Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3229/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin cavabdeh Binəqədi Rayon Xocəsən Bələdiyyəsinə qarşı (üçüncü şəxs X12) “qərarın qanunsuzluğunun tanınması” tələbinə dair iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X4 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Üçüncü şəxsin nümayəndəsi X7 iştirakları ilə İddiaçı Şirkətinin cavabdeh Binəqədi Rayon Xocasən Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X12) “qərarın qanunsuzluğunun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8304/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 11/20 saylı, 07 iyun 2005-ci il tarixli qərarı ilə X9 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Şirkəti cavabdeh Binəqədi Rayon Xocasən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayon Xocəsən X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 11/20 saylı, 07 iyun 2005-ci il tarixli qərarın qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 11/20 saylı, 07 iyun 2005-ci il tarixli qərarı ilə X8 istifadəsinə, Dövlətin müstəsna istifadəsində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005- ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün X15” şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində 1 saylı mədənin 6-cı sahəsində 600 kv/m torpaq sahəsi ayrılmışdır. 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ), X18 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar") arasında Saziş (“Saziş) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Sazişin 2 və 8-ci maddələrinin və AZEN ƏYE Kompani Bi.Vi., ARDNŞin Ortaq Neft Şirkəti (“Podratçı Tərəflər”) və X15 şirkətləri arasında imzalanmış X11 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə (“Şirkət”) neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən (“Hökumət”) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: “Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Göründüyü kimi. Qanunun yuxarıda sadalanan müddəalarından birbaşa aydın olur ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 11/20 saylı 07 iyun 2005-ci il tarixli qərarı Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyi üçün qanunsuz hesab olunmalıdır. Saziş ərazisinin hüdudları daxilində yerləşən torpaq sahələri ilə bağlı verilmiş qərar və sərəncamların Saziş qüvvəyə mindiyi xx.xx.2005-ci il tarixdən qüvvədən düşməsi halı, Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə də təsdiq edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8304/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim O.Həsənov) iddia ərizəsi mümkün sayılmamışdır.
5. İddiaçı Şirkəti apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8304/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək işə mahiyyət üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı əsassız olduğundan ləğv edilməli, Şirkətin iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır.
7. Məhkəmənin xüsusi ilə diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsi qərardadında mülki prosessual qanunvericiliyin tamamilə yalnış və hazırkı iddiaya aidiyyəti olmayan normasına istinad etmişdir ki, həmin qanunvericilik normasının tətbiqi isə Şirkətin müəyyənetmə və tanınma növündə olan iddiasının mümkünsüz hesab olunmasına əsas vermir.
8. Məhkəmə qərardadında Şirkətin iddia tələbinin mahiyyətinin inzibati aktın ləğvi ilə bağlı olduğunu bildirsə də, iddianın mahiyyətindən də görünür ki, iddia Şirkət tərəfindən tanınma haqqında iddia növündə qaldırılmışdır, lakin birinci instansiya məhkəməsi yalnış olaraq Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş müddəasına istinad edərək iddianı mümkün hesab etməmişdir. Yəni, məhkəmə işə baxarkən kobud pozuntuya yol verməklə İPM-nin qüvvədə olan müddəalarına yox, MPM-nin qüvvədən düşmüş maddəsinə əsaslanmışdır.
9. Yəni, birinci instansiya məhkəməsi hazırki iş üzrə qüvvədə olan prosessual hüquq normalarına (yəni İnzibati Prosessual Məcəllənin müddəalarına) istinad etməli olduğu halda, Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş maddəsinin tələbinə əsaslanaraq qərardad qəbul etmişdir. Lakin, əslində isə iddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmə hazırda qüvvədə olan İPM-nin və “İnzibati İcraat haqqında Qanun”un tələbinə istinad etməli idi. İnzibati Qanunvericiliyin tələbinə görə isə müəyyənetmə və tanınma növündə olan iddia tələblərinə prosessual müddətlər şamil edilmir.
10. Birinci instansiya məhkəməsi həmçinin bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinin kobud surətdə pozularaq cavabdehin özbaşınalıq etməsinə, səlahiyyət hədlərini aşaraq, özünə aid olmayan, Şirkətin Saziş ərazisinin hüdudları daxilində (Sazişdən öncə ARDNŞ-nin və hazırda Şirkətin istifadəsində olan) müvafiq qərarlarla iş üzrə İİİ şəxslərin istifadəsinə torpaq sahəsini ayırmasına göz yummuş, Şirkətin iddiasına mahiyyəti üzrə baxmamış, əksinə olaraq, iddiaya prosessual müddət tətbiq etməklə iddia tələbinin mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir.
11. Lakin, göründüyü kimi, Şirkətin analoji iddia tələbləri üzrə yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlarda məhkəmələrin (məhkəmə tərkiblərinin) mövqeyi, habelə, Şirkətin iddialarının təmin edilməsi və ya iddia ərizələrinin hansı əsaslarla qeyri-mümkün hesab edilməsi ilə bağlı məhkəmə təcrübələri birinci instansiya məhkəmələri tərəfindən nəzərə alınmır, həmin məhkəmələr istədikləri kimi, müxtəlif əsaslarla Şirkətin iddialarını qeyri-mümkün hesab edirlər. Halbuki, həm apellyasiya instansiyası məhkəməsi, həm də kassasiya instansiyası məhkəməsi Şirkətin iddialarını mümkünsüz hesab edərkən belə, onlar Qanun statusu almış 29 sentyabr 2004-cü il tarixli Sazişin (Qanunun) 4 və 5-ci bəndinə əsaslanaraq müvafiq qərar qəbul edirlər (2- 1(102)- 1233/15 saylı, xx.xx.2015-ci il tarixli qərarın surəti əlavə olunur).
12. Hazırki iş üzrə də Bakı İnzibati Məhkəməsi qərardad qəbul edərkən, Qanunun 4 və 5-ci bəndlərinin tələbinə deyil, iddia tələbinə aidiyyəti olmayan İPM-nin və MPM-nin qüvvədən düşmüş müddəalarına istinad Şirkətin iddiasını mümkünsüz saymışdır.
13. Qeyd olunanlardan əlavə olaraq Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, məlum olduğu kimi eyni torpaq sahəsi barəsində Şirkətin mülki iddialarına baxan məhkəmələr tərəfindən obyektiv və qəti qərarların qəbul edilməsi, həmin torpaqlarla bağlı Şirkətin inzibati iddia tələblərinə baxan məhkəmələrin qəbul etdiyi qərarların nəticəsindən asılıdır. Belə ki, bugünki, gün Şikətin inzibati iddia tələblərinin məhkəmələr tərəfindən mümkünsüz hesab edilməsi, Şirkətin mülki iddia tələblərinin də təmin edilməməsinə səbəb olur. Bu isə, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 1-8-5/2- 1837/2023 saylı məktubunda qeyd olunmuş tövsiyələrə zidd olmaqla, Şirkət tərəfindən verilmiş qanuni mülki iddialarının rədd edilməsi ilə nəticələnir.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
15. İddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, Bakı İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, Bakı İnzibati Məhkəməsinin qərardadının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər.
18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə
Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Maddə 24.4. Fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır:
24. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı Binəqədi Rayon Xocəsən Bələdiyyəsi tərəfindən qəbul edilmiş inzibati aktı mübahisələndirir. Nəzərə alınmalıdır ki, Binəqədi Rayon Xocasən Bələdiyyəsinin 07 iyun 2005-ci il tarixli, 11/20 nömrəli qərar torpaq sahəsinin X9 ayrılması ilə bağlı olmuşdur. İddiaçı həmin qərar ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin inzibati aktı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.
26. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
27. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir.
28. Nəzərə almaq lazımdır ki, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
29. Həmçinin qeyd edilməlidir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
30. Hazırki işdən müəyyən olunur ki, iddiaçı Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin 07 iyun 2005-ci il tarixli, 11/20 nömrəli qərarını mübahisələndirir.
31. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 19 il əvvəl qəbul etdiyi inzibati aktı mübahisələndirir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər.
33. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
34. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”.
35. Hazırki iddiada iddiaçı inzibati aktın etibarsızlığını tələb etsə də, əslində tələbin mahiyyəti inzibati aktın ləğvi ilə bağlıdır və iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır.
36. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə).
37. Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə).
38. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə açdığı qərar 2005-ci ildə qəbul edilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi.
39. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
40. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimləndiyindən iddia müddətinin tətbiq edilməli olmamasına dair iddiaçının dəlilləri əsaslı sayıla bilməz.
41. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
42. Beləliklə, hər bir halda iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.
43. Beləliklə də hazırki iddianın ilk növbədə xüsusi mümkünlük şərti yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri formal və əsassız olduğundan təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı Şirkətinin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8304/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov