Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3213/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, 3-cü şəxs Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi X7, Ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X5, X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3519/2021 saylı qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3519/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 107 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Sözügedən qərar xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edilərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3519/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər Binəqədi Rayon Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 107 saylı qərarı ilə ayrılmış 1000 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına çıxarışın verilməsi tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3519/2021 nömrəli qərarına əsasən təmin edilmişdir. Sözügedən qərarın surəti Meşələrin İnkişafı Xidmətinin (bundan sonra Xidmət) sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17.01,2023- cü il tarixli 3-21-3/2-484/2023 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixində Xidmətə daxil olaraq qeydiyyata alınmışdır. Həmin qərarın mövcudluğu yeni məlum olduğundan maraqlarına toxunan tərəf kimi məhkəmə icraatına cəlb olunmayaraq prosessual statusdan məhrum edilmələri ilə nəticələnmiş və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüquqularını məhdudlaşdırmışdır. Məhkəmənin qərarı əsasında vətəndaşın mülkiyyəti kimi tanınmış torpaq sahəsinin statusu, təyinatı və mülkiyyət mənsubiyyəti araşdırılmadan subyektiv maraqlara istinad edilərək iddia tələbi təmin edilmişdir. Belə ki, məhkəmə iş materiallarına əlavə edilmiş torpaq sahəsinin situasiya planına əsaslanaraq həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə məxsus olması qənaətinə gəlmişdir. Lakin, həmin topraq sahəsi dövlətin müstəsna mülkiyyətində olan Azərbaycan Respublikası Torpaq Məcəlləsi və Meşə Məcəlləsi ilə özgəninkiləşdirilməsi qadağan edilmiş meşə fondu torpaqlarına aiddir. Məhkəmə qərarının 4-cü səhifəsinin 3-cü abzasında qeyd edildiyi kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********29 nömrəli xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olduğu nəzərə alınmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31-ci maddəsinə əsasən meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə. habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Eyni zamanda, Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 8- ci maddəsində həmin fikir təkrarlanaraq meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya, ipoteka qoymaya və digər əqdlərə yol verilmədiyi qeyd edilmişdir. Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Həmçinin məhkəmə həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclis Aparatı tərəfindən təsdiq edilmiş xəritəyə əsasən torpaq sahəsinin Binəqədi Bələdiyyəsi hüdudları daxilində olmasına istinad etmişdir. Məhkəmə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə almadan qeyri-obyektiv qərar qəbul etmişdir. Belə ki, adıçəkilən qanuna əsasən bələdiyyə əraziləri daxilində dövlət və xüsusi mülkiyyətə aid sahələr mövcuddur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Bu ərazinin bələdiyyə ərazisi daxilində olması həmin torpaq sahəsinin digər, yəni dövlət və yaxud xüsusi mülkiyyətdə də ola bilməməsini ehtiva etmir. “Bələdiyyə torpağı” və “bələdiyyə ərazisi" fərqli anlayışlardır və fərqli hüquqi nəticələr yaradır. Beləliklə, məhkəmə gedişində sözügedən ərazinin 0,05 ha ərazisinin meşə torpaq sahələrinin planında meşə fonduna aid torpaq sahəsi olduğu nəzərə alınmamışdır. Eyni zamanda, qeyd edilməlidir ki, sözügedən torpaq sahəsinin daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazasında meşə fondu torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bununla da, birinci instansiya məhkəməsi işə baxarkən ərazinin təyinatını müəyyənləşdirməmiş və maraqlarına toxunan Meşələrin İnkişafı Xidmətini üçüncü şəxs qismində işə cəlb etməmişdir. X2 da, ərizə ilə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3519/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, O, Şuşa rayonundan məcburi köçkündür. İ Qarabağ müharibəsi qazisidir. Abşeron rayonu, Görədil kəndində yerləşən torpaq sahəsi pay torpağı kimi onun mülkiyyətinə verilmişdir və Meşə İdarəsi tərəfindən rəsmi məktubla həmin vaxt Abşeron rayonu Görədil kəndində İcra Nümayəndəliyi olmadığı üçün Abşeron rayonu, Fatmayi kənd İcra Nümayəndəliyi tərəfindən qeydə alınmışdır. Qeyd olunan torpaq sahəsi İddiaçı tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-1(112)-3519/2021-ci il tarixli qərardadı ilə ərizəçilər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və X3 ərizələrinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti şikayət verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3519/2021-ci il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli 2-1(112)- 3519/2021 nömrəli məhkəmə qərarının 4-cü səhifəsinin 3-cü abzasında qeyd edildiyi kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət - Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********29 nömrəli xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olduğu nəzərə alınmamışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti nümayəndəsi və X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən 3-cü şəxs Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinın nümayəndəsi şikayətə münasibətdə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3519/2021 saylı qərardadı qismən-ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin şikayətinə münasibətdə (Qərardaddan yalnız Meşələrin İnkişafı Xidməti apellyasiya şikayəti vermişdir) ləğv edilməli, iş həmin hissədə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsi) Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ərizəsini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə mübahisə predmeti olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 107 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-49/2007 saylı, 29 oktyabr 2007-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar qəbul edilmiş, qətnamənin icrası ilə bağlı bələdiyyənin Mülkiyyətin İdarə edilməsi şöbəsi tərəfindən inzibati ərazi vahidinə baxış keçirilmiş və müvafiq kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1000 kv.m torpaq sahəsinin əvəzsiz olaraq İddiaçı mülkiyyətinə ayrılmasına dair qərar qəbul edilmişdir. Hətta, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli, 2-49/2007 nömrəli qətnaməsinin uzun müddət icra edilməməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən pozuntu kimi tanınmışdır. Eləcə də, həmin qərar qəbul edilərkən iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olması göstərilsə də, məhkəmə araşdırması zamanı, Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının 809 nömrəli, xx.xx.2000-ci il tarixli və 393 nömrəli, xx.xx.2002-ci il tarixli sərəncamlarına, həmçinin 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin Aparatı tərəfindən təsdiq edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə İnzibati Ərazi Dairəsinin xəritəsinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazi hüdudları daxilindədir. Eləcə də, hazırki vəsatətin əsaslarının araşdırılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-13126/2023 nömrəli mütəxəssis rəyi ilə Abşeron rayonu, Görədil kəndi ərazisində yerləşən xx.xx.2022-ci il tarixli **********39 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.042 ha hisəssinin TEKUİS (X6 X11) məlumatlarına əsasən meşə fondu torpaqlarına, 0.058 ha hisəssinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsi göstərilsə də, iddiaçıya məxsus torpaq sahəsi öz ərazi hüdudları daxilində məhkəmə qərarının icrası ilə bağlı əvəzsiz olaraq, belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən Bələdiyyə tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, həmin sənədlərin qanunauyğunluğunun və mötəbərliliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir. Bununla bağlı həm də, nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa aprirori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuquluq prinsipina tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mübahisəli torpaq sahəsinin dövlət yaxud bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olması, bununla da qeyd olunan ərazinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ərazis olması və onun bir-başa maraqlarına toxunub-toxunmamasının müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilmədən məhkəmə ərizənin rədd olunmasına dair nəticəyə gəlmişdir. Baxmayaraq ki, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3519/2021 saylı qərarının 4cü səhifəsinin 3-cü abzasında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********29 nömrəli xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olduğu müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: Maddə 28. iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər, məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli, iş ləğv olunan hissədə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3519/2021 saylı qərardadı qismən-ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin şikayətinə münasibətdə ləğv edilsin. İş həmin hissədə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2-1(103)-3213/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3213/2024
24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver