Məhkəmə qərarları › İş №2-1(103)-3220/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3220/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3220/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « torpaq sahəsinə çıxarışın verilməsi ») Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı və onun vəkili (nümayəndəsi) X6, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-632/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının ünvan 1 ünvanına dair sənədləri haqqında məlumatın və ya surətin verilməsi ilə bağlı müraciətinə baxılmış, ona ünvan 1 ünvanına dair 1963cü il tarixdə Fərman Əbdülrəhman oğlunun və Ağami Fərman oğlunun adlarına texniki pasport tərtib edildiyi, həmin texniki pasportda İddiaçı ərizəsinə, 4 saylı ASAN Xidmət mərkəzinin notariat ofisinin 622 saylı xx.xx.2020-ci il tarixli və 1375 saylı xx.xx.2020-ci il tarixli məktublarına əsasən sözügedən ünvanın yalnız 0.0255 ha olan torpaq sahəsinə dair ünvan 2 ünvan ilə Fərman Əbdülrəhman oğlunun və Ağami Fərman oğlunun adlarına ümumi birgə payda xx.xx.2020-ci il tarixdə dövlət reyestrindən çıxarışın verildiyi qeyd edilmişdir.

2. 07.05.2010-cu il tarixdə Sabunçu RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 3 ünvanda qeydiyyatdadır.

3. 4 saylı Bakı Şəhər Notariat kontorunda bağlanmış xx.xx.1961-ci il tarixli bağışlama müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yaşayan X21 şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 6 ünvanındakı 3 otaqlı, 42,2 kv.metr yaşayış sahəsi olan və 1100 kv.metr sahədə yerləşən evin 2/3 hissəsini həmin ünvanda yaşayan oğlu X17 bağışlamışdır.

4. Zabrat qəsəbə sovetliyi tərəfindən X9 verilmiş xx.xx.1961-ci il tarixli, 1390 nömrəli arayışın notarial təsdiqli görünür ki, o, Zabrat-2, 1 May küçəsi 254-də (yeni ünvan Zabrat-2, L.Şmidt küçəsi 1 A) 1100 kv.metr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 42,2 kv.m olan əmlakın mülkiyyətçisidir. Həmin torpaq sahəsi əvvəllər onun atasına məxsus olmuşdur.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ölçüsü 0,0255 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Cəfərov küçəsində yerləşən 1 saylı sahə Fərman Əbdülrəhman oğlunun və X15 adına ümumi birgə qaydada, xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ölçüsü 0,255 ha olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Cəfərov küçəsində yerləşən 1 saylı sahə İddiaçı xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 0,255 ha torpaq sahəsində yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Cəfərov küçəsindəki 1 nömrəli ev İddiaçı xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. Cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəfərov küçəsi 1 A nömrəli fərdi yaşayış evinin dövlət qeydiyyatından keçməsi barədə məlumat aşkar edilməmişdir.

9. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, elektron kadastr məlumatlarına əsasən texniki pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olduğundan və sahədə tikililər olmadığından sənədin göstərilən sahəyə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 7 ünvanına yerləşən 1100 kv.m torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il tarixində 4 saylı dövlət notariat kontorunda iddiaçının mərhum babası Fərman Əbdülrəhman oğlu bağışlanma müqaviləsinə əsasən, ünvan 8 ünvanında 3 otaqdan ibarət və 1100 kv.metr torpaq sahəsinin 2/3 hissəsini X11na bağışlamışdır. X11 bağışlama müqaviləsi əsasında ona verilmiş daşınmaz əmlakı öz adına rəsmiləşdirə bilməmiş və xx.xx.1972-ci ildə vəfat etmişdir. Atasının vərəsəsi olan anası X1 isə xx.xx.2004-cü i tarixdə vəfat etmişdir. İddiaçı atasının vərəsəsi olduğundan, bağışlama müqaviləsinə əsasən 4 saylı Bakı “ASAN xidmət" mərkəzindəki notariat ofisində Ağaəli Fərman oğlundan miras qalmış daşınmaz əmlakla bağlı vərəsəlik işi açılmışdır. ünvan 1 ünvanına dair 1963-cü il tarixdə Fərman Əbdülrəhman oğlunun və Ağaəli Fərman oğlunun adlarına texniki pasport tərtib edilmişdir. Həmin texniki pasporta İddiaçı ərizəsinə, 4 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisinin 622 saylı xx.xx.2020-ci il tarixli və 1375 saylı xx.xx.2020-ci il tarixli məktublarına əsasən sözügedən ünvanın yalnız 0.0255 ha olan torpaq sahəsinə dair ünvan 10 ünvan ilə Fərman Əbdülrəhman oğlunun və X15 adlarına birgə payda xx.xx.2020-ci il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. Həmin əmlak sonradan vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirilmiş və AR ƏMDK yanında DƏDRX tərəfindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Lakin xx.xx.1961-ci il tarixində 4 saylı dövlət notariat kontorunda mərhum babası Fərman Əbdülrəhman oğlu tərəfindən bağışlanma müqaviləsinə əsasən iddiaçının atasına bağışlanmış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Cəfərov küçəsi. 1A ünvanına yerləşən 1100 kv.m torpaq sahəsinə dair çıxarış verilməsindən **********06 saylı xx.xx.2021-ci il tarixli imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız sayır. Belə ki, ünvan 1 ünvanına yerləşən 1100 kv m torpaq sahəsi qanuni əsaslarla, xx.xx.1961-ci il tarixində 4 saylı dövlət notariat kontorunda mərhum atasına bağışlanmışdır. Qeyd edilən torpaq sahəsi bu gün də onun istifadəsindədir. İddiaçı hesab edir ki, ünvan 1 ünvanına yerləşən 1100 kv.m torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün heç bir maneə yoxdur. Bu səbəbdən qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsi AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir.

12. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı X8 ünvan 12 ünvanında yerləşən 1100 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi ilə bağlı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2021, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə müraciətin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli, **********06 nömrəli, xx.xx.2021-ci il tarixli, **********0 nömrəli və xx.xx.2021-ci il tarixli, **********74 nömrəli cavab məktubları ünvanlanmışdır.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-632/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma və imtina əsaslarının dairəsini konkret müəyyən edir. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Lakin hazırkı halda iddiaçı iddia etdiyi 1100 kv.m torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdir. Belə ki, iddiaçının tələbinin əsası kimi təqdim etdiyi bağışlama müqaviləsindən görünür ki, mərhum X12 ünvan 6 ünvanındakı 42,2 kv.metr yaşayış sahəsi olan evin 2/3 hissəsini oğlu X17 hədiyyə etmiş, torpaq sahəsinin bağışlanması ilə bağlı hər hansı iradə ifadəsi bildirməmişdir. Müqavilədə göstərilmiş 1100 kv. metr sahə isə bağışlanan yaşayış evinin digər əlamətləri kimi (otaqlarının sayı, sahəsi) yerləşdiyi torpaq sahəsini nəzərdə tutur. Bundan başqa iddiaçı qeyd olunan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən planı və ölçüsünü (yerləşmə sxemini) təqdim etməmişdir. Halbuki, qanunverici (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.2-ci maddəsi) hüquqların qeydiyyatı üçün həm də torpaq sahəsinin planı və ölçüsünün də təqdim edilməsini zəruri sayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istifadəsində olan torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması üçün qanunla tələb olunan sənədləri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının bildirdiyi faktiki hallar isə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmir. Belə olan halda cavabdehin müraciətin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 632/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına sübut qismində əlavə edilmiş 4 saylı Bakı Şəhər Notariat kontorunda bağlanmış xx.xx.1961-ci il tarixli bağışlama müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5ünvanında yaşayan X21 şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 6 ünvanındakı 3 otaqlı, 42,2 kv.metr yaşayış sahəsi olan və 1100 kv.metr sahədə yerləşən evin 2/3 hissəsini həmin ünvanda yaşayan oğlu X17 bağışlamışdır. Zabrat qəsəbə sovetliyi tərəfindən X9 verilmiş xx.xx.1961-ci il tarixli, 1390 nömrəli arayışın notarial təsdiqindən görünür ki, o, Zabrat-2, 1 May küçəsi 254-də (yeni ünvan Zabrat-2, L.Şmidt küçəsi 1 A) 1100 kv.metr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 42,2 kv.m olan əmlakın mülkiyyətçisidir. Həmin torpaq sahəsi əvvəllər onun atasına məxsus olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ölçüsü 0,0255 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Cəfərov küçəsində yerləşən 1 saylı sahə Fərman Əbdülrəhman oğlunun və X15 adına ümumi birgə qaydada, xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Apellyasiya şikayinə əlavə edilmiş, **********0057 saylı ərizədən də göründüyü kimi ünvan 14 ünvanında qeydiyyatda olan X7, ünvan 15ünvanında qeydiyyatda olan X13 və ünvan 16a qeydiyyatda olan X3 oğlu təsdiq edir ki, Bakı şəhəri, ünvan 17 ünvanında yerləşən 1100 kv.m torpaq sahəsi İddiaçı mərhum X11na məxsusdur.Həmin 1100 kv/m torpaq sahəsini Ağaəli Fərman oğluna atası Fərman Əbdülrəhmanoğlu bağışlamışdır.Ağaəli Fərman oğlu həmin torpaq sahəsindən ölən günədək istifadə etmiş, vergiləri ödəmişdir. Onun vəfatından sonra həmin torpaq sahəsi arvadı- X1 və qızı İddiaçı istifadəsində olmuşdur. Əlavə olaraq bildirir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktı tərtib edilmiş, torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin 0.11 ha olduğu müəyyən edilmiş, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları idarənin aidiyyatı şöbəsində baxılması üçün akta əlavə edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd edilən maddi hüquq normasının tələbindən də göründüyü kimi, qanunvericilik vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini nəzərdə tutmuşdir.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatları

18. Məhkəmə Kollegiyasının iclasında iddiaçı və vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.İddiaçı verilən suallara cavabında bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ölçüsü 0,0255 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Cəfərov küçəsində yerləşən 1 saylı sahə Fərman Əbdülrəhman oğlunun və X15 adına ümumi birgə qaydada, xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, ünvan 17 ünvanında yerləşən 1100 kv.m torpaq sahəsinin ölçüsü 0,0255 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Cəfərov küçəsində yerləşən 1 saylı sahəyə aidiyyatı yoxdur.

19. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

21. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

22. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

24. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

29. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

30. Belə ki, işin hallarından və apellyasiya şikayətinin dəlillərindən məyyən olunur ki, iddiaçı istifadəsində olan ünvan 18 ünvanında yerləşən (keçmiş Leytenant Şmidt küçəsi 1 A) ümumi sahəsi 1100 kv.metrdən ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini tələb edir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi babası Fərman Rəhman oğlu ilə atası X23 arasında xx.xx.1961-ci il tarixdə notariat qaydasında bağlanmış bağışlama müqaviləsinə istinad edir. Onun bu məqsədlə cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir.

31. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ölçüsü 0,0255 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Cəfərov küçəsində yerləşən 1 saylı sahə Fərman Əbdülrəhman oğlunun və X15 adına ümumi birgə qaydada, xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

32. İddiaçı iddia edir ki, Bakı şəhəri, ünvan 17 ünvanında yerləşən 1100 kv.m torpaq sahəsinin ölçüsü 0,0255 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Cəfərov küçəsində yerləşən 1 saylı sahəyə aidiyyatı yoxdur.

33. Həmçinin, iddiaçı 1100 kv.m torpaq sahəsinə hüququnun əsası kimi qeyd edir ki, apellyasiya şikayinə əlavə edilmiş, **********0057 saylı ərizədən də göründüyü kimi ünvan 14 ünvanında qeydiyyatda olan X7, ünvan 15ünvanında qeydiyyatda olan X13 və ünvan 16a qeydiyyatda olan X3 oğlu təsdiq edir ki, Bakı şəhəri, ünvan 17 ünvanında yerləşən 1100 kv.m torpaq sahəsi İddiaçı mərhum X11na məxsusdur.Həmin 1100 kv/m torpaq sahəsini Ağaəli Fərman oğluna atası Fərman Əbdülrəhmanoğlu bağışlamışdır.Ağaəli Fərman oğlu həmin torpaq sahəsindən ölən günədək istifadə etmiş, vergiləri ödəmişdir. Onun vəfatından sonra həmin torpaq sahəsi arvadı- X1 və qızı İddiaçı istifadəsində olmuşdur.

34. Göründüyü kimi, iddiaçı iddia etdiyi 1100 kv/m torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilmir.

35. Məhkəmə Kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

36. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. (Bu Qərarın 22-ci bəndi)

37. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir.

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır.

39. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

40. Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

41. Göründüyü kimi, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma və imtina əsaslarının dairəsini konkret müəyyən edir. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər.

42. Belə ki, iddiaçının tələbinin əsası kimi təqdim etdiyi bağışlama müqaviləsindən görünür ki, mərhum X12 ünvan 6 ünvanındakı 42,2 kv.metr yaşayış sahəsi olan evin 2/3 hissəsini oğlu X17 hədiyyə etmiş, torpaq sahəsinin bağışlanması ilə bağlı hər hansı iradə ifadəsi bildirməmişdir.

43. Müqavilədə göstərilmiş 1100 kv. metr sahə isə bağışlanan yaşayış evinin digər əlamətləri kimi (otaqlarının sayı, sahəsi) yerləşdiyi torpaq sahəsini nəzərdə tutur. Bundan başqa iddiaçı qeyd olunan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən planı və ölçüsünü (yerləşmə sxemini) təqdim etməmişdir.

44. Halbuki, qanunverici (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.2-ci maddəsi) hüquqların qeydiyyatı üçün həm də torpaq sahəsinin planı və ölçüsünün də təqdim edilməsini zəruri sayır.

45. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı istifadəsində olan torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması üçün qanunla tələb olunan sənədləri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının bildirdiyi faktiki hallar isə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmir. Belə olan halda cavabdehin müraciətin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

46. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

47. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

48. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

49. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-632/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-632/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar