Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3214/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi (babası) Nümayəndə Xeybər oğlunun və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması tələbinə dair” iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13301/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 iyul 2022-ci il tarixli ******* saylı qərarının ləğv edilməsi və 16 sentyabr 2021ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vəndaşlığına mənsubiyyətinin tanınması haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi aşağıdakılarla əsaslandırılmışdır: «... 16 sentyabr 2021-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, bu barədə ona Moskva şəhəri 55 saylı WAQ orqanın Babuşkino rayonu, Dövlət xidmətlərinin göstərilməsi üzrə Çoxfunksiyalı Mərkəzi tərəfindən 18 sentyabr 2021-ci il tarixli Xİ-МЮ seriyalı 722069 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmişdir. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsi üçün döğum haqqında şəhadətnamə və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış ərizə-anket, əlavə edilmiş sənədlər 16 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı ASAN xidmətinə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə 2 saylı Bakı ASAN xidmətindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğunu əsas götürürək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etməsi barədə məlumat verilmiş və bir müddət keçdikdən sonra cavabdeh təşkilata təkrarən müraciət etmək tövsiyə olunmuşdur. Şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədləri əlavə etməklə xx.xx.2023-cü il tarixdə təkrarən 2 saylı Bakı ASAN xidmətinə müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə ASAN xidmət tərəfindən cavabdehin xx.xx.2023-cü il tarixli ******* nömrəli imtina məktubu təqdim edilən zaman məlum olmuşdur ki, cavabdeh iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı xx.xx.2022-ci il tarixdə araşdırma aparmış onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərar təqdim edilmədiyi üçün qərarın surəti rəsmi olaraq xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı ASAN xidməti vasitəsilə əldə edilmişdir. Həmin qərar əsasızdır, qərarda göstərilən dəlillərin heç bir hüquqi əsası yoxdur və Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarının tələblərinə ziddir...” Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır. “...İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü yarımbəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər Rusiya Federasiyasının vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Bununla yanaşı, şəxs yuxarıda sözügedən qərardan şikayət müddətini ötürdüyü üçün iddia tələbi mümkün hesab olunmamalıdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13301/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərardad aşağıda göstərilən əsaslara görə ləğv edilməlidir. İlk növbədə, qərardadda itinad edilmiş halların əksinə olaraq cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət buraxılmamışdır. Məhkəmənin istinad etdiklərinin əksinə olaraq iddiaçıya Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlər və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə cavabdehə ünvanlanmış ərizə-anket tərəfimizdən 16 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı ASAN xidmətinə təqdim edilmişdir. Təyin olunmuş vaxtdaxx.xx.2022-ci il tarixdə şəxsiyyət vəsiqəsinin götürülməsi üçün 2 saylı Bakı ASAN xidmətində olarkən, cavadehin iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanımaqdan imtina etməsi barədə məlumat verilmişdir. Bu zaman imtina ilə bağlı hər hansı bir qərarın olması barədə cavabdehə rəsmi olaraq heç bir məlumat verilməmiş və qərar da təqdim edilməmişdir. İmtinanın əsas səbəbli kimi Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında müharibənin getdiyi üçün həmin ölkələrdə anadan olmuş şəxlərin müvəqqəti olaraq Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasının müvəqqəti olaraq dayandırılması barədə müvafiq göstərişin olması barədə məlumat verilmiş və bir müddətdən sonra bu məsələ ilə əlaqədar yenidən xidmətə müraciət etmək tövsiyyə olunmuşdur. Xüsusilə, cavabdeh tərəfindən mübahisəli qərarın surəti rəsmi olaraq bizə bu günə kimi təqdim edilməmişdir. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsi üçün 16 iyul 2023-cü il tarixdə yenidən 2 saylı Bakı ASAN xidmətinə müraciət etdikdən sonra, yəni, xx.xx.2023-cü il tarixdə cavabdehin iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə təkrarən imtina etməsi barədə onlara məlumat verilmiş və bu barədə məktub təqdim olunmuşdur. Həmin məktubla tanış olan zaman iddiaçı tərəfindən cavabdehin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixdə ******* nömrəli qərarın qəbul edilməsi müəyyən edilmişdir. Həmin qərarın surətini xx.xx.2023-cü il tarixdə rəsmi olaraq 2 saylı Bakı ASAN xidməti vasitəsi ilə əldə etdikdən sonra Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 38.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddianın mümkünlüyü məsələsinə baxılan zaman qeyd edilən xüsusatlar və iddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarın rəsmi olaraq cavabdehə təqdim edilməməsi barədə məhkəməyə ətraflı izahat verilmiş və eyni zamanda iddiaçının hər iki valideyininin Azərbaycan Respublikasının vətəndaşı olması və onların Bakı şəhərində daimi qeydiyyatda olmaqla orada yaşamaları, cavabdehin də onların himayəsində olması barədə məhkəməyə məlumat verilmişdi. Həmçinin, iddiaçının bacısı X1 da 19 mart 2018-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olması və ona bu barədə Moskva Lianozov rayonun 97 saylı VVAQ orqanı tərəfindən 02 aprel 2018-ci il tarixli Vİİİ-MЮ seriyalı 808354 nömrəli Doğum haqqında şəhadətnaməsinin verilməşinə baxmayaraq cavabdeh tərəfindən onun Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması barədə müvafiq qərar qəbul edilməsi və Minarə Muradovaya 2 saylı Bakı ASAN xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişi barədədə məlumat verilmişdir. O da məhkəmənin nəzərinə çatdırılmışdır ki, cavabdeh eyni fakt üzrə bir halda şəxsin Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması barədə qərar etsə də, digər halda- yəni cavabdehə qarşı münasibətdə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanımaqdan imtina etmişdir. Məhz bu hal xidmətin əməkdaşının bizə verdiyi məlumatın- yəni Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında müharibə getdiyi üçün həmin ölkələrdə anadan olmuş şəxlərin müvəqqəti olaraq Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasının müvəqqəti olaraq dayandırılması barədə müvafiq göstərişin olması fikrinin həqiqətəuyğun olmasını bir daha təsdiq edir. Qeyd edilənlərə baxmayaraq işə baxan hakim həqiqətə nail olmaq üçün iş üzrə hərtərəfli araşdırma aparmamış təqdim etdiyimiz subutlara prosessual qanunvericiliyinin tələbləri səviyyəsində hüquqi qiymət verməmiş və eyni fakt üzrə cavabdehin fərqli qərarlar qəbul etməsinin səbəblərini aydınlaşdırmamış və imtina barədə mübahisəli qərarın inzibati prosessual qanunvericiliyinin tələblərinə əsasən cavabdeh tərəfindən iddiaçıya rəsmi qaydada hansı tarixdə təqdim edilməsini aydınlaşdırmamış və yalnız cavabdehin iddia tələbimizə qarşı məhkəməyə təqdim etdiyi etirazda göstərdiyi həqiqətəuyğun olmayan məlumatları əsas götürərək iddianın mükünsüz sayılması barədə qərardad qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi, Miqrasiya Xidmətinin qərarından iddiaçının məlumatlı olduğunu, belə ki, qərarn ona xx.xx.2022-ci il tarixdə təqdim edildiyini, 1 ildən sonra məhkəmədə iddia qaldırıldığını və bu barədə sübutlar e-məhkəmə informasiya siteminə elektron kabinet vasitsəli təqdim edildiyini qeyd edərək iddiaçı tərəfindən iddia müddətinin buraxıldığını bildirmiş və birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir (b.b. 1.1;1.4; 2.3). Konkret halda, iddiaçının cavabdehə qarşı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması tələbinə dair hazırkı iddiasının məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçının qeyd olunan tələbindən göründüyü kimi, Dövlət Miqrasiya Xidmətinin 22 iyul 2022-ci il tarixli ******* saylı imtina qərarının ləğv edilməsi və 16 sentyabr 2021-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vəndaşlığına mənsubiyyətinin tanınması haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının sözügedən iddiası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələbinə müvafiq olaraq məcburetmə haqqında iddia növünə aid edilir. Belə ki, Məcəllənin qeyd olunan maddəsinnin tələbinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Eyni zamanda həmin Məcəllənin 33.1-ci maddəsi nəzərədə tutur ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinin tələbinə görə isə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Konkret halda isə iddiaçı cavabdehin imtina qərarını mübahisələndirmək üçün qeyd olunan iddia müddətini buraxılmışdır. Belə ki, iş materiallarına, o cümlədən, e-məhkəmə informasiya sisteminə daxil edilmiş sənədlərə (“digər sənədlər”) əsasən müəyyən olunur ki, iddiaçı məhkəməyə qədər hazırkı tələblə bağlı cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət etmiş, sonuncu onun müraciətinə baxaraq xx.xx.2022-ci il tarixdə imtina qərarı qəbul etmiş və həmin qərarı ərizəçiyə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim etmişdir. Həmin qərardan narazı qalan ərizəçi isə 1 il müddət keçdikdən sonra, məhkəməyə hazırkı məcburetmə haqqında iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki, İPM-in 24.4-cü maddəsi nəzərdə tutur ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də, hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə belə verilə bilməz. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi iddia müddəti 1 ildən də çox ötürüldüyünə görə inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə cavab vermir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddianı mümkün saymamışdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadığını, təqdim edilmiş subutlara prosessual qanunvericiliyinin tələbləri səviyyəsində hüquqi qiymət verilmədiyini, əsassız olaraq iddianı mümkün saymadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13301/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13301/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3214/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3214/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver