Məhkəmə qərarları › İş №2-1(103)-3228/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3228/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3228/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-708/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh artıq ödənilmiş 410 568,49 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4791/2021 saylı 21 aprel 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4791/2021 saylı 21 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1728/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4791/2021 saylı 21 aprel 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-708/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2xx.xx.2022-ci il tarixli 2-1(112)-708/2022 nömrəli qərarı əsassızdır və ləğv edilməlidir. Nazirliyin "Məşğulluq" altsistemində mövcud olan məlumatlardan müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək təhlükəsizlik texnikası üzrə texnik, əmtəəlik-bostançılıq üzrə mütəxəssis, laborant və əmtəəşünas, "X3 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2019-cu il tarıxdən xx.xx.2020-ci il tarixədək "əmtəəşünas" vəzifələri üzrə əmək müqavilələri qüvvədə olmuşdur. Habelə, müqavilədə qeyd olunanlara əsasən vətəndaş ali təhsilli olduğu və Nazirliyin "Pensiya" altsistemində isə 2006-2020-ci illərdə fərdi hesabında toplanmış pensiya kapitalının mövcudluğu müəyyən olunmuşdur."Pensiya" altsisteminə işlənmiş məlumatlara baxılarkən aşkar edilmişdir ki, Cavabdeh təvəllüdü xx.xx.1961-ci il, ünvanı imişli, Ölcələr k., ev 6, mənzil 20, pensiya tərkibi 1 Ne-li siyahı ilə, müraciət tarixi xx.xx.2009, hüququn yaranma tarixi xx.xx.2008-ci il, güzəştli iş stajı 12 il 5 ay 1 gün, 2006-cı ilədək cəmi iş stajı 24 il qeyd edilmişdir. Lakin göstərilən bəzi düzgün məlumatlar, xüsusilə uçot vərəqində qeyd edilmiş təvəllüddə olan uyğunsuzluq 2017-2018-ci illərdə "Pensiya" altsisteminin tətbiqi ilə əlaqədar tələb olunan zəruri məlumatlar altsistemə işlənilərkən məqsədli şəkildə gizlədilmiş, aşkar edilən saxtalaşdırılmış faktlar həmin dövrdə V.Əİİyevlə əlaqəsi olmuş şöbənin işçiləri və ya bu işdə maraqlı olan şəxslər tərəfindən gizlədilməklə qarışıq məlumatlar altsistemə daxil edilmiş, qeyd edilən neqativ hallarla bağlı şöbənın ışçilərı tərəfindən heç bir tədbir görülməmiş, təyin olunaraq ödənişi aparılan əsassız pensiyanın yüksək məbləği yoxlama və nəzarət funksiyalarını həyata keçirən qurumların diqqətinı cəlb etməməsi və ödənişin davam etdirilməsi məqsədi ilə saxtalaşdırıldığı ehtımal olunan sənədlərin və cinayət məsuliyyəti yaradan maddi sübutların yox edılməsi üstün tutulmuşdur.Araşdırma ilə əlaqədar xx.xx.2020-ci iltarixdən Cavabdeh pensiya ödənişinin dayandırılmasına baxmayaraq onun tərəfindən pensiyanın ödənişinin dayandırılmasının səbəbləri və ya pensiya ödənişinin davam etdirilməsi barədə Fondun müvafiq qurumlarına heç bir müraciətinin daxil olmadığı müəyyən edilmişdir.Beləliklə, təyinat zamanı nəzərə alınmış müvafiq sənədlərin və digər aidiyyəti pensiya sənədlərinin tapılmaması ilə belə nəticəyə gəlmək olar ki, ümumiyyətlə, pensiya təyinatı saxtalaşdırıldığı ehtimal olunan və ya düzgünlüyü təhrif olunmuş sənədlər əsasında aparılmış, həmin sənədlər sonradan məqsədli şəkildə gizlədilmiş və ya yox edilmiş, aşkar olunmuş faktlar isə Cavabdeh güzəştli şərtlərlə yaşa görə təyin olunmuş və ödənilmiş əmək pensiyasının qanunsuz olduğunu təsdiqləyir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinin xx.xx.2009-cu il tarixli 254 nömrəli qərarı ilə Cavabdeh 52 yaşından, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı qismində çıxış edən inzibati orqan vətəndaş Cavabdeh pensiya hüququ yaranmadığı halda ona saxta sənədlər əsasında xx.xx.2009-cu il tarixdən qanunsuz olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyini və həmin pensiyadan xx.xx.2020-ci il tarixədək ödənilmiş cəmi məbləğ 410 568,49 manatın tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsini məhkəmə qaydasında mübahisələndirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 30.2. əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 39.1. artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. -67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. -68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. -68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. -68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. -68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ********* nömrəli məktubunda bildirilmişdir ki, əvvəllər Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsində işləmiş X4 və qeyriləri saxta əmək kitabçaları hazırlayıb müvafiq məhkəmə instansiyaları tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, həmçinin əlillik nəzərə alınmaqla ailə başçısını itirməyə görə pensiya təyin edilməsinə nail olması və bu səbəbdən də Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələri tərəfindən pensiyanın təyin edilməsi, yenidən hesablanması nəticəsində müxtəlif şəxslərin plastik kart hesablarına əsassız olaraq pul vəsaitləri köçürülməsi ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası CM-in 178.3.2, 308.1, 313, 320.1 və 320.2- ci maddələri ilə ********* №-li cinayət işinin istintaqı aparılır. Hal-hazırda qeyd edilən cinayət işi üzrə X4 və qeyrilənin barəsində əməllərində aşkar edilmiş cinayət faktları ilə bağlı istintaq davam etdirilməklə nəticəsindən asılı olaraq təqsirli şəxslərin əməllərinə cinayət işinin istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla istintaqın yekununda hüquqi qiymət veriləcəkdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-in 178.3.2, 308.1, 313, 320.1 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh yalnız şahid qismində dindirilmişdir. Halhazırda qeyd edilən cinayət işi üzrə X4 və qeyrilənin barəsində əməllərində aşkar edilmiş cinayət faktları ilə bağlı istintaq davam etdirilməklə nəticəsindən asılı olaraq təqsirli şəxslərin əməllərinə cinayət işinin istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla istintaqın yekununda hüquqi qiymət veriləcəkdir. Göründüyü kimi hazırkı iş üzrə cavabdehə pensiya təyinatı aparılarkən sonuncunun pensiya qanunvericiliyinin tələblərinə zidd hərəkətlərə yol verməsi müəyyən olunmamışdır. Fondun pensiya təyinatı sektorunun əməkdaşı olmuş X4 və digərlərinin pensiya təyinatı sahəsində qanunvericiliyin tələblərini pozması, əsassız pensiya təyinatları ilə bağlı əməllərə hüquqi qiymət verilməsi məqsədilə cinayət işinin istintaqı aparılır və istintaq gedişində Cavabdeh şübhəli və ya təqisrləndirilən şəxs qismində deyil, yalnız şahid qismində dindirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman, həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-708/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-708/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar