Məhkəmə qərarları › İş №2-1(103)-3215/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3215/2025

05.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3215/2025 05.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğv edilməsi və ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə İsayeva Sevinc Ehtiram qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğv edilməsi və ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3240/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə **********8422-1 nömrəli ərizəsi üzrə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərarın ləğv edilməsi və cavabdehin üzərinə xx.xx.2024-cü il tarixindən başlayaraq ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona ünvanlı sosial yardım təyin edilməsindən imtinanın qanunsuz və əsassız hesab edilərək ona müraciət etdiyi xx.xx.2024-cü il tarixindən ünvanlı sosial yardım təyin edilməsi öhdəliyinin cababdeh Azərbaycan Respubliakı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün **********8422-1 nömrəli ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Cavabdeh tərəfindən cavab olaraq xx.xx.2024-cü il tarixli ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı qanunsuz hesab edir. Cavabdeh ilk olaraq hərəkətsizlik edərək yaşadığı ünvana qanunvericiliklə 15 gün müddətində baxış keçirməli olduğuna baxmayaraq bunu etməmişdir. Ünvana 2 ay 18 gündən sonra baxış keçirmiş və əsassız imtina qərarı qəbul etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3240/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixindən ünvanlı sosial yardım təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur.

5. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Apelyasiya şikayəti iddiaya qarşı 3-17-112-2558/2025 nömrəli, xx.xx.2025-cil tarixli etirazla oxşar məzmunda tərtib edilmişdir. Tərəflərin izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçı tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

İŞİN HALLARİ:

10. İddiaçı xx.xx.1990-cı ildə anadan olmuşdur. O, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatdadır.

11. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31 iyul 2017-ci il tarixli, 2(004)- 5582/2017 saylı qətnaməsi ilə iddiaçı ilə X7 arasında Sabunçu rayon Qeydiyyat şöbəsində 20 dekabr 2006-cı il tarixdə, 1796 akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 iddiaçının yanında qalması qət edilmişdir.

12. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçı 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinə Notariat Ofisinin 8İ-40183 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən X3 4 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay son 1 ildə cəmi 250 manat sabit pul məbləğində alimenti Bakı şəhəri Yasamal rayon icra şöbəsi vasitəsi ilə alır.

13. "xxxx" MTK-nın 163 nömrəli, 26 aprel 2024-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı həqiqətən ünvan 4 ünvanındakı yüksəkmərtəbəli yaşayış binasının 10-cu giriş, 13cü mərtəbəsində olan, 1 otaqlı, 1179 saylı mənzildə ailə üzvləri ilə birgə qeydiyyatsız yaşayır (özü, qızı xx.xx.2007-ci il təvəllüdlü X6, oğlu xx.xx.2012-ci il təvəllüdlü X9, oğlu xx.xx.2016-cı il təvəllüdlü X8 və oğlu xx.xx.2016-cı il təvəllüdlü X10).

14. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir.

15. Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə rəhbərlik arasında müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçının vəzifəsi kargüzar, aylıq əmək haqqı məbləği 175 manat göstərilmişdir

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçının və ailə üzvlərinin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

17. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.2025-ci il tarixli, 711 nömrəli arayışına əsasən X6 həqiqətən “Tikintiiqtisad” fakültəsinin 1 kurs 744a2 qrupunun tələbəsidir. “İqtisadiyyat” ixtisası üzrə əyani şöbəsində ödənişli əsaslarla təhsil alır.

TƏTBİQ EDİLƏN HÜQUQ:

18. “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 9.0. Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır: 9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); 9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 9.0.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 9.0.4. axtarışda olan şəxslər; 9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; 9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.6. Sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır: 3.6.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); 3.6.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 3.6.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 3.6.4. axtarışda olan şəxslər; 3.6.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları; 3.6.7. (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:

21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

23. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

26. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, **********8422-197 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir. Cavabdeh mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə maddi-məişət şəraitinin yoxlanılması zamanı təmsilçi tərəfindən rəsmi nikahda olub ayrıldığı və 250 manat məbləğində aliment qət olunduğu bildirilsə də, məhkəmə qətnaməsi təqdim olunmamışdır. Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi təmsilçi tərəfindən aliment məbləğinin qeyd edilməsi, lakin məlumatın doğruluğunu təsdiq edən sənədin təqdim edilməməsi ilə bağlı olmuşdur.

27. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, ailənin ümumi gəlirinin hər bir ailə üzvünə düşən hissəsinin məbləği ölkə üzrə ehtiyac meyarından aşağı olduqda, ailəyə həmin hissənin ehtiyac meyarından aşağı olan hissəsi məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilir. Ünvanlı sosial yardımın təyin edilməsi zamanı ailə üzvləri sırasında əcnəbilər (Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər istisna olmaqla) və cəzaçəkmə müəssisəsində olan şəxslər nəzərə alınmırlar.

28. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilmişdir.

29. İşin birinci instansiya məhkəməsi tərəfidən müəyyən edilmiş hallarına görə iddiaçının aiə tərkibi özündən və övladları xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X4 ibarətdir. İddiaçının övladlarından yalnız X6 yetkinlik yaşına çatmışdır ki, o ali məktəb tələbəsidir və bu səbəbdən ailənin gəlir gətirməli olan üzvü kimi nəzərə alına bilməz. İddiaçının isə əmək müqaviləsinə əsasən əmək haqqı 175 manat təşkil edir. Eyni zamanda iddiaçı övladlarına görə 250 manat aliment alır.

30. Qeyd olunanlardan müəyyən ediliri ki, ailənin cəmi gəliri 425 manat təşkil edir ki, həmin rəqəmi beş ailə üzvünün sayına böldükdə hər bir ailə üzvünə cəmi 85 manat düşür. Bu isə ölkə üzrə ehtiyac meyarından azdır.

31. Cavabdehin apelyasiya şikayətinin “məhkəmə qətnaməsinin inzibati icraat zamanı təqdim edilməməsi” dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən inzibati icraat tam həyata keçirilmədiyindən qeyd edilən dəlil əsasssızdır. Belə ki, “İnzibati İcraat Haqqında” Qanuna əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İşin hallarından isə müəyyən edilir ki, cavabdeh tərəfindən inzibati icraatın qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçıya uyğunsuzluq səbəbi ilə dərhal imtina verilmişdir.

32. Eyni zamanda Kollegiya qeyd edir ki, Ali Məhkəmənin məhkəmə təcrübəsini müəyyən edən üç ulduzlu 2023-cü il 18 may tarixli, 2-1(102)-1139/2023 nömrəli qərarında qeyd edilmişdir ki, “....Kollegiya cavabdehin istinad etdiyi “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə isə qeyd edir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bilər. Müvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilməz. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh bəyan edilən məlumatlarla yoxlama zamanı aşkar edilənlər arasındakı uyğunsuzluq hallarına formal yanaşmış, ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydada davranmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar edilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir. Çünki uyğunsuzluq halının aradan qaldırılması ehtimalı və ərizəçinin müraciətinin təmin edilməsi imkanı qalır. Yalnız bu qaydada davrandıqdan sonra aşkar edilmiş uyğunsuzluğun ünvanlı sosial yardım təyin edilməsi meyarları baxımından imtina səbəblərini aradan qaldırmadığı halı mövcud olmaqda davam etdikdə, ərizənin təmin edilməməsi haqqında qərar çıxarıla bilər.

33. Hazırkı işin hallarından isə görünür ki, ilkin olaraq cavabdeh uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş hər hansı fəaliyyət göstərmədən, eləcə də yuxarıda qeyd edilən qaydada qiymətləndirmə aparmadan imtina qərarı qəbul etmişdir.

34. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hal-hazırda iddiaçının övladlarına görə 250 manat aliment alması işin mübahisəsiz halıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx/xx-6319/16S nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinə Notariat Ofisinin 8İ-40183 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsinə əsasən X3 4 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay son 1 ildə cəmi 250 manat sabit pul məbləğində alimenti Bakı şəhəri Yasamal rayon icra şöbəsi vasitəsi ilə alır.”

35. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair qəbul etdiyi qərar qanuni və əsaslı olmuşdur.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3240/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar