Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3212/2024 22.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2466 kv.metr sahəsi olan 2444 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun (sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla) vəfat etmiş X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər X6 xx.xx.1986-cı il tarixli, 15103 saylı müqaviləsi ilə onun anası X3 Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,25 ha torpaq sahəsindən ibarət olan 2444 saylı bağ sahəsi ayrılmışdır. Həmin vaxtdan bağ sahəsindən istifadə edirlər. Anası xx.xx.2002-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra həmin bağ sahəsindən o istifadə edir, bağ sahəsinə sahiblik edir. Hazırda anasına məxsus bağ sahəsini özəlləşdirmək istəyir. Bununla bağlı Bakı şəhəri 39 saylı notariat ofisinə müraciət etmiş, orada anasının vərəsəsi kimi tanınmışdır. Notariat Kontoru tərəfindən cavabdehə bağ sahəsinə çıxarışın verilməsi xahiş edilmiş, lakin cavabdeh ona imtina etmişdir. Onun tərəfindən də cavabdehdən bağ sahəsinə dair arayışın-çıxarışın verilməsi tələb olunmuş, lakin cavabdeh ona imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2466 kv.metr sahəsi olan 2444 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun (sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla) vəfat etmiş X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin bir hissəsi 2445 saylı bağın ərazisinə uyğun gəlir. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2444” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini xx.xx.2022-ci il tarixli məktubla təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin bir hissəsi 2445 saylı bağın ərazisinə uyğun gəlir. Həmçinin bağ sahəsinin sənəd üzrə ölçüsü 2500 kv.m qeyd edilsə də, faktiki ölçüsünün 2466 kv.m olduğu aşkar olunmuşdur. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin təmin edilməsi ilə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbini təmin edilməsi ilə yekunlaşan qərarının qanuni və əsaslı olmasını hesab edərək, məhkəmənin nəticəsi ilə razılaşır və öz mövqeyini aşağıda qeyd edilənlərlə əsaslandırır : Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a əsasən : Maddə 1.2. Bu təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Maddə 7.1. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Maddə 7.2. Müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Qeyd edilən normaların məzmunundan görünür ki, iddiaçının subyektiv hüququ mövcuddur. Yəni, hüquqların X3 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin bir hissəsi 2445 saylı bağın ərazisinə uyğun gəlir. Kollegiya ilk növbədə aşağıdakı hüquq normalarına diqqət çəkir: Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış... Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İş materiallarında olan X2 Bakı şəhər XDS İK-nın tabeliyində olan Bağlar Trestinbdə ünvanlanmış xx.xx.1967-ci il tarixli ərizəsində görünür ki, ona bağ sahəsini ayrılmasını xahiş etmiş, xx.xx.1967-ci il tarixli, 15103 nömrəli bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında müqavilə ilə Ləhiş bağ massivində 0,25 ha sahəsi, 12 kv.m yaşayış sahəsi olan 2660 saylı bağ sahəsi X2 istifadəsinə verilmişdir. X2 Bakı şəhər Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış xx.xx.1973-cü il tarixli ərizəsindən görünür ki, 2660 nömrəli bağda tikinti tikilmədiyindən, qonçunun bağında olan evdə yaşadığından, qeydiyyat vaxtı səhvən öz bağına yazdırdığından onunla bağlanmış müqavilənin pozulmasını xahiş etmişdir. xx.xx.1973-cü il tarixli, 15103 nömrəli bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında müqavilədə görünür ki, Ləhiş bağ massivində 0,25 ha sahəsi olan 2444 saylı bağ sahəsi X2 istifadəsinə verilmiş, xx.xx.1986-cı il tarixdə müqavilənin müddəti uzadılmışdır. İş materiallarından göründüyü kimi, 2444 saylı bağ sahəsinin iddiaçının anasına ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur, həmin sənədlər mötəbər olmaqla hazırda qüvvədədir. Bu səbəbdən də yuxarda qeyd olunan normalara əsasən iddiaçı Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2466 kv.metr sahəsi olan 2444 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun (sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla) vəfat etmiş X3 məxsus olması barədə arayış tələb etməkdə haqlı olmuşdur. Cavabdehin apelyasiya şikayətinin “elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsinin bir hissəsinin 2445 saylı bağın ərazisinə uyğun gəlməsi ilə bağlı” dəlilinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir: İş materiallarında olan mütəxəssis rəylərindən məlum olur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin hər hansı şəxsə məxsus olan torpaq sahəsi ilə faktiki olaraq üst-üstə düşmə halı müəyyən edilmir. İş materiallarında olan cavabdehin imtina məktubunda da qeyd olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Sxematik xəritədə hər hansı uyğunsuzluğun olması isə iddiaçının və ya anasının məsuliyyət sferasına aid edilə bilməz. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, ompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Qeyd olunanlardan aydın olur ki, iddia olunan torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluğun olması belə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına mane olmur. Çünki iddiaçının qanuni istifadəsinə verilmiş bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3212/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3212/2024
22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver