Məhkəmə qərarları › İş №2-1(103)-3219/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3219/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3219/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi Amina Gudratovanın, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçıya xx.xx.2024-cü il tarixindən ünvanlı sosial yardım təyin edilməsi və həmin vaxtdan ötən dövr üzrə ödənilməli olan məbləğlərin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-2417/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Amina Gudratova Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat X1rşı müraciət etdiyi tarixdən onun ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi və ötən dövr üzrə ödənilməli olan məbləğlərin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək hazırkı inzibati iş üzrə Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat X14 Şəxsin Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Həmçinin iddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək əsl olmayan iddiaçı Amina Gudratovanın əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Amina Gudratovanın əri həbs olunduqdan sonra 2023-cü ilin aprel ayında ailəsinə ünvanlı sosial yardım təyin edilməsi üçün müraciət etmiş və ona yardım təyin edilmişdir. 2024-cü ilin fevral ayında övladının işə girməsi ilə əlaqədar haqlı olaraq aldığı yardım dayandırılmışdır. Sənədlərini toplayıb ünvanlı yardım (VEMTAS) altsistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixində yenidən müraciət etmişdir. Vemtas tərəfindən müraciəti yoxlanıldıqdan sonra maddi məişət şəraitinin yoxlanılması məqsədi ilə evinə monitorinq baxışı həyat keçirilmişdir. Monitorinq baxışı keçirildikdən sonra onun məşğulluğunun olmaması səbəbindən müraciətinə imtina verildi. 2023-cü ildə yardım aldığı vaxt nəyə görə məşğulluğu ilə bağlı imtina verilmədiyini soruşduqda isə DOST mərkəzi tərəfindən daxili təlimat gəldiyini bildirdilər. Nazirliyin verdiyi daxili təlimatın vətəndaşa aid olmadığını bildirməyinə baxmayaraq Nazirliyin verdiyi daxili təlimatı əsas gətirərək imtina verdilər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının anası Amina Gudratova təmsilçi qismində VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımın (bundan sonra - sosial yardım) təyin edilməsi üçün xx.xx.2024-cü il tarixli **********53101 nömrəli ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən həmin müraciətə qanunla nəzərdə tutulmuş müddət ərzində baxılmış və xx.xx.2024-cü il tarixdə maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailə üzvünün məşğulluğunun öz əksini tapmaması əsasla sosial yardım təyin edilməsindən imtina edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli müraciət zamanı maddi-məişət şəraiti müayinə edilərkən iddiaçının anası Amina Gudratovanın əmək fəaliyyəti ilə məşğul olmadığı aşkar edilmişdir. Beləliklə, qeyd olunmuş hal təmsilçinin müraciətinə imtina verilməsinə səbəb olmuşdur. Amina Gudratova Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbi statusuna malik olsa da ailə ilə birlikdə yaşayır, birgə təsərrüfat aparır, beləliklə ailə üzvüdür. Hətta, VEMTAS vasitəsilə sosial yardımın təyinatı üçün ilkin müraciət zamanı ailəni təmsil edən şəxs statusunda Amina Gudratova qeyd edilmişdir. Amina Gudratova əmək qabiliyyətli şəxs olduğundan və barəsində Qanunun 3-cü maddəsində qeyd edilən hallardan heç biri olmadığından təmsil etdiyi ailəyə sosial yardımın təyin edilməsi üçün qanunvericiliyə əsasən məşğul şəxs olması tələb olunur. Sosial yardım təyin edilən zaman qanunda göstərilən şəxslər nəzərə alınmasa da, onların gəlirləri ailəyə sosial yardım teyin edilməsi zamanı nəzərə alınmalıdır. Qeyd edilən norma sosial yardımın təyin edilməsi zamanı ailə tərkibində nəzərə alınmayan şəxslərin dairəsini müəyyən edir, yəni mahiyyət etibarilə gəlirləri nəzərə alınan şəxslərin kateqoriyasını müəyyən etmir. Amina Gudratova İddiaçı və X10 ilə bir evdə yaşayaraq, birgə təsərrüfat aparırır. Sosial yardımın ünvanlılıq prinsipi sosial yardımın yalnız aztəminatlı ailələrə təyin olunmasını nəzərdə tutur. Göründüyü kimi ailənin aztəminatlı olması, ailə üçün ehtiyac meyarının müəyyən edilə bilməsi üçün ailə tərkibində olan hər bir əmək qabiliyyətli üzvün məşğulluğunun müəyyən edilməsi vacibdir. İşin hallarından da göründüyü kimi Amina Gudratovanın məşğulluğunun müəyyən edilməməsi ailənin ehtiyac meyarının və onlara təyin ediləcək sosial yardımın məbləğinə birbaşa təsir edir. VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Bakı İnzibati Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, e-2-1(112)-2417/2025 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi təmin edilərək İddiaçı cavabdehə müraciət edilən xx.xx.2024-cü il tarixindən ünvanlı sosial yardım təyin edilməsi və həmin vaxtdan ötən dövr üzrə ödənilməli olan məbləğlərin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən İddiaçı anası Amina Gudratova təmsilçi qismində VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün xx.xx.2024-cü il tarixli **********53101 saylı ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən həmin müraciətə qanunla nəzərdə tutulmuş müddət ərzində baxılmış və xx.xx.2024-cü il tarixdə maddi-məişət şəraitinin müayinəsi nəticəsində aşağıdakı əsasla sosial yardım təyin edilməsindən imtina edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli müraciət zamanı maddi-məişət şəraiti müayinə edilərkən iddiaçının anası Amina Gudratovanın əmək fəaliyyəti ilə məşğul olmadığı aşkar edilmişdir. Beləliklə, qeyd olunmuş hal təmsilçinin müraciətinə imtina verilməsinə səbəb olmuşdur. İş materiallarından da göründüyü kimi Amina Gudratovanın Azərbaycan Respublikasında müəvvəqəti yaşayan əcnəbi statusuna malik olsa da, ailə ilə birlikdə yaşayır, birgə təsərrüfat aparır, beləliklə ailə üzvüdür. Hətta, VEMTAS vasitəsilə sosial yardımın təyinatı üçün ilkin müraciət zamanı ailəni təmsil edən şəxs statusunda Amina Gudratova qeyd edilmişdir. Amina Gudratova əmək qabiliyyətli şəxs olduğundan və barəsində Qanunun 3cü maddəsində qeyd edilən hallardan heç biri olmadığından (əmək qabiliyyətsiz olması faktını təsdiq edəcək) təmsil etdiyi ailəyə sosial yardımın təyin edilməsi üçün qanunvericiliyə əsasən məşğul şəxs olması tələb olunur. Qanunun 9-cu maddəsində sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan bütün şəxslərin siyahısı müəyyən edilmişdir. Bildirilir ki, sosial yardım təyin edilən zaman Qanunda göstərilən şəxslər nəzərə alınmasa da onların gəlirləri ailəyə sosial yardım təyin edilməsi zamanı nəzərə alınmalıdır. Qeyd edilən norma sosial yardımın təyin edilməsi zamanı ailə tərkibində nəzərə alınmayan şəxslərin dairəsini müəyyən edir, yəni mahiyyət etibarilə gəlirləri nəzərə alınan şəxslərin kateqoriyasını yox, sosial yardım təyin ediləcək ailə üzvlərini müəyyən edir. X12 llqarə İlqar qızı və X11 ilə bir evdə yaşayaraq, birgə təsərrüfat aparırır. Sosial yardımın ünvanlılıq prinsipi sosial yardımın yalnız aztəminatlı ailələrə təyin olunmasını nəzərdə tutur. Göründüyü kimi ailənin aztəminatlı olması, ailə üçün ehtiyac meyarının müəyyən edilə bilməsi üçün ailə tərkibində olan hər bir əmək qabiliyyətli üzvün məşğulluqunun müəyyən edilməsi vacibdir. Belə olan halda, Amina Gudratovanın ailəyə daxil olan bir şəxs kimi məşğulluqunun nəzərə alınmaması ailənin aztəminatlı ailə kateqoriyasına aid olmasına imkan vermədiyindən sosial yardımın ünvanlılıq prinsipinə ziddir. İşin hallarından da göründüyü kimi Amina Gudratovanın məşğulluğunun müəyyən edilməməsi ailənin ehtiyac meyarının və onlara təyin ediləcək sosial yardımın məbləğinə birbaşa təsir edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbilərin sosial yardım təyin edilərkən nəzərə alınan şəxs olmadığı mövqeyindən yanaşarkən iddiaçının anası Amina Gudratovanın övladları ilə bir yerdə birgə ev təsərrüfatı aparmaqla yaşamasını və ailə üzvü olmasını, bunun isə ailənin orta aylıq gəlirinə birbaşa təsir edərək ailənin aztəminatlı ailə kateqoriyasına aid olubolmamasını müəyyən etməkdə həlledici rol oynamasını nəzərə almamış, ünvanlı dövlət sosial yardımının ünvanlılıq prinsipinin pozulmasına gətirib çıxaran qərar qəbul etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi işin hallarını düzgün tədqiq etməyərək iş materiallarına əsasən iddiaçının anası Amina Gudratova tərəfindən ünvanlı sosial yardım təyin edilməsi üçün xx.xx.2024-cü il tarixində müraciət edildiyi halda cavabdehin üzərinə xx.xx.2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyini qoymuşdur. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına nəzərən qeyd edilməlidir ki, təmsilçi tərəfindən daxil olan müraciətə əsasən müvafiq araşdırma aparılmış və ailə üzvünün məşğulluqunun öz əksini tapmaması səbəbilə müraciətə imtina verilmişdir. Beləliklə, yuxarıda qeyd edilmiş xüsusatlardan da aydın olduğu kimi iddiaçının iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, İddiaçı anası Gudratova Amina ünvanlı dövlət sosial yardım təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.0.6-cı maddəsinə əsasən, əcnəbilər sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər kateqoriyasında nəzərədə tutulmuşdur. Gudratova Amina Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşayan şəxs qismində çıxış edir. Gudratova Amina Azərbaycan Respublikasında müəvvəqəti yaşayan əcnəbi statusuna malik olsa da, o, ailəsi ilə birlikdə yaşayır, birgə təsərrüfat aparır, beləliklə, ailə üzvü hesab olunur. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan bütün şəxslərin kateqoriyası müəyyən edilmişdir. Sosial yardım təyin edilən zaman “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən şəxslər nəzərə alınmasa da, onların gəlirləri ailəyə sosial yardım təyin edilməsi zamanı nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Gudratova Aminanın aylıq qazancının nə qədər olması ilə bağlı araşdırma aparılmamışdır. Çünki bu hal ailənin ümumi gəlirinə birbaşa təsir edən bir göstəricidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Amina Gudratova izahatında məhkəməyə bildirdi ki, təqribi 250 manat məbləğində cavabdeh inzibati orqan tərəfindən ailəsinə ünvanlı dövlət sosial yardım təyin edilmiş, lakin sonradan sosial yardımın ödənilməsi dayandırılmışdır. Dəfələrlə məsələnin aydınlaşdırılması ilə bağlı inzibati orqana müraciət edilib. Qızı İlqarənin 18 yaşının olması ilə bağlı sosial yardımın təyinatının dayandırıldığı bildirilmişdir. İlqarənin atası cəzaçəkmə müəssisəsində cəza çəkir. O isə digər ölkənin vətəndaşıdır. Qanunvericiliyə əsasən o, ailə üzvü sayılmır. Nə maddi qazancı, nə də ailə üzvlüyü mövcud deyil. Bununla bağlı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə müraciət edib və müraciətinə cavab olaraq da ailə tərkibinə daxil olmadığı bir daha təsdiqlənmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - İddiaçının adına "xxxx" MMC ilə bağlanmış ********** əmək müqaviləsi mövcuddur. Həmin müqaviləyə əsasən iddiaçı həmin MMC-də “ofisiant” vəzifəsində çalışır və aylıq əmək haqqı 200 manat təşkil edir. - AZ-İİ 734535 saylı doğum haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2011-ci ildə anadan olmuşdur. Onun atası X7, anası isə Qüdrətova Əminədir. - Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə əsasən X8 Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbidir. - Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 21 aprel 2025-ci il tarixli, 3-17-7/2-G-15718/2025 saylı arayışında qeyd edilmişdir ki, “...Gudratova Aminanın (FİN 1370450) Cavabdeh Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistminə əsasən xx.xx.2025-ci il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir”. - Məhkəmə sorğusuna cavab olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 1(101)- 1345/2021-016 saylı hökmünə əsasən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli 1(103)-220/2022-013 saylı qərarına əsasən qeyd olunan hökm müdafiəçinin və zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış və həmin tarixdə qanuni qüvvəyə minmişdir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-40756/2024 **********56 saylı məktubunda qeyd edilmişdir ki, “...ünvan 1 ünvanı xx.xx.1967-ci il təvəllüdlü X4 adına qeydiyyata alınmışdır. Həmçinin bildiririk ki, Gudratova Aminanın adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir”. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə görə, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır Həmin Qanunun 9-cu maddəsinə müvafiq olaraq, sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır: tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; axtarışda olan şəxslər; Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.1-ci maddəsinə əsasən, bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Həmin Qaydaların 3.6-cı maddəsinə müvafiq olaraq, sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır: 3.6.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); 3.6.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 3.6.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 3.6.4. axtarışda olan şəxslər; 3.6.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları; 3.6.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). Həmin Qaydaların 3.7-ci maddəsinə görə, aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən normativ aktların tələblərindən görünür ki, ailənin ümumi gəlirinin hər bir ailə üzvünə düşən hissəsinin məbləği ölkə üzrə ehtiyac meyarından aşağı olduqda, ailəyə həmin hissənin ehtiyac meyarından aşağı olan hissəsi məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilir. Ünvanlı sosial yardımın təyin edilməsi zamanı ailə üzvləri sırasında əcnəbilər (Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər istisna olmaqla) və cəzaçəkmə müəssisəsində olan şəxslər nəzərə alınmırlar. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının anası X9 Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbidir. Eyni zamanda iddiaçının atası X7 Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 1(101)-1345/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəsini almışdır. Belə olan halda iddiaçının valideynləri ünvanlı sosial yardımın təyin edilməsi zamanı ailə üzvləri sırasına aid edilə bilməzlər. İddiaçının qardaşı X6 isə xx.xx.2011-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir. İddiaçı isə əmək müqaviləsinə əsasən 200 manat məbləğində əmək haqqı alır ki, həmin məbləği 2 ailə üzvünün sayına böldükdə, hər ailə üzvünə 100 manat düşür. Bu isə 2025-ci il üçün hər ailə üzvünə müəyyən edilmiş ehtiyac meyarının həddindən aşağıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, e-2-1(112)-2417/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar