Məhkəmə qərarları › İş №2-1(103)-3219/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3219/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3219/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlundan və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5840/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Bakı İnzibati Məhkəməsinin 2-1(112) 12912/2022-ci il saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. 2.Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1355/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12912/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 3.Tibbi-Sosial Ekspert Komissiyasının ilkin müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə 2.2.1 ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı diaqnozu ilə ikinci dərəcəli əlildir, növbəti müayinə tarixi xx.xx.2022-ci ildir. 4.Bakı İnzibati Məhkəməsinə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla təqdim olunan pensiya işindən müəyyən olunur ki: -DSMF-nin Binəqədi rayon şöbəsinin xx.xx.2017-ci il tarilxi 71 nömrəli qərarı ilə İddiaçı xx.xx.2017-ci il tarixdən İİ dərəcə əlil dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-16148/2023 saylı pensiyanın yenidən hesablanması barədə qərarından görünür ki, pensiyanın yenidən hesablanması səbəbi: əlilliyin bərpası (məhkəmə qərarı), dövlət məvacibinin cəmi 2675,09 manat, pensiya faizi 65 %, yenidən hesalanmış pensiya məbləği 1990,85 manat, hazırkı pensiya məbləği 2663,25 manat, ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri barədə məlumat: xx.xx.2017-xx.xx.2022-ci il, məbləğ 30037,41 manat. Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 19733.84 manat pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qərarın ləğv edilməsi və 49.771,25 manat pul vəsaitinin cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş qrafik üzrə (hər ay 1201.50 manat) ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Şəmstan oğlu xx.xx.1967-ci ildə doğulmuşdur. İddiaçı xx.xx.2017-ci ildən 5 illik müddətə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya təyin edilmiş əllik qiymətləndirilməsi 2018-ci ilin fevral ayında əlillik altsistemində etibarsız hesab edilmişdir. Həmin hərəkətdən narazı qalan iddiaçı əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Reablitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-12912/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Adıçəkilən qərardan Reablitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(103)1355/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Adıçəkilən qərardan kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Daha sonra həmin qərar reablitasiya xidməti tərəfindən icra edilmiş və iddiaçının əlillik qiymətləndirilməsi əlillik altsistemində bərpa edilmişdir. Bundan sonra iddiaçı hazırkı iş üzrə cavabdehə müraciət edərək xx.xx.2018-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiya məbləğlərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən edilmiş müraciətin araşdırılması zamanı inzibati icraat aparılmış və aparılmış inzibati icraat nəticəsində iddiaçıya həqiqətən də 49.771.25 manat pul məbləğlərinin ödənilməli olması müəyyən edilmişdir. Lakin aparılmış araşdırma zamanı cavabdeh inzibati orqan belə bir qənaətə gəlmişdir ki, 30.062017-ci ildən xx.xx.2020-ci ilə qədər iddiaçıya vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunan zaman pensiyanın məbləği düzgün şəkildə hesablanmamış və bununla da iddiaçıya ümumilikdə 19733.84 manat pul vəsaiti ödənilmişdir. Cavabeh inzibati orqan AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 145 N-li qərarı ilə təsdiq edilmiş Qaydaların 6.6-cı bəndinə uyğun olaraq ödənilməli olan 49771.25 manatdan artıq ödənilmiş 19733.84 manat pul vəsaitinin əvəzləşdirilməsi həyata keçirilmiş və ümumilikdə 30037.41 manat pul vəsaitinin ödənilməsi qənaətinə gəlinmişdir. Cavabdeh orqanın artıq ödənilmiş 19733.84 manat pul vəsaitinin əvəzləşdirilməsi ilə bağlı hərəkəti əsassızdır. Belə ki, ilk növbədə müəyyən etmək lazımdır ki, iddiaçının ödənilməli olan 19771.25 manat pul vəsaiti hansı kateqoriya ödənişə aiddir. İddiaçı hazırda əmək pensiyası alan şəxs kateqoriyasında deyildir. Adıçəkilən məbləğ əlillik təyin edən orqanın qanunsuz hərəkətləri nəticəsində hazırki cavabdeh inzibati orqan tərəfindən ödənilməli olan kompensasiya kateqoriyasına aiddir. Artıq ödənilmiş 19733.84 manat pul vəsaiti isə əmək pensiyası kateqoriyasına aiddir. Həmin pul məbləğinin DSMFnin büdcəsinə qaytarılmasının üsul və qaydlarını tənzimləyən normalar isə “Əmək pensiyaları haqqında” AR Qanununun 39-cu maddəsi eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6-cı bəndi ilə tənzimlənir. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyasıçısının razılığı ilə, əmək pensiyasını təyin edən orqanın qərarı əsasında razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 7.Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, pensiya işinə aid sənədlərdə iddiaçıya Fondun Binəqədi rayon şöbəsi tərəfindən 30 iyun 2017-ci il tarixindən vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Müvafiq məhkəmə qərarına əsasən xx.xx.2017xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə təyin edilmiş əlillik dərəcəsi bərpa edildiyindən pensiya işi araşdırılaraq yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əsasən sabiq vergi orqanları əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqısının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Nəticədə məlum olmuşdur ki, 30 iyun 2017-ci il tarixində əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 20 il 8 gün qulluq illərinə uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq dövlət məvacibinin 1680,27 manatın (son 24 ay üzrə ümumilikdə ödənilmiş 40326,54 manatın 24-ə olan nisbəti) 80 faizi 1344,22 manat məbləğində hesablanmalı olduğu halda, 1773,02 manat müəyyən edilməklə xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 3444,70 manat məbləğində artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 20 il 8 gün qulluq illərinə görə əmək pensiyanın hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 65 faiz təşkil edir. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018ci il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 341,00 manat, qulluq illərinə görə əlavə 30,00 manat, rütbəyə görə əlavə 39.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 1262,14 manat, digər növ əlavə 85,43 manat olmaqla orta aylıq əmək haqqı 1757,57 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1680,27 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1757,27 manat) arasındakı fərq məbləğinin (77,30 manat) 65 faizi- 50,24 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (1344,22 manat) üzərinə əlavə olunmaqla əmək pensiya 1394,46 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 25100,28 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 34345,62 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 9245,34 manat artıq pul vəsaiti ödənilib. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq illərinə görə əlavə 30,00 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 1887,66 manat, digər növ əlavə 85,43 manat olmaqla orta aylıq əmək haqqı 2552,09 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1757,57 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən iddiaçının sonrakı orta aylıq əmək haqqı (2552,09 manat) arasındakı fərq məbləğinin (794,52 manat) 65 faizi 516,44 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (1394,46 manat) üzərinə əlavə olunmaqla onun əmək pensiyası 1910,90 manat məbləğində hesablanmalı olduğu halda, 2663,25 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçının müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 3009,40 manat məbləğində artıq pul vəsaiti ödənilib. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq illərinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 153,00 manat, rütbəyə görə əlavə 39.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 1887,66 manat, digər növ əlavə 85,43 manat olmaqla orta aylıq əmək haqqı 2675,09 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2552,09 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (2675,09 manat) arasındakı fərq məbləğinin (123,00 manat) 65 faizi-79,95 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyanın (1910,90 manat) üzərinə əlavə olunmaqla əmək pensiya 1990,85 manat məbləğində hesablanmalı olduğu halda, 2663,25 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə 4034,40 manat məbləğində artıq pul vəsaiti ödənilib. Əlillik dərəcəsinin 3 iyun 2020-ci il tarixindən etibarsız edilməsi ilə əlaqədar pensiya ödənişi 1 iyul 2020-ci il tarixindən dayandırılıb. Müvafiq məhkəmə qərarına əsasən əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan ümumilikdə 49771,25 manat pul vəsaiti hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2017xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 30037.41 (497xx.xx- 19733.84) manat pul vəsaiti hesablanıb. Həmin 30037,41 manat vəsait 2023-cü ilin noyabr ayından etibarən hər ay 1201,50 manat olmaqla müvafiq kart hesabına köçürülür. Eyni zamanda maddi yardım üzrə 2022-ci il üçün ödənilməli olan ümumilikdə 1393,56 manat pul vəsaiti hesablanıb. Həmin 1393,56 manat vəsait də 2023-cü ilin noyabr və dekabr aylarında hissə-hissə müvafiq kart hesabına köçürülüb. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. 8.İddiaçının vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqim edərək İddiaçı barəsində artıq ödənilmiş 19733,84 manat pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hrəkətlərin əsassız hesab edilməklə həmin əvəzləşdirmə barədə cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-16148/2023 nörməli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasının ləğv edilməsi və ona ödənilməli olan 49771,25 manat pul vəsaitinin cavabdeh tərəfindən təyin edilmiş qrafik üzrə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5840/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-16148/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasında ödənilməli məbləğin 30037,41 manat müəyyən edilməsi hissəsində ləğv edilmiş, İddiaçı xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 49771,25 manat pul vəsaitinin təyin edilmiş müvafiq qrafik üzrə ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5840/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5840/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-5840/2024 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilərək, xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-16148/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasında ödənilməli məbləğin 30037,41 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Binəqədi rayon şöbəsi tərəfindən 30 iyun 2017-ci il tarixindən vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Müvafiq məhkəmə qərarına əsasən xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə təyin edilmiş əlillik dərəcəsi bərpa edildiyindən pensiya işi araşdırılaraq yenidən hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sabiq vergi orqanları əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqısının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Nəticədə məlum olmuşdur ki, 30 iyun 2017-ci il tarixində iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 20 il 8 gün qulluq illərinə uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq dövlət məvacibinin 1680,27 manatın (son 24 ay üzrə ümumilikdə ödənilmiş 40326,54 manatın 24-ə olan nisbəti) 80 faizi-1344,22 manat məbləğində hesablanmalı olduğu halda, 1773,02 manat müəyyən edilməklə xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 3444,70 manat məbləğində artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 20 il 8 gün qulluq illərinə görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 65 faiz təşkil edir. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 341,00 manat, qulluq illərinə görə əlavə 30,00 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 1262,14 manat, digər növ əlavə 85,43 manat olmaqla orta aylıq əmək haqqı 1757,57 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1680,27 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1757,27 manat) arasındakı fərq məbləğinin (77,30 manat) 65 faizi-50,24 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (1344,22 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1394,46 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 25100,28 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 34345,62 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 9245,34 manat artıq pul vəsaiti ödənilib. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq illərinə görə əlavə 30,00 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 1887,66 manat, digər növ əlavə 85,43 manat olmaqla orta aylıq əmək haqqı 2552,09 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1757,57 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2552,09 manat) arasındakı fərq məbləğinin (794,52 manat) 65 faizi-516,44 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (1394,46 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1910,90 manat məbləğində hesablanmalı olduğu halda, 2663,25 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 3009,40 manat məbləğində artıq pul vəsaiti ödənilib. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq illərinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 153,00 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 1887,66 manat, digər növ əlavələr 85,43 manat olmaqla orta aylıq əmək haqqı 2675,09 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2552,09 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (2675,09 manat) arasındakı fərq məbləğinin (123,00 manat) 65 faizi-79,95 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyanın (1910,90 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 1990,85 manat məbləğində hesablanmalı olduğu halda, 2663,25 manat müəyyən edilməklə xx.xx.2020xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçının 4034,40 manat məbləğində artıq pul vəsaiti ödənilib. İddiaçının əlillik dərəcəsinin 3 iyun 2020-ci il tarixindən etibarsız edilməsi ilə əlaqədar pensiya ödənişi 1 iyul 2020-ci il tarixindən dayandırılıb. Müvafiq məhkəmə qərarına əsasən əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan ümumilikdə 49771,25 manat pul vəsaiti hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2017xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 30037,41 (49771,25- 19733,84) manat pul vəsaiti hesablanıb. Həmin 30037,41 manat vəsait 2023-cü ilin noyabr ayından etibarən hər ay 1201,50 manat olmaqla iddiaçının müvafiq kart hesabına köçürülür. Maddi yardım üzrə 2022-ci il üçün iddiaçıaya ödənilməli olan ümumilikdə 1393,56 manat pul vəsaiti hesablanıb. Həmin 1393,56 manat vəsait də 2023-cü ilin noyabr və dekabr aylarında hissə-hissə iddiaçının müvafiq kart hesabına köçürülüb. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salınsa, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. İnzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə cavabdehin əleyhinə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Ona görə də Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5840/2024 nömrəli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur.

Apellyasiya şikayətinə etirazın dəlilləri

12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir.

Tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, İddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

17. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu 18.Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 19.Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 20.Maddə 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 21.Maddə 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 22.Maddə 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası 23.Bənd 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu 24.Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 25.Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 26.Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 27.Maddə 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. 28.Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 29.Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 30.Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 31.Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 32.Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 33.Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 34.Maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 35.Maddə 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 36.Maddə 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 37.Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 38.Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

39. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

40. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

41. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

43. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

44. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

45. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

46. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 47.Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

48. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

49. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya Məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları işə düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması tələb olunmur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

52. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 53.Belə ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətə ilkin olaraq ikinci dərəcə əlillik təyin edilmişdir. Qeyd edilən əlillik dərəcəsinə görə iddiaçıya DSMF Binəqədi rayon şöbəsi tərəfindən 30 iyun 2017-ci il tarixindən vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi əlillik alt sistemdə xx.xx.2020-ci il tarixdən etibarsız hesab edilmiş, bununla əlaqədar iddiaçıya pensiya ödənişi 1 iyul 2020ci il tarixindən dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12912/2022-ci il saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış qərarı ilə iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyi etibarsız hesab edildiyi tarixdən bərpa edilmiş, qərar cavabdeh tərəfindən icra olunmuş və iddiaçının əlilliyi əlillik alt sistemində xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. Məhkəmə qərarına əsasən əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar iddiaçının pensiyası cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə yenidən hesablanmış və bu zaman iddiaçıya xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 49771,25 manat ödənilməli olan pul vəsaiti hesablanmışdır. 54.Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən cavabdeh iddiaçının 20 il 8 gün qulluq illərinə görə əmək pensiyanın hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 65 faiz olaraq müəyyən edilərək 1 mart 2018-ci il tarixindən etibarən qulluq stajına görə əlavələri yenidən hesablamış və nəticədə iddiaçıya ümumilikdə keşmiş dövr üzrə 19733.84 manat əlavənin artıq ödənildiyi (artıq ödəmə) müəyyən olunmuşdur. 55.Cavabdeh əlillik dərəcəsinin bərpası ilə əlaqədar pensiyanı yenidən hesablayarkən, bu zaman keçmiş xx.xx.2020-xx.xx.2022-ci il tarixləri dövr üzrə ödənilməli olan pensiya məbləğini 49771.25 manat, 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qulluq stajına əlavə olaraq keçmiş dövr üzrə 19733.84 manat artıq ödəmə hesablamış və ödənilməli olan (əksik) məbləğdən artıq ödəməni çıxmaqla (əvəzləşdirməklə) iddiaçıya cəmi 30037.41 (497xx.xx-19733.84) manat pul vəsaitinin ödənilməli olduğu qənaətinə gəlmiş və mübahisələndirilən qərarın ötən dövr üzrə alınmamış məbləğ qrafasında ödənilməli məbləği 30037.41 manat olaraq bəyan etmiş, bu məbləği 25 aya bölünməklə 2023-cü ilin noyabr ayından etibarən hər ay 1201,50 manat, maddi yardım üzrə 2022-ci il üçün ödənilməli olan məbləğ nəzərə alınmaqla isə 1393,56 manat pul vəsaiti hesablayaraq iddiaçıya ödəyir. 56.İddiaçı cavabdehin ona qulluq stajına görə əlavənin hesablanması qaydasını mübahisələndirmir. İddiaçı cavabdehin pensiyanın yenidən hesablanma barədə qərarını, yalnız keçmiş dövr üzrə ödənilməli olan məbləğlə artıq ödənilməli məbləğ kimi müəyyən edilmiş məbləğin əvəzləşdirilməsi, yəni 49771.25 manat ödənilməli məbləğdən 19733.84 manat məbləğin tutularaq cəmi ödənilməli məbləğin 30037.41 manat hesablanması hissəsində mübahisələndirir. 57.Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan maddi hüquq normasının tələblərinə əsasən, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Lakin bunun üçün qanun iki mühüm şərti müəyyən etmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan tutulma barədə qərar qəbul etməlidir. 2.Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. 58.Göründüyü kimi inzibati orqan özü birbaşa pensiyadan tutulmalar həyata keçirə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. 59.Cavabdeh isə istinad edilən qanunun tələblərinə uyğun olaraq artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamış, iddiaçıya verilməli olan məbləğdən əvvəlki səhv hesablama zamanı artıq vəsait kimi müəyyən etdiyi məbləği çıxmışdır. 60.Tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya təyin olunan pensiyadan hüquqi əsası olmadan tutmalar aparmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozması araşdırma zamanı öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə nəticəsi qanuni və əsaslı, cavabdehin apellyasiya şikayəti isə əsassızdır. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. 61.Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5840/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar