Məhkəmə qərarları › İş №2-1(103)-3222/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3222/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3222/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1329/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 152.218,30 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, vətəndaş X6 Dövlət Sosial X14 rayon şöbəsi tərəfindən 2-ci dərəcə əlilliyi nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası hüququ verən sənədlərin araşdırılması nəticəsində vətəndaş Cavabdeh təyin edilmiş və ödənilmiş əmək pensiyasının əsassız və qanunsuz olduğu müəyyən edilmişdir. Belə ki, pensiya işinə tikilmiş sənədlərin araşdırılması ilə, həmçinin “Giriş-çıxış və qeydiyyat” X2 Axtarış Sistemi’ndə (İAMAS) mövcud olan məlumatlara əsasən müəyyən olunmuşdur ki, xx.xx.1956-cı il tarixdə Ermənistan SSR- nin Vardenis rayonunda doğulmuş, müvafiq dövrdə və hazırda da ünvan 1 ünvanında qeydiyyatda olduğu halda aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən deyil, Fondun Səbail rayon şöbəsi tərəfidən xx.xx.2013-cü il tarixli 285 №-li qərarla 2-ci dərəcə əlillliyi nəzərə alınmaqla Cavabdeh ailə başçısını itirməyə görə (ABİ) əmək pensiyası təyinatının və ödənişinin aparılmasına nail olunmuş (pensiya işi №-si 813436, FİN xxxxxxx), bununla da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra-Qanun) 30.1-ci bəndinin (“Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir.”) tələbləri kobud şəkildə pozulmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, altsistemdə 2013-2014-cü illər üzrə çıxarışın olmamasına, həmçinin 2015-ci ildən tam reabilitasiya olması səbəbi ilə əlillik verilməsindən imtina olunması qeydinə görə Cavabdeh pensiya ödənişi müvafiq olaraq 2013-2014-cü illərdə və xx.xx.2015-ci il tarixdən dayandırılmalı olduğu halda Fondun Suraxanı rayon şöbəsi tərəfindən ödəniş davam etdirilmişdir. Göründüyü kimi, elektron altsistemdə vətəndaşa aid mövcud məlumatlarla kağız daşıyıcılarında olan məlumatlar, o cümlədən diaqnoz və əlilliyin müayinə tarixlərində uyğunsuzluqlar mövcuddur. Göründüyü kimi, Cavabdeh saxtalaşdırıldığı ehtimal olunan sənədlər əsasında pensiya təyinatının aparılması, təyin olunmuş pensiya işinin Fondun Suraxanı rayon şöbəsinin uçotuna köçürülməklə ödənişinin davam etdirilməsinə nail olunması X12 həmin şöbələrdə işlədiyi dövrlərlə üst-üstə düşür. Beləliklə, pensiya işi və uçot vərəqinə əsasən məlum olmuşdir ki, əlillik qrupu nəzərə alınmaqla Fondun keçmiş Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən Cavabdeh ABİ-yə görə xx.xx.2012-ci il tarixdən 1325,18 manat məbləğində əmək pensiyası təyin edilmiş, pensiya ödənişinə xx.xx.2012-ci il tarixdən başlanılmaqla əvvəlki dövrlərə hesablanmış 1453,42 manat fərq məbləği aylıq pensiya məbləği ilə birlikdə vətəndaşın plastik kart hesabına birdəfəlik köçürülmüşdür. Göstərilənlərdən əlavə, pensiya işi və uçot vərəqinə müvafiq şöbələrin tikilmiş qərar və sərəncamlarından, həmçinin əvvəlki pensiya proqramında və Nazirliyin “Pensiya” altsistemində olan məlumatlardan müəyyən edilmişdir ki, Cavabdeh mərhum məhkəmə hakiminin arvadı kimi ABİ-yə görə təyin edilmiş aylıq pensiya məbləği xx.xx.2012xx.xx.2013-cü il dövr ərzində 1325,18 manatla, xx.xx.2013xx.xx.2013-cü il dövr ərzində 1325,19 manatla, xx.xx.2013-xx.xx.2014-cü il dövr ərzində 1340,19 manatla, xx.xx.2014xx.xx.2018-ci il dövr ərzində 1536,76 manatla, xx.xx.2018xx.xx.2019-cu il dövr ərzində 1650,24 manatla, xx.xx.2019-xx.xx.2020-ci il dövr ərzində 1788,58 manatla ödənilmişdir. Beləliklə, saxtalaşdırıldığı ehtimal olunan sənədlər əsasında hüququ olmadığı halda xx.xx.2012-ci il tarixdən 2-ci dərəcə əlilliyi nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilərək xx.xx.2020-ci il tarixədək ödənilməsi nəticəsində X3 plastik kart hesabına faktiki köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 152 218,30 manat təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1329/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdır ki, pensiya işinə tikilmiş, üzərinə “№ 281,xx.xx.2012”-ci il tarixli “Daxil oldu” ştampı vurulmuş və dərkənar yazılmış, xx.xx.2012-ci il tarixli ərizədə (1 nömrəli əlavə) çəkilmiş imzanın Cavabdeh əsl imzasından fərqli olduğu, digər məlumatların əlyazma qaydada, o cümlədən vətəndaşın ünvanının “Badamdar qəs., 1-ci Y/mas, 408”, şəxsiyyət vəsiqəsinin “AZE, № 0*******, Səbail RPİ”, verildiyi tarixin “xx.xx.2011”, doğulduğu tarixin “xx.xx.1956 qeyd edildiyi aşkar olunmuşdur. Qeyd olunanlar vətəndaşın vəsiqəsinin arxa hissəsinin saxtalaşdırıldığına əsaslı şübhələr yaradır. Vətəndaşın saxtalaşdırılmış ünvanının pensiya işinin üz qabığına yazıldığı da aşkar edilmişdir. Göründüyü kimi, ərizədəki qeydlərlə də rəsmi məlumatlar bir- birindən tam fərqlidir. Qeyd olunmalıdır ki, İAMAS-da olan məlumata əsasən Cavabdeh yalnız bir yaşayış (qeydiyyat) ünvanı vardır. R.X1 adında əri olmamış, onun həqiqi əri xx.xx.1935-ci il tarixdə Gəncə şəhərində doğulmuş X9r (FİN 2U0VK8G) və o, hazırda sağdır, İAMAS-da olan məlumata əsasən yaşayış (qeydiyyat) yeri Gəncə şəhəri, Eminbəyli küçəsi, ev 39-dur. 1936-cı ildə Bakı şəhərində doğulmuş X4 isə xx.xx.1986-cı ildə vəfat etmiş, Fondun Səbail rayon şöbəsinin xx.xx.2008- ci il tarixli 352/1182 №-li qərarı ilə mərhum N.Mustafayevin əmək kitabçası və müvafiq əmək stajı nəzərə alınmaqla ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1946-cı il təvəllüdlü arvadı X5 (FİN 2E19EXS) Qanunun 20.1.4-1-ci maddəsinə (“hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri”) əsasən ABİ-yə görə əmək pensiyası təyinatı aparılmış (pensiya işi №-si 012641) və hazırda həmin pensiya işi üzrə 2956.80 manat məbləğində (XŞTMF tərəfindən) ödəniş davam etdirilir. Qeyd olunmalıdır ki, vətəndaş Göhər Mustafayevanın pensiya işinə tikilmiş “Evlənmək haqqında şəhadətnamə”nin surəti ilə Cavabdeh pensiya işinə tikilən “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surəti üzləşdirilərkən həmin sənədlərin tam fərqli olduğu müəyyənləşdirilmiş, digər 2 sənəddə, o cümlədən əmək kitabçasının və ölüm haqqında şəhadətnamənin surətlərində heç bir fərq aşkar edilməmişdir. 2013-2014-cü il dövr ərzində Cavabdeh əlillik dərəcəsinin olması barədə altsistemdə çıxarış aşkar edilməmişdir. Pensiya işi və uçot vərəqinə müvafiq şöbələrin tikilmiş qərar və sərəncamlarından, həmçinin əvvəlki pensiya proqramında və Nazirliyin “Pensiya” altsistemində olan məlumatlardan müəyyən edilmişdir ki, Cavabdeh mərhum məhkəmə hakiminin arvadı kimi ABİ-yə görə təyin edilmiş aylıq pensiya məbləği xx.xx.2012-xx.xx.2013-cü il dövr ərzində 1325,18 manatla, xx.xx.2013-xx.xx.2013-cü il dövr ərzində 1325,19 manatla, xx.xx.2013- 01.01,2014-cü il dövr ərzində 1340,19 manatla, xx.xx.2014-01,05.2018-ci il dövr ərzində 1536,76 manatla, xx.xx.2018-01,09.2019-cu il dövr ərzində 1650,24 manatla, xx.xx.2019- 01,07.2020-ci il dövr ərzində 1788,58 manatla ödənilmişdir. Beləliklə, saxtalaşdırıldığı ehtimal olunan sənədlər əsasında hüququ olmadığı halda xx.xx.2012-ci il tarixdən 2-ci dərəcə əlilliyi nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilərək xx.xx.2020-ci il tarixədək ödənilməsi nəticəsində X3 plastik kart hesabına faktiki köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 152 218,30 manat təşkil etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 30.2. əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 39.1. artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. -67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. -68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. -68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. -68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. -68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası qeyd edir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası təyin olunmasına nail olubsa və ya pensiya təyininin qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilə bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır. İş materiallarından görünür ki, cavabdehə xx.xx.2012-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının dəlillərinə əsasən cavabdehə əlilliyi nəzər alınmaqla ailə başçısını itirməyə görə saxta sənədlərlə əmək pensiyası təyin edilmiş və pensiya ödənişin aparılması xx.xx.2020-ci il tarixədək davam etdirilmişdir. İddiaçının dəlillərinə əsasən xx.xx.2012-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə cəmi 152.218,30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunan pul vəsaiti cavabdeh tərəfindən xərcləndiyi üçün cavabdeh onu qaytardığı təqdirdə ziyana məruz qalacağı təqdirdə cavabdehin etimadın qanunla qorunması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, cavabdeh ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, “ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” qərarın qəbulu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh tərəfindən rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına dair hər hansı hərəkət edilməmiş və bu halların mövcud olması məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. İddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, cavabdehdən ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, vətəndaşa əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması barədə onun xeyrinə əlverişli inzibati aktın (pensiyanın ilkin hesablanması barədə) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- cavabdehi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola pensiyanın yenidən hesablanması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1329/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1329/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar