Məhkəmə qərarları › İş №2-1(103)-323/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-323/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-323/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil Canış oğlunun iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3775/2019 saylı, 29.10.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (indiki adı: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı ona 01 sentyabr 1977-ci il tarixdən 24 fevral 1981-ci il tarixədək Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Bakı Baza Energetika Texnikumunda təhsil aldığı dövrü nəzərə almaqla 57 yaşdan, yəni 17 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə şəxsiyyət vəsiqəsinə (Sumqayıt ŞPİ QŞVŞ 05.07.2012) əsasən iddiaçı xx.xx.1962-ci il tarixində doğulmuşdur. Onun işə əlavə olunmuş əmək kitabçasının surətinə əsasən aşağıdakı iş stajına malikdir : 01.09.1977-24.02.1981-ci illərdə Bakı Baza Energetika Texnikumunda təhsil (3 il 5 ay 23gün); 21.04.1981-20.06.1983-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmət (2 il, 1ay 29gün); 29.08.1983-16.01.1984-də “Azərkimya” İB-nin keçmiş “Üzvi Sintez” zavodunun 5 saylı İstehsalatın kalium qələvisinin buxarlanması sexində kompressor qurğu maşinisti (4 ay 17 gün); 16.01.1984 -25.09.1984-də həmin saxdə soyutma aparatçısı (8 ay 9 gün (cəmi 1 il 26 gün); 10.10.1984-27.01.1989-cu illlərdə Rusiya Federasiyasının Altay Diyarında Ümumittifaq komsomol tikintisində nəzarətçi (5 il 3ay 17gün); 09.02.1989-16.11.1993-cü illərdə “Azərkimya” İB-nin keçmiş “Üzvi Sintez” zavodunun su təchizatı sexində nasos stansiyasında maşinist (4 il 9 ay 7 gün) 16.11.1993-30.09.1999-cu illərdə “Üzvi Sintez” zavodunun propilen oksidi sexinə təmirçi çilingər vəzifəsində işləmiş (5 il 10 ay 14 gün) 01.10.1999-17.09.2003-cü illərdə “Üzvi Sintez” Zavodunun propilen oksidi və lakboyaq sexində təmirçi çilingər vəzifəsində işləmiş (2 il 11 ay 16 gün); 17.09.2003-01.06.2010-cu illərdə “Üzvi Sintez” Zavodunun propilen oksidi sexində sahə rəisi (01.01.2006-cı il tarixinədək 2 il 3 ay 13 gün ). Beləliklə də 01.01.2006-cı il tarixinədək 26 il 8 ay 29 gün ümumi iş stajına malik olan iddiaçı 27 iyun 2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, 57 yaşdan, yəni 17 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin sonuncu 23 iyul 2019-cu il tarixli məktubu ilə imtina edərək bildirmişdir ki, onun 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək PM-in 33.1-ci maddəsinin tələbi qaydasında hazrkı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin təhlili zamanı tərəflərindən müəyyən olunmuşdur ki, bu iddia yanlışdır: iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verdiyini iddia etdiyi “NÖC (nəzarət ölçü cihazları) və A (avadanlıqları) təmiri üzrə çilingər” və “NÖC və A üzrə sahə rəisi” peşələrinin heç birinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahılarda rast gəlmək mümkün deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan 72 və 73 nömrəli arayışlarda qeyd olunur ki, iddiaçının çalışdığı peşələr həmin qərarın 10-cu bölməsinin 3-cü bəndinin 2110A030-17531 şifrinə əsasən 2 saylı Siyahıda göstərilmişdir. Lakin, həmin bəndin mətnini olduğu kimi təqdim etdikdə görünür ki, bu maddədə göstərilən əmək fəaliyyəti növünün xüsusiyyəti ilə iddiaçının əmək kitabçasında adı göstərilən peşə növü fərqlidir. “2 №-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 №-li və 2 №-li Siyahıda sadalanmış nəzarət ölçü cihazlarının. təmiri ilə məşğul olan fəhlələr” Başqa sözlə, iddiaçının təqdim etdiyi arayışda Siyahıya istinad edilib, şifr nömrəsi göstərilsə də, Siyahıda bu şifr heç də iddiaçının çalışdığı peşə-fəaliyyət növünü əks eləmir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3775/2019 saylı, 29.10.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 01.09.1977-24.02.1981 illərdə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Bakı Baza Energetika Texnikumunda təhsil aldığı müddətin sığorta stajına daxil edilərək, ona 57 yaşdan, 17.01.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri stajı yoxdur. Onun iddia etdiyi “NÖC və A üzrə sahə rəisi” peşələrinin heç birinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahılarda rast gəlmək mümkün deyildir. İddiaçının təqdim etdiyi arayışda Siyahıya istinad edilib, şifr nömrəsi göstərilsə də, Siyahıda bu şifr heç də iddiaçının çalışdığı peşə-fəaliyyət növünü əks elətdirmir.İddiaçının təqdim etdiyi 71 N-li arayışda onun 1983-1984-cü illərdə çalışdığı “kompressor qurğu maşinisti” fəaliyyət növü 1 N-li siyahıda göstərilmişdir. Buna görə də, yalnız 1 illik müddət iddiaçının xüsusi stajı kimi nəzərə alına bilər. İddiaçının çalışdığı digər peşələr üzrə isə xüsusi stajı yoxdur. Bundan əlavə iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün əsas olan yaş həddinə çatmamışdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən kişilər üçün güzəştli şərtlərlə pensiya yaşı 52, “b” bəndinə əsasən isə 57-dir (əlavə edilən 2 il nəzərə alınmaqla). 2006-cı ilədə iddiaçının 44 yaşı olmuş, deməli həmin vaxt qüvvədə olan qanunvericiliklə əmək pensiyası yaşına çatmamışdır. Beləliklə iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün zəruri olan 2 şərt təsdiqini tapmamışdır: xüsusi stajı yoxdur; zəruri yaş həddini tamamlamamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-448/2020 saylı 11.02.2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərar cavabdehin həmin qərardan verdiyi kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2020-ci il tarixli qərarı ilə ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, “...iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-203/2021 saylı 08.02.2021-ci ilil tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddianın rədd edilməsi barədə iş üzrə yeni qərar çıxarılmışdır. İddiaçı tərəfindən həmin qərardan verilmiş kassasiya şkayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1264/2021 saylı 07.09.2021-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, işə təkrar baxan məhkəmə Ali Məhkəmənin qeyd olunan göstərişləri istiqamətinə araşdırma aparmamışdır. İş materiallarında olan 14.02.2019-cu il tarixli 72 və 73 nömrəli arayışlarda qeyd edilən peşələrin kodu hazırkı qərarın 30-cu bəndində göstərilən kodla (2 nömrəli Siyahısı”nın “X. Kimya istehsalatı” bölməsində 2110A030—17531 kodla “2 №-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 №-li və 2 №-li Siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının” və 2110A030 kodla “ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər; işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr”) üst-üstə düşür. Belə olan halda, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməli idi. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir...” Məhkəmə kollegiyasının iclaslarıının vaxtı və yeri və məhkəməyə gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil məhkəmənin hazırkı mərhələdə verdiyi sorğusuna gəlmiş cavabda iddiaçının “Üzvi Sintez” zavodunda işlədiyi qeyd edilən peşələrin güzəştli pensiya hüququ verən peşələrə aid edildiyini bildirərək cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası i iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü, orta ixtisas və ali təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Qanunvericiliyin qeyd olunan göstərişləri baxımından, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun 01.01.2006-cı il tarixinə 25 il ümumi, azı 12 il 6 ay xüsusi stajı olmalıdır. Cavabdeh iddiaçıya ünvanladığı imtina cavabında iddiaçının 25 il ümumi stajına malik olmadığını mübahisələndirsə də sonradan həm təqdim etdiyi iddia ərizəsinə etirazında, həm də hazırda araşdırılan apellyasiya şikayətində artıq iddiaçının 25 il ümumi stajına malik olduğunu mübahisələndirməmişdir. Əslində, iddiaçının işdə olan əmək kitabçasının, diplomunun, hərbi biletinin surətlərinə əsasən 25 ildən artıq iş stajına malik olduğu sübuta yetirilir. İddiaçının apellyasiya şikayətində mübahisələndirdiyi hal ilk öncə iddiaçının güzəştli pensiya hüququ verən xüsusi staja malik olmadığı mübahisələndirilərək qeyd olunur ki, onun işlədiyi peşə və vəzifələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahılarda rast gəlmək mümkün deyildir. Daha sonra isə cavabdeh iddiaçının pensiya yaş həddinə çatmadığı mübahisələndirilmişdir. Birincisi, məhkəmə kollegiyası cavabdehin, güzəştli şərtlərələ pensiya təyin olunması üçün iddiaçının 01.01.2006-cı il tarixinə «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsində göstərilən yaş həddinə çatmadığını mübahisələndirən dəlili ilə razılaşmayaraq onu qeyd edir ki, onun tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi düzgün təfsir olunmur. Çünki, Qanunun qeyd olunan normasının mənasından açıq-aşkar göründüyü kimi, bu Qanunun 9-cu maddəsində göstərilən, güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək staja malik olan şəxslərə pensiyalar - əvvəllər qüvvədə olmuş qanunvericiliyə müvafiq surətdə təyin edilir. Belə olan halda, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinin tətbiqindən söhbət gedə bilməz, Bu baxımdan hazırkı anda mübahisəli hüquq münasibətlərinə həmin Qanunun 9.8-ci maddəsinin tələbi qaydasında tətdiq edilməli olan maddi hüquq norması «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsi təşkil edir ki, həmin maddənin də yaş həddinə münasibətdə iddiaçının güzəştli pensiya təyin edilməsi üçün istər 1 nömrəli, istərsə də 2 nömrəli Siyahı üzrə olsun, müvafiq yaş həddi (2 il də əlavə olunmaqla) tamamlanır və mövcuddur. Onu da qeyd etmək lazımdır ki, Ali Məhkəmənin qeyd olunan qərarlarında iddiaçının güzəştli pensiya təyin olunması üçün qanunla müəyyən edələn yaş (57) həddinə malik olması ilə bağlı irad və göstərişiləri də mövcud olmamışdır. Odur ki, qeyd olunaları nəzərə alınmaqla, cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli pensiya təyinatı üçün yaş həddinə çatmadığını mübahisələndirilən dəlili tamamilə əsassızdır. Cavabdeh apellyasiya şikayətində iddia edilən “NÖC(nəzarət ölçü cihazları) və “A”(avadanlıqları) üzrə çilingər və sahə rəisi peşə və vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahılarda rast gəlmək mümkün olmadığını mübahisələndirərkən qeyd edir ki, təqdim edilən arayışda istinad edilib şifri göstərilsə də, Siyahıda bu şifrin iddiaçının çalışdığı peşə-fəaliyyət növünü əks elətdirmir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qeyd olunan dəlilləri onu deməyə əsas verir ki, Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq olunmuş Siyahıların “Kimya istehsalatıNo” bölmələri kifayət qədər təhlil olunmadan və İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçının işlədiyi həmin vəzifələrin xüsusilə zərərli iş şəraitinə aid olub olmadığını dəqiqləşdirmək üçün öz təşbbüsü ilə iddiaçının işlədiyi təşkilata sorğular verib aydınlaşdırmağa borclu olduğu halda, üzərinə düşən bu öhdəliyindən yaınmış, iddiaçıya əsassız olaraq imtina cavabı vermişdir. Belə ki, hazırkı təkrar apellyasiya baxışı mərhələsində İPM-in 96.11-ci maddəsinin tələbləri qaydasında, Ali Məhkəmənin qeyd olunan qərarlarından irəli gələn göstərişlər nəzərə alınmaqla, “Aqrokimya “ İB-yə sorğu verilərək iddiaçının həmin Birliyin keçmiş “Üzvü Sintez” zavoduna sorğu verilərək da işlədiyi : - 29.08.1983 - 25.09.1984-cü illərdə 5 saylı «kalium xəlitəsinin buxarlanması» sexində - «kompressor qurğu maşinisti» və soyutma aparatçısı; 09.02.1989 – 16.11.1993-cü illərdə su təchizatı sexində – «nasos stansiyasında maşinist»; 16.11.1993 – 17.09.2003 – cu illərdə propilen oksidi və lak boyaq sexində NÖC və A təmiri üzrə təmirçi çilingər; 17.09.2003 - 01.04.2004-cü illərdə həmin sexin rəisi; 01.04.2004 – 03-09.2010 –ci illərdə propilen oksidi sexində sahə rəisi - fəhlə peşəsi və vəzifələrin xüsusilə zərərli iş şəraiti olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 №-li, yoxsa, 2 №-li Siyahıda nəzərdə tutulan hansı koda uyğun göstəricilərə aid olması barədə ətraflı şəkildə izahlı Arayış verilməsi tələb olunmuş və həmin sorğuya cavab olaraq həmin Birliyin “Etilen-politetilen” zavodu tərəfindən 25.02.2022-ci il tarixli 3104/ON-04-349 saylı məktubu ilə həm iddiaçının həmin zavodda çalışdığı fəhlə peşələrinin (maşinist, çilingər), həm də rəhbər (sex rəisi) vəzifəsinin iş funksiyasıları ilə bağlı məlumtları özündə əks etdirən “İzahlı arayış” və həmin işlərin Siyahıda konkret olaraq, hansı xüsusilə zərərli peşə və vəzifələrə aid olmasını göstərən arayışlar məhkəməyə təqdim olunmuşdur. Sözügedən “İzahlı arayışa” əsasən İddiaçı keçmiş “Üzvi Sintez” zavodunun 5 saylı istehsalatın Kalium qələvisinin buxarlanması sexində: - kompressor qurğularının maşinisti kimi gördüyü işin xarakteri - hər biri dəqiqədə 100-dən 500 kub.m-dək yuxarı təzyiqli müxtəlif mühərriklərdən ötürülən təhlükəsiz olmayan qazla işləyən stasionar kompressor və turbokompressorlarına xidmət etməkdən; -soyutma aparatçısı kimi - qaz, maye və bərk halında olan zərərli maddələrin müxtəlif soyuducularla soyudulması texnoloji prosesinin aparılmasından, propilen oksidi və lak-boyaq bərkidicilər sexində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində isə bilavasitə və birbaşa rəislərin istehsalat tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək, NÖS və A vasitələrinin qüvvədə olan istismar-quraşdırma təlimatlarına, funksional və prinsipial sxemlərinə uyğun olaraq cari təmir və sazlanmasını həyata keçirməkdən; - “NÖC” və “A” üzrə sahə rəisi kimi – sadlanan işlərin həyata keçirilməsinə rəhbərlik etməkdən - ibarət olmuşdur. İddiaçı, həmin zərərli işlərdə çalışdığına görə əlavə məzuniyyət, aylıq tarif maaşına 8% əlavə, gündə bir dəfə olmaqla isti yeməklə, hər gün 0,5 litr südlə təmin olunmuşdur. Sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış İzahlı arayışla yanaşı, məhkəməyə təqdim edilən 24.02.2022-ci il tarixli 38, 39 və 40 saylı arayışlardan isə aydın olur ki, İddiaçı “Üzvi Sintez” zavodunda işlədiyi peşə və vəzifələr aşağıdakı güzəştli pensiya hüquq verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahlar üzrə aşağıdakı göstəricilərə uyğun gəlir : -5 saylı istehsalatın Kalium qələvisinin buxarlanması sexində (29.08.1983- 25.09.1984) - kompressor qurğu maşinisti, soyutma aparatçısı kimi işlədiyi mütəxəsis vəzifəlri - 1 №-li Siyahısında “Vİİİ (“A”sütünu) bölməsinin 1-ci bəndinin 1080AO10 şifrində sadalanan - xlor, kaustik soda göstəricisinə; -Propilen oksidi sexində (16.11.1993 – 30.09.1999 ) NÖC və A üzrə çilingər kimi çalışdığı fəhlə peşəsi isə 2 №-li Siyahıda “Vİİİ bölmənin 3-cü bəndinin 2110AO30-17531 şifrində sadəlanan – oksidlər göstəricisinə; - Propilen oksidi və lak-boya bərkidicilər sexində (01.10.1999 – 31.12.2015) - NÖS və A üzrə çilingər və sahə rəsi - 2 №-li Siyahıda “Vİİİ bölmənin 3-cü bəndinin 2110AO30- 17531 şifrində sadalanan – oksidlər göstəricisinə; İzahlı arayışın və adıçəkilən 38 saylı arayışın “1” N-li Siyahı ilə qarşılıqlı təhlilindən aydın olur ki, iddiaçının “Üzvi Sintez” zavodun “Kalium qələvisinin buxarlanması sexində” yuxarı təzyiqli müxtəlif mühərriklərdən ötürülən təhlükəsiz olmayan qazla işləyən stasionar kompressor və turbokompressorlara xidməti 1 №-li Siyahıda “Vİİİ” (“A” sütunu) bölmənin 1-ci bəndinin 1080AO10 şifrində sadalanan – “xlor, kaustik soda” kimi maddələrlə işləməsinə aid edilmişdir. Lakin “xlor və kaustik soda” maddələri “qazlar” sinfinə mənsub olmayan kimyəvi maddələrdir. Hər bir halda, 1 N-li Siyahıının sözügedən “Vİİİ (“A” sütunu) bölməsinin 1-ci bəndinin 1080AO10 şifrinin 5-ci qrafasın “təbii qazlar” göstəricisinin mövcud olması baxımından, məhkəmə kollegiaysı hesab edir ki, iddiaçının əmək kitabçası üzrə 29.08.1983 - 16.01.1984-cü illərdə (4 ay 17 gün) kompressor qurğu maşinisti kimi işlədiyi dövrü, onun xüsusi stajı kimi nəzərə alınmalıdır. Həmin sexdə iddiaçının 16.01.1984-25.09.1984-də (8 ay 9 gün) mütəxəssis kimi soyutma aparatçısı işinə gəldikdə isə izahlı arayışa əsasən həmin işin - qaz, maye və bərk halında olan zərərli maddələrin müxtəlif soyuducularla soyudulması texnoloji prosesinin aparılması ilə əlaqədar olması baxımından, məhkəmə kollegiyası hesab edir ki, 1 N-li Siyahıının “Vİİİ (“A”) bölməsinin 1080AO10 şifrləri üzrə 1-ci bəndin 2-ci qrafasında “kaustik soda”, 10-cu qrafasında “xlor” maddələri göstəricilərinə uyğun olması kimi (1 N-li Siyahı üzrə cəmi, xüsusi stajı 1 il 26 gün) qəbul edilməlidir. İzahlı arayışın və həmin arayışlə birgə hazırkı mərhələdə birgə təqdim edilən 24.02.2022-ci il tarixli 39-40 saylı arayışlarda təsbit olunan məlumatların 2 N-li Siyahı ilə qarşılıqı təhlilindən isə aydın olur ki, iddiaçının “Üzvi Sintez” zavodunun “Propilen oksidi və lak-boya bərkidicilər sexində” 16.11.1993 – 17.09.2003-cü ilə qədər 9 il 10 ay 1 gün işlədiyi - Nəzarət ölçü cihazları və avadanlıqları (“NÖC” 9 il 10 ay və “A”) üzrə “çilingər” kimi işlədiyi fəhlə işi - “propilen oksidi” və lak-boya məhsullarının işlədilməsi ilə əlaqədar olan göstəricilər olmaqla, 2 №-li Siyahıda “X“(Kimya istehsalatı) bölməsinin “A” sütununda 2110AO30-17531 şifri üzrə 3-cü bəndində təsbit olunmuşdur. Qeyd olunan 3-cü bənd isə aşağıdakı mətndə təsbit olunur “2 №-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 №-li və 2 №-li Siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının və ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər; işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr”. Qeyd olunan göstəricidən aydın görünür ki, kimya istehsalatında nəzarət-ölçü cihazlarının və texnoloji avadanlıqlar təmiri, profilaktikaı, xidmət göstərilməsi ilə məşğul olan bütün növdən olan fəhlələr, deməli çilingərlər də xüsusili zərərli iş şəraitinə aid olan güzəştli pensiya hüququ verən göstəriciyə aid olunmuşdur. İddiaçının isə qeyd olunanlardan göründüyü kimi, “Propilen oksidi və lak-boya bərkidicilər sexində” 16.11.1993 – 17.09.2003-cü ilə qədər 9 il 10 ay 1 gün çilingər peşəsində iş stajı vardır. Tədqiq olunan İzahlı arayışa və 24.02.2022-ci il tarixli 39 saylı arayışa əsasən həmçinin müəyyən olunur ki, iddiaçınn 17.09.2003-01.01.2006-cı il tarixinədək olan dövrdə 2 il 3 ay 13 gün müddətində “Üzvi Sintez” Zavodunun propilen oksidi sexində sahə rəisi kimi gördüyü iş - “NÖC”(nəzarət ölçü cihazları) və “A” (avadanlıqları) üzrə işlərin həyata keçirilməsinə rəhbərlik etməkdən ibarət olmaqla, 2 N-li Siyahıda “X“(Kimya istehsalatı) bölməsinin “A” sütununda 2110AO30-17531 şifri üzrə 3-cü bəndinin göstəricilərinə aid edilmişdir. Ümumiyyətlə, X bölmənin “A” sütununda təsbit olunan bütün bənlər üzrə təsbit olunan işlərdə çalışan fəhlə və mütəxəssislərlə yanaşı kimya müəssisələrinin və neft kimyası sahələrin rəhbərlərinin də güzəştli pensiya hüququ verən göstəricilər sırasına aid edilmişdir. Beləliklə də iddiaçının 01.01.2006-cı ilə qədər 2 N-li Siyahı üzrə 12 il 1 ay 14 gün, 1 N-li Siyahı üzrə 1 il 26 gün güzəştli pensiya hüququ verən xüsusi stajı müəyyən olunur. İddiaçının 1 N-li Siyahı üzrə iş stajının cüzi müddət təşkil etdiyini və 2 N-li Siyahı üzrə daha az zərərli iş şəraitində çalışdığı iş stajının isə daha ağır iş şəraitini nəzərdə tutan 1 N-li Siyahıya aid edilməsinin mümkünsüzlüyü baxımından, həmin iş stajları 2 N-li Siyahıya aid edilməklə toplandıqda isə iddiaçının 12 il 6 aydan da çox xüsusi stajı yaranır (1 il 26 gün+9 il 10 ay 1 gün+2 il 3 ay 13 gün = 13 il 2 ay 10 gün) Belə olan halda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə müvafiq olaraq iddiaçının 2 N-li Siyahı üzrə azı 25 il ümumi və 12 il 6 ay güzəştli pensiya hüququ verən xüsusi stajı mövcud olduğundan onun 57 yaşının tamam olduğu 17.01.2019-cu il tarixindən güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən düzgün olaraq, iddiaçının 57 yaşının tamam olduğu 17.01.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, iddiaçının tələbinin əsassız olduğunu və iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun müvafiq xüsusi staja və pensiya yaş həddinə çatmadığını vurğulayaraq birinci instansiya məhkəməsinin qərarının maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3775/2019 saylı, 29.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3775/2019 saylı, 29.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar