Məhkəmə qərarları › İş №2-1(103)-3218/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3218/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3218/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, idiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun reyestrində qeydə alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3180/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 direktorunun 21 oktyabr 1989-cu il tarixli 92 nömrəli əmri ilə ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Keçmiş Azərbaycan SSRİ Nazirlər Sovetinin 2 mart 1989-cu il tarixli 111 №-li Qərarına əsasən Türkan qəsəbəsində,Türkan üzümçülük savxozunda işləyən fərdi evi və həyətyanı torpaq sahəsi olmayan fəhlə və qulluqçuların hər birinə 10 ha (sot) həyətyanı torpaq sahəsi ayrılması qeyd edilmişdir. Qərara əsasən, Türkan üzümçülük savxozunun direktorunun 21 oktyabr 1989-cu il tarixli 92 №-li əmri ilə ona da, 10 ha (sot) həyətyanı torpaq sahəsi ayrılmış və həyətyanı torpaq sahəsinin cizgi və ölcü sxemi çəkilmiş və savxoz direktorunun möhürü və imzası ilə təsdiq edilmişdir. Torpaq sahəsi həmin tarixdən istifadəsinə verilmiş və bu günədək də, daimi istifadəsindədir. Əmr arxiv çıxarışı ilə təsdiq olunur. Həmin torpaq sahəsi üzərində mülküyyət hüququnun dövlət qeydiyyatına alınması üçün xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2023-cü il tarixində müraciətinə cavab olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən tərəfindən göstərilən torpaq sahəsi X1 hüdudlarından kənarda, bir hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşməklə dövlət mülkiyyəti torpağıdır. Eyni zamanda, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur.. Halbuki, ona ayrılmış torpaq sahəsi Xəzər dənizinin sahil boyundan 100 metrdən artıq aralı məsafədə yerləşir. Sağ və sol həyətyanı torpaq sahələri olan qonşuları isə çıxarış ilə təmin olunmuşlar… Bundan sonra 3 nömrəli Zeytun sovxozunun 30 iyul 1992-ci il tarixli 56 saylı əmri ilə Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər), Qala qəsəbəsində fərdi yaşayış evin tikintisi üçün 0,10 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Həyətyani torpaq sahəsinin ona verilməsinə aid xx.xx.1991-ci il tarixli akt tərtib edilmiş və həmin aktda torpaq sahəsinin sxemi çəkilərək möhürlə təsdiq edilmişdir. Qeyd edilən torpaq sahəsi artıq uzun müddət onun istifadəsindədir…” Cavabdeh iddia ərizəsinə etirazında iddiaçıya ünvanladığı imtinasına uyğun əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3180/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon X1 21 oktyabr 1989-cu il tarixli 92 nömrəli əmri ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi X1 hüdudlarından 1200 metr kənarda yerləşməklə dövlət mülkiyyəti torpağıdır. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, göstərilən torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşir. Əlavə olaraq, sənəd üzrə torpaq sahəsinin ölçüsü 1000 kv.m qeyd olunsa da, faktiki olaraq 1450 kv.m təşkil edir. Məhkəmə tərəfindən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparmamış və Bakı İnzibati Məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməmişdir…” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apllyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, torpağın Xəzər dənizinin mühafizə zolağına düşmədiyini və onunla qonşuluqda olan şəxsə torpaq sahəsinə dair hüququnun qeydə alınıb reyestrdən çıxarış verildiyini və həmin çıxarışın işişə əlavə edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının «Dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinin tələbinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmışdaşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvfaiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlakın dövlət reyestrində hüquqların əmələ gəlməsi üçün əsasdır. Müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 №-li Fərmanın 1.2-ci bəndi ilə Siyahıya daşınmaz əmlakın dövlət reyestrində hüquqların əmələ gəlməsi üçün əsas olan aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunmuşdur: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; Həmin Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanupuna uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.» Birincisi, iş materiallarına əsasən müəyyən olunur ki, məhkəmə sorğusuna əsasən Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən X1 92 nömrəli 21 oktyabr 1989-cu il tarixli əmrinin T-133/2024 nömrəli xx.xx.2024-cü il tarixli arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. İkincisi, iddiaçı tərəfindən sovxoz direktorunun əmrdəki imzasından fərqlənmədyi adi gözlə də görünən imzası və «Kiril» əlifbasında dairəvi möhürü ilə təsdiq olunmuş yerləşmə cizgisi də iş materiallarına əlavə edilmişdir. Üçüncüsü, işə əlavə olunmuş «X4» MMC-nin 15 aperel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin yerinədə müayinə edilərək naturada 0,10 ha sahəsi olaq mübahisəli torpağın döngə nöqtələrinin koordinatları GPS alət vasitəsilə qeydə alınaraq kameral şəraitdə Google Yer proqramının aerokosmik («Ortofoto») görüntülərinə əsasən dəqiqləşmələr aparılaraq müəyyən olunmuşdur ki, iddia olunan torpaq sahəsi: -cizgi və ölçü sxeminə uyğundur; -digər torpaq sahələri ilə də üst-üstə düşmür; -ixrac neft0qaz boru kəmərlərinin və elektrik xəttinin mühafizə zonasında yerləşmir; -başqa şəxsin adına qeydə alınmamışdır; -Xəzər dənizi ilə arasındakı məsafə 80 m təşkil etdindən AR TOrpaq Məcəlləsinə görə sahil mühafizə zolalının 20-50 m təşkil etdiyi nəzərə alınmaqla, dənizin mühafizə zolağına da düşmür (hətta, torpağın yerləşdiyi 80 m məsafə 4 yerə bölünsə belə, mühafizə zolağının minimum məsafəsində (20 m) az təşkil etmir). Dördüncüsü, işə əlavə olunmuş, aerokosmik görüntüdən də görünür ki, dənizdən 80 m məsafədə yerləşən mübahisəli torpaq sahəsi bilavasitə bağlar arası yolun kənarında yerləşir və sağı-solu boyunca digər bağ sahələri ilə əhatə olunmaqla, həmin bağlar uzunluğuna yol boyunca sıralanır. Beşincisi, keçmiş Torpaq Məcəlləsinin 5-ci və 9-cu maddələri nəzərdə tuturdu ki, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir və torpaq üzərində, Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. 1989-cu ildə iddiaçıya ayrılan torpaq sahəsi də təbii ki, dövlət fondu torpaqlarından ayrılmışdır. Belə ki, sovxoz direktorunun əmrinin elə birinci abzasında deyilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 mart 1989-cu il tarixli 11 №-li qərarına əsasən Türkan qəsəbəsində və Bakı şəhərinin müxğəlif rayonlarında yaşayan, özlərinə məxsus fərdi evi və həyətyanı sahəsi olmayan, Abşeron rayon Türkan üzümçülük sovxozunda işləyən fəhlə və qulluqçuların hər birinə 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır… (Adları aşağıda qeyd olunan fəhlə və qulluqçulara fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılsın. …; X3…)” Qeyd olunanlar baxımından birmənalı olaraq cavabdehin apellyasiya şikayətinin mübahisəli topaq sahəsinin dövlət mülkiyyətinə aid torpaq sahəsi və Xəzər dənizinin mühafizə zolalağına düşdüynü mübahisələndirən dəlilləri tamamilə əsassız və əhmiyyətsizdir. Torpaq sahəsinin faktiki olaraq 1450 kv.m olması ilə bağlı dəlillərinə gəldikdə, iddiaçı 1000 kv. m-dən artıq torpaq sahəsinə tələb irəli sürməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ən azından, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması barədə hüquqmüəyyənedici sənəd, yəni, sovxoz direktrorunun əmri ləğv olunmamış, etibarsız sayılmamış, həmin torpaq sahəsinin həmin əmrlə ayrılan torpaq sahəsi olmadığı, başqasına məxsus olduğu cavabdeh tərəfindən nə mübahisəlndirilir, nə də ki müvafiq sənədi-sübutu vardır. «İnzibati icraat haqqında» Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə də, mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən həmin torpaq sahəsinin iddiaçının adına qeydə alınmasından və bu barədə çıxarış və plan ölçü tərtib edilməsindən imtina olunması əsassızdır və onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekunda cavabdehin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3180/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar