Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3228/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-3228/2023 (Açar sözlər:“qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi”) Bakı şəhəri 28 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5903/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 20 may 1983-cü ildə Pakistan İslam Respublikasının Azad Kəşmir vilayətinin Bagh şəhərində doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır.
2. İddiaçı xx.xx.2022-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir.
3. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və xx.xx.2022-ci il tarixli İQ-54/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir.
4. İddiaçı bundan sonra adıçəkilən qərarla razılaşmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 1Q-54/1 nömrəli, 22 dekabr 2022-ci il tarixli (Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında) qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və qaçqın statusunun verilməsinə dair vəsatətini təmin edərək, ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Pakistan İslam Respublikasının vətəndaşıdır, 20 may 1983-cü il tarixdə Azad Kəşmir vilayətinin Bağ şəhərində doğulmuşdur, milliyyəti kəşmir, dini etiqadına görə müsəlmandır (sünni), İslamabad şəhərində orta məktəbə getmişdir və 12 il təhsil almışdır. Daha sonra işlədiyinə görə təhsilini davam edə bilməmişdir, həmçinin xüsusi peşə sahibi deyil. Hazırda, Pakistan İslam Respublikasının vətəndaşı Zabina Bequm adlı şəxslə nikaha daxil olmuşdur və birgə nikahdan üç (iki qız və bir oğlan) övladları vardır. O, Pakistan İslam Respublikasının Ravalpindi şəhərində ailəsi birlikdə yaşamışdır, həmin şəhərdə 2015ci ildən başlayaraq, tikinti materialları dükanında satıcı işləmişdir, eyni zamanda, 2015-2022-ci illərdə onlayn avtomobil satışı ilə məşğul olmuşdur. Atası və anası Bağ rayonu, Sesar kəndində yaşayırlar, bir qardaşı vəfat etmişdir, digər iki qardaşı Ravalpindi və bacıları Bağ şəhərində yaşayırlar. 2017-ci il tarixdən Azad Kəşmir vilayətinin Bağ şəhərində təsis olunan “UKPNP” (X5’s National Party) adlı siyasi partiyanın üzvüdür, həmçinin, həmin partiyanın sədridir. “UKPNP” siyasi partiyadan öncə o qohumlarının da üzv olduğu “Kashmir Conference” adlı siyasi təşkilatın üzvü olmuşdur, lakin bu təşkilat Kəşmirin Pakistan daxilində muxtariyyətini istəyirdi və bu səbəbdən, təşkilatla siyasi baxışları fərqli olduğuna görə həmin siyasi təşkilatı tərk edib “UKPNP” partiyasına qoşulmuşdur. “UKPNP” siyasi partiyadır və onun məqsədi Pakistan İslam Respublikasının nəzarətində olan Kəşmir vilayətini Hindistanın nəzarətində olan Cammu-Kəşmir ştatı ilə birləşdirib vahid azad Kəşmir dövlətini yaratmaqdır. Bu səbəbdən, o partiyanın məqsədinə çatmaq üçün Pakistan hökuməti əleyhinə tez-tez mitinqlər təşkil edirdi və özü də həmin mintinqlərdə fəal iştirak edirdi. Bu səbəbdən, hüquq mühafizə orqanları (polis) Kəşmir, Ravalpindi və Bağ şəhərlərində dəfələrlə məni qanunsuz olaraq, bölmə və şöbələrdə saxlayıb döyərək, ona müxtəlif bədən xəsarətləri yetirmişdirlər. Aldığı xəsarətlərlə bağlı dövlət tərəfindən qeyri-rəsmi verilmiş tapşırıqlara əsasən, heç bir xəstəxana ona arayış vermirdi. Sonuncu dəfə onu qanunsuz və əsassız olaraq, 2 gün müddətində təcridxanada saxlamışdırlar və bu hal qeyri-rəsmi edilmişdir. Təcridxanadan çıxandan sonra, hüquq mühafizə orqanları tərəfindən onun istifadəsində olan mobil nömrəyə təhdid dolu zənglər daxil olurdu. Onların məqsədi, onu bu fəaliyyətindən çəkindirmək və partiyanı tərk etmək idi. Lakin buna baxmayaraq, o partiyanın üzvlüyünü tərk etməyəcəyini bildirəndə, onlar onun barəsində uydurma cinayət işini başlayıb və hər hansı bir əməl törətməyi ilə bağlı ittiham edərək onu uzun müddət azadlıqdan məhrum edəcəklərini bildirdilər. Hazırda o, Pakistan İslam Respublikasında olanda qorxu ilə yaşayır və bilir ki, gec- tez onun barəsində hər hansı bir ağır cinayətin törədilməsi ilə bağlı cinayət işinin başlanması haqqında qərar qəbul edib, onu həbs edəcəklər. Belə ki, oxşar fəaliyyət istiqaməti olan siyasi partiyaların bir sıra üzvləri analoji üsulla fəaliyyətdən kənarlaşdırılmışdırlar. O, Azərbaycan Respublikasına ilk dəfə turist kimi 20 iyun 2022ci ildə gəlmişdir, vizanı yeniləmək üçün Dubaya getmişdir və 5 gün qaldıqdan sonra, yenidən 25 iyul 2022-ci il tarixdə Azərbaycana qayıtmışdır.Qeyd edilənlərə əsasən, 14 sentyabr 2022-ci il tarixli vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, ona qaçqın statusunun verilməsini xahiş etmişdir. X3 Xidməti 1Q-54/1 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarla ona qaçqın statusunun verilməsindən imtina edilməsini qərara almışdır. Qərar xx.xx.2022-ci il tarixdə qəbul edilsə də, həmin qərar ona xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilərək, 30 gün müddətində məhkəmə qaydasında şikayət etmək hüquq izah edilmişdir.
7. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Yasin (pasport nömrəsi: JV1013062) ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2022- ci il tarixli İQ-54/1 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Şəxs iddia ərizəsində milliyətinə və siyasi əqidəsinə görə təqib olunduğunu bildirsə də, X2 Respublikasının bir hissəsi olaraq tanınması və ölkə ərazisində 350 minə yaxın Kəşmirinin sərbəst yaşadığı və dövlət tərəfindən hər hansı təqibə məruz qalmadığı müəyyən edilmiş. 2. Şəxs faktiki olaraq etiraf edir ki, dövlətin konstitusion quruluşunu dəyişdirilməsini istəməklə ərazi bütövlüyünü parçalamaq fikrindədir. 3. Dövlət tərəfindən hər hansı təqibə məruz qalması ilə bağlı sənəd təqdim etməmişdir. 4. Şəxs təqib olunması ilə bağlı polis və məhkəmə orqanlarına müraciət etməmişdir. Eyni zamanda, şəxsin DMXyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli vəsatətindən görünür ki, İddiaçı X4 Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1 -ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5903/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmamışdır.
10. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
11. 24. Birinci instansiya məhkəməsi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa, “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 419 saylı Fərmanı və həmin Fərmanla təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5903/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
17. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: . 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. . 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
18. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: -1-ci maddəsinə əsasən qaçqın–Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; -10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir; -10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; -12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; -13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.
19. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: -preambulasına görə, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir; -1-ci bəndinin 3-cü abzasına uyğun olaraq “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxlər də daxil olmaqla ) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir; -7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır;. Maddə 14.1 mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
21.Apellyasiya şikayətində qərar tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1)..
24. Həmçinin, qərar iddiaçı barəsində qəbul edilməklə onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1).
25. Belə ki, hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur:
26. İddiaçı 20 may 1983-cü ildə Pakistan İslam Respublikasının Azad Kəşmir vilayətinin Bagh şəhərində doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır.
27. İddiaçı xx.xx.2022-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir.
28. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və xx.xx.2022-ci il tarixli İQ-54/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir.
29. İddiaçı bundan sonra adıçəkilən qərarla razılaşmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.Belə ki, iddiaçı hesab edir ki, Xidmət tərəfindən vəsatətə baxılan zaman onun tərəfindən irəli sürülən bütün hallar nəzərə alınmamış və bununla da qanunla qorunan hüquq və mənafeləri pozulmuşdur.
30. Cavabdeh isə hesab edir ki, iddiaçının irəli sürdüyü fikirlər öz təsdiqini tapmadığından Xidmət tərəfindən ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İmtinanı verilməsinə əsas kimi aşağıdakılar qeyd olunmuşdur: İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçı və ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadıqları müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş vəsatətə baxılması haqqında sənədlərdən (müsahibə, ərizə-anket) görünür ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ona qaçqın statusu verilməmişdir.
31. Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, iddiaçı tərəfindən qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübutun Xidmətə təqdim olunması müəyyən olunmur.
32. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
33. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdeh inzibati orqan tərəfindən ona verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdeh inzibati orqanın iddiaçıya qaçqın statusu verilməsindən imtina edərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur:
35. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
36. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməməsi ilə qanuna zidd olan və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hallara yol verilməmiş, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması üçün əsaslar müəyyən edilməmişdir.
37. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətində yuxarıda hüquqi qiymət verilən hallardan əlavə qeyd etmişdir ki, iddiaçıda təqibə məruz qalmasını yaradan qorxu hissinin aradan qalxmasına əsas verən hal yoxdur. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gələ bilərik ki, ərizəçi Pakistana qayıdacağı təqdirdə ona və ailə üzvlərinə ziyan vurula bilər.
38. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulduğundan və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmadığından həmin dəllillər inzibati orqanın qərarının ləğv edilməsi və iddiaçıya qaçqın statusu verilməsi yetərli deyildir.
39. Azərbaycanın Respubikasının qoşulduğu BMT-nin “Qaçqınların statusu” haqqında 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən “qaçqın” dedikdə 1951-ci il yanvarın 1- dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir; və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir.
40. 1967-ci il Protokolunun İ maddəsinin 1-ci hissəsinə əsasən Bu Protokolun iştirakçıları olan Dövlətlər arasında verilmiş tərifə uyğun gələn qaçqınlara Konvensiyanın 2-34-cü maddələrini tətbiq etməyi öhdələrinə götürürlər.Həmin maddənin 2-ci bəndinə əsasən “qaçqın” termini altında bu maddənin 3-cü bəndinin tətbiqi ilə bağlı hallar istisna olmaqla, Konvensiyanın 1 A(2) maddəsinin tərifini “1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində” sözləri və “...həmin hadisələr nəticəsində” sözlərini çıxma şərti ilə uyğun gələn hər bir şəxs nəzərdə tutulur.
41. Konvensiyanın 42-ci maddəsinə əsasən, əgər ərizəçi mənşəcə mənsub olduğu ölkədə davamlı qalmasının tərifdə göstərilən səbəblərə görə dözülməz olduğunu, yaxud geri qayıdacağı halda həmin səbəbdən ağlabatan dəlillərin köməyi ilə sübut edə bilirsə, onun ehtiyatları tam əsaslı sayılır.....
42. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir. (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Sığınacaq işlərində sübutetmə vəzifəsi və standartı haqqında Qeydlər, 1998, bənd 11)
43. “İnandırıcılıq kefyfiyyəti” standartı tətbiq edilərkən obyektiv yanaşmadan istifadə edilir. Çünki bu standart hüquqtətbiqedən orqanın üzərinə ərizəçiyə inanmaq üçün ağlabatan əsasların olub-olmadığını qiymətləndirmək vəzifəsini qoyur. Mötəbərlik amilləri əsasən 2 qrupa bölünür: daxili və xarici mötəbərlik. Xarici mötəbərlik ərizəçinin izahatları ilə işdə olan digər sübutların və ya digər məlumat mənbələrinin, ələlxüs mənbə ölkələrinin məlumatlarının müqayisəsinə əsaslanır. İşin hallarına uyğun olaraq, bu iş üzrə xarici mötəbərliyin olub-olmaması MÖM-ün nəzərdən keçirilməsi ilə müəyyən edilə bilər. Daxili mötəbərlik ərizəçinin izahatlarının yalnız həmin izahatlara yaxud digər təqdim edilmiş sübutlara əsaslanaraq qiymətləndirilməsidir. Bu halda əsaslanmalı 2 əsas amil ərizəçinin izahatlarının müfəssəllik səviyyəsi və ərizəçinin ümumilikdə ardıcıllıq dərəcəsidir. Buna uyğun olaraq mötəbərliyin qiymətləndirilməsinin 4 indikatoru fərqləndirilir:1) kafi dərəcədə müfəssəllik və spesifiklik; 2) daxili uyğunluq; 3) əgər varsa digər şahidlər tərəfindən verilən informasiya ilə uyğunluq; 4) çatımlı xarici informasiya ilə uyğunluq. (Macarıstan Helsinki Komitəsi, Sığınacaq icraatında mötəbərlik qiymətləndirməsi - multidisiplinar hazırlıq təlimatı, 2013, 31-33-cü səhifələr)...
44. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir.
45. Beləlikə, də Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5903/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5903/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.