Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3227/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən hakim və məruzəçi), Şirinov İkram Sabir oğlu və X3 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-972/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. xx.xx.2021-ci il tarixli, 0001/2021 nömrəli müqavilədən görünür ki, bu müqavilə ilə bir tərəfdən Azərbaycan Respublikasının qanunlarına əsasən təmsil olunan alıcı İddiaçı MMC və digər tərəfdən Türkiyə Respublikasının qanunlarına əsasən təmsil olunan və bu müqavilə çərçivəsində kommersiya fəaliyyəti ilə bağlı ödənişləri həyata keçirəcək satıcı “X10 San.ve.Tic.LTD” Şirkəti arasında bağlanmışdır. Müqavilə xx.xx.2022-ci ilə qədər qüvvədədir.
2. Sifarişçi İddiaçı MMC ilə daşıyıcı “X2” MMC arasında bağlanmış xx.xx.2022-ci tarixli, 00125/2022 №-li müqavilənin 7-ci maddəsində qeyd edilmişdir ki, “Yüklənmə və gömrük sənədlərinin təhvil verilməsi üçün ödənişsiz vaxt 48 saat eyni zamanda boşaltma üçün 48 saat hesablanır. Tətil və bazar günləri daxildir. Əgər göstərilən vaxtdan artıq gecikmə olarsa hər gün üçün 150 ABŞ dolları yol haqqının üzərinə əlavə olunur. Gecikmə 14 günü keçdiyi halda nəqliyyat vasitəsi ölkə ərazisini tərk etdikdə sərhəd keçid məntəqəsində ödənilən məbləğ yol haqqının üzərinə əlavə olunur”.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(112)-115/2022 №-li qərardadından görünür ki, ərizəçi İddiaçı MMC-nin ərizəsi təmin edilmiş, ərizəçi tərəfindən Azərbaycan Respublikasına idxal edilən, dəyəri 6.451,20 ABŞ dolları olan “50 ML AMİNOX DROPS”, 6.048,00 ABŞ dolları olan “Black Bull N:10 Capsule”, 7.208,00 ABŞ dolları olan “MELO RELAX N:30 Capsule”, 7.751,80 ABŞ dolları olan “DEKAMİN 10 ML DROPS” məhsullardan ibarət malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsinin təmin edilməsi vəzifəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Həmin qərardad xx.xx.2022-ci il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7782/2022 №-li qərardadından görünür ki, iddiaçının vəsatəti əsasında “iddiaçı tərəfindən Azərbaycan Respublikasına xx.xx.2022-ci il tarixində gətirilmiş və 27459 ABŞ dolları ümumi invoys dəyəri ilə bəyan edilmiş malların gömrük rəsmiləşdirilməsi aparılmaqla gömrükdən buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən malların çatdırılması dəniz və yaxud quru yolla həyata keçirilməlidir. Bütün çatdırılma xərcləri satıcı tərəfindən ödənilir.
5. İddiaçı MMC tərəfindən Türkiyə Respublikasında qeydiyyatda olan “X6.İnş.X12.Turizm İÇ ve Dış TİC.LTD.ŞTİ”nə və Azərbaycan Respublikasında qeydiyyatda olan “X2” MMC-yə ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli öhdəlik məktublarında bildirilmişdir ki, “X10 San.ve.Tic.LTD” Şirkəti ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikasına mallar idxal olunmuşdur. Müqaviləyə əsasən malların çatdırılması İncoterms-2010 CİP-Bakı şərti ilə razılaşdırılmışdır. Həmin mallar Azərbaycan Respublikasının gömrük nəzarətinə gətirilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bəyan edilmişdir. Buna baxmayaraq malların sərbəst dövriyyəyə buraxılmasında bizə məlum olmayan çətinliklər yaranmış və buna görə yükü gətirmiş nəqliyyat vasitəsi gömrük ərazisini tərk edə bilməmişdir. Yaranmış çətinliyin aradan qaldırılması, yükün sərbəst dövriyyəyə buraxılması üçün lazımi addımlar atılır. Bütün boşdayanma vaxtına görə gündəlik 150 ABŞ dolları eləcə də gömrük orqanında baş vermiş gecikməyə görə yaranmış bütün digərə əlavə xərclərin qısa müddət ərzində İddiaçı MMC tərəfindən ödəniləcəyinə zəmanət veririk.”
6. İddiaçı MMC ilə “X2” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktında göstərilmişdir ki, “...xx.xx.2022-ci il tarixli 00125/2022 saylı müqavilənin şərtlərinə əsasən, İddiaçı MMC-yə göndərilmiş beynəlxalq yükdaşıma xidmətləri ilə əlaqədar 57 gün boşdayanmaya görə 8550 (səkkiz min beş yüz əlli) ABŞ dolları məbləğində borc yaranmış, həmin borc bu günə qədər “X2” MMC-yə ödənilməmişdir. xx.xx.2022-ci il tarixinədək “X2” MMC-yə ödənilməli cəmi yükun məbləğ 8550 (səkkiz min beş yüz əlli) ABŞ dolları. Aktın doğruluğu müəssisələrin rəhbərləri tərəfindən imzalanaraq təsdiq edilmişdir.
7. Tələbin güzəşti haqqında 018 saylı, xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, bir tərəfdən “əvvəlki kreditor” adlanan Türkiyə Respublikasında qeydiyyatda olan “X6.İnş.X12 Turizm İÇ və Dış Tic.LTD ŞTİ”, digər tərəfdən “sonrakı kreditor” adlanacaq Azərbaycan Respublikasında qeydiyyatda olan “X2” bu müqaviləni aşağıdakı şərtlərlə bağladılar: 2. Borclu adlandırılacaq Azərbaycan Respublikasında qeydiyyatda olan İddiaçı MMC-nin əvvəlki kreditora borcu yaranmışdır. 3. Borcun yaranması üçün əsas borclunun əvvəlki kreditor qarşısında götürdüyü öhdəlikdir. 4. Borcun cəmi məbləği gündəlik 150 ABŞ dolları olmaqla 57 gün boşdayanma və 750 ABŞ dolları qapı cəzasından ibarətdir. 5. Borc üzrə tələbin məbləği 9300 ABŞ dollarıdır. 6. Əvvəlki kreditor borc üzrə tələbi yeni kreditora güzəşt edir. 7. Yeni kreditor borc məbləğini borcludan tələb edə bilər. 8. Bu müqavilə imzalandığı andan qüvvəyə minir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehdən 8550 ABŞ dolları pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında qeydiyyatda olan "Ali-Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə Türkiyə Cümhuriyyətində qeydiyyatda olan “Pharma İLAÇ SAN.VE.TİC.LTD” şirkəti arasında xx.xx.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikasına mallar idxal olunmuşdur. Müqaviləyə əsasən malların çatdırılması İncoterms-2010 CİP-Bakı şərti ilə razılaşdırılmışdır. Həmin mallar Azərbaycan Respublikasının gömrük nəzarətinə gətirilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bəyan edilmişdir. Buna baxmayaraq, Bakı Baş Gömrük İdarəsinin qanunsuz hərəkətsizliyi nəticəsində vaxtında gömrük ərazisindən buraxılmamış, bunun səbəbləri barədə heç bir izahat verilməmişdir. Çoxsaylı şikayətlər və mətbuat vasitəsilə işıqlandırmadan sonra həmin mallar heç bir əlavə tələb irəli sürülmədən buraxılmışdır. Ərizəyə əlavə edilmiş fakturadan və xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, dəyəri 6.451,20 ABŞ dolları olan ”50 ML AMİNOX DROPS”, 6.048.00 ABŞ dolları olan "BLACK BULL N:10 CAPSULE”, 7.208.00 ABŞ dolları olan "MELO RELAX N:30 CAPSULE“, 7.751.80 ABŞ dolları olan "DEKAMİN 10 Ml. DROPS“ adlı bioloji fəallığa malik qida əlavələri (cəmi qiymət: 27459 ABŞ dolları) ölkəyə daxil olmuş, lakin Bakı Baş Gömrük İdarəsinin əməkdaşları həmin malların invoys dəyərinin (maya dəyərinin) düzgün olmamasını şifahi şəkildə deyərək bu səbəbdən də, bəyannamədə düzəliş edilməsini, gömrük bəyannaməsində idxal qiymətlərinin 73.000 ABŞ dolları kimi göstərilməsini (bəyan edilməsini) şifahi şəkildə tələb etmişlər. 22 fevral 2022-ci il tarixindən 57 gün mallar "Makaroğlu Logistics" daşınma (logistika) şirkətinin **-AG-*** qeydiyyat nişanlı daşıyıcı nəqliyyat vasitəsində qalmış və hər gün üçün iddiaçı nəqliyyat şirkətinə 150 ABŞ dolları məbləğində boşdayanma haqqı ödəmək öhdəliyi daşımışdır (nəqliyyat şirkəti ilə bağlanmış müqavilənin surəti iddia ərizəsinə əlavə edilir). Belə ki, Türkiyə Cümhuriyyətinin logistika şirkətinin yük avtomobili və sürücü Bakı Gömrük İdarəsinin bu məsələni nə zaman həll edəcəyini gözləməyə qanuni əsas olmadan məcbur edilmiş, həmin boşdayanmaya görə ödəniş etmək vəzifəsi isə iddiaçının üzərinə düşmüşdür. İddiaçı Bakı Baş Gömrük İdarəsinin bu hərəkətini qanunsuz və əsassız hesab edir. Bakı Baş Gömrük İdarəsi qanunvericiliyin tələblərinə əməl etmir və bu səbəbdən də şirkətə xeyli miqdarda zərər dəyməkdə davam edir. Bu səbəbdən də iddiaçı qərar verib ki, mübahisə həll olunana qədər malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün ərizə verilsin. Belə ki, 10 mart 2022-ci il tarixdə yeni ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət edib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-ci il tarixli, 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları”na uyğun malların müvəqqəti saxlanca verilməsini xahiş etmişlər. Buna baxmayaraq Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin rəisi olmuş X8 öz hakimiyyət səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını nəzərə almadığını, mallar onun dediyi qiymətlərlə bəyan olunmayana qədər onların nə buraxılmasına, nə də saxlanca verilməsinə icazə verməyəcəyini açıq şəkildə bildirdi. Malların "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları”na uyğun malların müvəqqəti saxlanca verilməsi təmin olunmadığına görə müvəqqəti xarakterli müdafiə tədbiri haqqında qərardadın qəbul olunması üçün Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(112)- 115/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsini təmin etmək vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Buna baxmayaraq mallar saxlanca verilmədi, qərardad icra olunmadı. 57 gün sonra mallar gömrükdən buraxıldı və Bakı İnzibati Məhkəməsində baxılmaqda olan inzibati məhkəmə mübahisəsinə mahiyyəti üzrə baxılmadı. Mallar sərbəst dövriyyəyə 57 gün ərzində buraxılması nəticəsində “Ali- Farm" Məhdud Məsuliyyətli Cəmiyyətinə 8550 ABŞ dolları məbləğində maddi zərər dəymişdir. Belə ki, malların daşınmasını həyata keçirmiş "MAKAROĞLU LOGİSTİCS" daşınma (logistika) şirkətinin **-AG-*** qeydiyyat nişanlı daşıyıcı nəqliyyat vasitəsi və sürücüsü 57 gün hərəkətsiz vəziyyətdə qaldığına görə iddiaçının müqavilə üzrə öhdəlikləri yaranmışdır. Dövlət Gömrük Komitəsinə yazılı müraciət edilməklə içi mallarla dolu olan nəqliyyat vasitəsinin 57 gün ərzində gömrük ərazisində hərəkətsiz saxlanılması və MXMT haqqında məhkəmə qərardadının icrasız saxlanılması barədə ünvanlanmış suallara cavab verilməmişdir. Bu səbəbdən də iddiaçı hesab edir ki, dəymiş maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə (etiraz) bildirilmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi **********4302 sorğu nömrəli bəyannaməsi gömrük orqanı tərəfindən təsdiqlənmiş, gömrük rəsmiləşdirilməsi aparılmaqla mallar sərbəst dövriyyəyə buraxılmış, işin mahiyyəti üzrə mübahisə öz həllini tapmışdır. Daha sonra iddiaçı 30 iyul 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7782/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında geri qaytarılmışdır. Sonradan iddiaçı cavabdeh Bakı Baş Gömrük idarəsindən 8550 ABŞ dolları pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsi xahişi ilə bir daha iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində işin halları ilə bağlı göstərilənlərdən də göründüyü kimi iddiaçının idxal etdiyi malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi cavabdehin deyil, iddiaçının öz təqsiri ucbatından yubanmışdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.1-ci maddəsində göstərilir ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədlər təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsində göstərilir ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir (Gömrük Məcəlləsinin 162.1. və 162.2. maddələri). Eyni zamanda bildirilir ki, iddiaçı tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 123.1-ci maddəsinin tələbinə əsasən gömrük ərazisinə gətirilərək, gömrük orqanlarına təqdim edilən mallar müvafiq gömrük proseduru altında yerləşdirilməlidir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. İddiaçının idxal olunan mallar sərbəst dövriyyəyə buraxılanadək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanına bəyannamə təqdim etmək hüququ olsa da, iddiaçı tərəfindən bu hüquqdan istifadə edilməmişdir. Yuxarıda göstərilənləri əsas tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ’’İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü və inzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinə qarşı iddiasının mümkünlüyünün yoxlanılması, mümkün sayıldığı təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci və 69-cu maddələrinə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
11. İddiaçı tərəf cavabdehin iddiaya etirazına dair ərizə təqdim etmişdir. Ərizədə bildirilmişdir ki, etiraz tamamilə əsassız olduğundan ona qarşı öz mülahizələrini təqdim edirlər: AZEMİS (elektron kabinet) vasitəsilə Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi Ehtiram Əliyevin 2-1(112)-7782/2022 saylı iş üzrə icraata xitam verilməsi haqqında vəsatətini və ona əlavə edilmiş sənədləri təqdim edirlər. Həmin vəsatətdə nümayəndə xx.xx.2022-ci il tarixli **********4302 saylı gömrük bəyannaməsi üzrə malların xx.xx.2022-ci il tarixində buraxıldığı göstərilmişdir. Nə həmin vəsatətdə, nə də hazırki iş üzrə cavabdehin etirazında malların 2 ay müddətində sərbəst dövriyyəyə buraxılmamasının qanuni səbəbləri göstərilməmişdir. Bundan əlavə nəqliyyat şirkətinin boşdayanma tələbinin artmasının qarşısını almaq üçün malların müvəqqəti saxlanca verilməsi haqqında Bakı İnzibati Məhkəməsinin MXMT qərardadını icra etməməsinin səbəblərinə münasibət bildirilməmişdir. Hal-hazırda da iddiaçının nəqliyyat şirkəti qarşısında borc öhdəliyi qalmışdır. Cavabdeh öz etirazını həm də onunla əsaslandırır ki, guya iddiaçı "müvəqqəti saxlanc bəyannaməsi" təqdim etməmişdir. Qeyd edirtmişlər ki, “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarının 2.3-cü bəndinə əsasən Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir. Bununla yanaşı Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli MXMT(112)-115/2022 qərardadını icra etməkdən heç bir üzrlü səbəb olmadan yayınmış cavabdeh iddiaçının hüquqlarını pozduğunu etiraf etmək əvəzinə əsassız bəhanələr gətirir. Bununla yanaşı, iddia tələblərinin əsasını cavabdehin malları müvəqqəti saxlanca yerləşdirməməsi deyil, sərbəst dövriyyəyə əsassız buraxmaması olmuşdur. Buna dair rəsmi etirazda heç nə göstərilməmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-972/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilməmişdir.
13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 972/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
14. Birinci instansiya məhkəməsi qərarında göstərir ki, “...işin halları ilə iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) müəyyən edilsə də, bu hərəkətlər nəticəsində iddiaçıya zərər vurulması müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehdən zərərin əvəzi kimi tələb etdiyi 8550 ABŞ dolları vəsaiti ödəməsini, yəni real zərər çəkməsini sübut edən sənəd təqdim etməmişdir...”. İddiaçı qeyd edir ki, borcun ödənilib-ödənilməməsindən asılı olmayaraq iddiaçının nəqliyyat şirkəti qarşısında borclanması zərərin vurulması faktını təsdiq edir. Borcun bu günə qədər ödənilməsi ona görə mümkün olmamışdır ki, iddiaçının maddi imkanları buna yol verməmişdir. Məhkəmə iddianı təmin edib cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaranmış borcun cavabdehdən tutulmasını qərara alarsa və həmin pul vəsaiti ödənilərsə, iddiaçı həmin borcu ödəyə biləcək.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Çəkməli olduğu xərc” ödənişi icra olunmamış, lakin çəkilməsi labüd olan xərclər kimi başa düşülməklə zərər anlayışın dairəsindədir.
16. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının üçüncü şəxs qarşısında 8550 ABŞ dolları borcu yaranmışdır. Qərarda bu hal müəyyən olunur. İddiaçı həmin borcu ödəmək vəzifəsini daşıyır və hüququ pozulmasaydı, belə borcu yaranmazdı. Bu işin müəyyən olunmuş halıdır. İddiaçının öz pozulmuş hüquqlarını bərpa etmək (cavabdehə görə girdiyi borcu ödəmək) üçün çəkməli olduğu xərcin məbləği 8550 ABŞ dollarıdır. ARMM-nin 21.2-ci maddəsi “çəkdiyi” və “çəkməli olduğu” ifadələri ehtiva edir.
17. Məhkəmə maddi hüquq normasını (MM 21.2) düzgün şərh etməmiş və düzgün tətbiq etməmişdir.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər.
20. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi:
Maddə 104. Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Maddə 105. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan, nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi 105.1. Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz. 105.2. Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtlər və məhdudiyyətlər müəyyən edir. Maddə 123. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi 123.1. Gömrük ərazisinə gətirilərək, gömrük orqanlarına təqdim edilən mallar müvafiq gömrük proseduru altında yerləşdirilməlidir. 123.2. Bu Məcəllənin 214-cü və 215-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, bəyannaməçi malları mənşə ölkəsindən, xassələrindən, miqdarından asılı olmayaraq, istənilən gömrük proseduru altında yerləşdirə bilər. Maddə 124. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilməsi 124.1. Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. 124.2. Gömrük orqanlarına təqdim edilmiş xarici mallar üzrə qısa idxal bəyannaməsinin verilmədiyi müəyyənləşdirildikdə, onların sahibi bu bəyannaməni dərhal gömrük orqanlarına təqdim etməlidir. Maddə 146. Malların və nəqliyyat vasitələrinin bəyan edilməsi və bəyanetmənin yeri 146.1. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 146.2. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Maddə 150. Gömrük bəyannaməsinin məzmunu və onunla birgə təqdim olunan sənədlər 150.1. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Maddə 162. Malların buraxılışı 162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. 162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən (bu Məcəllənin 163.6-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla) və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir Maddə 164. Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun əhatə dairəsi 164.1. Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. 164.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: 164.2.1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini; 164.2.2. ticarət siyasəti tədbirlərinin tətbiqini; 165.2.3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını. 164.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alırlar. 164.4. Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 176. Saxlanc xüsusi gömrük prosedurunun əhatə dairəsi 176.1. Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 176.2. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir.
22. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
23. Mülki Məcəllə
Maddə 21.1 Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı.
25. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
26. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə razılaşmayaraq öz mövqeyini aşağıdakı kimi əsaslandırılmağı məqsədə müvafiq hesab edir.
29. Hazırki işin hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən ona vurulduğunu iddia etdiyi zərərin əvəzinin ödənilməsinə nail olmaqdan ibarətdir. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, Türkiyə Respublikasından idxal etdiyi mallar xx.xx.2022-ci il tarixdə gömrük buraxılış məntəqəsinə gətirilmiş, gətirilmiş mallara dair xx.xx.2022-ci il tarixli, **********4302 nömrəli gömrük bəyannaməsi cavabdehə təqdim edilmiş, lakin 57 gün müddətində mallar sərbəst dövriyyəyə buraxılmamış, nəticədə iddiaçı tərəfindən daşıma xidmətini həyata keçirən şirkətə hər gün üçün 150 ABŞ dolları boşdayanma haqqının ödənilməsi öhdəliyi yaranmışdır. Bu məbləğ isə 57 gün üçün 8550 ABŞ dolları təşkil edir.
30. Yuxarıda istinad olunan normalara görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bunun nəticəsi olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
31. İstinad olunan normaların anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da faktiki hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.
32. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş və qeyd olunmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, yəni iddiaçıya məxsus malların sərbəst dövriyyəyə buraxılmaması nəticəsində ziyan vurulması ilə bağlı cavabdehin qanunsuz hərəkəti və cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunmur.
33. Qanunvericinin yuxarıda istinad olunan normalarda ifadə olunmuş iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Başqa sözlə, vurulmuş ziyanla bağlı hüquqi müdafiə vasitələrinin tətbiqi baxımından inzibati orqanın fəaliyyət formaları arasında hər hansı fərqləndirilmə aparılmamalıdır.
34. Yuxarıda istinad olunan gömrük qanunvericliyinin tələblərindən göründüyü kimi, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməli, gömrük bəyannaməsinin Gömrük Məcəlləsinin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdiyi halda həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilməli, əks halda isə onun təsdiq edilməməsinin səbəbləri göstərilməklə, habelə müvafiq qeyd aparılmaqla təsdiq edilməmiş gömrük bəyannaməsini və bəyannamə ilə birlikdə təqdim edilmiş sənədləri təqdim edildiyi tarixdən 1 (bir) gündən gec olmayaraq bəyannaməçiyə qaytarılmalıdırlar.
35. Hazırkı mübahisədə iddiaçının dəlilləri ondan ibarətdir ki, gömrük ərazisinə gətirdiyi mallara dair cavabdeh gömrük orqanına xx.xx.2022-ci il tarixli, **********4302 nömrəli bəyannamə təqdim etmiş, həmin bəyannamə qanunvercilikdə nəzərdə tutulmuş müddətdə deyil, xeyli müddət sonra gömrük orqanı tərəfindən təsdiq edilərək malların sərbəst dövriyyəyə buraxılması təmin edilmişdir.
36. İşin araşdırılan hallarından müəyyən olunur ki, Azərbaycan Respublikasında qeydiyyatda olan "Ali-Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə Türkiyə Cümhuriyyətində qeydiyyatda olan “Pharma İLAÇ SAN.VE.TİC.LTD” şirkəti arasında xx.xx.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikasına mallar idxal olunmuşdur. Müqaviləyə əsasən malların çatdırılması İncoterms-2010 CİP-Bakı şərti ilə razılaşdırılmışdır. Ərizəyə əlavə edilmiş fakturadan və xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, dəyəri 6.451,20 ABŞ dolları olan ”50 ML AMİNOX DROPS”, 6.048.00 ABŞ dolları olan "BLACK BULL N:10 CAPSULE”, 7.208.00 ABŞ dolları olan "MELO RELAX N:30 CAPSULE“, 7.751.80 ABŞ dolları olan "DEKAMİN 10 Ml. DROPS“ adlı bioloji fəallığa malik qida əlavələri (cəmi qiymət: 27459 ABŞ dolları) ölkəyə daxil olmuş, lakin gömrük rəsmiləşməsi başa çatdırılmamışdır. İddiaçı qeyd edir ki, mallar 22 fevral 2022-ci il tarixindən 57 gün "Makaroğlu Logistics" daşınma (logistika) şirkətinin **-AG-*** qeydiyyat nişanlı daşıyıcı nəqliyyat vasitəsində qalmış və hər gün üçün iddiaçı nəqliyyat şirkətinə 150 ABŞ dolları məbləğində boşdayanma haqqı ödəmək öhdəliyi daşımışdır. İddiaçının bildirdiyinə görə mübahisə həll olunana qədər malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün 10 mart 2022-ci il tarixdə ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət etmiş, lakin bu barədə hər-hansı bəyannamə təqdim etməmişdir. Ərizəsi təmin olunmadığına görə iddiaçı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin verilməsindən yalnız xx.xx.2022-ci il tarixində, yəni 1 ay 4 gün sonra müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(112)- 115/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsini təmin etmək vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir.
37. Göründüyü kimi iddiaçının cavabdehə təqdim etdiyi **********4302 sorğu nömrəli bəyannaməsi gömrük orqanı tərəfindən təsdiqləndikdən və gömrük rəsmiləşdirilməsi aparılmaqla mallar sərbəst dövriyyəyə buraxıldığından iddiaçı 30 iyul 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etdiyindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7782/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər vəsatəti əsasında geri qaytarılmışdır. Sonradan iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının idxal olunan malların sərbəst dövriyyəyə buraxılanadək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanına bəyannamə təqdim etmək, yaxud da xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin qaytarıldıqdan dərhal sonra (iddiaçı yalnız 1 ay 4 gün sonra müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə qərardad qəbul edilmiş) hüququ olsa da, iddiaçı tərəfindən bu hüquqdan istifadə etməməsi nəticəsində maddi ziyan çəkməsi cavabdeh orqanın təqsiri hesab edilə bilməz. Halbuki yuxarıda qeyd olunan Gömrük Məcəlləsinin 123.1-ci maddəsinin tələbinə əsasən gömrük ərazisinə gətirilərək, gömrük orqanlarına təqdim edilən mallar müvafiq gömrük proseduru altında yerləşdirilməlidir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Belə olan halda, məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbinin və şikayətinin dəlillərinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından iddia tələbində haqlı deyildir.
39. Yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir.
40. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-1(112)-972/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva X7 İkram Şirinov