Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-323/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2250/2022 saylı, 06 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********148942 nömrəli vergi məsuliyyətinə cəlb qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hesablama zamanı Cəmiyyətin gəlirlərinin hansı hesablama bazası əsasında müəyyən edildiyi barədə heç bir məlumat verilməmişdir. **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın 1.8-ci bəndində Cəmiyyət tərəfindən idxal edilmiş Qazaxıstan Respublikası istehsalı olan “Bars” markalı elektrik akkumlyatorlarının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyaları üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, ********** saylı məktubu əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən ekspert dəvət olunmaqla ekspertiza təyin edilməsi və ekspert tərəfindən “elektrikli akkumlyatorların real bazar satış qiymətlərinin müəyyən edilməsi barədə” xx.xx.2019-cu il tarixli ekspert rəyinin verilməsi qeyd edilmişdir. Bundan başqa, **********45826 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın 1.9.3 və 1.9.4-cü bəndlərində isə ekspert və mütəxəssisin dəvət edilmədiyi qeyd edilmişdir. Yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən, yoxlamanın başlaması tarixindən əvvəl mövcud olmuş, digər bir ekspert rəyi əsas götürülərək əlavə hesablamalar aparılmışdır. Nəzərə çatdırırlar ki, elektrikli akkumlyatorların təsnifat üzrə amper vahidləri eyni olsa da, onların digər texniki göstəriciləri fərqli ola bilər. Bu kimi məsələlərin müəyyən edilməsi üçün xüsusi texniki biliklər tələb olunur. **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın 11-ci səhifəsində qeyd edilmişdir ki, VM-nin 14.6.3-cü maddəsinə istinad edilmiş və bu maddənin 14.6.3.1 və 14.6.3.2-ci alt maddələrinin tətbiq edilməsi mümkün olmadığı qeyd edilmişdir. Halbuki, VM-nin 14.6.3.2-ci maddəsinə əsasən dəyərin toplanması üsuluna əsasən, yəni bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanması mümkündür. Burada səyyar vergi yoxlamasını keçirən vergi orqanın tərəfindən hansı səbəblə tətbiqi mümkün olan və qanunvericiliyin tələbinə görə ardıcıllıq prinsipi pozularaq 14.6.3.2-ci maddə tətbiq etmədən ondan sonrakı, yəni 14.6.3.3-cü maddə tətbiq edilmişdir. Səyyar vergi yoxlaması keçirilən zaman yuxarıda qeyd edilmiş 67-ci maddə nəzərə alınmamış, əlaqəli məlumatların və ya vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları barədə heç bir məlumatın olub- olmaması yoxlanılmamış, bu istiqamətdə qanunvericiliyin tələbi və səyyar vergi yoxlamasının keçirilməsi qaydaları çərçivəsində heç bir sənədləşmə aparılmamışdır. Beləliklə, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarının tətbiqi ciddi şəkildə pozulmuş və birbaşa VM-nin 14-cü maddəsinə əsasən “bazar qiymətləri ilə ödənilməli olan verginin məbləği” üsulu seçilmişdir. Hətta yoxlamanı həyata keçirən orqan tərəfindən VM-nin 14-cü maddəsi seçilməsinə baxmayaraq, heç bu maddədə nəzərdə tutulmuş konkret halların hansının və necə seçildiyi barədə heç bir qeyd aparılmamışdır. Əlavə olaraq qeyd etmək istəyirlər ki, **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı” xx.xx.2021-ci il tarixdə tərtib edilsə də, Cəmiyyətə elektron poçt vəsitəsi ilə xx.xx.2021-ci il tarixində təqdim edilmiş və bununla da, Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbi ciddi şəkildə pozulmuşdur. Tərtib edilmiş **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”-da və xx.xx.2021-ci il tarixli, **********148942 nömrəli məsuliyyətə cəlb qərarında Cəmiyyətin büdcəyə ödənilməli olan ƏDV məbləğlərinin yayındırıldığı, VM-nin 166-cı maddəsi üzrə aylar üzrə düzgün müəyyən edilməməsi qeyd edilmişdir. Qeyd etmək istəyirlər ki, Cəmiyyətin təqdim etdiyi malların zamanı və vaxtı müəyyən olmadığı halda səyyar vergi yoxlamasını keçirən orqan tərəfindən VM-nin 166-cı maddəsi hansı formada və necə 166-cı maddənin tələbləri tətbiq edilmişdir. Digər məqam isə ondan ibarətdir ki, yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən, “Qazaxıstan” istehsalı “Ekonom sinif və bazarda xüsusi satış çəkisinə və qudvil-inə sahib olmayan elektrik akkumlyatorların satışından, hansı hesablama nəticəsində 853 000 manat məbləğində malın 1 891 000 manata təqdim edilməsi, təxmini 1 038 000 manat mənfəət əldə etməsi, başqa sözlə ifadə edilsə təxmini 121% ticarət əlavəsi ilə fəaliyyət göstərməsi qənaətinə gəlinmişdir ki, bu da öz növbəsində absurddur. **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktf’nda 2019 və 2020-ci illər üzrə Cəmiyyətin xərcləri (aktda qeyd edilmiş mənfəət vergisi üzrə bəyannamənin 221.4-cü sətri) azaldılmış və bu barədə necə və niyə azaldıldığı müəyyən edilməmiş və heç bir qeyd aparılmamışdır. Bu halda, səyyar vergi yoxlamasını həyata keçirən orqan tərəfindən Cəmiyyətin təqdim etdiyi malların maya dəyəri hansı üsulla (FİFO, LİFO, orta dəyər) müəyyən edilməsi də, müəyyən deyil. Yoxlamanı həyata keçirən vergi orqanın rəhbəri tərəfindən xx.xx.2021-ci il tarixində **********148942 nömrəli məsuliyyətə cəlb qərarı **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın surətini özündə əks etdirmişdir. **********145826 nömrəli “Səyyar vergi yoxlaması aktı”-da qeyd edilmiş məqamlar xx.xx.2021-ci il tarixində **********148942 nömrəli məsuliyyətə cəlb qərarına köçürülmüşdür. Bundan başqa, xx.xx.2021-ci il tarixində **********148942 nömrəli məsuliyyətə cəlb qərarında Cəmiyyətin şikayəti eyni qaydada birə-bir köçürülmüş, lakin şikayətin mahiyyəti üzrə qeyd edilmiş məqamlara heç bir münasibət bildirilməmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə ilə müraciət edərək, bildirmişdir ki, "xxxx" MMC 2019-cu il ərzində Qazaxıstan Respublikasından 859 306.20 manatlıq "Bars" markalı elektrik akkumulyatorları idxal etmişdir. Yoxlanılan dövr ərzində şirkət başqa mal, iş və xidmət almamışdır. Lakin, səyyar vergi yoxlaması ilə şirkətə ümumilikdə 574 081.48 manat vergi və maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə deyilsə, şirkətə idxal etdiyi malların 67 faizi məbləğində vergi hesablanmışdır. Belə ki, 2019-cu il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində gəlirlərinin 887 719.96 manat olması bəyan edilmişdir. Lakin, vergi orqanı tərəfindən 2019 və 2020-ci illər üzrə gəlirlərinin 1 891 353.22 manat olması qənaətinə gəlinmişdir. Vergi orqanının məntiqi ilə məsələyə yanaşılsa elə çıxır ki, şirkətin idxal etdiyi 859 306.20 manatlıq mallar üzrə 1 891 353.22 manat gəlir əldə etmişdir ki, bunun nəticəsində də, şirkətə 574 081.48 manat vergi və maliyyə sanksiyası hesablansın. İdxal edilmiş 859 306.20 manatlıq malların 2.2 dəfə və ya 220% marja ilə satılması qeyri mümkündür. Təkcə bu qeyd edilənlər yoxlama ilə hesablanan vergilərin qanunsuz olmasından xəbər verir. 2019-cu il üzrə tərəflərindən təqdim olunmuş mənfəət vergi bəyannaməsində gəlirlərinin 887 719,96 manat, xərcləri isə 875 297.84 manat olması qeyd olunsa da, səyyar vergi yoxlaması ilə müəssisənin gəlirinin 512 783.28 manat, xərclərinin isə 288 676.84 manat olması qənaətinə gəlinərək, 42 336.86 manat əlavə mənfəət vergisi 21 168.43 manat maliyyə sanksiyası hesablanılmışdır. Bundan əlavə bildirirlər ki, şirkətin xx.xx.2019-cu ildən fəaliyyətini 5 il müddətində dayandırmış və həmin tarixdən obyektini vergi uçotundan çıxararaq 2019-cu il üzrə mənfəət vergisi bəyənnaməsini təqdim etmişdir. Mənfəət vergi bəyənanməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci sətrində dövr ərzində daxil olmuş və təqdim olunmuş malların dəyərinin 859 306.20 manat olması qeyd olunmuş, eyni zamanda dövrün sonuna heç bir qalığı qalmamışdır. Həmçinin səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində də qeyd edilmişdir ki, vergi ödəyicisinin ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinə baxış keçirilmiş və həmin ünvanda müəssisənin faktiki fəaliyyətinin olmadığı müəyyən olunmuşdur. Yəni şirkət 2019-cu ildə idxal etdiyi malları həmin ildə də, təqdim etmiş və 2020-ci ildə fəaliyyət göstərməmişdir. Lakin, səyvar vergi yoxlaması ilə şirkətlərinə 2020-ci il üzrə heç bir fəaliyyətinin və mal qalıqları olmamasına baxmayaraq, 158 964,79 manat məbləğində mənfəət vergisi hesablanmış və 79 482,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, şirkətlərinin 2020-ci ildə gəlirləri 1 378 569,94 manat, xərcləri isə 583 746 manat, əldə olunmuş mənfəətin 794 823.94 manat olmuşdur. Qeyd edilən rəqəmlərin haradan götürüldüyü isə səyyar vergi yoxlaması aktında açıqlanmamışdır. Həmçinin 2019 və 2020-ci il üzrə şirkətlərinə səyyar vergi yoxlaması ilə ƏDV-nin 289 953.58 manat azaldılması və 109 299.59 manat artıq hesablanması qənaətinə gəlinərək, yalnız azaldılmış məbləği 50%-i həcmində 144 976.80 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. Nəticədə isə 180 653.99 manat ƏDV hesablanmış və 90 327.01 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2020-ci il üzrə hesablanan vergilərin və tətbiq edilən maliyyə sanksiyalarının cəmi 556 011.29 manat təşkil edir. Halbuki, 2020-ci ildə şirkətləri heç bir fəaliyyəti olmamışdır, lakin hesablanan vergilərin əksər hissəsi 2020-ci il üzrə olmuşdur. Səyyar vergi yoxlaması aktında bununla bağlı heç bir açıqlama olmadığından qeyd edilən məbləğdə hesablamanı heç cür anlaya bilmirlər. Necə ola bilər ki, şirkət 2020-ci ildə fəaliyyət göstərməyəgöstərməyə ona 556 011.29 manat vergi hesablansın? Bundan əlavə bildirirlər ki, səyyar vergi yoxlaması xx.xx.2021-ci ildə başlanılmış və xx.xx.2021-ci ildə başa çatmışdır. Lakin, səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində qeyd edilmişdir ki, Cəmiyyət tərəfindən idxal edilmiş Qazaxıstan Respublikası istehsalı olan "Bars" markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən ekspertiza keçirilmiş və ekspert tərəfindən xx.xx.2019-cu il tarixli rəy verilmişdir. Bu məqamda 2 sual meydana çıxır. Birinci sual ondan ibarətdir ki, necə ola bilər ki, yoxlama başlamamışdan əvvəl ekspertiza təyin edilsin? Belə ki, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış, ekspert rəyi isə xx.xx.2019-cu il tarixdə verilmişdir. Səyyar vergi yoxlaması başlanılmadan öncə ekspertizanın keçirilməsi həm absurtdur. Həm də, Vergi Məcəlləsinin 44-cü maddəsinə ziddir. İkinci sual ondan ibarətdir ki, yuxarıda da qeyd edildiyi kimi vergilərin əksər hissəsi 2020-ci il üzrə hesablanmışdır. Ekspert rəyi isə 2019-cu ildə verilmişdir. Necə ola bilər ki, ekspert rəyini gələcəklə bağlı versin? Yəni ekspert rəyi rəy verilən tarixə qədər olan əməliyyatlarla bağlı olmalıdır. Həmçinin səyyar vergi yoxlaması aktının 1.9.4-ci bəndində qeyd edilmişdir ki, ekspertiza aparılmamışdır. Göründüyü kimi, səyyar vergi yoxlaması aktının bir tərəfində yazılır ki, ekspertiza keçirilmiş və ekspert rəyi əlavə olunur, digər tərəfində isə qeyd olunur ki, ekspertiza keçirilməmişdir. Həmçinin bildirilmişdir ki, istinad olunan ekspertiza rəyi onlara indiyə kimi təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********148942 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Müəssisənin 2019-cu il üzrə təqdim etdiyi “Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 887719,96 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 887719,96 manat), xarici valyutanın manata nisbətən mənfi məzənnə fərqi 706,87 manat olmuşdur. Çıxılmalardan sonra ümumi gəlir məbləği 887013,09 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 9795,24 manat (yerli işçilər üzrə əmək haqqı 9795,24 manat), sosial sığorta haqları 1938,27 manat, malın dəyəri 859306,20 manat, bank xidməti üzrə xərclər 3301,01 manat, nəqliyyat xərci 957,12 manat, ümumilikdə gəlirdən çıxılan xərclər isə 875297,84 manat təşkil etmişdir. Müəssisə tərəfindən 2019-cu il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəət 11715,25 manat olmaqla 20% dərəcə ilə 2343,05 manat vergi məbləği hesablanmışdır. Yoxlanılan dövrdə müəssisə elektrik akkumulyatorların topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olmuşdur.Yoxlama zamanı müəssisə tərəfindən qismən təqdim olunmuş sənədlərə, vergi orqanında olan uçot baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, ekspert rəyinə, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə münasibətdə mənfəət vergisinin 42336,86 manat məbləğində azaldıldığı müəyyən edilmişdir. Yoxlama zamanı müəssisə tərəfindən təqdim edilmiş bəyannamədə ümumi gəlirin 374936,68 manat, malın dəyəri üzrə xərclərin 589421,0 manat məbləğində artıq göstərilməsi, icarə haqqının isə (fiziki şəxslər üzrə) 2800,0 manat az göstərilməsi müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 108-ci və 130-cü maddələrinin tələbləri pozularaq mənfəət vergisinin 42336,86 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 21168,43 manat (42336,86 x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə tərəfindən 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Yoxlama zamanı müəssisənin 2020-ci il üzrə ümumi gəlirinin 1378569,94 manat və xərclərinin (malın dəyəri) 583746,0 manat təşkil etməsi müəyyən edilmiş, əldə edilmiş 794823,94 manat mənfəətdən 158964,79 manat mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 79482,40 manat (158964,79 x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etdikdən sonra **********0 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almış və bildiriş xx.xx.2018-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama zamanı müəssisə tərəfindən yoxlamaya ilkin sənədlər tam təqdim edilmədiyindən Qazaxıstan Respublikasından idxal olunmuş və təqdim edilmiş müxtəlif markalı “Bars” elektrik akkumulyatorlarının bazar qiymətlərinin öyrənilməsi zərurəti yaranmışdır. Vergi Məcəlləsinin 14.6.3- cü maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işlərə, xidmətlərə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, Vergi Məcəlləsinin 14.6.3.3cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddədə göstərilən qiymətləndirmə üsullarından biri ilə müəyyənləşdirilə bilər. Yoxlama zamanı Vergi Məcəlləsinin 14.6.3.1 -ci və 14.6.3.2-ci maddələrini tətbiq etmək mümkün olmadığından bu Məcəllənin 14.6.3-cü maddəsinə əsasən bazar qiymətinin müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilməsinə ehtiyac yaranmışdır. Ona görə də vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektrik akkumulyatorlarının real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə həmin Məcəllənin 44-cü maddəsinə əsasən ekspert qarşısında ölkəyə idxal olunmuş Qazaxıstan Respublikasının istehsalı olan “Bars” markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyənləşdirilməsi ilə bağlı sual qoyulmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin xx.xx.2019-cu il tarixli ekspert rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 859 nömrəli ekspert arayışı akta əlavə olunmuşdur. Vergi orqanına təqdim edilmiş bəyannaməyə əsasən müəssisə tərəfindən yoxlanılan dövr üçün ümumilikdə büdcəyə ödənilməli ƏDV 62892,28 manat, büdcədən qaytarılmalı ƏDV isə 57512,31 manat müəyyən edilmişdir. Yoxlama zamanı ekspert rəyi nəzərə alınmaqla xx.xx.2018- cı il tarixdən xx.xx.2020-cı il tarixədək olan dövr üzrə vergi orqanına təqdim olunmuş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanılmış və yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə münasibətdə 180653,99 manat kənarlaşma aşkar edilmişdir. Eyni zamanda yoxlanılan dövrdə müəssisə tərəfindən (2019-cu ilin yanvar, fevral və 2020-ci ilin dekabr ayları) ƏDVnin aylar üzrə düzgün müəyyən edilməməsi nəticəsində verginin 289953,58 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmalı verginin azaldılmasına görə azaldılmış məbləğin 50%-i həcmində, yəni 144976,80 manat (289953,58 x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə müəssisə tərəfindən elektron qaimə-faktura təqdim edilmədən pərakəndə qaydada akkumulyatorların satışından əldə edilən gəlir Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən müəssisənin fəaliyyət göstərdiyi sonuncu ayın, yəni 2020-ci ilin dekabr ayının ƏDV bəyannaməsində əks etdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 124.1 -ci maddəsinə əsasən daşınar və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Vergi orqanında olan baza məlumatlarına əsasən müəssisə xx.xx.2019-cu il tarixli 01 nömrəli müqaviləyə əsasən fərdi sahibkar X3 məxsus Sumqayıt şəhəri, Bakı - Quba yolunun sol tərəfi ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürməklə, 400 manat məbləğində aylıq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müəssisə tərəfindən yoxlanılan dövr ərzində daşınmaz əmlakın icarə haqqının ödənilməsinə baxmayaraq Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada ödəmə mənbəyində verginin tutulması və büdcəyə köçürülməsi təmin olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 392,0 manat azaldılmasına görə 50%-i miqdarında, yəni 196,0 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən müəssisə tərəfindən vergi hesabatını və ya nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyi üçün 280 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021–ci il tarixli, **********148942 saylı qərara əsasən vergi ödəyicisinə mənfəət vergisi üzrə 201301,65 manat məbləğin yayındırılmasına görə 100650,83 manat maliyyə sanksiyası, ƏDV üzrə 289953,58 manat məbləğin yayındırılmasına görə 90327,01 manat maliyyə sanksiyası, vergi hesabatını və ya nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyi üçün 280 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh tərəfindən etiraza əlavə təqdim olunaraq bildirilmişdir ki, vergi qanunvericiliyində yoxlamanın gedişində təyin edilməyən ekspertiza üzrə tərtib edilmiş rəydən yoxlama zamanı istifadə edilməsi ilə bağlı hər hansı məhdudiyyət mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsi vergi orqanına əldə edilən mənbəyi bəlli olan hər hansı məlumatlar əsasında vergini hesablamaq hüququ vermişdir. Yoxlama zamanı istinad edən ekspert rəyi məhz Vergi Məcəlləsinin 67.1.9-cu maddəsində qeyd edilən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan əlaqəli məlumatlardır. Belə ki, iddiaçı səyyar vergi yoxlamasına yoxlamanın aparılması üçün sənədləri tam təqdim etmədiyindən vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsində qeyd edilən hüququndan istifadə edərək əlaqəli məlumatlardan istifadə etməklə verginin hesablanmasını həyata keçirmişdir. Zərurət yarandığı halda iddiaçının da, ərizəsində qeyd etdiyi kimi səyyar vergi yoxlaması zamanı ekspertizanın təyin edilməsi ilə bağlı qərar qəbul edilməli, barəsində yoxlama aparılan şəxs həmin qərarla təmin edilməli, həmçinin səyyar vergi yoxlaması ekspert rəyi yoxlamaya təqdim edilənədək müvəqqəti dayandırılmalı idi. Lakin səyyar vergi yoxlaması aktından müəyyən edildiyi kimi yoxlama xx.xx.2021-ci il tarixdə başlanılaraq xx.xx.2021-ci il tarixdə başa çatdırılmış və ekspertizanın keçirilməsi ilə bağlı dayandırılmamışdır. Başqa sözlə desək, səyyar vergi yoxlamasının gedişində ekspertiza təyin edilmədiyindən iddiaçının ərizəsində 14-cü maddənin tətbiqi ilə bağlı qeyd etdiyi dəlillər əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2250/2022 saylı, 06 may 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında düzgün olmayan normativ hüquqi akta istinad etmişdir. Belə ki, vergi orqanı tərəfindən bazar qiyməti tətbiq edilmədiyinə görə Vergi Məcəlləsnin 14-cü maddəsindən ümumiyyətlə istifadə edilməmişdir. Verginin hesablanması üçün əsas Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə müvafiq olaraq mənbəyi bəlli olar məlumat (ekspert rəyləri) olmuşdur ki, məhkəmə qeyd edilən normanı tətbiq etməyərək əsassız qərar qəbul etmişdir. Bundan əlavə, vergi qanunvericiliyində yoxlamanın gedişində təyin edilməyən ekspertiza üzrə tərtib edilmiş rəydən yoxlama zamanı istifadə edilməsi ilə bağlı hər hansı məhdudiyyət mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 67-cı maddəsi vergi orqanına əldə edilən mənbəyi bəlli olan hər hansı məlumatlar əsasında vergini hesablamaq hüququ vermişdir ki, ekspert rəyi bu cür məlumatlara aiddir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinin məktubları əsasında keçirilmiş ekspertizalarla vergi ödəyicisinin təqdim etdiyi malların qiyməti müəyyən edilmişdir, cavabdeh tərəfindən isə həmin əlaqəli məlumatlar əsas götürülərək vergi hesablanmışdır. Məhkəmə tərəfindən isə qeyd edilən norma nəzərə alınmamışdır. Yoxlama zamanı istinad edən ekspert rəyi məhz Vergi Məcəlləsinin 67.1.9-cu maddəsində qeyd edilən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan əlaqəli məlumatlardır. İddiaçı səyyar vergi yoxlamasına yoxlamanın aparılması üçün sənədləri tam təqdim etmədiyindən vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsində qeyd edilən hüququndan istifadə edərək əlaqəli məlumatlardan istifadə etməklə verginin hesablanmasını həyata keçirmişdir. Məhkəmə tərəfindən iddianın mahiyyəti ümumiyyətlə araşdırılmamış, vergi orqanı tərəfindən təqdim edilmiş hesablama cədvəlləri, vergi ödəyicisi tərəfindən idxal olunmuş mallar barədə məlumatlar, elektron qaimə fakturalar, vergi ödəyicisinin təqdim etdiyi malların dəyəri və digər məsələlər ümumiyyətlə araşdırılmamış, vergi orqanının cjəlillərinə münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən yalnız ehtimal edilən prosessual pozunlulara istinad edilərək əsassız qərar qəbul edilmişdir. Məhkəmə həmçinin səyyar vergi yoxlaması müddətinin uzadılması üçün əsasın olmadığına istinad edir. Yuxarı vergi orqanının xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarları ilə yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün səyyar vergi yoxlamasının keçirilməsi müddəti uzadılmış, məhkəmə tərəfindən isə qeyd edilən halı araşdırmaq üçün hər hansı addım atılmayaraq, işin halları araşdırılmadan cavabdehin ələhinə mülahizələr irəli sürülmüşdür ki, bu da əsasız qərarın qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya 2019 və 2020-ci illər üzrə əlavə olaraq mənfəət vergisi və əlavə dəyər vergisi hesablanmışdır. Yoxlanılan dövrdə müəssisə elektrik akkumlyatorlarının topdan və pərakəndə satışı ilə məşğul olmuşdur.Yoxlama zamanı 2019-cu ilin elektron qaimə fakturaları ilə müqayisə zamanı müəyyən olunmuşdur ki, vergidən yayınma halı baş vermişdir. Vergidən yayınma halının əsası vergi ödəyicisi tərəfindən satılan malların qiymətinin düzgün göstərilməməsi olmuşdur. Dövlət Vergi Xidmətinin İdxal-İxrac üzrə baş idarəsinin 20 dekabr 2019-cu il tarixli məktubu əsasında 2019-cu ildə idxal olunan malların topdan və pərakəndə satış qiymətinin öyrənilməsi məqsədilə “Azərekspertiza birlyinin eksperti dəvət edilmişdir. Həmin ekspert rəyi tərəfmizdən aparılan yoxlama zamanı əlaqəli məlumat kimi istifadə edilmişdir. Müəssisə tərəfindən ümumilikdə 2019-cu il üzrə 23602 ədəd mal ixrac edilmişdir. 2019-cu ildə elektron qaimə faktura əsasında 8572 ədəd mal təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən bəyannamədə səhvlik olmuş, səhv təqdim edilmiş və 2020-ci il üzrə heç bir bəyannamə təqdim edilməmişdir. Tərəfimizdən vergi ödəyicisi tərəfindən təqdim edilən mallara dair ekspert rəyində göstərilən qiymətlər tətbiq edilmiş və bunun əsasında vergi hesablanmışdır. Yerdə qalan 15030 ədəd mal barədə isə vergi ödəyicisi tərəfindən heç bir məlumat təqdim edilməmişdir. Buna görə də həmin yerdə qalan 15030 ədəd mal vergi orqanı tərəfindən 2020-ci il üzrə pərakəndə satış kimi qiymətləndirilmiş və mənfəət vergisi hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, müəssisə tərəfindən 2019-cu il ərzində Qazaxıstan Respublikasından 853 631.2 manatlıq "Bars" markalı elektrik akkumulyatorları idxal edilmişdir. 8572 ədəd mal elektron qaimə faktura əsasında, 15030 ədəd mal isə pərakəndə qaydada satılmışdır. 2019-cu ilin iyul ayında müəssisə bütün fəaliyyətini dayandırmış, təsərrüfat subyektini qeydiyyatdan çıxarmış və bütün bəyannamələri vergi orqanına təqdim etmişdir. 2019-cu ildən 2021-ci ilədək vergi orqanı tərəfindən hər hansı yoxlama və.s. olmamışdır. Həmçinin, mənfəət bəyannaməsini və ƏDV bəyannaməsini təqdim etmələrinə və orada satılan bütün mallar barədə məlumatın əks olunmasına baxmayaraq, vergi orqanı tərəfindən 2019-cu ildə pərakəndə şəkildə satılmış 15030 ədəd mal 2020-ci ildə pərakəndə satılmış kimi qeyd edilmişdir. Onu da bildirir ki, Mənfəət vergisi Bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən mal qalığı qalmamışdır. Qeyd olunan bəyannamə vergi orqanı tərəfindən kameral yoxlama ilə təsdiq edilmiş ve heç bir uyğunsuzluq aşkar edilməmişdir. 2021-ci ildə səyyar vergi yoxlamasının başlanmasına səbəb isə Dövlət Gömrük Komitəsi tərəfindən daxil olan məktubunda elektirik akkumulyatorlarının “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru statik dəyərinin az göstərilməsi qeyd edilməsi olmuşdur. Lakin səyyar vergi yoxlaması aktında müəssisə tərəfindən idxal olunmuş malların invoys dəyərinin azaldılması ilə bağlı heç bir qeyd yoxdur, ümumiyyətlə bu məsələyə münasibət bildirilməmişdir. Onu da qeyd edir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması keçirilən zaman 2019-cu ildə verilən ekspert rəyinə istinad etmiş və bunu vergi məcəlləsinin 67-ci maddəsi ilə əsaslandırmışdır. Lakin səyyar vergi yoxlaması aktında 67-ci maddəyə istinad olunması ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Ekspert rəyi ilə bağlı bildirmək istəyir ki, ekspert rəyində qeyd edilmişdir ki, satılan mallar təqdim edilmədiyi üçün müxtəlif internet saytlarında olan məlumatlar əsasında qiymətləndirmənin aparıldığı qeyd edilmişdir. Lakin ekspert rəyində qeyd edilən saytların heç biri mövcud deyildir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 38.2-ci maddəsinin tələblərinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. - 38.3-cü maddəsinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - (38.3.5) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. - 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. - 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. - 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. - 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. - 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun: - 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. - 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. - 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. - 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin: - 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İnzibati işdən aydın görünür ki, İddiaçı MMC tərəfindən 2019-cu il ərzində 853 631.2 manat dəyərində elektrik akkumlyatorlar idxal olunaraq 887 719,96 manata satılmışdır. MMC xx.xx.2019-cu il tarixində fəaliyyətini 5 il müddətinə dayandırmışdır. 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlirlər 887 719.96 manat, xərclər isə 875 297.84 manat əks etdirilmişdir (malın dəyəri 859 306.2 yerli işçilər üzrə əmək haqqı-9 795.24 manat, sosial sığorta haqları 1 938.27 manat, bank xidməti üzrə xərclər 3301.01 manat, nəqliyyat xərci isə 957.12 manat). Mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsində mal qalığının mövcud olmaması barədə qeyd verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixli **********145773 saylı qərarına əsasən İddiaçı MMC-də dekabr 2018-dekabr 2020-ci illər üzrə VM-nin 38.3.6-cı maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdı. Səyyar vergi yoxlaması aktından aydın görünür ki, səyyar vergi yoxlamasının keçirilməsinə səbəb Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat istintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.1 və 209.3-cü maddələri ilə istintaq aparılan ********* saylı cinayət işi üzrə Qazaxıstan Respublikasında fəaliyyət göstərən “Kaynar AKB” şirkətinin istehsalı olan “Bars” markalı elektrik akkumlyatorlarının sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında statik dəyərinin az göstərilməsi qeyd olunmuşdur. Lakin qeyd edilən hal üzrə yoxlama başlanılsa da, səyyar vergi yoxlaması aktında buna münasibət bildirilməmişdir. Səyyar vergi yoxlaması aktından görünür ki, vergi orqanı tərəfindən cəmiyyətə 2019- 2020-ci illər üzrə mənfəət vergisi, ƏDV, həmçinin ÖMV hesablanmışdır. Məhkəmə kollegiyası vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış mənfəət vergisi və ƏDV üzrə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. İlk öncə 2019-cu il mənfəət vergisi üzrə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarında olan sənədlərdən aydın göründüyü kimi cəmiyyət tərəfindən 853631,2 manatlıq (503435 ABŞ dolları dəyərində) 23602 ədəd elektrik akkumlayatorları idxal edilmişdir. İdxal olunmuş 23602 ədəd elektrik akkumlyatorlarının 8572 ədədi elektron qaimə faktura əsasında satılmışdır. Vergi orqanı həmin 8572 ədəd akkumlyatorların satış qiyməti ilə razılaşmamış, ekspert rəyinə istinad edərək bir ədədinin orta qiymətini 59,8 manatdan hesablayaraq həmin akkumlyatorların 512783,28 manata satılması qənaətinə gəlmişdir. Belə ki, səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, Vergi ödəyicisi tərəfindən idxal olunmuş Qazaxıstan Respublikasının istehsalı olan “Bars” markalı elektrik akkumlyatorlarının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə VM-nin 44-cü maddəsinə əsasən DVX-nin idxal İxrac Əməliyyatları üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********767000 saylı məktubuna əsasən “Azərekspertiza” Birliyindən ekspert dəvət olunmaqla ekspertiza təyin olunmuşdur. Məhkəmə kollegiyası VM-nin 44-cü maddəsinə diqqət yetirir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 44.1-ci maddəsinə əsasən, zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. - 44.2-ci maddəsinə əsasən, ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz. - 44.3-cü maddəsinə əsasən, ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir. - 44.6-cı maddəsinə əsasən, ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. Ekspert rəyindən göründüyü kimi ekspertizanın keçirilməsi barədə müqavilə xx.xx.2019-cu il tarixində bağlanılmış, ekspert rəyi isə xx.xx.2019-cu il tarixində təqdim edilmişdir. Səyyar vergi yoxlaması isə xx.xx.2021-ci ildə başlanılmış və xx.xx.2021-ci ildə başa çatmışdır. Göründüyü kimi, inzibati orqan yoxlamadan əvvəlki tarixə alınmış ekspert rəyinə istinad edərək vergi ödəyicisi barədə vergi hesablamışdır. Cavabdeh apellyasiya şikayətində həmin ekspert rəyindən VM-nin 67.1.9-cu maddəsinə əsasən mənbəyi bəlli olan məlumatlar kimi istifadə edərək hesablama aparıldığını qeyd etmişdir. Lakin səyyar vergi yoxlaması aktında, həmçinin, məsuliyyətə cəlb qərarında verginin mənbəyi bəlli olan məlumatlar əsasında 67.1.9-cu maddəyə əsasən hesablaması barədə qeyd yoxdur. Həmçinin, VM-nin 14.4-cü maddəsinə əsasən “Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş,xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. İşin mallarından göründüyü kimi idxal olunan mallar 2019-cu ilin yanvariyun aylarında satılmış, ekspert rəyi isə 2019-cu ilin dekabrda verilmişdir. Məhkəmə kollegiyası iş üzrə araşdırma zamanı həmin ekspert rəyini tərtib etmiş eksperti dəvət edərək izahatını almışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti X6 öz izahatında bildirmişdir ki, Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********767000 saylı məktubuna əsasən ekspert qarşısında ölkəyə idxal olunmuş Qazaxıstan Republikası istehsalı olan "Bars” markalı elektrik akumulyatorlarının topdan və pərakəndə real bazar satış qiymətlərinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Tərəfindən “Bars” markalı elektrik akkumulyatorlarının yalnız 2019-cu il tarixə olan satış qiymətləri barədə məlumat verilmişdir. Adı çəkilən mallar ekspertə təqdim edilmədiyindən ekspert tərəfindən Azərbaycan Respublikasının müxtəlif internet saytlarında (www.material.az, www.ru.all-in.az, www.biznesinfo.az, www.elanlarim.com, www.birjavdv.az, və s.) göstərilən məlumatlar nəzərə alınmış, ticarət şəbəkələrində qiymətlərlə tanış olmuş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə qəbul edilmiş «Qiymətləndirmə Fəaliyyyəti haqqında Qanun»un qüvvəyə minməsi haqqında 774 saylı Sərəncama əsasən qiymətləndirmənin forma və metodlarını müstəqil seçmə yolu ilə dövlət və kommersiya sirrlərini saxlamaqla 3-cü şəxsdən şifahi məlumatlar almaqla göstərilən malların satış qiymətlərini müəyyənləşdirmişdir. Araşdırmalar zamanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyinin baza məlumatlarına da istinad edilmişdir. Rəyin alınması hansısa bir müəssisəyə münasibətdə olmamışdır. Sədrlik edənin sualına cavab olaraq ekspert bildirmişdir ki, alınan rəyin hansısa bir müəssisədə aparılan yoxlama ilə bağlı olub-olmaması, həmçinin həmin rəyin alınmasının məqsədi aydın omadığına görə rəyə İV bənd əlavə edilmişdir. Həmin bənddə qeyd edilir ki, “Bu rəy yalnız tam həcmdə və qeyd olunmuş məqsədlər üçün istifadə olunduğu halda etibarlıdır”. Göründüyü kimi ekspert də öz izahatında bildirmişdir ki, verilmiş rəydən başqa məqsədlər üçün istifadə edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyasının iclasında ekspertin rəy tərtib edərkən istinad etdiyi internet saytlarına girişə cəhd edilmiş, lakin rəydə qeyd edilən heç bir internet saytının mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda sözügedən rəydə qeyd edilən qiymətlərin hansı mənbəyə əsaslanaraq müəyyən edildiyi qeyri-müəyyəndir. Bu hal isə sözügedən ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verir. Beləliklə, vergi orqanı tərəfindən vergi ödəyicisinə 2019-cu il üzrə mənfəət vergisinin hesablanması əsassız olmuşdur. 2020-ci il üzrə hesablanmış mənfəət vergisi üzrə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Səyyar vergi yoxlaması aktından və qəbul edilmiş qərardan aydın görünür ki, vergi ödəyicisinə 2020-ci il üzrə mənfəət vergisinin hesablanmasına əsas 2019-cu ildə idxal edilmiş malların elektron qaimə faktura əsasında satılan hissəsindən başqa yerdə qalan hissəsinin 2020-ci ildə pərakəndə satılması ilə bağlı vergi orqanının gəldiyi nəticə ilə əlaqədardır. Belə ki, vergi ödəyicisinin 2019-cu ildə idxal etdiyi 23602 ədəd elektrik akkumlyatorlarının 8572 ədədi elektron qaimə faktura əsasında satılmışdır. Mənfəət vergi bəyannaməsindən və ona 1 nömrəli əlavədən aydın olur ki, qalan 15030 ədəd mal pərakəndə satılmış və dövrün sonuna mal qalığı müəyyən edilməmişdir. Vergi orqanı isə həmin 15030 ədəd akkumlyatorların ekspert rəyində qeyd edilmiş qiymətlərə əsasən 2020-ci il üzrə pərakəndə satılmasını əsas gətirərək 1378569,94 manata satılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası vergi orqanının bu qənaəti ilə də razılaşmır. İlk öncə 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergi bəyannaməsindən və ona 1 nömrəli əlavədən göründüyü kimi mallar tamamilə 2019-cu il üzrə vergi ödəyicisi xx.xx.2019-cu ildə fəaliyyətini dayandırdığı dövrə qədər satılmış və dövrün sonuna mal qalığı mövcud olmamışdır. Qeyd edilən mənfəət vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən hər hansı bir kameral yoxlama əsasında uyğunsuzluq aşkar edilməmişdir. Həmçinin, səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində də qeyd edilmişdir ki, vergi ödəyicisinin ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinə baxış keçirilmiş və həmin ünvanda müəssisənin faktiki fəaliyyətinin olmadığı müəyyən olunmuşdur. Belə olan halda xx.xx.2019-cu ildə fəaliyyətini dayandırmış vergi ödəyicisinin yoxlama dövründə də fəaliyyətinin olmaması müəyyən olunduğu halda, 2020-ci ildə fəaliyyət göstərərək 15030 ədəd malı məhz 2020-ci ildə pərakəndə qaydada satması ilə bağlı vergi orqanının qənaəti hər hansı bir əsasa söykənmir. Halbuki, VM-nin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisi barədə hesablanmış ƏDV üzrə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşin materiallarından aydın görünür ki, MMC xx.xx.2018-ci il tarixindən ƏDV qeydiyyatına alınmışdır. 2019-cu ildə ölkəyə idxal olunan 853631,2 manatlıq mallara görə 154409,61 manat dəyərində ƏDV Dövlət Gömrük Komitəsinin hesabına köçürülmüşdür. Həmçinin, satılmış mallara görə müəssisəyə ödənilmiş 34490 manat ƏDV tam şəkildə dövlət büdcəsinə köçürülmüşdür. Bu hallar mübahisələndirilmir. Səyyar vergi yoxmalası aktından görünür ki, ƏDV-nin 2019-cu ilin yanvar ayı üzrə 29843,72 manat, fevral ayı üzrə 11967,27 manat, 2020-ci ilin dekabr ayı üzrə 248142,59 manat olmaqla 289953,58 manat az hesablanması müəyyən olunmuşdur. Həmçinin, 2019-cu ilin aprel ayı üzrə 27539,42 manat, may ayı üzrə ******* manat, iyun ayı üzrə isə 53568 manat olmaqla, cəmi 109299,59 manat artıq hesablanması müəyyən olunmuşdur. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisinin pərakəndə malların satışı ilə bağlı bəyan olunmuş dövriyyəsini 2019-cu ilin aprel, may və iyun ayları üzrə qəbul etməmiş, 2020-ci ilin dekabr ayı üzrə yuxarıda sözügedən ekspert rəyindəki qiymətlərə istinadən yenidən hesablamışdır. Məhkəmə kollegiyası vergi orqanının bu hesablaması ilə də razılaşmayaraq bir daha qeyd edir ki, vergi orqanı vergi ödəyicisinin təqdim etmiş olduğu mənfəət vergi bəyannaməsinə və ona 1 nömrəli əlavəyə, mühasibatlıq sənədlərində mal qalığının olmamasına qiymət vermədən elektron qaimə faktura ilə satılan mallardan əlavə malların məhz 2020-ci ildə satılması qənaətinə gəlmiş, həmçinin mötəbərliyi şübhə doğuran ekspert rəyindəki qiymətlər üzrə hesablama aparmışdır. Səyyar vergi yoxlaması aktından göründüyü kimi, vergi orqanı bu zaman VM-nin 67.15-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası VM-nin 67.15-ci maddəsinə diqqət yetirir:. VM-nin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Maddənin dispozisiya şərtinə diqqət yetirildikdə aydın görünür ki, vergi orqanı tərəfindən bu cür hesablamaya əsas məhz vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların aşkar edilməməsi ilə bağlıdır. Hazırki halda isə bu şərt ödənilmir. Vergi orqanı vergi ödəyicisinin hansısa bir mühasibatlıq sənədlərində sözügedən mal qalığı barədə məlumatların mövcudluğunu sübuta yetirə bilməmişdir. Bu əsasla da vergi orqanının VM-nin 67.15-ci maddəsinə əsasən vergi hesablanmasını məhkəmə kollegiyası əsassız və qanunsuz hesab edir. Bununla belə, apellyasiya şikayətinin ödəmə mənbəyindən vergi ilə bağlı dəlili ilə razılaşaraq Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən daşınar və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İşin mübahisəsiz halıdır ki, MMC xx.xx.2019-cu il tarixli 01 nömrəli müqaviləyə əsasən fərdi sahibkar X3 məxsus Sumqayıt şəhəri, Bakı - Quba yolunun soi tərəfi ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürməklə, 400 manat məbləğində aylıq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müəssisə fəaliyyətini dayandırana kimi həmin qeyri-yaşayış sahəsindən istifadə etmiş, mallarını orada saxlamışdır. Vergi ödəyicisi həmin qeyri-yaşayış sahəsindən istifadə etdiyini, fəaliyyətini dayandırana kimi mallarını orada saxladığını etiraf etmiş, lakin icarədara icarə haqqını ödəmədiyini əsas gətirərək ÖMV ödəməkdən yayınmışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, icarə müqaviləsi vergi hesablanan müddət ərzində qüvvədə olmuş, vergi ödəyicisi mallarını orada saxlamış belə olan halda vergi ödəyicisinin daşınmaz əmlakın icarə haqqı üzrə borcunun olması VM-nin 124.1-ci maddəsinə əsasən vergi ödəməkdən yayınmaya əsas ola bilməz. Belə olan halda Məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, vergi orqanı tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar ÖMV hissəsində əsaslıdır. Beləliklə, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərar qəbul olunarkən maddi hüquq normalarının tam olaraq düzgün tətbiq edilmədiyi aşkar edildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – vergi orqanının mübahisələndirilən qərarının ÖMV hissəsində ləğv edilməsi hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2250/2022 saylı, 06 may 2022-ci il tarixli qərarı qismən- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********148942 saylı, xx.xx.2021-ci il tarixli qərarının ödəmə mənbəyində tutulan verginin hesablanması hissəsində ləğv edilməsi hissəsi ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qalan hissədə məhkəmə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-323/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-323/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver