Məhkəmə qərarları › İş №2-1(103)-3212/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3212/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3212/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya yaşa görə əmək pensiyası almaq hüququ yarandığı gündən (xx.xx.2021-ci il) əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2712/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya yaşa görə əmək pensiyası almaq hüququ yarandığı gündən (xx.xx.2021-ci il) əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuş, xx.xx.1980-ci ildən etibarən indiyə qədər müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. Övladı xx.xx.2007-ci il təvəllüdlü İsmayılov Sübhan Qədim oğlu sağlamlıq imkanları məhdud (gözdən əlil) uşaqdır. Uşaq hazırda onun himayəsindədir. Uşağı sağlamlıq imkanları məhdud olduğundan yaşa görə əmək pensiyası almaq hüququ 2019-cu ildə yaranmışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək bildirir ki, xx.xx.1980xx.xx.1988-ci illər arasında Ermənistan Respublikasında Günəşli kolxozunda işləmiş və əmək kitabçasında həmin müəssisədə işləməyi faktı səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir. Digər tərəfdən xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər 4 nömrəli Çörək zavodunda işləmiş. Lakin həmin dövrlər də pensiya təyinatı üçün dövrlər hesablanarkən nəzərə alınmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 1990-1997-ci illərdə iddiaçının adına əməkhaqqı hesablanan aylar, həmçinin xx.xx.2009-08 06.2011-ci və xx.xx.2011-xx.xx.2024-cü illər arası dövrlərdə övladına qulluq etdiyi dövrlər də nəzərə alınmaqla iddiaçının sığorta stajı cəmi 21 il 10 ay 5 gün təşkil edir Həmçinin, iddiaçının xx.xx.2006-cı ıl tarixdən xx.xx.2018cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının doldurulma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na uyğun deyil. Belə ki, həmin Qaydaların 3.2-ci maddəsinə əsasən işçinin işə götürülməsi bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün. ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama uyğun aparılır. Nəticədə iddiaçının xx.xx.1980-xx.xx.1988-ci illər arasında əmək fəaliyyətində olduğunu iddia etdiyi dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma tarixi və əmrin nömrəsi qeyd olunmayıb) həmin dövrlərin sonradan yazıldığına şübhə yaranmış və bu səbəbdən də onun sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək kitabçasında göstərilən dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən və bu səbəbdən onun ümumi sığorta stajı olmadığından ona yaşa gorə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən (müraciət tarixindən 3 il əvvəl) yaşa görə sosial müavinət təyin edilmişdir və ötən dövr üzrə (xx.xx.2021-ci il tarixdən) ödənilməyən müavinətin məbləği iddiaçının sosial müavinətinin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Cavabdeh göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(112)-2712/2025 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilərək, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ yarandığı gündən (xx.xx.2021-ci il) əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş, və apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, iş materiallarına əsasən, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmiş, həmin müraciət üzrə inzibati araşdırma aparılmış, araşdırma nəticəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ-194915/2024 saylı məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Sözügedən imtina məktubu, həmçinin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-92700/2024 saylı xidməti məktub ilə iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək “4 saylı Çörək zavodu”nda əmək fəaliyyəti dövrü, "xxxx" ASCnin xx.xx.2024-cü il tarixli aktına və akta qoşma edilən arayışa (əmək haqqı cədvəli) əsasən xx.xx.1990-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək həmin müəssisədə işlədiyi illərdə müvafiq olaraq 1990-cı il üzrə 6 ay, 1991-ci il üzrə 12 ay, 1992-ci il üzrə 12 ay, 1993-cü il üzrə 12 ay, 1994-cü il üzrə 12 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 4 ay, 1997-ci il üzrə isə 5 ay əmək haqqı aldığı dövr və Nazirliyin tabeliyində keçmiş Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının 008687 saylı və 080111 saylı arayışlarına əsasən xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək, xx.xx.2011-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 18 yaşınadək sağlamlıq imkanları məhdud övladı İsmayılov Sübhan Qədim oğluna qulluq etdiyi dövr nəzərə alınmaqla İddiaçı sosial sığorta stajı 22 il 2 gün təşkil edir. İddiaçı xx.xx.1990-xx.xx.2006-cı il tarixində əmək fəaliyyəti ilə məşğul olduğu dövrə münasibətdə bildirilir ki, "xxxx" ASC-nin arayışına (əmək haqqı cədvəli) əsasən iddiaçı xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğundan həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətindən görünür ki, xx.xx.1980ci il tarixindən xx.xx.1988-ci il tarixinədək “Günəşli” kolxozunda işləmişdir. Bildirilir ki, iddiaçının müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1980-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı işdənçıxma qeydində əmr nömrəsi və tarixi mövcud deyil) riayət olunmamışdır. Bu səbəbdən qeyd edilən illər üzrə 8 il 8 ay mübahisələndirilən dövr təşkil edir və həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ümumi iş stajının 21 il 10 ay olması nəzərə alınaraq qərar qəbul edilmişdir. Lakin inzibati orqan tərəfindən aparılan araşdırma zamanı iddiaçının “4 nömrəli Çörək zavodu”nda əmək fəaliyyəti dövrü də nəzərə alınmaqla ümumi iş stajının 22 il 2 gün təşkil etdiyi müəyyən edilmişdir. İddiaçının müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğun olaraq iddiaçının “Günəşli” kolxozunda xx.xx.1980-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamışdır. Belə ki, əmək kitabçasındakı işdənçıxma qeydində əmr nömrəsi və tarixi mövcud deyil. Bu səbəbdən qeyd edilən illər üzrə 8 il 8 ay mübahisələndirilən dövr təşkil edir və həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, 2019-cu ilədək 26 il 8 ay ümumi iş stajım vardır. “Günəşli” kolxozunda olan əmək fəaliyyəti dövrlərim üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmaması səbəbindən həmin dövr sığorta stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair” xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, İsmayılov Sübhan Qədim oğlu ümumi xəstəlik - (gözdən əlil) səbəbi ilə sağlamlıq imkanları məhdud uşaqdır. - İddiaçıya məxsus APM ******* saylı əmək kitabçasından görünür ki, o, xx.xx.1980-ci ildə “Günəşli” kolxozuna qəbul edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmiş, xx.xx.1989cu ildə “Azərbçörəksənaye”nin 4 saylı çörək zavodunda əsas sexə yardımçı fəhlə qəbul edilmiş, xx.xx.1990-cı ildə azad edilmiş, xx.xx.1990-cı ildə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı trikotaj fabrikində uşaq çeşidlərinin buraxılması üzrə sahəyə toxucu şagirdi qəbul edilib, xx.xx.2006-cı ildə işdən azad edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 15 avqust 2024-cü il tarixli, 3-17-1/2-İ-194915/2024 saylı “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubunda qeyd edilmişdir ki, “... Təqdim etdiyiniz sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 1990-1997-ci illərdə adınıza əməkhaqqı hesablanan aylar, həmçinin xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək və xx.xx.2011-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək övladınız İsmayılov Sübhan Qədim oğluna qulluq etdiyiniz dövrlər də nəzərə alınmaqla cəmi sığorta stajınız 21 il 10 ay 5 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən 01,07.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1990-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-də əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixində "xxxx" ASC-də keçirdiyi monitorinqin nəticəsinə və "xxxx" ASC-nin təqdim etdiyi əməkhaqqı arayışına əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək öz hesabınıza ödənişsiz məzuniyyətdə olmusunuz. Bu səbəbdən qeyd edilən dövrlər və adınıza əməkhaqqı hesablanmayan aylar sığorta stajınıza daxil edilməyib. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma tarixi və əmrin nömrəsi qeyd olunmayıb) sözügedən dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə (əmrlər kitabı və əmək haqqı cədvəllərindən çıxarış) müvafiq qaydada araşdırıldıqdan sonra sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq yenidən baxıla bilər. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. ... sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. ... əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.1.-ci maddəsinə görə, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə müvafiq olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti. Həmin Qanunun 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 31.1-1-ci maddəsinə görə, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanununun 32-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. ... Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən, isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. İşin hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. Onun əlil uşağa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır, iddiaçının pensiya hüququ xx.xx.2021-ci il tarixdən, yəni onun 57,6 il yaşı tamam olduğu tarixdən (62 il 06 ay – 5 il ) yaranmışdır. Tərəflər arasında olan hazırkı mübahisə ondan ibarətdir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq hüququ yarandığı üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının əmək stajı 25 ildən az, cəmi 21 il 10 ay 5 gün olması səbəbindən pensiya təyin edilməsindən imtina etmiş, sosial müavinət təyin etmişdir. Yəni cavabdeh iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8- ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatmış şəxs olduğunu təsdiq etsə də, ona yaşa görə əmək pensiyasını təyin etməsini mümkün hesab etmir. Hazırkı iş üzrə mübahisələndirilməyən hal ondan ibarətdir ki, iddiaçının xx.xx.2006- cı ilədək 6 il 3 ay, xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilədək isə (sağlamlıq imkanları məhdud olan övladına qulluq etdiyi dövr) 18 il sosial sığorta stajının müəyyən edilməsidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli dövr üzrə (xx.xx.1980-ci ildən xx.xx.1988-ci ilədək Ermənistanda, kolxozda işlədiyi dövr) olan əmək fəaliyyəti ilə bağlı birinci instansiyası məhkəməsi haqlı olaraq bildirmişdir ki, iddiaçının təqdim etdiyi sübut - əmək kitabçası onun həmin dövrə qədər işləməsinə dair məlumatları əks etdirir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Eyni zamanda mübahisəli dövr üzrə iddiaçının əmək kitabçasında işdən azad olma tarixi və əmrin nömrəsinin göstərilməməsinə görə iddiaçı məsuliyyət daşımamalı və onun sosial təminat – pensiya hüququ məhdudlaşdırılmamalıdır, bu məhdudlaşdırma onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sosial təminat hüququnun pozulması deməkdir. Öz növbəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının əmək kitabşasının saxta, qeyri-mötəbər olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının əmək kitabçasına əsasən isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi tarixə qədər artıq 25 ildən çox əmək stajı mövcuddur. Belə olan halda cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının xeyrinə olan halları araşdırmamış və onları nəzərə almaqdan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən əsassız imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(112)-2712/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(112)-2712/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar