Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3226/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-334/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nətəcəsində ona vurulmuş real zərərin məbləği – 23338.20 manat, pul vəsaitinin ödənilməsini gecikdirilməsinə görə bank faizinin uçot dərəcəsinin məbləği – 11182.83 manat, mənəvi zərərin məbləği – 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər – 100 manat, cəmi 44621.03 (qırx dörd min altı yüz iyirmi bir manat üç qəpik) manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdehlərdən tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə üçüncü şəxs kimi cəlb edilməklə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş real zərərin məbləği 23338.20 manat, pul vəsaitinin ödənilməsini gecikdirilməsinə görə bank faizinin uçot dərəcəsinin məbləği – 11182.83 manat, mənəvi zərərin məbləği – 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər – 100 manat, cəmi 44621.03 (qırx dörd min altı yüz iyirmi bir manat üç qəpik) manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən dövlət büdcəsi hesabından tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin 22 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8192/2021 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, hazırki iş üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. İddiaçı bu qərardaddan apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-2227/2022 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
7. İddiaçı bundan sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş real zərərin məbləği – 19 338,20 manat, pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə bank faizinin uçot dərəcəsinin məbləği – 15 933,84 manat, mənəvi zərərin məbləği – 10 000 manat, hüquqi yardıma görə ödənilən xərclər – 100 manat, pul vəsaitinin indeksasiyası – 13884,83 manat, ümumilikdə isə cavabdeh tərəfindən ailəmizə vurulmuş zərərin məbləği – 59 256, 87 (əlli doqquz min iki yüz əlli altı manat səksən yeddi qəpik) manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsindən dövlət büdcəsi hesabından tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddiaçının artırılmış tələblə məhkəməyə qədər cavabdeh orqana müraciəti olmadığından məhkəmə tərəfindən iddia tələbinin dəyişdirilməsi icraata qəbul edilməmişdir.
İİ. Tərəflərin əsaslandırması
İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4399/2013 nömrəli, 07 noyabr 2013-cü il tarixli qətnaməsi ilə onun cavabdeh X6 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh S.S.Quliyevdən vurulmuş maddi ziyana görə 13446 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbavcan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, mənəvi ziyana görə 300 manat, məhkəmə xərclərinə görə 180 manatın onun xeyrinə tutulması qət edilmişdir. 7 ildən artıq müddətdir ki, 23 338,20 manat məbləğində pulun tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, lakin borclu S.Quliyev və Xətai rayon İcra şöbəsi həmin məhkəmə qətnaməsini qərəzli olaraq icra etmirlər. Məhkəmə qətnaməsinin icrası ilə bağlı o, dəfələrlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, İcra Baş idarəsinə, Xətai rayon İcra şöbəsinə, Xətai Rayon Məhkəməsinə və digər orqanlara müraciət etsə də, bu günə kimi heç bir nəticə olmamışdır. İcra işi icra məmuru Vüsal Umarovun icraatında olduğu müddət ərzində o, icra sənədinin icrası ilə bağlı kifayət qədər zəruri hərəkətlər etməmiş, yalnız 2020-ci ilin yanvar ayında müvafiq sorğular, mart ayında isə xatırlatma məktubu göndərməklə kifayətlənmiş, borclunun işləməsinə, bununla da yerinin müəyyən edilməsinin mümkün olmasına baxmayaraq, bu istiqamətdə real heç bir addım atmamış, faktiki olaraq öz passivliyi (hərəkətsizliyi) ilə icra sənədinin icra olunmadan qalmasına şərait yaratmışdır. Aşkar görünür ki, həyata keçirilmiş hərəkətlər uzun fasilələrlə edilmiş və edilmiş hərəkətlər üzrə miivafıq nəticələrin əldə edilməsinə nail olmamışdır. Digər tərəfdən, borclu Sənan Quliyevin MMC-nin direktoru olmaqla kifayət qədər qazancı və gəliri olsa da, lakin uzun müddətdir ki o borc pulunun ödəməkdən qəsdən yayınır, icra məmurunun tələblərini yerinə yetirməyərək məhkəmə qətnaməsini qəsdən icra etmir. Ona görə də S.S.Quliyevin haqqında cinayət işi başlanmalı və o cinayət məsuliyyətinə cəlb olunmalı idi.
Cavabdehin etirazı:
9. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-334/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
11. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-334/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, digər tərəfdən, birinci instansiya məhkəməsinin “məsləhəti və təşəbbüsü ilə”, lakin faktiki olaraq təzyiqi nəticəsində iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxsə dəyişdirilmiş, halbuki o, öz iddiasında Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh kimi göstərmişdir. Hesab edir ki, Bakı İnzibati məhkəməsi əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyini üçüncü şəxs qismində işə cəlb etmiş, çünki o həmin iş üzrə cavabdehdir. Bundan başqa, məhkəmə qərarında göstərilən müddəalar, güya ki cavabdeh(V.Umarov) məhkəmə qərarının icrasını təmin etmək üşün icra haqqında qanunvericiliklə zəruri olan hərəkətləri yerinə yetirmiş, onun bu hərəkətlərinin (hərəkətsizliyinin) hüquqa zidd və təqsirli olması müəyyən edilmir - tamamilə əsassızdır. Çünki iş üzrə cavabdeh qismində Xətai rayon İcra şöbəsi cəlb edilmiş, 2013-cü ildən bu günə kimi icra işi həmin İcra şöbəsinin icraatındadır və bu 9 il ərzində hazırki icra işi üzrə bir neçə icra məmuru dəyişsə də (axınncı dəfə xx.xx.2019-cu il tarixdə icra işi icra məmuru V.Umarov tərəfindən təhvil alınmış), heç bir nəticə olmamış və icra məmurlarının hərəkətsizliyi nəticəsində illərlə məhkəmə qərarları icra olunmur.Bundan əlavə, məhkəmə qərarının İİİ bəndində (məhkəmənin mövqeyi - 3 səh.) "məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir" göstərilsə də, lakin qərarın nəticəvi hissəsində(7 səh.) "iddia təmin olunmasın ” göstərilmişdir.
13. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmənin mövqeyi
14. Məhkəmə kolegiyası iş üzrə materialları, iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-334/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.
15. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
16. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
17. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
18. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
19. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4399/2013 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək X4 vurulmuş maddi ziyana görə 13446 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, mənəvi ziyana görə 300 manat, məhkəmə xərclərinə görə 180 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir.
20. Daha sonra tələbkar İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4399/2013 nömrəli icra sənədinin icra edilməməsi ilə bağlı Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsinə və borclu X8 barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarılmasına dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
21. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(011)-392/2020 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4399/2013 nömrəli icra sənədinin icra edilməməsi ilə bağlı Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 hərəkətsizliyi qanunsuz hesab edilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-551/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İcra məmuru tərəfindən həmin qərardaddan verilmiş apellyasiya şikayəti təmin olunmamış, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
23. İddiaçı hazırda həmin qətnaməyə istinad edərək cavabdehin hərəkətsizliyi nəticəsində ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini xahiş edir. Kompensasiyanın məbləği kimi isə:
1. borclu Sənan Quliyevin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4399/2013 saylı qətnaməsinə əsasən iddiaçıya ödəməli olduğu 23338,2 manatın;
2. həmin pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə bank faizinin uçot dərəcəsinin məbləği olan 11182.83 manatın;
3. mənəvi zərərin vurulmasına görə 10000 manatın;
4. hüquqi yardıma görə ödənilən 100 manat xərcin tutulmasını xahiş edir.
24. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıya ödənilməli pul vəsaitinin ödənilməməsi nəticəsində ona ziyan dəyməsi ağlabatandır. Lakin dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün ilk növbədə onun tərəfindən təqsirli olaraq hüquq pozuntusunun törədilməsi müəyyən olunmalıdır.
25. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
26. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
27. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir.
28. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
29. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi cavabdeh tərəfindən hüquq pozuntusundan irəli gəlmişdir.
30. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
32. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
33. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
34. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
35. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur.
36. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.
37. Yəni vurulmuş zərərin əvəvzinin ödənilməsi məzmununda iddianın təmini üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Onlardan birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur
38. İşdən görünür ki, cavabdeh məhkəmə qərarın icrası ilə bağlı məhkəməyə təqdim etdiyi məlumatda qeyd etmişdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-4399/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu X4 13446 ABŞ dolları məbləğində borc, mənəvi ziyana görə 300 manat və məhkəmə xərclərinə görə 180 manat tutularaq tələbkar İddiaçı Tofıqoviçin xeyrinə ödənilməlidir. Xətai rayon icra şöbəsinin icra məmuru Oqtay İsayev tərəfindən xx.xx.2014- cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə borclu qərarın icrasını könüllü təmin etmədiyindən məcburi icra tədbiri olaraq əmlak və gəlirlərinin müəyyən olunması məqsədilə müvafiq qurumlara sorğular verilmiş, adına daşınar əmlaklar “Mercedes Benz 190” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. xx.xx.2014-cü ildə borclunun izahatı alınmış, izahatında qətnamədən apelyasiya şikayəti verəcəyi bildirilmişdir. 25 may 2015-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul olunaraq Yasamal Rayon Polis İdarəsinə və Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2016-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq Xətai Rayon Məhkəməsinə baxılması üçün göndərilmişdir. Xətai Rayon Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli qərarı ilə borclu barəsində 10 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2017-ci il tarixdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Xətai Rayon Məhkəməsi tərəfindən 05 iyun 2017-ci il tarixli qərardadla təqdimat təmin edilmiş və borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. 04 oktyabr 2017-ci il tarixdə məhkəməyə təqdimat verilmiş və Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli, 8(011)-2317/2017 nömrəli qərardadla avtomobillərin üzərinə həbs qoyulmuşdur. xx.xx.2017-ci il tarixdə Xətai rayon icra və probasiya şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-4399/2014 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə borclu X5 mülkiyyətində olan “Mercedes Benz 190” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillər barəsində icra məmurunun axtarış qərarı icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə Xətai RPİ-si tərəfindən borclu kimi axtarışda olan X1 Xətai rayon İcra və Probasiya şöbəsinə təqdim edilmişdir. Həmin gün borclunun izahatı alınmış və izahatında avtomobillərlə verilən suala cavab olaraq həmin avtomobilləri uzun müddət əvvəl satdığını, harada olması barədə məlumatının olmamasını bildirərək borcun ödənilməsi üçün 2 ay vaxt verilməsini xahiş etmişdir. xx.xx.2019cu il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xətai Rayon Məhkəməsinə verilmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli, 3(011)- 2016/19 nömrəli qərarla borclu barəsində 10 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2019-cu il tarixdə həmin icra sənədlərinin icrası ilə bağlı icra məmuru Toğrul Baxşəliyev tərəfindən borcluya 10 gün müddətində məhkəmə qərarının icrası üçün yenidən vaxt verilmiş, yeni könüllü icra müddəti bitdikdən sonra tələb icra edilmədiyində barəsində cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı təqdimat aidiyyəti istintaq orqanına təqdim ediləcəyi barədə bildiriş təqdim olunmuşdur. xx.xx.2019-cu il tarixdə hazırkı icra işi icra məmuru V.Umarov tərəfindən təhvil alınmış, sözügedən məhkəmə qərarının icrası ilə bağlı yenidən borclunun əmlak və gəlirlərinin müəyyən olunması məqsədilə müvafiq qurumlara sorğular verilmiş, borclu X5 yerinin məlum olmaması səbəbindən xx.xx.2020-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmiş və Xətai RPİ tərəfindən borclu barəsində xx.xx.2020-ci il tarixdə axtarış işi açılmışdır. xx.xx.2020-ci il tarixdə Xətai Rayon İcra və Probasiya şöbəsinin icraatında olan 21925/2014, 40156/2015, 74715/2016, 270327/2017, 83765/2019,13410/2013 saylı işlər bir icraatda birləşdirilmişdir. xx.xx.2020- ci il tarixdə DİN-in BDYPİ-nə borclunun mülkiyyətində olan “Mercedes Benz 190” minik markalı və “VAZ 21074” minik markalı icra məmurunun axtarış qərarının nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş olunmuş, lakin bu günədək məktuba cavab verilməmişdir. Verilmiş sorğulara cavab olaraq ƏMDK yanında DƏDRX-nin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, müxtəlif bankların, AR-nın Fövqəladə Hallar Nazirliyinin sorğulara cavab məktubunda adına heç bir əmlakın olmadığı qeyd edilmişdir. Borcluya son inzibati həbsdən sonra işi istintaqa göndərmək üçün tələb olunan qanunla nəzərdə tutulmuş yeni icra müddəti barədə bildirişin verilməsi, onun yeni izahatının alınması, Elektron icra sisteminə inteqrasiya olunmamış orqanlardan borclunun əmlakı barədə sorğulara cavabların alınması, həmçinin borcluya məxsus üzərinə həbs qoyulmuş axtarışda olan avtomobillər barədə DİN-in BDYPİ-yə ünvanlanmış sorğuya cavab verilmədiyindən və borclu barəsində axtarış uzun müddət nəticə vermədiyindən işi ibtidai istintaq aparan orqana göndərmək mümkün olmamışdır. xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə borclu S.Quliyevin direktor olduğu "xxxx" MTK-da borclunu tapmaq mümkün olmamışdır. xx.xx.2021-ci il tarixdə Xətai rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinə axtarış qərarının nəticəsi barədə şöbəyə məlumat verilməsi barədə məktub ünvanlanmış, lakin bu günədək məktuba cavab verilməmişdir. xx.xx.2021-ci il tarixdə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xətai Rayon Məhkəməsinə verilmişdir. Borclu xx.xx.2021-ci il tarixdə 2000 manat məbləğində pulu Xətai rayon icra şöbəsinin depozit hesabına keçirtmişdir. Xətai Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli qərarla borclunu 500 manat mələğində cərimə etmişdir. xx.xx.2021-ci il tarixdə borcluya yeni könüllü icra müddəti barədə bildiriş verilmiş, izahat yazmış, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq tərtib olunaraq borcluya təqdim olunmuşdur. xx.xx.2021-ci il tarixdə cinayət məsuliyyətinə cəlb olunma barədə təqdimat tərtib olunaraq Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Xətai RM-nın 8(011)-906/2022 saylı xx.xx.2022-ci il tarixli indeksasiya ilə bağlı qərardadı icra olunması üçün şöbəyə daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə X8 barəsində axtarış qərarı qəbul olunaraq Xətai RPİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borclu Quliyev Sənanın cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimat və materiallar əlavə icra tədbirlərinin həyata keçirilməsi üçün geri qaytarılmışdır.
39. Cavabdehin təqdim etdiyi icra işi üzrə materiallar bu halları təsdiq edir:
40. Məhkəmə işin istinad olunan hallarına əsasən qeyd edir ki, cavabdeh məhkəmə qərarının icrasını təmin etmək üçün icra haqqında qanunvericiliklə zəruri olan hərəkətləri yerinə yetirmişdir, onun bu hərəkətlərinin (hərəkətziliyinin) hüquqa zidd və təqsirli olması müəyyən edilmir.
41. İşdən görünür ki, iddiaçı hazırkı iddianı qaldırarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə istinad etmişdir.
42. Həmin məhkəmə qərarında məhkəmə qeyd etmişdir ki, “qanunverici bir qayda olaraq borclunun icra məmurunun onun qanuni tələblərini yerinə yetirmədiyi və borclu tərəfindən borcun ödənilməsi icra edilmədiyi halda məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozduğu üçün cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimatla müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana müraciət etməsini müəyyən etmişdir.”
43. İşdən görünür ki, cavabdeh məhkəmənin bu qərarından sonra qərardadda nəzərdə tutulan hərəkətləri həyata keçirmiş, müvafiq təqdimatla aidiyyəti orqana da müraciət etmişdir.
44. Buna görə də məhkəmə hesab edir ki, işin araşdırılan halları ilə cavabdeh inzibati orqanın hərəkətində təqsirli davranış nəticəsində törədilmiş hüquq pozuntusu müəyyən edilmədiyindən iddia təmin oluna bilməz.
45. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır.
46. Məhkəmə Kollegiyası iddia tələbinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.
47. Beləliklə, məhkəmə Kollegiyası əlavə olaraq qeyd edir ki, apellyasiya şikayətində iddia tələbinin dəlillərindən əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin “məsləhəti və təşəbbüsü ilə”, lakin faktiki olaraq təzyiqi nəticəsində iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxsə dəyişdirilmiş, halbuki iddiaçı öz iddiasında Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh kimi göstərmişdir. Hesab edir ki, Bakı İnzibati məhkəməsi əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyini üçüncü şəxs qismində işə cəlb etmiş, çünki o həmin iş üzrə cavabdehdir.
48. Şikayətin göstərilən dəlili ilə bağlı Kollegiya qeyd edir ki, iddiaçı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi arasında hər hansı publik hüquq münasibəti yaranmamış, sonuncunun iddiaçının hüquqlarını pozan hər hansı hərəkəti (hərəkətsizli), yaxud qərarı mübahisələndirilmir.Odur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi hazırkı iş üzrə cavabdeh qismində işə cəlb olunması ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır.
49. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
50. Bundan əlavə, apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə qərarının İİİ bəndində (məhkəmənin mövqeyi – 3-cü səh.) "məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir" göstərilsə də, lakin qərarın nəticəvi hissəsində (7-ci səh.) "iddia təmin olunmasın ” göstərilmişdir.
51. Şikayətin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının İİİ bəndində (məhkəmənin mövqeyi – 3-cü səh.) "məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir" kimi texniki səhvə yol verilməsi mahiyyət üzrə düzgün qəbul edilmiş qərarın ləğvinə əsas təşkil etmir.
52. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
53. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən iddiada qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilməmişdir.
54. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.
55. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-334/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-334/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.