Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3216/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddiaçının xx.xx.2009-cu il tarixli xəstəlik haqqında şəhadətnaməsində göstərilmiş xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi qeyd edilərək yenidən şəhadətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1683/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı xəsarətin “Hərbi travmadır, hərbi xidməti vəzifələrinin yerinə yetirərkən almışdır” səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi qeyd edilərək yenidən şəhadətləndirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək Müdafiə Nazirliyinin tərkibində N saylı hərbi hissədə düşmənlə həmsərhəd ərazidə xidmət etmişdir. O, xx.xx.2009-cu ilin fevral ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmış, 2-ci qrup hərbi əlil, prezident təqaüdçüsü, ehtiyatda olan əsgərdir. xx.xx.2009cu ildə N saylı hərbi hissədə döyüş postunda hərbi xidməti vəzifələrini yerinə yetirən mina partlaması nəticəsində travma almış, sağ baldırın aşağı 1/3 səviyyəsində travmatik qopmasına görə aparılmış orta 1/3 səviyyəsində amputasiya edilmişdir. İddiaçı hal-hazırda xəstəliyi ilə bağlı çox əziyyət çəkir, daimi müalicə və müayinələrdə olur. xx.xx.2009-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilən zaman ona döyüş postunda xidmət edərkən mina partlayışı nəticəsində sağ baldırın aşağı 1/3 səviyyəsində travmatik qopmasına görə aparılmış orta 1/3 səviyyəsində amputasiya edilməsi və digər xəsarətlər nəticəsində “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi deyil “Hərbi travmadır, hərbi xidməti vəzifələrini yerinə yetirərkən almışdır” kimi qeyd edilmişdir. Lakin iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 101 nömrəli şəhadətnaməsi ilə razı deyil, belə ki, ona döyüş postunda xidmət edərkən mina partlayışı nəticəsində sağ baldırın aşağı 1/3 səviyyəsində travmatik qopmasına görə aparılmış orta 1/3 səviyyəsində amputasiya edilməsi və digər xəsarətlər nəticəsində “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” kimi deyil “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi qeyd edilməlidir. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona heç bir cavab verilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi RHK-sı tərəfindən 2009-cu ildən hərbi xidmətə çağırılmış, ehtiyatda olan əsgər İddiaçı Vasif oğlu xx.xx.2009-cu ildə MN Baş Klinik Hospitalı tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Mina partlayış travması (xx.xx.2009), sağ baldırın aşağı 1/3-i səviyyəsində travmatik qopmasına görə aparılmış orta 1/3-i səviyyəsində amputasiyasından (xx.xx.2009) və reamputasiyasından (xx.xx.2009) sonrakı güdülü. Mina partlayış travması. Hər iki gözün buynuz qişasının çoxsaylı kor qəlpə yaralanmaları, sol gözün başlanğıc kataraktası, sag gözün görmə itiliyi 0.8, sol gözün görmə itiliyi 0,7 olmaqla. Mina partlayışı yaralanmasından sonrakı üzün infraorbital və ağız ətrafı nahiyələrinin kiçik ölçülü bərkimiş dəri çapıqları, inkapsulyasiya olunmuş yad cisimləri (metal qəlpələr). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozları ilə oan xəsarətlərin səbəb əlaqəsi “Hərbi Travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi, “Sağ tərəfli xroniki adheziv orta otit. Reaktiv hepatit. Sağalma ilə nəticələnmiş somatagen mənşəli nevrotik reaksiya” diaqnozu ilə oan xəsarətin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 70 b maddələrinin İİ qrafasına əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” sayılmışdır. Vətəndaşın travma alma faktı onun müalicə olunduğu tibb müəsəssinin travma və xəsarətlə bağlı verdiyi çıxarış epikrizi və travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin N saylı hərbi hissə komandirinin verdiyi xx.xx.2009-cu il tarixli, 350 saylı travma haqqında arayışda İddiaçı “Hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən” travma aldığı göstərilmişdir. Bu səbəbdən də MN MHHK-sı “Əsasnamə”nin 7.3-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsini düzgün olaraq “Hərbi travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin etmişdir. Vətəndaş İddiaçı təyin edilmiş “Mina partlayış travması (xx.xx.2009), sağ baldırın aşağı 1/3-i səviyyəsində travmatik qopmasına görə aparılmış orta 1/3-i səviyyəsində amputasiyasından (xx.xx.2009) və reamputasiyasından (xx.xx.2009) sonrakı güdülü. Mina partlayış travması. Hər iki gözün buynuz qişasının çoxsaylı kor qəlpə yaralanmaları, sol gözün başlanğıc kataraktası, sag gözün görmə itiliyi 0.8, sol gözün görmə itiliyi 0,7 olmaqla. Mina partlayışı yaralanmasından sonrakı üzün infraorbital və ağız ətrafı nahiyələrinin kiçik ölçülü bərkimiş dəri çapıqları, inkapsulyasiya olunmuş yad cisimləri (metal qəlpələr). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət ’’diaqnozu ilə olan xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3. bəndinin və 7.2. bəndinin “a” yarımbəndinin tələblərinə ziddir. İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi tanınması tələbi MN MHHK-nın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqan üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Bakı İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-1(112)-1683/2025 saylı saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia təmin edilmiş, İddiaçı xx.xx.2009-cu il tarixli xəstəlik haqqında şəhadətnaməsində göstərilmiş xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi qeyd edilərək yenidən şəhadətləndirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası Bakı İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-1(112)-1683/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Həmçinin apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti 15 ildən artıq ötürmüşdür. Bakı İnzibati Məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı və qərar çıxarılarkən maddi və prosessual hüquq pozuntularına yol verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin “a” yarımbəndinin və 7.3-cü maddəsinin tələbləri kobud surətdə pozulmuş, həmçinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının hüquq və vəzifələri nəzərə alınmamış, iş üzrə bütün faktiki hallar araşdırılmamış, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsasının olmadığı nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, döyüş əməliyyatları zamanı hərbi xidməti vəzifələrimi yerinə yetirərkən mina partlaması nəticəsində kəllə-beyin travması almış və ayağının 3/1 hissəsi amputasiya edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən şəhadətləndirilən zaman “Hərbi travmadır, hərbi xidməti vəzifələrini yerinə yetirərkən almışdır” kimi qeyd aparılmışdır. Halbuki o, döyüş tapşırıqlarını yerinə yetirərkən xəsarət almışdır. Eyni zamanda iddiaçı ona verilmiş suallara cavab olaraq məhkəməyə bildirdi ki, halhazırda buna görə müəyyən sosial təminatlardan istifadə edə bilmir. Xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi nəticəsində dövlət tərfindən mənzillə təmin oluna bilər. ... Mina partlamasından əvvəl xidmət etdiyi hərbi hissə tərəfindən döyüş tapşırıqlarının həyata keçirilməsi ilə bağlı əmr verilmiş, postda xidmət göstərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı xx.xx.2009- cu il tarixdən xx.xx.2009-cu il tarixədək N saylı hərbi hissədə heyət nəfəri, atıcı, sanitar kimi xidmət etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 190 saylı qərarında göstərilmişdir ki, Bakı şəhəri Binəqədi RHK tərəfindən 2009-cu ildə hərbi xidmətə çağırılmış, İddiaçı Vasif oğlunun hərbi xidmət dövründə postda hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2009-cu ildə aldığı və xx.xx.2009-cu ildə MN Mərkəzi Hərbi Klinik Hospitalının cərrahiyyə profilli hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin olunmuş travma diaqnoz: “Mina partlayışı travması (xx.xx.2009), sağ baldırın aşağı 1/3 səviyyəsində travmatik qopmasına görə aparılmış orta 1/3 səviyyəsində amputasiyasından və reamputasiyasından sonrakı güdülü. Mina partlayış travması. Hər iki gözün buynuz qişasının çoxsaylı kor qəlpə yaralanmaları, sol gözün başlanğıc kataraktası, sag gözün görmə itiliyi 0.8, sol gözün görmə itiliyi 0,7 olmaqla. Mina partlayışı yaralanmasından sonrakı üzün infraorbital və ağız ətrafı nahiyələrinin kiçik ölçülü bərkimiş dəri çapıqları, inkapsulyasiya olunmuş yad cisimləri (metal qəlpələr). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət ” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin xx.xx.2024-cü il tarixli, 11 saylı göndərişi, xx.xx.2024-cü il tarixli, 180 saylı arayışı, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2009-cu il tarixli, 101 saylı xəstəlik haqqında şəhadətnamə, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalının həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və xx.xx.2009-cu ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalının cərrahiyyə profilli hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik-diaqnoz: “Sağalma ilə nəticələnmiş somatogen mənşəli nevrotik reaksiya” (Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2009-cu il tarixli, 101 saylı xəstəlik haqqında şəhadətnamə, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalının həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin xx.xx.2009-cu il tarixli, 350 saylı travma haqqında arayışda iddiaçının xx.xx.2009-cu il tarixində hərbi xidmət zamanı xəsarət alması, xəsrətin hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınması qeyd edilmişdir. - Birinci instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-20336/2024 saylı məktubu ilə iddiaçıya dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. İddiaçının qiymətləndirmə məlumatlarından görünür ki, ona ilk dəfə xx.xx.2010-cu il tarixdə Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, təkrar qiymətləndirmə nəticəsində xx.xx.2016-cı il tarixdən Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. - Birinci instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 06 fevral 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, N saylı hərbi hissə komandirinin 2009-cu il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı hərbi xidmət keçməsi, mina partlayışının təfərrüatları və hadisə baş verən vaxtı N №-li hərbi hissənin döyüş tapşırığını yerinə yetirib-yetirməməsi barədə araşdırma aparmaq mümkün olmamışdır. - 23 noyabr 2009-cu il tarixli, 101 saylı Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı 28.09.09 tarixdə postda xidmət apararkən mina partlayışı nəticəsində yaralanmışdır (təsdiqedici sənəd: N saylı hərbi hissə komandirinin 21.10.09 tarixli 350 saylı arayışı). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən hərbi-həkim ekspertizası dinc və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, həmçinin sərhəd qoşunlarında, daxili qoşunlarda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Hərbi Əks-Kəşfiyyat Xidməti və Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsi orqanlarında Azərbaycan Respublikası vətəndaşlarının səhhətinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq dərəcəsini, həbelə vətəndaşların yaralanmalarının (travmaların, xəsarətlərin, kontuziyaların) və xəstəliklərinin hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmələri ilə səbəb əlaqəsini (bundan sonra — yaralanmaların (xəsarətlərin, kontuziyaların, travmaların) və xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədilə keçirilir (1.). Hərbi-həkim ekspertizası keçirmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda, çağırış məntəqələrində ştatlı və ya ştatdankənar hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları yaradılır (2.). Şəhadətləndirilmə dedikdə, vətəndaşların hərbi xidmətə, hərbi qeydiyyat ixtisası üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığının müəyyən edilməsi məqsədilə, yazılı rəy çıxarmaqla onların, şəhadətləndirilmə anında səhhətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin həll edilməsi başa düşülür (4.). Vətəndaş HHK-nin (HUK-un) onun barəsindəki rəyindən məhkəməyə şikayət verə bilər. Məhkəmənin qərarı ilə vətəndaş nəzarəti müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər (7.). “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də göstərilmişdir ki, hərbi qulluqçuların hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəyi HHK bu Əsasnamənin 17ci bəndinə uyğun olaraq çıxarır (29.). Vətənin müdafiəsi, hərbi xidmət vəzifəsinin icrası, fövqəladə vəziyyət və hərbi münaqişələr şəraitində vəzifələrin yerinə yetirilməsi zamanı yaralanma (travma, kontuziya, xəsarət) almış hərbi qulluqçuların və xaricdə, döyüş əməliyyatları aparılmış dövlətlərdə hərbi xidmətkeçmə, xaricdə kəşfiyyat və əkskəşfiyyat işində olan dövrdə və ya fövqəladə vəziyyət və hərbi münaqişələr şəraitində vəzifələrin yerinə yetirilməsi zamanı xəstələnmiş hərbi qulluqçuların şəhadətləndirilməsi stasionar müalicə başa çatdıqdan sonra keçirilir (36.). “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 44-cü bəndində göstərilmişdir ki, HHK-nin yaralanmaların (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərin səbəb əlaqəsi haqqında rəyi aşağıdakı ifadələrlə çıxarılır: a) «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» b) «Hərbi travma SSRİ-nin müdafiəsi zamanı alınmışdır» c) «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ç) «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır» d) «Xəstəlik Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» e) «Ümumi xəstəlik» a) «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» ifadəsinə aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən, cəbhədə olduğu dövrdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, dövlət sərhəddini müdafiə edərkən; xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olan dövrdə, aktiv döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət edən dövrdə, kəşfiyyat və əks-kəşfiyyatla bağlı tapşırıqları yerinə yetirərkən yaranmışsa, yaxud bu xəstəliyin başlanğıcını həmin şəxsin cəbhədə olduğu dövrdə, kəşfiyyat və əks-kəşfiyyatla bağlı tapşırığı yerinə yetirdiyi dövrə aid etməyə imkan verən sənədlər varsa; əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti), xəstəliyi əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. c) «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ifadəsinə aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) «a» bəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, elektromaqnit sahələri mənbələrinin və optiki kvant generatorlarının təsirinə məruz qalmaq nəticəsində almışsa. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 45-ci bəndinə əsasən, HHK yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) səbəb əlaqəsi haqqında rəyi vətəndaşın yaralanma (travma, kontuziya, xəsarət) aldığı anda xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, digər qoşunlar və orqanların, təşkilatların, müəssisələrin rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti, habelə yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin icrası ilə əlaqədar olub-olmaması göstərilir). “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 46-cı bəndə görə, hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə yaralanma (travma, kontuziya, xəsarət) almış, lakin bu yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı HHK yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) səbəb əlaqəsi haqqında rəyi yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma səbəbini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Qeyd edilən normaların məzmunundan görünür ki, şəxsin xəsarətinin səbəbəlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması üçün Əsasnamədə göstərilmiş konkret hallar mövcud olmalıdır. Həmin halların mövcud olmaması isə səbəb-əlaqənin “Hərbi trama hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qeyd edilməsinə səbəb olur. İddiaçı xx.xx.2009-cu ildən xx.xx.2009-cu il tarixlərində hərbi xidmətdə olmuşdur. O, xx.xx.2009-cu il tarixində hərbi xidmətdə olarkən mina partlayışı nəticəsində xəsarət almış və cavabdeh tərəfindən xx.xx.2009-cu il tarixində şəhadətlənirilərək ona aldığı xəsarətin səbəb-əlaqəsi kimi “Hərbi travmadır, hərbi xidməti vəzifələrinin yerinə yetirərkən almışdır” kimi göstərilmişdir. İddiaçı hazırda həmin səbəb-əlaqənin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi qeyd edilməklə yenidən şəhadətləndirilməsini istəyir. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçının hərbi xidmətdə olduğu vaxt mina partlayışı nəticəsində xəsarət alaraq əlil olması işin mübahisəsiz halıdır. İddiaçının xx.xx.2009-cu il tarixində xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatlarının müəyyən edilməsi, həmçinin həmin hadisə baş verdiyi vaxt iddiaçının xidmət etdiyi N saylı hərbi hissənin hər hansı döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilib-edilməməsini aydınlaşdırmaq üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğular verilmişdir. Müdafiə Nazirliyinin cavab məktubunda hadisənin təfərrüatları barədə, həmçinin həmin vaxt N saylı hərbi hissənin hər hansı döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilib-edilməməsi barədə məlumat olmadığı bildirilmişdir. Həmçinin məktubda sorğunun cavablandırılması üçün N saylı hərbi hissəyə göndərildiyi qeyd edilmişdir. Lakin, sorğunun yönəldilməsindən 2 aydan da artıq müddət keçsə də, N saylı hərbi hissə tərəfindən məhkəməyə hər hansı cavab məktubu daxil olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1.). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2.). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3.). Cavabdeh iddiaçının xidmət etdiyi N saylı hərbi hissənin travma haqqında arayışına əsaslanaraq iddiaçının aldığı xəsarətin səbəbli əlaqəsinin “Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qeyd edildiyini bildirir. Belə olan halda həmin travma haqqında arayışın düzgün verilibverilmədiyini aydınlaşdırmaq zərurəti yaranmışdır. Bununla bağlı verilmiş məhkəmə sorğusuna isə yuxarıda qeyd edildiyi kimi cavabdehin üst qurumu olan Müdafiə Nazirliyi hadisə ilə bağlı məlumat olmadığını bildirmiş, N saylı hərbi hissə isə ona yönləndirilmiş sorğuya hər hansı cavab verməmişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən şəxsin hüquq və azadlıqlarını pozan müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunun sübut edilə bilməsi iş materialları ilə təkzib edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-1(112)-1683/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-1(112)-1683/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-3216/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3216/2025
24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver