Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3214/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(112)- 6607/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əsassız dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********5 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarının ləğv edilməsi, iddiaçıya təyin edilmiş pensiyanın dayandırıldıgı xx.xx.2021-ci il tarixindən bərpa edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmiş, müraciəti əsasında xx.xx.2017-ci il tarixdən ona 160 manat məbləğində pensiya təyin edilmişdir. Lakin 2021-ci ilin mart ayında pensiyanın ödənilməsi dayandırılmışdır. İddiaçı yaranmış problemlə əlaqədar dəfələrlə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən azdır, ümumi iş stajı 20 il 5 ay 13 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1982-ci il və xx.xx.1988-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Göründüyü kimi cavabdeh qurum imtina məktubunda iddiaçının 1982-1988-ci illərdə stajının olmadığına əsaslansa da, iddiaçı Trol və soyuducu donanmasının Vladivostok bazasında işləmiş, xx.xx.1982-ci il tarixli əmrlə matros fəhləsi işinə qəbul edilmiş, 1984-cii ilin aprel-oktyabr ayları ərzində İliç adına peşə məktəbində kursant olmuş, 1985-ci ilin dekabr ayında matros vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixli 17 saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasına qayıtdıqda əmək kitabçasını özü ilə gətirə bilməmiş, lakin təqdim olunan arxiv sənədləri iddiaçının stajını təsdiq edir. Bu barədə cavabdeh qurum tərəfindən də sorğu göndərilə bilər, lakin sorğu göndərilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, iddiaçıya 26 dekabr 2016-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya vaxtilə pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən təyin edilməli olduğu halda, ona 56 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixindən təyin edilmişdir. İnzibati orqan tərəfindən aparılan araşdırma zamanı vaxtilə ona pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az olduğu (20 il 5 ay 13 gün (xx.xx.1977- xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1982-ci il və xx.xx.1988-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) və 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixinə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi aşkar edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.2016-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 56 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona ödənilən əmək pensiyasının dayandırılması barədə qərar qəbul edilərək onun pensiyası dayandırılmışdır. xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 9390,10 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş, bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı barədə məktub ünvanlanmış və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci və 82-ci maddələrinə əsasən inzibati orqan tərəfindən ona artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 12 dekabr 2021-ci il tarixli **********8 nömrəli qərar aidiyyəti üzrə iddiaçının yaşadığı ünvana göndərilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməsi üçün iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi ümumi onun ümumi iş stajı 25 ildən az (20 il 9 ay 13 gün (xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1988-xx.xx.2004-cü il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008xx.xx.2008-ci il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2017xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2017-ci il və xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Belə ki, 2006-2021-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 26 ay (2 il 2 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Eyni zamanda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bakı İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(112)-6607/2022 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********5 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarının ləğv edilməsi, iddiaçıya təyin edilmiş pensiyanın dayandırıldığı xx.xx.2021-ci il tarixindən bərpa edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə 3 saylı Asan Xidmət vasitəsilə təqdim edilmiş sənədlərə əsasən iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən 160.00 manat məbləğində yaşa görə pensiya təyin edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********5 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarı ilə xx.xx.2016-cı il tarixdə iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli **********6 saylı məktubu ilə bildirilmişdir ki, iddiaçıya 26 dekabr 2016-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən təyin edilməli olduğu halda, iddiaçıya 56 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixindən təyin edilmişdir. Araşdırma zamanı vaxtilə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədek ümumi iş stajının 25 ildən az olduğu (20 il 5 ay 13 gün (xx.xx.1977- xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1982-ci il və xx.xx.1988xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) və 57 yaşınızın tamam olduğu xx.xx.2017-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi aşkar edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.2016-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 56 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ödənilən əmək pensiyası xx.xx.2021-ci il tarixində dayandırılmışdır. xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 9390,10 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı barədə məktub ünvanlanmış və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci və 82-ci maddələrinə əsasən iddiaçıya artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 12 dekabr 2021-ci il tarixli **********8 nömrəli qərar aidiyyəti üzrə yaşadığı ünvana göndərilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməsi üçün təqdim etdiyi sənədlərdən göründüyü kimi ümumi iş stajı 25 ildən az (20 il 9 ay 13 gün (xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1988 - xx.xx.2004-cü il, xx.xx.2007-xx.xx.2007- ci il, xx.xx.2008xx.xx.2008-ci il, xx.xx.2017- xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2017xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2017-ci il və xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Belə ki, 2006-2021-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 26 ay (2 il 2 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadıgı bildirilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********3 saylı məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi dayandırılmışdır. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə əmək pensiyasının ödənişi bərpa olunacaq, dayandırılma müddətində ödənilməmiş pensiya məbləği müvafiq kart hesabınıza köçürüləcəkdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki əmək pensiyasının dayandırılması haqqında qərar qəbul etməkdən etməkdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. İddiaçıya təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən “Əmək pensiyasının dayandırılması haqqında” qərar qəbul etmişdir. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. Məhkəmə araşdırılması zamanı, iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan, təmin edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********5 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarı ləğv edilməli, pensiyanın dayandırıldığı xx.xx.2021-ci il tarixindən bərpa edilərək ödənilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(112)-6607/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3214/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3214/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver