Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3227/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Abbasov Zeynəlabidin Abbas oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1 Cavabdehin nümayəndəsi X6 iştrirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1357/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə iddiaçının ümumi əmək stajının yenidən hesablanmaqla, güzəştli şərtlərlə pensiya almaq hüququnun bərpa olunması vəzifəsinin icra edilməsi üçün öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək İddiaçı hüququnun yarandığı 57 yaş 06 aydan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1357/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaş 06 aydan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları : Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) yarım bölməsinə əsasən magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1985-ci il tarixli əmək kitabçasında xx.xx.1985-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Biləcəri enerji stansiyası”nın kontakt şəbəkəsində elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifənin məzmununu tam ehtiva etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 33000.00 hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17073,91 manat təşkil edir. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməmsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinə etiraz edərək qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.1977-ci il tarixli, 1484 nömrəli attestatın surətinə əsasən İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək traktorçu maşinist ixtisası üzrə təhsil almışdır. - İş materiallarına əlavə edilmiş HЗ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1977-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1979-cu ildə tərxis olunmuşdur. - xx.xx.1985-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1985-ci ildə Rəhimli südçülük-tərəvəzçilik sovxozunun rəhbəri tərəfindən verilən 1 nömrəli protokoluna əsasən iş stajı 1977-ci ildən hesab edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə Biləcəri Enerji təchizatı distansiyasında kontakt şəbəkə distansiyasına elektrik montyoru təyin edilmiş, xx.xx.1988-ci ildə kontakt rayonunun AQV avtomotorist maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci ildə işdən azad edilmişdir. xx.xx.2015-ci ildə Xaçmaz “Yaşıllaşdırma” İdarəsinə təmizlik sahəsinə fəhlə qəbul edilmiş, xx.xx.2016-cı ildə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə Xaçmaz “Yaşıllaşdırma” İdarəsinə təmizlik sahəsinə süpürgəçi qəbul edilmiş, xx.xx.2017-ci ildə işdən azad edilmişdir. xx.xx.2017-ci ildə Xaçmaz “Yaşıllaşdırma” İdarəsinə təmizlik sahəsinə fəhlə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2018-ci il tarixdə Xaçmaz Yaşıllaşdırma İdarəsinə təmizlik sahəsinə fəhlə qəbul edilmiş, xx.xx.2018-ci ildə işdən azad edilmişdir. xx.xx.2019cu il tarixdə Xaçmaz Yaşıllaşdırma İdarəsinə təmizlik sahəsinə fəhlə qəbul edilmiş, xx.xx.2019- cu il tarixdə işdən azad edilmişdir. - "xxxx" QSC İD 2 nömrəli H.Z.Tağıyev adına Elektrik təchizatı sahəsinin xx.xx.2016cı il tarixli, 139 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1985-ci ilən xx.xx.1988-ci ilədək Biləcəri Enerji təchizatı distansiyasının kontakt şəbəkə rayonunun elektrik montyoru, xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilədək Biləcəri Enerji təchizatı distansiyasının kontakt şəbəkə rayonunun AQV maşinisti işləmişdir. xx.xx.2000-ci ildən öz xahişi ilə işdən azad edilmişdir. “X7” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixində təsdiq edilmiş Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən güzəştli əmək stajı 15 il 06 ay 16 gündür. - "xxxx" QSC-nin xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən Talıbov X3 enerji təchizatı distansiyasında işləmişdir: xx.xx.1985-ci ildə kontakt şəbəkəsi distansiyasının 3cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul olunmuş - əmr № 14/k, xx.xx.1985-ci il, xx.xx.1988-ci ildə AQV rayonu matrisası kontakt şəbəkəsinin maşinisti vəzifəsinə keçirilmiş - əmr № 267/k, xx.xx.1988-ci il, xx.xx.2000-ci il tarixdə işdən azad edilmişdir - əmr № 72/k, xx.xx.2000-ci il. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Şabran Rayon İcra Hakimiyyəti Şabran rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 38 nömrəli məktubu ilə göndərilmiş arxiv çıxarışına əsasən 1978-ci ilin fevral ayında Rəhimli s/t sovxozunun idarə binasının yanması ilə əlaqədar olaraq həmin sovxozda işləmiş fəhlə və qulluqçuların iş stajının müəyyən edilməsinə dair xx.xx.1981-ci il tarixli, 1 nömrəli potokolun arxiv çıxarışında bildirilmişdir ki, İddiaçı 1977-ci ildən hal-hazıra kimi sovxozda işləmişdir. Şabran (keçmiş Dəvəçi) rayon Rəhimli südçülüktərəvəzçilik sovxozunun əmrlər kitabından arxiv çıxarışına əsasən xx.xx.1985-ci il tarixli 01/15 nömrəli əmrlə Talıbov Tofiqin - sovxozun mexanizatoru - verdiyi ərizəsinə və başqa yerə köçüb getdiyi üçün işdən azad edilməsi, sonuncu haqhesabı ödənilməsi qərara alınmışdır. - Şabran (keçmiş Dəvəçi) rayon Rəhimli südçülük-tərəvəzçilik sovxozunun əmək haqqlı kitablarından traktor briqadasında işləmiş Talıbov Tofiqin əmək haqqısı barədə arxiv çıxarışına əsasən iddiaçıya iyul 1979-cu ildən-1985-ci il tarixləri arasında əmək haqqı ödənilmişdir. - "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 85275 nömrəli məktubunda bildirilmişdir ki, X4 "xxxx" QSC-nin Biləcəri enerji təchizatı distansiyasında xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək kontakt şəbəkə rayonunun elektrik montyoru, xx.xx.1988-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək kontakt şəbəkə rayonunun AQV maşinisti peşələrində işləmişdir. Bu peşələr üzrə X2 iş stajı 15 il 6 ay 17 gün təşkil edir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur. Kontakt şəbəkə rayonunun elektrik montyoru peşəsi bu siyahının XXVİİİ Nəqliyyat bölməsinin 23001000— 19825 nömrəli kodu ilə əks olunmuş magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyoru və kontakt şəbəkə rayonunun AQV maşinisti peşəsi bu siyahının XXVİİİ Nəqliyyat bölməsinin 23001000—13529 nömrəli kodu ilə əks olunmuş motovozun maşinisti peşəsi üzrə müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. - "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 118820 nömrəli məktubunda bildirilmişdir ki, “AQV” özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotorisin markalarından biri hesab edilir, eyni zamanda sözügedən qrupa motovoz və drezinalar da daxildir. Belə ki, AQV maşinisti, habelə motovoz maşinisti peşələri üzrə yerinə yetirilən işlərin əsas oxşar xüsusiyyətləri müvafiq olaraq avtomotoris və motovozu idarə etməkdən, dəmir yolu infrastrukturunda müvafiq təmir, quraşdırma və bərpa işlərinin aparılmasına texniki dəstək vermək üçün həmin texnikanın üzərində olan avadanlıqların, o cümlədən qaldırıcı qurğu, xüsusi mexanizmlərin idarə olunmasını təmin etməkdən, o cümlədən işçilərin, kiçikhəcmli materialların, iş alətlərinin və ehtiyat hissələrinin iş yerlərinə operativ daşınmasının həyata keçirilməsindən ibarətdir. Həmçinin "xxxx" QSC-də iş yerinin attestasiyasının nəticələrinə əsasən hərəkət tərkibinin (avtomotoris) mühərrikinin işlək vəziyyətdə səs-küyünün yüksək olması, fiziki gərgin iş mühiti və işin monoton xüsusiyyətliliyi (əməyin yeknəsəkliyi) amillərinə görə AQV maşinisti peşəsi əmək şəraiti zərərli olan işlərdən hesab edilmişdir. - "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 151323 nömrəli məktubunda bildirilmişdir ki, “kontakt şəbəkə rayonunun elektrik montyoru” habelə “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyoru” peşələri üzrə yerinə yetirilən işlərin əsas xüsusiyyətləri yüksək gərginlik xətlərinin quraşdırılması və sökülməsi, müayinəsi, ölçülməsi, vəziyyətinin yoxlanması, təmiri, modernləşdirilməsi və təhlükəli yerinin ləğv edilməsi, dayaqların qurulması, elektrik təmiri işlərinin hündürlükdə, gərginlik vəziyyətində, gərginlik açılmayan hissələrin yaxınlığında və gərginlik altında qatarların hərəkəti dayandırılmadan və ya vaxtla reqlamentləşdirilmiş fasilələrdə elektrik təmir işlərinin yerinə yetirilməsindən ibarətdir. Həmçinin mənzillərin uzunluğunun ölçülməsi, dəyişdirici açar ötürücülərinin yoxlanılması, tənzimlənməsi, orta anker trosların hazırlanması, dartılması və rənglənməsi, əndazə darvazalarının yoxlanması, dəmir yolu xətlərinə xidmət edilən distansiyada (sahədə) əlaqə şəbəkəsinin açarlarının dəyişdirilməsi, istehsalatda baş verən qəza-bərpa işlərinin aradan qaldırılmasında və ləğvində iştirak edilməsi həmin peşələr üzrə yerinə yetirilən işlərin əsas xüsusiyyətlərinə aid edilmişdir. Əlavə olaraq qeyd edilir ki, təhlükəli və zərərli istehsal amillərinə - əmək şəraitində elektrik cərəyanının təsiri şəraitinin yüksək olması, habelə kontakt şəbəkəsi və onun elementlərinə aid olan yüksək gərginlikli elektrik xətlərində işlərin aparılmasına görə sözügedən peşələr üzrə əmək funksiyalarının icrası əmək şəraiti zərərli və ağır olan işlərdən hesab edilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2020-ci il tarixli, **********5 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “X7” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş verindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı oan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X7” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) yarım bölməsinə əsasən magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz xx.xx.1985-ci il tarixli əmək kitabçanızda xx.xx.1985xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Biləcəri Enerji distansiyası”nın kontakt şəbəkəsində elektrik montyoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz vəzifə yuxarıda qeyd olunan vəzifənin məzmununu tam ehtiva etmir. Əlavə olaraq bildirilir ki, sizin ümumi iş stajınız 25 ildən az təşkil etməklə yanaşı, həmçinin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarda göstərilən şəkildə həll edilmişdir. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “X7” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X7” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “X7” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İş materillarında olan iddiaçının hərbi bileti, arxiv sənədi və əmək kitabçası və təhsil sənədi nəzərə alındıqda, iddiaçnın 57 yaş 06 ayının tamam olduğu xx.xx.2015-ci il tarixədək 25 ildən artıq ümumi iş stajının olduğu müəyyən edilir. Belə ki, xx.xx.1974xx.xx.1975-ci il təhsil dövrü 11 ay 22 gün, xx.xx.1977-xx.xx.1979-cu ilədək hərbi xidmət dövrü 2 il 1 ay 11 gün, xx.xx.1977-xx.xx.1977-ci il 4 ay 8 gün, xx.xx.1979-xx.xx.1985-ci il 5 il 6 ay 1 gün, xx.xx.1985-xx.xx.2000-ci il 15 il 6 ay 17 gün və xx.xx.2015-.xx.xx.2015-cı ilədək 6 ay 27 gün təşkil edir. Həmçinin Kollegiya qeyd edir ki birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının hərbi xidməti bitdikdən sonra sovxozda yenidən əmək fəaliyyətini davam etdirdiyi və əmək haqqı cədvəlinə uyğun olaraq sovxozda əmək haqqı hesablanmağa başlandığı xx.xx.1979-cu ildən işdən çıxdığı xx.xx.1985-ci ilədək olan əmək fəaliyyətini ümumi iş stajına daxil edilməsini mümkün hesab etmişdir. İddiaçının xüsusi iş stajına gəldikdə isə Kollegiya bildirir ki, cavabdeh tərəfindən iddiaçının işlədiyi peşənin güzəştli olmaması ilə bağlı qeyd etdiklərinin hər hansı bir əsası yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““X7” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23001000 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində 23001000—19825 magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları, 23001000—13529 motovozların və avtomotoristlərin maşinistləri zərərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçası qeydləri, eləcə də iş yerindən verilmiş arayışlara əsasən iddiaçının Biləcəri Enerji təchizatı distansiyasında xx.xx.1985-xx.xx.1988-ci ilədək işlədiyi kontakt şəbəkə rayonunun elektrik montyoru 23001000—19825 magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları peşəsinə, kontakt şəbəkə rayonunun AQV maşinisti isə 23001000—13529 motovozların və avtomotoristlərin maşinistləri peşəsinə uyğundur. Cavabdeh apelyasiya şikayətində iddiaçının xx.xx.1985-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Biləcəri enerji stansiyasında işlədiyi peşənin güzəştli olmasını mübahisələndirsə də nə birinci instansiya məhkəməsi araşdırması zamanı, nədə apelyasiya instansiyası araşdırması zamanı iddiasını təsdiqləyəcək hər hansı bir sübut təqdim etmişdir. Sadəcə elektrik montyoru vəzifəsinin siyahıda magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları vəzifəsinin məzmununu tam ehtiva etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, iddiaçı “Biləcəri Enerji stansiyası”nın kontakt şəbəkəsində xx.xx.1988-xx.xx.2000-ci illərdə elektrik montyoru deyil, kontakt şəbəkə rayonunun AQV maşinisti vəzifəsində çalışmışdır. Həmçinin "xxxx" QSC-nin təqdim etdiyi güzəştli arayışlarda iddiaçının işlədiyi hər iki vəzifənin yuxarıda qeyd olunan zərərli işlə bağlı siyahıdakı kodlara uyğun olaraq əsaslandırılması aparılmışdır. Kollegiya qeyd edilənlərə nəzərə alaraq bildirir ki, cavabdehin dəlili formal mülahizələrdən ibarət olmaqla, əsassız hesab edilməlidir. Cavabdehin apelyasiya şikayətində qeyd etdiyi digər bir dəlili iddiaçının pensiya kapitalı ilə bağlıdır. Bununla əlaqədar olaraq Kollegiya qeyd edir ki, X7 Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada kapitalın olması ilə bağlı hər hansı bir şərt qeyd edilməmiş, bu səbəbdən də cavabdehin kapitalla bağlı dəlili də əsassızdır. “X7” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1357/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3227/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3227/2022
10.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver