ci il tarixdə D-3173 nömrə ilə dövlət qeydiyyatına alınması, hüquqi ünvanının AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə olması barədə məlumat mövcuddur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Cəmiyyət "xxxx" X10 Cəmiyyətinin özəlləşdirilmiş əmlakının bazasında yaradılıb və onun hüquqi varisidir. Azərbayan Respublikası Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “X5” ATSC-nin arxiv sənədləri Azərbayan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbayan Respublikası Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “X5” ATSC-nin arxiv sənədləri saxlanılması üçün Abşeron Rayon Arxivinə təhvil verilməmişdir. Azərbayan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi və fəaliyyətinə dair məlumatların təqdim olunması barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 372 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi “Azəraqrotexservis” Respublika İstehsalat Birliyinin tabeliyində olmuş İxtisaslaşdırılmış nəqliyyat müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2007-ci il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildiririk ki, müraciətinizdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, müstəqil təsərrüfat subyekti olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə əlaqədar məlumatların əldə edilməsi məqsədilə cəmiyyətin idarəetmə orqanlarına müraciət etməyiniz məqsədəuyğun hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə - 65 yaşa çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan digər şərt isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olmasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X4) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad edilən Qaydalarda, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Həmçinin, həmin Qaydalarda xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. Bu imperativ qayda "Əmək pensiyaları haqqında" Qanun 21.1-ci maddəsinin də tələbindən irəli gəlir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Hərbi xidmət dövrü də nəzərə alınmaqla iddiaçı ümumilikdə 25 il 02 ay 02 gün sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının sığorta stajı 25 ildən çoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci tarixinədək işlədiyi “X5” ATSC-nin əmrlər kitabları və əmək haqlarının hesablanması cədvəlləri saxlanılmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsinin mümkün olmadığını bildirməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbayan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 372 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi “Azəraqrotexservis” Respublika İstehsalat Birliyinin tabeliyində olmuş İxtisaslaşdırılmış nəqliyyat müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2007-ci il tarixində tam başa çatdırılmışdır, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. Bundan başqa, iddiaçının həmin dövr iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir. Azərbayan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində fəaliyyəti aktiv olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********) xx.xx.2001-ci il tarixdə D-3173 nömrə ilə dövlət qeydiyyatına alınması, hüquqi ünvanının AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə olması barədə məlumat mövcuddur, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Cəmiyyət "xxxx" X10 Cəmiyyətinin özəlləşdirilmiş əmlakının bazasında yaradılıb və onun hüquqi varisidir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 65 yaşından, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-4285/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Emin Mehdiyev Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3212/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3212/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver