Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-322/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və X5 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2485/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (hazırkı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********3731 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin 14 saylı ərazi Vergilər İdarəsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli DVX seriyalı 007131 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında xx.xx.2021-ci il tarixli, **********3731 nömrəli qərar qəbul edilmiş və Cəmiyyət 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb olumuşdur. Çıxarılmış qərarı prosessual cəhətdən əsassız və qeyri-qanunidir. 14 saylı ərazi Vergilər İdarəsi tərəfindən həyata keçirilən yoxlama işinin materiallarında olan hüquqi sənədlərə əsasən İddiaçı MMC-nin Tovuz rayonu, Qovlar, Şəhriyar 18B ünvanında yerləşən və **********-73032 kodu ilə fəaliyyət göstərən Tovuz 29 Aptekində nəzərdə tutulsa da, faktiki olaraq ünvan 3 ünvanında **********-73018 kodu ilə fəaliyyət göstərən Tovuz 14 Aptekində həyata keçirilmişdir. Bu isə yoxlama planından kənara çıxmaqla vergi əməkdaşları tərəfindən prosessual normaların ciddi surətdə pozulması anlamına gəlir. Yoxlamanın nəticəsi olaraq tərtib olunan xx.xx.2021-ci il tarixli, DVX 007131 saylı aktda “hüquq pozuntusunun” digər əsas əlamətlərindən də biri olan rəsmi subyekti də mövcud olmamışdır. Belə ki, tərtib edilən aktda “hüquq pozuntusunu” törədən kimi Tovuz 29 Aptekin “işçisi” hesab edilən, rəsmi olaraq isə Tovuz 14 Aptekdə 1495 S/K saylı, xx.xx.2020-ci il tarixli işə qəbul əmri ilə satıcı vəzifəsini həyata keçirən X6 imza etmişdir. Bu faktdan görünür ki, “hüquq pozuntusunun” subyekti yanlış təyin edilmiş, deməli “hüquq pozuntusunun” baş verməsi üçün onun digər əsas əlamətlərindən biri olan subyekt də mövcud olmamışdır. Yoxlamanın nəticəsi olaraq tərtib olunan xx.xx.2021-ci il tarixli, DVX 007131 saylı aktda Tovuz 14 Aptekin satıcısı X3 rəsmi imza etmək səlahiyyəti olmaya-olmaya akt onun tərəfindən imzalanır. Halbuki İddiaçı MMC tərəfindən ona imza səlahiyyəti təqdim edilməmişdir. Beləliklə, işin materiallarından aydın olunur ki, yoxlamanın aparılma məkanı kimi Tovuz 29 Apteki nəzərdə tutulsa da, faktiki olaraq yanlışlıqla Tovuz 14 Apteki təyin edilmişdir. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2021-ci il saat 14:10-da Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar 18B ünvanında yerləşən İddiaçı MMC-yə məxsus obyektdə müştəri tərəfindən alınmış nimesil və maskaya görə işçi X4 0,70 manat vəsait ödənilmişdir. Ödənilən vəsait müqabilində NKA-ya çek vurulmamış və müştəriyə çek təqdim edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, nəzarət-kassa aparatı obyektdə yoxdur. Nəzarət-kassa aparatı işləmədiyi dövrdə nəzarətkassa aparatına aid kitablar (aparılan əməliyyatların uçotu kitabı) obyektdə mövcud olmuş, lakin həmin məbləğ qeyd edilməmişdir. 14:12-də 0,70 manat həmin kitaba qeyd edilmişdir. Bununla bağlı nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli DVX seriyalı 007131 nömrəli Akt tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələbləri pozulduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Sözügedən aktın doğruluğu nümayəndə (işçi) tərəfindən imzalanmışdır. Vergi orqanı tərəfindən tərtib edilmiş sözügedən Akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması barədə” xx.xx.2021-ci il tarixli, **********3731 saylı qərar qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, operativ vergi nəzarəti tədbiri xx.xx.2021-ci il tarixli, **********8765 nömrəli qərarda qeyd edilən ünvanda həyata keçirilməmişdir, halbuki əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktda qeyd edilənlərin doğruluğunu nümayəndə (işçi) öz imzası ilə təsdiq etmişdir. Sahibkarlıq fəaliyyəti həyata keçirilən zaman nəzarət-kassa aparatı texniki səbəbdən obyektdə quraşdırılmamış və operativ vergi nəzarət tədbiri həmin ərəfədə həyata keçirilmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə əsasən istismar zamanı nəzarət kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-Kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.7-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifələrinə aiddir. Beləliklə, nəzarət-kassa aparatının işləmədiyi, bu barədə vergi orqanına məlumat verilmədiyi və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabının mövcud olmadığı müəyyən edildiyindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2485/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: S.Salahova) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********8765 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-yə məxsus Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar 18B ünvanında yerləşən Tovuz 29 adlı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, KY211591953 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat xx.xx.2021-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı, 007131 nömrəli aktdan görünür ki, Dövlət Vergi Xidmətinin əməkdaşları böyük dövlət vergi müfəttişləri X9 və X12 tərəfindən İddiaçı MMC-yə məxsus Tovuz rayonu Qovlar, Şəhriyar 18B ünvanda yerləşən Aptek Tovuz 29-da işçi X3 iştirakı ilə operativ vergi nəzarəti həyata keçirilərkən müəyyən olunmuşdur ki, quraşdırılmış **********PC0034410 zavod nömrəli AzSmart markalı nəzarət-kassa aparatı xx.xx.2021-ci il tarixli, **********0 nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə saat 14:10-da keçirilən OVN tədbiri zamanı müştəri tərəfindən alınmış nimesil və maskaya görə işçi X4 0,70 manat ödənilmiş, NKA-ya çek vurulmamış və müştəriyə çek təqdim edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, nəzarət-kassa aparatı obyektdə yoxdur. Nəzarətkassa aparatı işləmədiyi dövrdə nəzarət-kassa aparatına aid kitablar (aparılan əməliyyatların uçotu kitabı) obyektdə mövcud olmuş, lakin həmin məbləğ qeyd edilməmişdir. 14:12-də 0,70 manat kitaba qeyd edilmişdir. Bununla da əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3731 nömrəli Qərarından görünür ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində üç və daha çox dəfə yol verdiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İşdən görünür ki, hazırda iddiaçı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3731 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrinə əsasən operativ nəzarət tədbiri digər hallarla yanaşı aşağıdakı qeyd olunan halların aşkar edilməsi üçün həyata keçirilir: - 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Həmin Məcəllənin: -50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslardan biridir. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 7. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi - 7.1-ci bəndinə görə bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. - 7.2-ci bəndinə görə əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. - 7.3-cü bəndinə əsasən vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. - 7.4-cü bəndinə əsasən NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X19), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. - 7.5-ci bəndinə görə alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. İşin sadalanan hallarından aydın olur ki, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə iddiaçının fəaliyyət göstərdiyi obyektdə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmış, bu barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş, operativ vergi nəzarəti zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması aşkar edilərək bu hüquqpozmaya görə akt tərtib edilməklə məsuliyyətə cəlb etmə barədə qərar qəbul edilmişdir. Bu zaman istinad etdiyi hallardan biri vergi orqanının vergi nəzarətini yanlış təsərrüfat obyektində aparmasıdır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdən məlum olur ki, iddiaçının Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsində iki təsərrüfat obyekti mövcud olmuş, xx.xx.2018-ci il tarixdə uçota alınmış **********-73032 kodlu ünvan 9 ünvanında, xx.xx.2015-ci il tarixdə uçota alınmış **********-73018 kodlu Aptek ünvan 10 ünvanında yerləşmişdir. İddiaçı operativ vergi nəzarətinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarda göstərilən Tovuz 29 adlı obyektdə deyil, Tovuz-14 adlı obyektdə keçirildiyini, bununla da prosessual pozuntuya yol verildiyini bildirmiş, bu halı sənədləri imzalayan şəxsin Tovuz 14 adlı təsərrüfat obyektində işləməsi ilə əsaslandırmışdır. İşdə olan 4CZHH4Z000202 saylı xx.xx.2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır. İddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli 1495S/K nömrəli əmrdən görünür ki, X6 xx.xx.2020-ci il tarixdən ünvan 11 ünvanında fəaliyyət göstərən “ünvan 12mayılova ilə bağlanmış əmək müqaviləsində onun iş yeri kimi Tovuz-14 saylı aptek göstərilmişdir. Həmçinin İddiaçı MMC-nin məhkəmə sorğusuna cavab olaraq göndərdiyi 837/04 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə əmək müqavilələri əsasında İddiaçı MMC-yə məxsus Tovuz 14 X1 satıcı-aptek vəzifəsində, Tovuz 29 Aptekində isə X10 operator vəzifəsində işləmişlər. X6 hazırda da satıcı-aptek vəzifəsində Tovuz 14 aptekində işləyir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sübutlar S.İsmayılovanın iddiaçının operativ vergi nəzarəti keçirdiyi təsərrüfat obyektində -Tovuz 29-da deyil, digər təsərrüfat obyektində - Tovuz 14 adlı aptekdə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir. Mübahisələndirilən halın araşdırılması zamanı operativ vergi nəzarətinin keçirilməsində iştirak edən və məhkəmə iclasında şahid kimi izahat verən X9 izahatında Şəhriyar küçəsində yalnız 1 aptek olduğunu, həmin aptekə daxil olmaqla nəzarət tədbirləri həyata keçirildiyini, qərarda göstərilən ünvanın doğruluğunun işçi tərəfindən təsdiq edildiyini, aptek binasının üzərində təsərrüfat obyektinin adı ilə bağlı hər hansı qeyd olmasını xatırlamadığını, əməliyyatların uçotu kitabında isə təsərrüfat obyekti ilə bağlı heç bir məlumat qeyd olunmadığını, buna görə də təsərrüfat obyektinin qərarda qeyd olunan obyekt olmasını müəyyən etməyin mümkün olmadığını, elektron informasiya sistemi vasitəsilə işçinin iddiaçı müəssisədə işləməsinin müəyyən edildiyini, lakin əmək müqaviləsi tələb olunmadığını bildirmişdir. Həmçinin məhkəmə iclasında şahid kimi izahat verən yoxlayıcı X12 da Şəhriyar küçəsində 1 aptek olduğunu, aptek binasının üzərində aptekin nömrəsinin yazıldığını təxminən xatırladığını, işçinin düzgün ünvana gəldiklərini təsdiq etdiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh mübahisəli qərarda göstərilən təsərrüfat obyektində yoxlama aparılmasını təsdiq edən və iddiaçının dəlillərini təkzib edən hər hansı bir sübut təqdim etməməklə yanaşı, operativ vergi nəzarətini keçirən şəxslər də düzgün ünvanda nəzarət tədbirləri keçirmələrini yalnız Şəhriyar küçəsində 1 aptekin olması və bu halın obyektdə olan işçi tərəfindən təsdiq edilməsi ilə əsaslandırmışlar. Halbuki yuxarıda sadalananlara əsasən Şəhriyar küçəsində 1 deyil, 2 təsərrüfat obyektinin olması mübahisəsizdir, həmçinin məhkəmə iclasında şahid kimi izahat verən işçi X6 uzun müddət Tovuz 14-də işlədiyini, yoxlayıcılar aptekə daxil olarkən hər hansı bir məlumat soruşulmadığını, Şəhriyar küçəsində 2 aptekin fəaliyyət göstərdiyini, lakin yoxlama zamanı Tovuz 29 adlı aptekin bağlı olduğunu, vergi işçilərinin qeyd etdiyi sənədləri imzaladığını, bu zaman həmin sənədlərin məzmunu ilə tanış olmadığını bildirmişdir. Cavabdeh operativ vergi nəzarətinin yanlış təsərrüfat obyektində aparılması ilə bağlı iddiaçının dəlilini təkzib edən əsaslı sübut təqdim etmədiyindən məhkəmə iş materiallarını nəzərə alaraq iddiaçının bu dəlilini əsaslı hesab etmişdir. Bundan başqa, mübahisəli qərardan görünür ki, cavabdeh iddiaçı tərəfindən müştərinin aldığı məhsula görə NKA-ya çek vurulmamasına istinad edərək ona maliyyə sanksiyası tətbiq etmişdir. Həm xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı, 007131 nömrəli aktdan, həm də tərəflərin məhkəmə iclasındakı izahatından görünür ki, yoxlama günü obyektdə NKA olmamışdır. Belə olan halda aydındır ki, NKA-ya çek vurulması mümkünsüzdür. İddiaçı həmin dövrdə NKA nasaz olduğundan təmirdə olduğunu bildirmiş, bununla bağlı "xxxx" MMC-nin AZS/017/22 nömrəli, xx.xx.2022-ci il tarixli arayışını təqdim etmişdir. Həmin arayışdan görünür ki, s/n:**********Pİ0055817 nömrəli NKA xx.xx.2021-ci il tarixindən AZ Smart MMC şirkəti tərəfindən təmir məqsədilə obyektdən götürülmüşdür. Eyni zamanda birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq həmin MMC tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş AZS/019/22 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, NKA (s/n:**********P********) xx.xx.2021-ci il tarixindən həqiqətən də Az Smart MMC şirkəti tərəfindən təmir məqsədi ilə obyektdən götürülmüş və xx.xx.2021-ci ildə təmir olunaraq obyektə qaytarılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli 338 №-li “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Qərarın 5-ci bəndinin 5.2-ci yarımbəndinə əsasən NKA nasaz vəziyyətdə olduqda, operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir. Qeyd olunan NKA tələb olunan zamandan daha az müddətdə servis olunaraq obyektə qaytarılmışdır. Bu səbəbdən servis xidməti zamanı bu barədə Dövlət Vergi Xidmətinə məlumat verilməmişdir. Nasaz NKA üzərində təmir işləri aparılan zaman nəzarət mexanizmi qurğusuna heç bir müdaxilə olmadığından orada olan bütün məlumatlar Dövlət Vergi Xidmətinə ötürülməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 5.2-ci bəndinə əsasən NKA nasaz vəziyyətdə olduqda, Operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir. “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 7.9-cu bəndinə əsasən nəzarət-kassa aparatından istifadə edilməsi mümkün olmadıqda nağd pul əməliyyatlarının “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na qeyd edilib-edilməməsi araşdırılır. Həmin Qaydaların 7.10-cu bəndinə əsasən nəzarət zamanı vergi ödəyicisi nəzarətkassa aparatının hər hansı səbəbdən təmirə aparıldığı barədə məlumat verdikdə, həmin məlumatın düzgünlüyü vergi ödəyicisinin servis texniki xidmət mərkəzinə (bundan sonra “STXM”) və nəzarət-kassa aparatının qeydiyyata alındığı vergi orqanına rəsmi qaydada müraciət edib-etməməsi və STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalında aparatın təmirə götürülməsi barədə qeydinin olubolmaması ilə dəqiqləşdirilir, bununla bağlı nəzarətin nəticələri barədə tərtib olunan aktda müvafiq qeydlər edilir. İşdən cavabdehin bu tələblərə əməl etməsi müəyyən olunmur. Belə ki, xx.xx.2021-ci il tarixli aktda nəzarət-kassa aparatı işləmədiyi dövrdə nəzarət-kassa aparatına aid kitabların (aparılan əməliyyatların uçotu kitabı) obyektdə mövcud olduğu, lakin həmin məbləğin qeyd edilmədiyi, saat 14:12-də 0,70 manat məbləğin kitaba qeyd edildiyi göstərilmiş, lakin cavabdeh tərəfindən vergi ödəyicisinin STXM-ə və nəzarət-kassa aparatının qeydiyyata alındığı vergi orqanına rəsmi qaydada müraciət edib-etməməsi, STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalında aparatın təmirə götürülməsi barədə qeydinin olub-olmaması araşdırılmamış, bu barədə aktda hər hansı bir qeyd aparılmamışdır. Digər tərəfdən, məhkəmə iclasında şahid kimi izahat verən yoxlayıcı Elsevər Alıyev aktda yazılanları təsdiq edərək, müvafiq məbləğin kitaba qeyd edildiyini göstərsə də, digər yoxlayıcı Nəcəf Eynalov bu məlumatı, o cümlədən aktda aparılan qeydi təkzib etmiş və təqdim edilən əməliyyatların uçotu kitabında vergi ödəyicisini eyniləşdirən hər hansı bir məlumat olmadığından həmin kitabı mötəbər sənəd kimi qəbul etməyərək orada hər hansı bir qeyd aparılmadığını bildirmiş, bununla da yoxlayıcılar məsələ ilə bağlı iki fərqli və ziddiyyətli izahat vermişlər. Bu ziddiyyət cavabdeh tərəfindən verilmiş etirazda da müşahidə olunur. Belə ki, etirazda həmin akta istinad olunaraq müvafiq məbləğin kitaba qeyd olunduğu göstərilsə də, sonda əməliyyatların uçotu kitabı mövcud olmadığından maliyyə sanksiyası tətbiq edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Normadan müəyyən olunur ki, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə maliyyə sanksiyası tətbiq edilir. Lakin cavabdeh bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya araşdırması zamanı müəyyən olunur ki, vergi nəzarəti və vergi yoxlaması anlayışları fərqli anlayışlardır və Vergi Məcəlləsinin 32, 36 və 50-ci maddələrində aydın şəkildə açıqlamaları verilir. Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, qanunvericilik vergi sahəsində yoxlama adı altında kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarətini isə sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş məsələlərə carı vəziyyətdə vergi ödəyicisi tərəfindən riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiri kimi təsbit etmişdir. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8765 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd olunan maddədə Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakı kimi müəyyən olunmuşdur: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Məhkəmə kollegiyası hesab edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edilərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə , həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8765 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda kameral vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********3731 nömrəli qərarın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı olmuşdur, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2485/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-322/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-322/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver